Məhkəmə qərarları › İş №2-1(112)-7344/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7344/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7344/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şimal Ərazi Baş Gömrük İdarəsinə qarşı “mallarının geri qaytarılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Osstem İmplant ” tibbi ləvazimatını (1ədəd), Mobil telefon aksesuarlarını (qulaqcıq, USB kabel, Ekran qoruyucu, Telefon qabı (11 ədəd), qarışıq Parfümeriya və Kosmetik vasitələrin (16 ədəd) ona qaytarılması öhdəliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7344/2021 nömrəli 14.09.2021-ci il tarixli qərardadı ilə Şimal Ərazi Baş Gömrük İdarəsi inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra məhkəmə iclası 26 oktyabr 2021-ci il tarixə təyin olunmuşdur. İddiaçı məhkəmə iclasında ərizə ilə müraciət edərək əsl olmayan cavabdeh Dövlət Gömrük Komitəsinin əsl cavabdeh Şimal Ərazi Baş Gömrük İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7344/2021 nömrəli, 26.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Dövlət Gömrük Komitəsi əsl cavabdeh Şimal Ərazi Baş Gömrük İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir və iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı işin aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədi. İşin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, “mallarının geri qaytarılması” bağlı öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinə 01 oktyabr 2021-ci il tarixdə qüvvəyə minmiş yeni dəyişikliklərə əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. 01 oktyabr 2021-ci il tarixli dəyişikliyə qədər öhdəliyin icrası haqqında iddialara İPMin 8.1.4-cü maddəsinin tələbləri şamil olunurdu. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarından da aydın görünür ki, cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş İdarəsinin ünvanı Xaçmaz şəhəri, Aşıq Ələsgər küçəsi 3-dür. Məhkəmə iddianın ərazi aidiyyətini müəyyən edərək qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş İdarəsinin ünvanı Sumqayıt şəhərinin dislokasiyasında yerləşdiyindən, hazırkı iddia ərazi aidiyyəti baxımından Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Belə ki, “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Xaçmaz rayonu, Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (17.2-ci bənd). Göründüyü kimi, iddiaçı hazırki iddia tələbi ilə Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən ona məxsus malların geri qaytarılması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş edir. Belə halda hazırki iş aidiyyəti üzrə baxılması üçün cavabdeh inzibati orqanın yerləşdiyi yer üzrə məhkəməyə göndərilməlidir. Beləliklə, Məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Şimal Ərazi Baş Gömrük İdarəsinə qarşı “mallarının geri qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 7344/2021 saylı iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar