Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7344/2022 31.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********9 saylı məktubu ilə iddiaçının ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1979-cu il tarixdə tərtib edilmiş AT-İ № ******* saylı əmək kitabçasına və HЗ № ******* saylı hərbi biletin surətinə əsasən mübahisələndirilməyən sığorta stajı 11 il 9 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12958,50 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır. Fondun 12 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi Kürdəmir rayon Muradxan kənd “Şirvan” kolxozunun arxiv sənədləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilmədiyindən (Kürdəmir rayon Dövlət Arxivinin 15 fevral 2021-ci il tarixli məktubu) sözügedən dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir (mübahisələndirilən dövr). Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi qanunvericilik xx.xx.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək, əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. Göründüyü kimi, iddiaçının əmək kitabçasına əsasən cavabdeh tərəfindən mübahisələndirilən stajı nə Dövlət Arxivinin arayışı ilə, nə də iş üzrə digər sübutlarla təsdiqini tapır. Kürdəmir rayon Muradxan kənd “Şirvan” kolxozunun arxiv sənədləri mühafizə olunmadığından, iddiaçının həmin kolxozdakı iş stajının bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla hesablanması da mümkün deyil. Beləliklə, sadalanan səbəblərdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Kürdəmir rayonu, Muradxan kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır; DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 27 sentyabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1979-cu il tarixinində tərtib edilmiş AT-İ № ******* saylı əmək kitabçasına və НЗ № ******* saylı hərbi biletinin surətinə əsasən sığorta stajı 11 il 9 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12958,50 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır. Fondun 12 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixinədək işlədiyi Kürdəmir rayon Muradxan kənd “Şirvan” kolxozunun arxiv sənədləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi qanunvericliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya xx.xx.2008-ci il tarixindən İİİ dərəcə əlilliyinə görə sosial müavinət təyin olunmuşdur; İddiaçı məxsus НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, 1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Kürdəmir Rayon Dövlət Arxivinin 01 avqust 2022-ci il tarixli 61 №-li məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon “Şirvan” kolxozunun şəxsi heyətə aid və ya digər olan sənədlər Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir; DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 05 avqust 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 2020-ci il tarixinə 11 il 9 ay ((9/12+11)x306=3580.2) sığorta stajına uyğun olaraq pensiya sığorta kapitalı hesablanmışdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən sonrakı dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 4248.11 manat təşkil edir. Ümumi pensiya kapitalı 12.921.4 manat (4248.11+8673.29) təşkil edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür, 64 yaş 6 ayı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun sığorta stajının və pensiya kapitalının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı pensiya hüququ yarandığı yarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bufəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 64 yaş 6 ayının tamam olduğu 11 may 2020-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Məhkəmə bildirir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12921,4 manat olmaqla qanunvericiliyə uyğun olaraq ona münasibətdə hesablanmış tələb olunan həddən (28800,00 manat) azdır. Belə olan halda, yəni qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə, ikinici şərt kimi iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1979-xx.xx.1980, xx.xx.1980xx.xx.1982, xx.xx.1982-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.1998-cü illərdə əmək fəaliyyəti ilə məşğul olmasına dair qeydlər aparılmışdır. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1979-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1982-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983-cü illərə dair iş stajı mübahisələndirilməmiş, xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Kürdəmir rayon Muradxan kənd “Şirvan” kolxozunda işləməsinə dair qeydlər mübahisələndirilərək, Kürdəmir rayon Muradxan kənd “Şirvan” kolxozunun arxiv sənədləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən sözügedən dövrün araşdırılmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə tərəfindən əmək kitabçasına baxış keçirilərkən müəyyən olunur ki, İddiaçı xx.xx.1983-cü il tarixdə Kürdəmir rayonun (latın qrafikalı əlifba ilə yazılmışdır) Muradxan kənd “Şirvan” kolxozunda inşaat briqadasına fəhlə təyin edilməsi, xx.xx.1998-ci il tarixdə X2 ləğv olunduğu üçün işdən azad edilməsi qeyd edilmişdir. Əmək kitabçasında işdən azad olunma əmri qeyd edilməmişdir. İşə qəbul edilməsi və işdən azad edilməsinə dair əmək kitabçasında əks olunan qeydlər latın qrafikalı möhür ilə təsdiq edilmişdir. 1983-ci il tarixə aid olan qeydin latın qrafikalı əlifba ilə yazılması iddiaçının 1983-1998-ci illərdə həmin kolxozda işləməsi faktına əsaslı şübhələr yaradır. Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni latın qrafikalı əlifba 1991-ci ildə təsdiq edilmiş və tətbiq edilməyə başlanılmışdır. Qeyd edilənlərdən də aydın olmuşdur ki, 1991-ci il tarixdən əvvəlki dövrlərə aid qeydlərin latın qrafikalı əlifba ilə yazılması mümkün deyildir. Qanunvericilik normalarına uyğun olaraq işçinin işdən azad edildiyi gün müvafiq əmrə əsasən əmək kitabçasında qeydlər aparılaraq həmin müəssisənin möhürü ilə təsdiq edilir. İddiaçının əmək kitabçasındakı qeydlər isə həmin dövrdə mövcud olması şübhə doğuran latın qrafikalı əlifba yazılmış, həmçinin işdən azad edilməsi dair əmrin tarixi və nömrəsi əmək kitabçasında qeyd edilməmişdir. "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" xx.xx.1991-ci il tarixli qərarına əsasən, Azərbaycan dilində latın qrafikasına keçid 1992-ci ildən başlamış, xx.xx.2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununun 17-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasında 1983-cü il tarixdə işə qəbul edilməsi barədə qeydlər latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmışdır. 1983-cü ildə fəaliyyət göstərən müəssisələrdə latın qrafikalı Azərbaycan əlifbasının istifadəsi mümkünsüz idi. Beləliklə, yuxarıda qeyd olunan hallara əsasən məhkəmə iddiaçının əmək kitabçasında aparılmış xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Kürdəmir rayon Muradxan kənd “Şirvan” kolxozunda işləməsinə dair qeydləri mötəbər hesab etmir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və 25 il sığorta stajına malik olmadığından, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-7344/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7344/2022
31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver