Məhkəmə qərarları › İş №2-1(112)-7345/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7345/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7345/2024 23.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi X7, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X5, üçüncü şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi cəlb olunmaqla) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində olan Dövlət X10 tərəfindən 3492 manat məbləğində qalıq ödənc məbləği olan sosial yardımın ona kompensasiya edilərək ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (AZE ******** saylı, xx.xx.1991-ci il tarixli şəxsiyyət vəsiqəsinin sahibi) xx.xx.2015-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Metrologiya və Standartlaşma Mərkəzində proqramçı vəzifəsində işə qəbul edilmişdir. xx.xx.2020- ci il tarixdə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 və X8 Nəzarəti Xidmətinin və Metrologiya və Standartlaşdırma Mərkəzinin işçisi kimi əmək fəaliyyətinə ləğvetmə komissiyası tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə müvafiq olaraq xitam verilmişdir. Aztəminatlı ailə olduğu üçün, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı xx.xx.2022-ci il tarixli, **********17703 saylı müraciət məktubu ünvanlamışdır. Həmin müraciət əsasında iddiaçıya aylıq 107,44 manat məbləğində sosial yardım ödənişi təyin edilmişdir (12 may 2023-cü il tarixli, 3-17- 1/2-B-105857/22013 saylı X12 Fondunun məktubu qoşmaya əlavə edilir). İddiaçıya normalda ayrılacaq soaial müavinət məbləği 107,44 manat deyil, 398 manat təşkil etməliydi. Lakin əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilməsinə baxmayaraq, vaxtında əmək müqaviləsinin ləğvi barədə məlumatın sistemə daxil edilməməsi və onun aktiv göstərilməsi səbəbindən 398 man - 107 man = 291 man məbləğində soaial müavinət haqqı almaq hüququndan məhrum olmuşdur. 12 may 2023-cü il tarixli, 3-17-1/2-B- 105857/22013 saylı Dövlət Sosial Müdafiə Fondunun məktubundan da göründüyü kimi, iddiaçının xx.xx.2022-ci il tarixli **********17703 saylı müraciətinə əsasən, sistemdə bəyan edilən gəlirləri görünürdü. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun tabeliyindəki qurumun, eyni zamanda da ləğvetmə komissiyasının təqsiri nəticəsində iki azyaşlı övladı və ailəsilə maddi cəhətdən xeyli çətin vəziyyətdə yaşamalı olmuşlar. Odur ki, bu problemin həlli ilə bağlı müvafiq qurumlara dəfələrlə müraciət etməsinə baxmayaraq, problem həlli hələ də tam tapılmamışdır. Belə ki, AR Ekologiya və təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya xidmətinin 28 aprel 2023-cü il tarixli, 3-14/2-B-49- 1/2023 saylı cavab məktubundan da göründüyü kimi, AR Ekologiya və təbii Sərvətlər Nazirliyinin “Ovçuluq Təsərrüfatlarının idarəedilməsi və X8 Nəzarəti Xidmətinin və Metrologiya və Standartlaşdırma Mərkəzinin ləğv edilməsi haqqında" 510/Ü saylı 12 avqust 2020-ci il tarixli əmri ilə X1 sabiq işçisi İddiaçı əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "a" bəndinə əsasən, ləğv edilmişdir. Bununla bağlı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi iddiaçının əmək müqaviləsinə dair bilidirişin sistemdən ləğv edilməsinə kömək göstərilməsi barədə X10 Xidmətinə 4/2557-05-09 saylı 01 sentyabr 2022-ci il tarixli məktubla müraciət etmişdir. X10 Xidmətinində cavab məktubu bundan ibarət olmuşdur ki, iddiaçının əmək müqaviləsinə dair bildirişin sistemdən silinməsi üçün "Əmək və məşğulluq" altsistemində (ƏMAS) səlahiyyət verilən işəgötürənə icazənin verilməsi funksionallığının yaradılması və işlər başa çatdıqdan sonra istifadəyə verilməsi nəzərdə tutulur, lakin hal-hazıradək təmin edilə bilməmişdir. Bu səbəbdən də, əmək müqaviləsinə dair bildiriş 2023-cü ilin avqust ayına kimi sistemdə qalmışdır. Beləliklə də, 2022-ci ilin avqust ayından 2023-cü ilin avqust ayına kimi bir il müddətində hər ay üzrə alacağı sosial yardım məbləği olan 398 manat əvəzinə 107,44 manat məbləğində sosial yadım almışdır. Baxmayaraq ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş 2023-cü ilin avqust ayında sistemdən silindi. Lakin buna baxmayaraq, bir il müddətində əskik aldığı aylıq ödənc məbləği 291 manat (398- 107=291) hesablanıb hesabına yatırılmadı. Yol verilmiş pozuntularla bağlı, iddiaçının istər X10 Xidməti, istərsə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə etdiyi müraciətlərə 3 il ərzində baxıb lazımı heç bir tədbirlər görülməmişdir. Qoşmaya əlavə edilən sənədlərdən də göründüyü kimi, bir qurum digər qurumun üstünə atmaqla məsələdən yan qaçmışlar. xx.xx.2023-cü il tarixində Bakı 13 saylı Mediasiya Təşkilatında əmək müqaviləsinin ləğv edilməsi və pul tələbi barədə olan mediasiya prosesinə digər tərəflər qatılmamışlar. İddiaçı hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi və bu barədə əmək müqaviləsinin elektron sistemdən silinməməsi Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin və sosial yardımı tam şəkildə ala bilməməsi isə, AR Konstitusiyasının və ünvanlı sosial yardım almaq haqqında qanunun normalarının kobud şəkildə pozulması ilə həyata keçirilib ki, bu da AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun alt qurumu olan Əmək Müfəttişliyi Xidmətinin nəzarət funksiyasını lazımı şəkildə yerinə yetirməməsi göstərilən məsuliyyətin yaranmasına gətirib çıxarıb. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi hazırkı iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmişdir. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehlərə və üçüncü şəxsə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə (etiraz) bildirilmişdir ki, iddia ərizəsindən də göründüyü kimi, İddiaçı iş yeri olan X3 ləğv edildiyi üçün əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmiş, lakin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2022-ci il tarixdə sözügedən xitam bildirişinin sistemə daxil edilməsi ilə bağlı icazə verilməsi üçün Xidmətə müraciət edilmişdir. İşəgötürən ləğv olunduğundan və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin VÖEN-i fərqli olduğundan həmin vaxt xitam ilə bağlı əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi üçün başqa qurum və ya müəssisəyə icazə verilməsi funksionallığı mövcud olmamışdır. Yeni funksionallığının əlavə edilməsi məqsədilə texnik işlər aparılmış və xx.xx.2023-cü il tarixdə İddiaçı xitam ilə bağlı əmək müqaviləsi bildirişinin sistemdən çıxarılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə səlahiyyətin verilməsi mümkün olmuşdur. Halbuki, X4 ləğv olunma prosesində onunla əmək müqaviləsi bağlamış bütün işçilərin əmək müqaviləsinə xitam verməli və xitam ilə bağlı əmək müqaviləsi bildirişlərini elektron informasiya sisteminə daxil etməli idi. Hazırkı mübahisədə isə işəgötürən ləğv olunduğu üçün fərqli VÖEN-ə səlahiyyətin verilməsi ilə bağlı Xidmətə müraciət edilmiş, nəticədə ləğv olunmuş işəgötürənə səlahiyyətin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 16 fevral 2011-ci il tarixli 386 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti (bundan sonra - Xidmət) mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər (bundan sonra - işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə (bundan sonra - əmək qanunvericiliyi) əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli 183 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.2-ci bəndinə əsasən, bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri isitisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökümət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökümət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, habelə iddia ərizəsində göstərilən tələb Xidmətin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi işəgötürənin vəzifəsidir və X10 Xidməti işçilərin əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilməsi kimi bir öhdəlik daşımır. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi məhkəmə iclasında hər hansı üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və tərəflərin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirdi ki, tələbi cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının ala bilmədiyi ünvanlı sosial yardımın müəyyən hissəsinə görə ona vurulmuş maddi ziyanın ödənilməsidir. Həmin tələblə bağlı cavabdehlərə ilkin müraciəti olmamışdır. Tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı tərəfindən kompensasiya tələbi ilə bağlı inzibati orqana müraciət daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.2-ci bəndlər). İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda xüsusi mümkünlük şərti kimi əvvəlcə cavabdeh inzibati orqana müraciət edilməsi nəzərdə tutulmuşdur. Lakin hazırkı iş üzrə iddiaçının məqsədi cavabdehlərin qanunazidd hesab etdiyi hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi olsa da, o, özünün də bildirdiyi kimi eyni tələb ilə bağlı nə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, nə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə müraciət etmişdir. Belə olan halda, iddiaçı məhkəmədə qaldırdığı tələblə bağlı müvafiq ərizə ilə əvvəlcə cavabdeh orqanlara müraciət etməsi ilə bağlı sübutlar təqdim etmədiyi üçün iş üzrə cavabdehlər tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifələrin yerinə yetirilmədiyi təsdiqini tapmadığına görə hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İstinad olunan Plenum Qərarında həmçinin göstərilir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.). Məhkəmə qeyd edir ki, iddiaçı ehtimal etdiyi vurulmuş ziyanın ödənilməsi ilə bağlı ilk növbədə cavabdehlərə müraciət edə, məqsədinə nail ola bilmədiyi halda, həmin inzibati orqanlara qarşı aidiyyəti qaydada məhkəmədə iddia irəli sürə bilər. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsin əsasən, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar