Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7345/2025 12.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “məlumatın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “məlumatın verilməsi” barədə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə verərək 1994-cü ilin oktyabr ayından 1995-ci ilin mart ayınadək ağ ciyər çatışmazlığı diaqnozu ilə müalicə barədə tibbi sənədin verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1994-cü ilin oktyabr ayından 1995-cil mart ayınadək X2 rayonu Sahil qəsəbəsində yerləşən hərbi hospitalında müxtəlif xəstəliklərdən müalicə almışdır. Müxtəlif xəsarətlər –kəllə-beyin travması, ağ ciyər çatışmazlığı (vərəm və sol tərəfli ocaqlı pnevmaniya, bronx). Dəfələrlə müraciət etmiş, lakin cavabdeh xəstəlik tarixlərinin məhv edilməsinə istinad edərək diaqnoz və müalicə müddətini düzgün qeyd etməmişdir. İddiaçı qeyd edir ki, xəstəlik tarixçələri məhv edilməməli idi. İddiaçı qeyd edir ki, onun müalicə aldığı diaqnoz və müddəti, hospitalda xidmət etmiş həkimlər təsdiq edə bilər. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 07 oktyabr 1994-cü il tarixli 203 nömrəli əmrlə müalicə şöbəsində xəstələrin siyahısına və qazan təminatına daxil edilmiş, 07 dekabr 1994-cü il tarixli əmrlə xəstələrin siyahısından çıxarılmışdır. İddiaçı sol tərəfli ocaqlı pnevmaniya diaqnozu ilə statisionar müalicədə olmuşdur. Cavabdeh qeyd edir ki, Daxili İşlər Nazirliyinin qərarı ilə təsdiq edilmiş Daxili Qoşunarında istifadə olunan sənədlərin saxlanılma yeri və müddətləri haqqında Siyahının 12.41.2-ci bəndinə əsasən tibb müəssisələrində və qospitallarında müalicədə olan şəxslər üçün xəstəlik tarixlərinin saxlanılma müddəti 25 il nəzərdə tutulduğundan saxlanılma müddəti bitdiyindən 11 fevral 2020-ci il tarixdə məhv edilmişdir. İddiaçı 04 oktyabr 1994-cü il tarixdən 05 dekabr 1994-cü il tarixədək qospitalda sol tərəfli ocaqlı pnevmoniya diaqnozu ilə stasionar müalicədə olmuş, xəstəlik tarixi saxlanıma müddəti bitdiyi üçün məhv edilmiş, onun 1994-cü il oktyabr ayından 1995-ci il mart ayınadək kəllə-beyin travması, ağciyər çatışmazlığı diaqnozları ilə müalicə alması haqqında heç bir məlumat aşkar edilməmişdir. Bundan əlavə, iddia müddəti də ötürülmüşdür. Cavabdeh nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Hüquqi maraq baxımından da məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 1994-cü ilin oktyabr ayından 1995-ci ilin mart ayınadək ağ ciyər çatışmazlığı diaqnozu ilə müalicə barədə tibbi sənədin verilməsinə dair iddianın verilməsinə hüquqi marağı onunla əlaqəlidir ki, həmin məlumat üzrə son nəticədə almış olduğu həmin xəstəliklə əlaqədar hərbi qulluqçular üçün müəyyən edilmiş güzəştlərin, eləcə də məhz həmin xəstəliyin hərbi qulluqçu kimi alınması ilə əlaqədar əlilliyin müəyyən edilməsi və həmin səbəbdən irəli gəlinməsinə nail ola bilsin. Digər tərəfdən adıçəkilən hüquqi maraq şəxsin özünə və özünə aid olduğunu ehtimal etdiyi məlumatın əldə edilməsinə yönələn konstitusion hüququn mövcudluğuna istinadı ilə əlaqəlidir ki, məhkəmə hesab edir ki, hazırkı iddia hər bir halda subyektiv hüququn və hüquqi marağın mövcudluğu baxımından mümkünlüyə cavab verməklə mahiyyəti üzrə qiymətləndirilməli olan iddiadır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. . Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, iş materiallarında olan: 21 yanvar 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı 1994-cü il 07 oktyabr tarixdən 07 dekabr 1994-cü il tarixədək qospitalda sol tərəfli ocaqlı pnevmoniya diaqnozu ilə statisionar müalicədə olmuşdur. 1994-cü ilə aid xəstəlik tarixlərinin saxlanılma müddəti başa çatdığına görə məhv edildiyindən, çıxarış-epikrizin göndərilməsi mümkün deyildir. Daxili Qoşunların 15 aprel 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı qospitalda 04 oktyabr 1994-cü il tarixdən 05 dekabr 1994-cü il tarixədək sol tərəfli ocaqlı pnevmoniya diaqnozu ilə müalicədə olmuşdur. Sənədlərin saxlanılma müddəti bitdiyindən məhv edilmişdir. Arxiv arayışda qeyd edilmişdir ki, iddiaçı 07 oktyabr 1994-cü il tarixli 203 nömrəli əmrlə müalicə şöbəsində xəstələrin siyahısına və qazan təminatına daxil edilmiş, 07 dekabr 1994-cü il tarixli əmrlə xəstələrin siyahısından çıxarılmışdır. Qeyd olunmalıdır ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun:
1. Bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. 2.1. Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3.2. İnformasiya sahibinə müraciət edən hər kəs informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4-1. İnformasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 14.1. Sorğuçu yazılı sorğunun aşağıdakı formalardan birində və ya mövcud olan digər formalarda təmin edilməsini tələb edə bilər: 14.1.3. informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsi; “Vətəndaşların müraciətləri haqqında” Qanunun: 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. 3.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 3.0.2. müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət 3.0.4. ərizə – hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət; 3.0.5. şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət; 3.0.11. yazılı müraciət – kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət; 5.6. İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 6.1. Vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər. 14.0. Müraciətinə baxılan vətəndaşın aşağıdakı hüquqları vardır: 14.0.1. müraciətin tam və hərtərəfli araşdırılması üçün əlavə sənəd və materiallar təqdim etmək və ya bu sənədlərin əldə edilməsini (o cümlədən elektron formada) müraciətə baxan subyektdən xahiş etmək; “İnzibati icraat haqqında” Qanunun: 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.[ 25.8. Maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 25.9. Sənədlərin və digər materialların surətlərinin çıxarılması və poçt rabitəsi ilə göndərilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada haqq müəyyən oluna bilər. “Məlumat azadlığı haqqında” Qanunun: Maddə 1. Məlumat azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Bu Qanunun məqsədləri üçün məlumat dedikdə təqdimat formasından asılı olmayaraq təbiətdə, cəmiyyətdə və dövlətdə baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər nəzərdə tutulur. Maddə 2. Məlumat azadlığının təminatı Hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır. Məlumat azadlığının həyata keçirilməsi fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinin pozulmasına səbəb olmamalıdır. Məlumat azadlığının məhdudlaşdırılmasına yalnız Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda yol verilir. Məlumat azadlığından istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Konstitusiyası və ona müvafiq olaraq Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının 1994cü ilin oktyabr ayından 1995-ci ilin mart ayınadək ağ ciyər çatışmazlığı diaqnozu ilə müalicə barədə tibbi sənədin verilməsi ilə əlaqədardır. Belə ki iddiaçı iddia edir ki, Daxili Qoşunların hərbi hospitalında göstərilən dövrlər üzrə sol tərəfli ocaqlı pnevmoniyadan əlavə, ağ ciyər çatışmazlığı üzrə də müalicə almışdır ki, buna dair tibbi sənəd iddiaçıya cavabdeh tərəfindən verilməlidir. Cavabdehin imtinasından isə müəyyən edilir ki, imtina onunla əsaslandırılır ki, iddiaçı sol tərəfli ocaqlı pnevmoniya diaqnozu ilə müalicə almış, xəstəlik tarixi saxlanılma müddəti bitdiyi üçün məhv edilmişdir, ağciyər çatışmazlığı-vərəm, sol tərəfli pnevmaniya, bronx diaqnozu ilə müalicə alması haqqında hər hansı məlumat mövcud olmamışdır. Qeyd olunmalıdır ki, AR İPM-nin 14.3-cü maddəsinin tələbləri baxımından inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İmtinaya səbəb olan faktiki şərtin mövcudluğunu sübut etmə isə cavabdehin üzərinə düşür ki, məhkəmə hesab edir ki, iddiaçı adıçəkilən növ tibbi sənədin verilməsinə dair iddianın təminini zəruri edən sübut etməni həyata keçirməmiş, cavabdeh isə imtinanı zəruri edən faktiki şərtin mövcudluğunu sübut etmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı 1994-1995-ci il tarixlərdə ağciyər çatışmazlığı haqqında diaqnozla müalicə almasına istinadla buna dair sənəd və məlumatın təqdim edilməsini tələb edir ki, ilkin olaraq həmin növ müalicə almaya dair hər hansı sübut təqdim edilməmiş, həmin növ müalicə almaya istinad iddiada göstərilmişdir. Lakin, tibbi sənədin özü olmasa da, həmin növ müalicənin alınmasına dair hər hansı dolayı sübut,sənəd formasında məlumat nə iddiaçının özündə mövcud deyildir. Cavabdeh tərəf də aparılmış araşdırma zamanı onun sol tərəfli ocaqlı pnevmoniya diaqnozu ilə müalicə almasına dair məlumatın mövcudluğunu, lakin xəstəlik tarixi saxlanılma müddəti bitdiyi üçün məhv edildiyinə istinad etsə də, iddiaçının ağ ciyər çatışmazlığı xəstəliyindən müalicə alınmasına dair nəinki məhv edilən sənəd, ümumiyyətlə hər hansı məlumat belə mövcud olmamışdır ki, buna dair tibbi sənədin verilməsindən imtina göstərilən səbəbdən qanuni və əsaslı hesab edilməlidir. Sənədlərin məhv edilməsi üzrə iddiaçının dəlilinə münasibətdə isə qeyd edilir ki, sənəd mövcuddursa, arxivdə onun əbədi saxlanılmalı olması anlamına gəlmir. Müəyyən dövrlər üzrə müxtəlif növ sənədlərin saxlanılma zərurətinin aradan qalxmasına görə məhv edilməsi üçün müddətlər təyin edilmişdir ki, iddiaçı da Qaydaya istinadla 25 illik müddətdən sonra sənədin məhv edilməsini göstərmişdir ki, həmin müddət ağlabatandır və iddiaçının 30 il sonra iddia vermək niyyətinin yaranması, göstərilən xüsusi hallar üçün sənədin əbədi saxlanılmalı olmasına dəlalət etmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov