Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7346/2024 08.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Səbail rayon Səbail Bələdiyyəsi) “torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Səbail Rayon Bələdiyyəsinin 07 oktyabr 2007-ci il tarixli qərarı ilə X2 ayrılan 600 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Bələdiyyəsinin 07 oktyabr 2007-ci il tarixli qərarı ilə X2 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddia ərizəsinə əlavə olunan kassa mədaxil order qəbzindən göründüyü kimi X4 iki milyon dörd yüz min manat ödəməklə Səbail Bələdiyyəsindən torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması barədə cavabdehə müraciət etmiş və sənədləri qəbul etməkdən imtina əsası olaraq kadastrın olması qeyd olunduğu üçün poçtla rəsmi müraciət etmişdir. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi torpaq sahəsinin yerquruluşu işləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6 Xidməti tərəfindən həyata keçrilir. Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamənin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və idarəçilərinin sifarişi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul edilməsi üçün əsasdır. Həmin Qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Həmin Məcəllənin 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanı – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqdan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Qeyd olunan əsaslarla cavabdehin imtinası əsassız hesab edilməli və iddia tələbi təmin olunmaqla Səbail Rayon Bələdiyyəsinin 07 oktyabr 2007-ci il tarixli qərarı ilə X2 ayrılan 600 kv.m torpaq sahəsi üzərində hüquqlar qeydiyyatdan keçməlidir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd olunanlarla bağlı ********** nömrəli, xx.xx.2017-ci il tarixli, ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və **********41 nömrəli xx.xx.2017-ci il tarixli, **********95 nömrəli, xx.xx.2024-cü il tarixli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. İdarənin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olmaqla bütövlüklə sürüşmə zonası daxilində yerləşir. Sahənin Bələdiyyə ərazisi olması barəsində elektron bazada məlumat aşkar edilməmişdir. Bundan əlavə olaraq təqdim edilmiş yerləşmə cizgisində istinad, istinad məsafələri, perimetrik ölçülər qeyd edilmədiyindən sənədlərin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən faktiki göstərilən əraziyə ********** qeydiyyat nömrəli ərizə ilə X3 müraciəti daxil olmuşdur. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi Badamdar şossesi kənarı (şosse yolundan 7 metr aralı) relyefi mürəkkəb (maili) ərazidə yerləşməklə sərhədləri şərti olaraq göstərilmişdir, faktiki göstərilən 600 kv.m torpaq sahəsi yolkənarı 1370 kv.m sahənin bir hissəsini təşkil edir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumun Qərarına əsasən Azərbaycan Respublikasının 2002ci il 15 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin (bundan sonra - Əsasnamə) 1, 17, 18 və 19-cu bəndlərinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun) 6.2, 6.5 və 6.9-cu maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65 və 66-cı maddələrinin tələblərinə zidd olaraq torpaq sahəsinin ayrılması kollegial orqan olan Bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi Bakı şəhər Səbail bələdiyyəsinin 213 №-li, xx.xx.2004-cü il tarixli sərəncamla həyata keçirilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 nömrəli, xx.xx.2015-ci il tarixli qərarının 1.2-ci bəndinə əsasən avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12.5 metr enində müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqısatqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1- ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunanlar nəzərə alınaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsi rəhbər tutularaq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Səbail rayon Səbail Bələdiyyəsi tərəfindən təqdim edilmiş AZL seriyalı 096370 saylı xx.xx.2004-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı torpaq alqısatqısı məqsədi ilə ******* manat məbləğində ödəniş etmişdir. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Səbail rayonu ərazisində ünvan 1 ünvanında yaşayan İddiaçı tərəfindən verilmiş Səbail rayon bələdiyyə orqanına xx.xx.2004-cü il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Əraziyə bələdiyyə orqanının iclasında baxılmış və müvafiq rəy verilmiş bələdiyyə ərazisində 600 kv.m torpaq sahəsinin satılması barədə 2004-cü il 06 oktyabr tarixli 213 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən Səbail rayon bankının hesabına əvvəlcədən ******* manat haqq ödənilmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 213 saylı xx.xx.2004-cü il tarixli sərəncamına əsasən Səbail rayonu Badamdar şossesinin sağ kənarında yerləşən Bələdiyyə ərazisinə məxsus 600 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında X1 adına sənədləşdirilmişdir. Səbail Bələdiyyəsi tərəfindən təqdim edilmiş SB/JA-5/05 saylı xx.xx.2019-cu il tarixli arayışa əsasən Səbail Bələdiyyəsi tərəfindən Badamdar şossesinin sağ kənarı ünvanında 06 oktyabr 2004-cü il tarixdə X1 adına 213 saylı qərar ilə 600 kv.m torpaq sahəsi sənədləşdirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-45258/2023 **********58 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatları verilmiş torpaq sahəsi dövlət mülkiyyətindədir. Belə ki, sözügedən sahəyə digər fiziki şəxsin müraciəti daxil olmuşdur. Bundan əlavə olaraq həmin hissənin sürüşmə zonası olması ilə bağlı vahid elektron kadastr bazada məlumatlar mövcuddur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 13-13/2-1/16-11207/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, X2 ayrılmış Səbail rayonu ərazisində yerləşən 600 kv.m torpaq sahəsinə dair döngə nöqtələrinin koordinatlarının təqdim edilməməsi səbəbi ilə sorğunun araşdırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F/2-08226/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli, 954/23 saylı sorğunuza əsasən bildiririk ki, Səbail Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Səbail Bələdiyyəsinə müraciət etməyiniz tövsiyə olunur. Səbail Bələdiyyəsinin 05-16xx-xx-1509/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş X2 torpaq ayrılmasına dair 06 oktyabr 2004-cü il tarixli 213 saylı sərəncam və ona əsas olan sənədlər Səbail Bələdiyyəsinin məlumat baza sistemində aşkar edilməmişdir. Səbail Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 07-29-06- 322/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Səbail Rayonu Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 213 saylı və xx.xx.2007-ci il tarixli qərarları və onlara əsas olan sənədlər Bələdiyyənin hazırda mövcud olan arxiv bazasında aşkar edilməmişdir. Bu səbəbdən də həmin qərarların təsdiq olunmuş surətlərinin təqdim edilməsi imkan xaricindədir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək subyektiv hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Səbail rayon Səbail Bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, iddiaçı və cavabdeh iştirak etməmişlər. Məhkəmə iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsinin 07 oktyabr 2007-ci il tarixli qərarı ilə ona ayırılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını tələb etsə də, bu barədə hüquqi marağının mövcudluğunu (subyektiv hüququnu) təsdiq edən heç bir sənəd əlavə etməmiş, iddia ərizəsinə isə iddia tələbinə aid olmayan, fərqli, Bakı şəhəri Səbail Bələdiyyəsinin 213 saylı xx.xx.2004-cü il tarixli sərəncamı və əlaqəli sənədlər əlavə edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək iddia ərizəsindəki çatışmazlıqların aradan qaldırılması və subyektiv hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi üçün xx.xx.2024-cü il tarixədək müddət müəyyən edilmiş, qeyd edilən çatışmazlıqların aradan qaldırılmamasının iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir. Hüquqi yardım barədə məktub xx.xx.2024-cü il tarixdə iddiaçıya çatdırılmış, lakin qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə hesab edir ki, iddianın mümkün sayılmaması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. İddiaçıya qeyd edilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müvafiq tələblə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-7346/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7346/2024
08.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver