Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7349/2023 12.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının qeyri-yaşayış sahəsinə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının qeyri-yaşayış sahəsinə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışların verilməsi» tələblərini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsində bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı mülkiyyətində olmuşdur. Sonradan həmin qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən sökülmüş və yerində yeni qeyriyaşayış binası tikilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 24 noyabr 2017-ci il tarixli sərəncamına əsasən iddiaçıya Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında yerləşən qeyri-yaşayış binasına dair Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 4 avqust 2017-ci il tarixli 18/03-8/2053 saylı məktubu ilə razılaşdırılmış memarlıqplanlaşdırılmasının həlli layihəsinə uyğun olaraq iaşə obyektinin tikintisinə icazə verilmişdir. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 4 avqust 2017-ci il tarixli məktubundan görünür ki, iddiaçı tərəfindən İdarəyə təqdim edilən memarlıqplanlaşdırılmasının eskiz həlli layihəsi razılaşdırılmışdır. Memarlıq-planlaşdırılmasının eskiz həlli layihəsinə əsasən təqdim olunmuş işçi layihəsinin memarlıq hissəsi razılaşdırılmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Nəzarət Xidmətinin 16 noyabr 2018-ci il tarixli rəyindən görünür ki, qeyriyaşayış sahəsi bütün tikinti tələblərinə uyğun hesab edilmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin 23 iyul 2019-cu il tarixli rəyindən də göründüyü kimi, qeyri-yaşayış sahəsi tikinti norma və qaydalarının tələblərinə uyğun hesab edilmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin Baş Dövlət Müfəttişliyi tərəfindən 3 fevral 2020-ci il tarixdə 0/003523 nömrəli “İstismara hazırlıq aktı” verilmişdir. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 56a ünvanında yerləşən və onun istifadəsində olan torpaq sahəsi üzərində inşa edilən qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 22 dekabr 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciət edilən zaman qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri sənədlər ərizəyə əlavə edilsə də, cavabdeh orqanın 30 dekabr 2022-ci il tarixli cavab məktubuna əsasən iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Odur ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 56A ünvanında inşa edilmiş qeyri-yaşayış obyektinə İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 56A ünvanında yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 22 dekabr 2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş qeyri-yaşayış binasının söküldüyü və yerində yeni qeyri-yaşayış binasının inşa olunduğu aşkar olunmuşdur. Odur ki, sökülmüş qeyri-yaşayış binasının qeydiyyatının ləğvi ilə bağlı notariat qaydasında təsdiq olunmuş ərizə təqdim edilməmişdir. Bundan başqa, əlavə torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan əlavə, qeyri-yaşayış binasının tikintisinə icazə sərəncamı Bakı ŞİH tərəfindən Nazirlər Kabinetinin 495 saylı 8 dekabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş vahid formaya uyğun verilməmiş və qeyriyaşayış binasının istismarına icazə sənədi əlavə olunmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya **********92 nömrəli 30 dekabr 2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. İdarənin elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin 25.545 kv.m hissəsi dövlət mülkiyyətində olmaqla "xxxx" ASC-nin su anbarının yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, qeyriyaşayış binasının faktiki ölçüsü 7.754.9 kv.m, torpaq sahəsinin faktiki ölçüsü isə 35.379.5 kv.m təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsaslanaraq, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın əsassız olduğunu bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında yerləşən 0.03586 ha torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 584.3 kv.m olan qeyri yaşayış obyektinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 14 avqust 2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai RİH başçısının 24 noyabr 2017-ci il tarixli 343 nömrəli sərəncamından çıxarışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 4 avqust 2017-ci il tarixli 18/03-8/2053 saylı məktubu ilə razılaşdırılmış memarlıqplanlaşdırmasının həlli layihəsinə uyğun olaraq iaşə obyektinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 9 yanvar 2018-ci il tarixli 18/03-8/39 saylı məktubda qeyd olunur ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında yerləşən torpaq sahəsində qeyri-yaşayış binasının tikintisinin layihələndiriliməsinə dair razılaşdırılmış memarlıqplanlaşdırmasının həlli layihəsinə əsasən təqdim olunmuş işçi layihəsinin memarlıq hissəsi razılaşdırılmışdır. İş materiallarından görünür ki, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 20 fevral 2017-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında yerləşən qeyri-yaşayış obyektinin layihələndirilməsi üçün nəzərdə tutulan torpaq sahəsinin ölçülərinə dair çizgi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Nəzarət Xidmətinin 16 noyabr 2018-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış obyektinin tikintisi üçün tərtib olunmuş layihə sənədləri tələblərə uyğundur. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 X2 Ekspertiza Baş İdarəsinin 23 iyul 2019-cu il tarixli, 27758 nömrəli rəyində qeyd olunur ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında yerləşən qeyriyaşayış binaları üzrə tikinti layihəsinin konstruktiv dayanıqlıq qənaətbəxş hesab edib razılaşdırmaq olar. İş materiallarında olan “İstismara hazırlıq aktı”nın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56 ünvanda zirzəmili, 4 (+mansardla) mərtəbəli iaşə obyektinin tikintisi 03 may 2012-ci il tarixdə başlanılmış və 04 avqust 2017-ci il tarixdə başa çatmışdır. İaşə obyektinin tikinti sahəsi S=4.188,55 kv.m, ümumi sahəsi S=7.205,10 kv.m, ümumi həcmi V = 47.963,80 kub.m. İş materiallarından görünür ki, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında qeyri-yaşayış sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınması ilə bağlı müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən baxılmış və 30 dekabr 2022-ci il tarixli məktubla «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.10.1, 11.1-ci maddələtinə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanına istinad olunmaqla ona bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş qeyri-yaşayış binasının söküldüyü və yerində yeni qeyriyaşayış binasının inşa olunduğu aşkar olunmuşdur. Odur ki, sökülmüş qeyri-yaşayış binasının qeydiyyatının ləğvi ilə bağlı notariat qaydasında təsdiq olunmuş ərizə təqdim edilməmişdir. Bundan başqa, əlavə torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir, qeyri-yaşayış binasının tikintisinə icazə sərəncamı Bakı ŞİH tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 495 saylı 8 dekabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş vahid formaya uyğun verilməmiş və qeyri-yaşayış binasının istismarına icazə sənədi əlavə olunmamışdır. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (8.0.10) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: (8.0.10.1) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xətai rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsinin 3.1.2-ci maddəsində isə təsbit edilmişdir ki, dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin vəzifəsidir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Xətai rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Hazırkı inzibati məhkəmə icraatında sübut və dəlillər çərçivəsində işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında yerləşən qeyri-yaşayış obyektinə və onun yerləşdiyi torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan həmin qeyri-yaşayış obyekti iddiaçı tərəfindən sökülərək yenidən inşa edilmişdir. Sözügedən qeyri-yaşayış obyektinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin ölçülərinə dair cizginin hazırlanması və layihənin razılaşdırılması iş materiallarında olan sənədlərdə öz təsdiqini tapmışdır. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, qeyri-yaşayış sahəsinə dair “İstismara hazırlıq aktı”nın mövcudluğu öz növbəliyində vəziyyəti iddiaçının xeyrinə dəyişir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin № 2-1(102)-1227/2021 xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya instansiya məhkəməsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən verilmiş istismara hazırlıq aktını rəhbər tutaraq həmin istismara hazırliq aktına əsasən vətəndaşın qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və müvafiq çıxarışın verilməsini inzibati orqana həvalə edilməsi qərara alınmışdır. Məhkəmə formalaşmış kassasiya instansiya məhkəməsinin mövqeyini rəhbər tutaraq hesab edir ki, istismara hazırlıq aktının mövcud olması hazırki mərhələdə iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsaslar biridir. Göründüyü kimi, mülkiyyət hüququnun realizəsini təmin edən şərtlər, eyni zamanda vətəndaşın etimad hüququna istinad etməsini təmin edən şərtlər mövcud olmuş, vətəndaş tikiliyə müvafiq orqanın iradə ifadəsinə etibar edərək cavabdehə müraciət etmişdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, “X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yerli icra hakimiyyəti orqanının tikintiyə razılıqla bağlı sənədi nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. Halbuki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş sənədlər inzibati icraat çərçivəsində cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmişdir. Məhkəmə belə olan halda hesab edir ki, iş üzrə müəyyən edilən həmin hallar iddiaçıya məxsus daşınmaz əmlaka (qeyri-yaşayış binasına) mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün əsas yaradır. Cavabdehin inzibati orqanın imtinası ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında göstərilən digər dəlillərlə əlaqədar məhkəmə qeyd edir ki, qeyri-yaşayış binasının Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikintisi üçün ayrılmış torpaq sahəsinə dair cizginin və aidiyyəti orqan tərəfindən “İstismara hazırlıq aktı”nın verilməsi tikilinin yerləşdiyi torpaq sahəsi ilə bağlı məsələlərə həmin qurumların öz səlahiyyətləri çərçivəsində qiymət verdiyini təsdiqləyir və bu sahədə hər hansı kənarlaşma, texniki və digə\r normalara riayət olunmaması hallarını istisna edir. Sökülmüş qeyriyaşayış binasının qeydiyyatının ləğvi ilə bağlı ərizənin təqdim edilməməsi, eləcə də tikintiyə icazə sərəncamının müvafiq formaya uyğun verilməməsi məsələlərinə gəldikdə isə, məhkəmə vurğulayır ki, qeyd olunan xüsusatlar daşınmaz əmlak üzərində hüququn qeydiyyatından imtina üçün əsas sayıla bilməz, formal xarakterli qiymətləndirilməlidir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 56A ünvanında yerləşən qeyriyaşayış sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7349/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7349/2023
12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver