Məhkəmə qərarları › İş №2-1(112)-7350/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7350/2025

04.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7350/2025 04.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi, 2019-cu ilin iyun ayından 2021-ci ilin yanvar ayınadək ödənilməmiş pensiyanın tam ödənilməsi, əmək pensiyasından tutulmuş məbləğlərin geri qaytarılması və güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının əvvəlki məbləğinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə 07 may 2024-cü il tarixli, 3-17-1/3-3- 6528/2024 saylı qərarın ləğv edilməsi, 2019-cu ilin iyun ayından 2021-ci ilin yanvar ayınadək ödənilməmiş pensiyanın tam ödənilməsi, əmək pensiyasından tutulmuş məbləğlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1979-xx.xx.1979-cu il tarixlərdə Bakı şəhəri 20 nömrəli texniki peşə məktəbində oxumaqla qazmaçı köməkçisi peşəsinə yiyələnmiş, xx.xx.1979-cu il tarixdən X2 işləri İdarəsində qazmaçı köməkçisi vəzifədinə işə qəbul olunmuşdur. Həmin tarixdən xx.xx.2013-cü il tarixədək dənizdə neftçi işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş İ nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə işlədiyinə görə xx.xx.2009-cu il tarixdə 50 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmışdır. 2019-cu ilin iyun ayında ona təyin edilmiş güzəştli şərtlərlə olan pensiya ödənişi tamamilə dayandırılmış və 2021-ci ilin yanvarından bərpa edilmişdir. Həmin dövr üçün, yəni bir il yarım ərzində iddiaçıya pensiya ödənişi edilməmişdir. Çoxsaylı müraciətlərdən sonra 2024-cü ilin may ayında Dövlət Sosial Müdafiə X1 dəvət olunmuşdur. Filialda ona 52 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməli olduğu halda 50 yaşından təyin olunduğu bildirilmiş və bununla bağlı fikri öyrənildikdə, o etirazını bildirmişdir. Lakin buna baxmayaraq razılığı və məhkəmə qərarı olmadan əsassız və qanunsuz olaraq aldığı pensiyanın məbləği azaldılmış və pensiyasından aylıq tutulmalar da həyata keçirilir. Yenidən cavabdehə ərizə ilə müraciət edərək qanunvericiliyə uyğun olaraq güzəştli şərtlərlə ona təyin edilmiş pensiya məbləğinin tam ödənilməsinin bərpa edilərək ödənilməsini və eləcə də 2019-cu ilin iyun ayından 2021-ci ilin yanvar ayınadək ödənilməmiş pensiyanın ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2025- ci il tarixli, 3-17-1/2-İ-13585/2025 nömrəli məktubla imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə də Qanunun o vaxtki redaksiyasına uyğun olaraq, 1 nömrəli Siyahı üzrə 50 yaşdan deyil, 52 yaşdan (2 nömrəli Siyahı üzrə isə 55 yaşdan deyil, 57 yaşdan) pensiya təyin olunurdu. Yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sözügedən dəyişikliyin edildiyi tarixdən sonra 2000- 2005-ci illərdə xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı dəyişikliyə uyğun olaraq, kişilərə münasibətdə 52 (57) yaşdan edilməsinə baxmayaraq, məhkəmə sonradan qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsaslanmaqla 2006-dan sonrakı illərdə qüvvədən düşmüş qanunun ilkin redaksiyasına uyğun 50 (55) yaşdan pensiya hüququnu müəyyən edir. Yəni qanunun qüvvədə olduğu vaxtda tətbiq olunmayan yanaşmanın, qanunun qüvvədən düşdüyü tarixdən sonra tətbiq olunması ağlabatan deyil. Araşdırma zamanı, iddiaçının Mərkəzi Filialda mövcud olan şəxsiyyət vəsiqəsinin surətinin düzgünlüyünə əsaslı şübhələr yaranmışdır. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 30 il 4 ay 19 gün təşkil edir. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 35,87 manat (30,39 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 58,76 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 25950,24 manat pensiya sığorta kapitalına uyğun 180,21 manat (25950,24:144) və 85 manat baza hissəsi əlavə edilərək xx.xx.2011-ci il tarixinə 323,97 (58,76+180,21+85) manat (indeksləşdirilərək xx.xx.2013-cü il tarixinə 345,68 manat) məbləğində əmək pensiyası müəyyən edilmişdir. xx.xx.2013-cü il tarixindən iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5424,02 manat pensiya sığorta kapitalına əsasən Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (5424,02 : 119 ay (144 ay-25 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=45,58 manat) əmək pensiyası həmin tarixdən yenidən hesablanaraq 345,68 manatdan 391,26 (345,68+45,58) manata artırılmışdır (indeksləşdirilərək xx.xx.2014-cü il tarixinə 413,61 manat). Bundan başqa, xx.xx.2013-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1717,98 manat pensiya sığorta kapitalına əsasən Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (1717,98 : 114 ay (144 ay-30 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=15,07 manat) əmək pensiyası xx.xx.2014-cü il tarixindən yenidən hesablanaraq 413,61 manatdan 428,68 (413,61 +15,07) manata artırılmışdır. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2009xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 419803,30 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaiti 2024-cü ilin may ayından etibarən hər ay 95,30 manat olmaqla iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya aid olan 911081 nömrəli pensiya işindən görünür ki, iddiaçıya 21 yanvar 2009-cu il tarixli qərarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Cavabdeh tərəfindən təqdim olunmuş inzibati icraat materiallarından görünür ki: Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-6528/2024 saylı qərarı ilə iddiaçının təyin edilmiş əmək pensiyası yenidən hesablanmışdır. Yenidən hesablamanın səbəbi: İnventar. Hüququ 50 yaşdan 52 yaşa çəkildi və şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı saxtalaşdırılıb. xx.xx.2009-xx.xx.2011-ci ilədək tam tutulsun. xx.xx.2011-ci ildən artıqvermə. İddiaçının sonuncu dəfə təyin edilmiş əmək pensiyası 4964,75 manat, 67 qəpik olsa da, həmin qərarla əmək pensiyası 953 manat müəyyən edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsini və 2019-cu ilin iyun ayından 2021-ci ilin yanvar ayınadək ödənilməmiş pensiyanın tam ödənilməsi, əmək pensiyasından tutulmuş məbləğlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Qanunda göstərilir ki, əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir (1.0.15.). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir (9.8). Qanunun qeyd edilən müddəalarından görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı ildən qüvvəyə mindiyi üçün, həmin tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən stajı, yəni kişilər üçün qanunla müəyyən edilmiş 12 il 06 ay stajı topladıqda şəxs yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada pensiya hüququ əldə edir. İşdən görünür ki, iddiaçıya onun 50 yaşı tamam olduğu xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, və xx.xx.2024-cü il tarixədək ödənilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaçının yaşa görə əmək pensiyasının 52 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən təyin edilməsi əsası ilə onun əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul etmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirərək onun ləğv edilməsini xahiş edir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-ci maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Həmin Qanunun 13-cü maddəsinin ilkin variantında göstərilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Cavabdehin əsas dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi kişilər üçün 52 yaş müəyyən edildiyindən ona 52 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyası təyin edilməlidir. Qeyd edilməlidir ki, iddiaçının xx.xx.1997-ci ilədək güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajını toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. Eyni zamanda iddiaçının 50 yaşının tamam olduğu tarixədək ümumi əmək stajını toplaması da mübahisə doğurmur. Cavabdehin etirazının əsas dəlili ondan idarətdir ki, iddiaçının 50 yaşının tamam olduğu tarixdə güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı 50-dən yuxarı olduğu üçün ona 50 yaşdan pensiya təyin edilə bilməzdi. Bununla bağlı qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində Qanunun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliyə uyğun təyin edilməsi təsbit edilmişdir. Yəni həmin Qanun qüvvəyə minənədək istənilən dövrdə güzəştli stajı toplamış şəxsə pensiya həmin dövrdə qüvvədə olan qanunvericiliyə görə təyin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna dəyişlik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanun qüvvəyə minənə qədər 12 il 06 ay güzəştli stajı topladığı üçün ona əmək pensiyası yaşa görə həmin dövrə kimi qüvvədə olan qanunvericilik əsasında təyin edilməlidir. Həmin dövrə qədər qüvvədə olan qanunvericilikdə isə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən yaş həddi kişilər üçün 50 yaş müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (1.1.). Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (1.2.). İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (2.0.2.). İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir (2.0.6.). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1.). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3.). Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər (67.4.). Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (67.5.). Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir (67.7.). Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır (67.8.). Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur (67.12.). Məhkəmə, bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Cavabdeh inzibati orqan qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi hazırkı mərhələdə müəyyən edilmir. Belə ki, iddiaçıya əmək pensiyası ilk dəfə xx.xx.2009-cu il tarixli qərarla təyin edilmiş və bundan 1 ildən artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Beləliklə, iddiaçı barəsində əlverişli inzibati aktın qəbul edilməsindən sonra ötən təqribən 15 il müddətində iddiaçı müəyyən edilmiş qaydada əmək pensiyası almışdır. Sonradan onun əmək pensiyasının yenidən hesablanması isə iddiaçının ümid etdiklərindən məhrum olmasına, hətta onun dövlət büdcəsinə ödənilməli olan yüksək məbləğdə borcunun yaranmasına səbəb olmuşdur ki, bu etimad prinsipinə zidd hesab edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutları ümumiləşdirərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş 07 may 2024-cü il tarixli, 3- 17-1/3-3-6528/2024 saylı qərar ləğv edilsin. 2019-cu ilin iyun ayından 2021-ci ilin yanvar ayınadək İddiaçı ödənilməmiş pensiyanın tam ödənilməsi və onun əmək pensiyasından tutulmuş məbləğlərin geri qaytarılması vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar