Məhkəmə qərarları › İş №2-1(112)-7351/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7351/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7351/2020 23.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi” tələblərinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının adının direktor qismində "xxxx" MMC-nin dövlət reyestrindən çıxarılması və müvafiq olaraq ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə hazırlıq icraatı iclası 23 noyabr 2020-ci il tarixə təyin edilmiş, məhkəmə iddiaçının adının direktor qismində "xxxx" MMC-nin dövlət reyestrindən çıxarılması və müvafiq olaraq ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə iddia üzrə mümkünlük məsələsini araşdırmağı zəruri hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2006-cı ildə "xxxx" MMC-nin (VÖEN **********) direktor vəzifəsinə təyin edilmişdir. MMC-nin təsisçisi Y.S.Qılıcovun xx.xx.2008-ci il tarixli qərarına əsasən həmin müəssisənin direktoru vəzifəsindən azad olunmuş və təhvil-təslim aktı əsasında müəsissəyə rəhbərliyi yeni təyin edilmiş direktor X1(AZE ********) təhvil vermişdir. Lakin, 2020-ci ilin fevral ayında işilə bağlı Azərbaycan Respublikasının sərhədini keçmək istəyərkən onun sərhədi keçməsinə Vergilər Nazirliyi tərəfindən məhdudiyyət qoyulduğu məlum olmuşdur. Bunun aradan qaldırılması üçün Vergilər Nazirliyinə müraciət etmiş, Nazirlik tərəfindən bildirilmişdir ki, "xxxx" MMC-nin 2012-2018-cü illər ərzində vergi borcu yaranmış, təsisçi tərəfindən direktorun dəyişilməsi barədə nazirliyə məlumat verilməmiş və buna görə də onun ölkədən çıxışına məhdudiyət qoyulması barədə qərar qəbul edilmişdir. Buna görə də Azərbaycan Respublikasi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X3 idarəsinə ərizə ilə müraciət etmişdir. İdarə tərəfindən ona cavab olaraq göndərilmiş məktubunda qeyd olunmuşdur ki, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Qanunvericiliyin və cəmiyyətin nizamnaməsinin tələblərindən göründüyü kimi Vergilər Nazirliyinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi üçün hüquqi şəxsin dövlət reyestrində dəyişiklik edilməsi və onun adının "xxxx" MMC-nin dövlət reyestrindən çıxarılması mümkün olmamışdır. Hesab edir ki, təsisçinin və yeni direktorun öz vəzifə borclarını yerinə yetirməməsi, lazımı məlumatların vaxtında təqdim edilməməsi səbəbindən onun işdən azad olunduğundan 12-il keçdikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədən çıxışa məhdudiyət qoyulması onun hüquqlarını pozur. Hesab edir ki, onun adının "xxxx" MMC-nin dövlət reyestrindən çıxarılmalı və müvafiq olaraq ölkədən çıxışa qoyulmuş məhdudiyyət götürülməlidir. Belə ki, o, müəssisənin direktoru vəzifəsindən xx.xx.2008-ci il tarixli təsçinin qərarına əsasən azad olunmuş və yaranmış vergi borcuna heç bir aidiyyatı yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X4 iddia ərizəsinə etiraz təqdim edərək, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. İşih araşdırılan halları ilə iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən müəyyən edilmiş iddia tələblərindən hər hansı birinin təsirinin altına düşməsi müəyyən edilmir. Bu səbəbdən də, hazırki iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkün deyildir. Azərbaycan Resublikası İPM-in 13-cü maddəsinin tələbi baxımından məhkəmə tərəfindən iddiaçıya 27 oktyabr 2020-ci il tarixli məktub ünvanlanaraq Azərbaycan Respublikası MPM-nin 26-cı maddəsinə və 40.2-ci fəslinin tələblrinə müvafiq olaraq baxılmalı olduğu və bununla bağlı iddianın mümkünlüyü məsələsinin 24 noyabr 2020-ci il tarixli məhkəmə iclasında araşdırılacağı qeyd edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 15 sentyabr 202-ci il tarixli **********272900 saylı iddiaçının müraciətinə baxılmasına dair imtina ərizəsindən görünür ki, 19 mart 2020-ci il tarixdə iddiaçıya məktub ünvanlanmış və müəssisənin qanuni təmsilçiliyindən çıxarılması qaydaları izah edilmişdir. Hazırkı iş üzrə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla məhkəmə hesab edir ki, mübahisə predmeti iddiaçının adının direktor qismində "xxxx" MMC-nin dövlət reyestrindən çıxarılması və müvafiq olaraq ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi barədə olsa da, lakin mübahisənin kökündə "xxxx" MMC-nin təsisçilərinə qarşı mülki iddia durmaqla qeyd olunan mübahisə ilə bağlı işlərin məhkəmə aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə tənzimlənməkdədir. Belə ki, iddiaçı öz iddia ərizəsində də qeyd etdiyi kimi, onun hüquqları təsisçinin və yeni direktorun öz vəzifə borclarını yerinə yetirməməsi, lazımı məlumatların vaxtında təqdim edilməməsi yəni hərəkətsizliyi nəticəsində pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 40-2-ci fəsli Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat barədədir. Həmin Məcəllənin 355-5.1-ci bəndinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir; 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir; 355-7.1ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355- 7.4-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddianın inzibati məhkəmə icraatı çərçivəsində baxılması mümkün olmadığından, iddia mümkün sayılmamalı, iddiaçıya yuxarıda sadalanan qanunvericiliyin normalarına əsasən aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhdudiyyətin götürülməsi ilə bağlı cavabdeh inzibati orqan hərəkətsizlik etdiyi təqdirdə cavabdeh orqanın hərəkətsizliyi inzibati icraat qaydasında mübahisələndirilə bilərdi. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən araşdırılma aparılaraq, artıq cavab verildiyindən, hazırki iddia tələbi üzrə cavabdehin hərəkətləri və hərəkətsizliyi nəticəsində iddiaçının hansı hüquqlarının pozulduğunu, onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyini müəyyən etmək mümkün deyildir. Qeyd olunanlara əsasən iddiaçının tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən iddia qeyri mümkün hesab edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 17-ci maddəsində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar