Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7352/2023 19.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ələt oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarış verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Ələt oğlu Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.0572 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün iddiaçıya verilməsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini tələb etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 2029 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evi tikintisi üçün ayrılmışdır. Həmin torpaq sahəsinin cizgi planı Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Həmin 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq qaydada rəsmiləşdirilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə tələb olunan sənədlərlə birlikdə cavabdeh təşkilata müraciət etmiş, müraciəti qəbul olunaraq qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixli, **********53 saylı məktubla müraciətinin icrasından imtina edilmişdir. İmtinanın səbəbi torpaq sahəsinin bir hissəsinin Bilgəh-Pirşağı dairəvi yolunun mühafizə zonasında yerləşməsi, torpaq sahəsinin faktiki ölçüsünün 572 kv.metr təşkil etməsi, təqdim edilmiş sərəncamda və arxiv arayışında həqiqiliyi təsdiqlənməmiş düzəlişlərin olması göstərilmişdir. İddiaçıya məxsus torpaq sahəsi yolun mühafizə zolağında yerləşib-yerləşməməsini müəyyən etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ərizə ilə müraciət etmiş və ona məxsus torpaq sahəsinin yolun mühafizə zolağına düşüb-düşməməsi barədə yazılı məlumat verilməsini xahiş etmişdir. AAYDA xx.xx.2023-cü il tarixli, 11-1/2-504-8/2023 saylı məktubla qeyd etmişdir ki, sözügedən 600,0 kv.metr torpaq sahəsinin (Bilgəh-Pirşağı avtomobil yolunun köməkçi yolun kənarı, 18-ci dalanın yanı) yerləşdiyi ərazi yaşayış məntəqəsinin daxilində olduğu üçün həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağı nəzərə alınmır. İmtinada “təqdim edilmiş sərəncamda və arxiv arayışında həqiqiliyi təsdiqlənməmiş düzəlişlərin olması” barədə göstərilən dəlil qanunazidd olduğuna görə iddiaçı bu barədə hər hansı sənəd təqdim etməmişdir. Belə ki, həqiqiliyi təsdiqlənməmiş düzəlişlərin nədən ibarət olması və kimin tərəfindən nə zaman aparılması idarə tərəfindən əsaslandırılmamışdır. Eyni zamanda ona məxsus torpaq sahəsinin faktiki ölçüsü 572,0 kv.metr olduğuna görə, yazılı və notarial qaydada təsdiq edilmiş ərizə yazaraq sənəd üzrə 600.0 kv.metr torpaq sahəsinin azalaraq 572.0 kv.metr olmasına etiraz etmədiyini rəsmi şəkildə bildirərək təkrar ərizə ilə xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilata müraciət etmiş, müraciəti qəbul olunaraq təkrar qeydiyyata alındı və xx.xx.2023-cü il tarixli məktubla müraciətin icrasından təkrar imtina edilmişdir. Hesab edir ki, imtina tamamilə qanunsuz və əsassızdır, eyni zamanda onun qanunla qorunan hüquqları pozulmuşdur. İlk növbədə imtinanın “təqdim edilmiş Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 2029 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamında və həmin sərəncamın arxiv nüsxəsində torpaq sahəsinin ölçüsündə həqiqiliyi təsdiqlənməmiş düzəlişlərin edilməsi ilə bağlı münasibət bildirilməsini zəruri hesab edir. Bununla bağlı qeyd edilməlidir ki, sözügedən sərəncam Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən sərəncamın arxiv arayışı Milli Arxiv İdarəsi tərəfindən verilmişdir. Hər iki sənəddə torpaq sahəsinin ölçüsü eyni şəkildə “600” kv.metr olmaqla göstərilməkdədir. Buradan da məlum olur ki, həmin sənədlərdə düzəlişlər edilməmiş, torpaq sahəsinin ölçüsü pozulmamış, sonradan əlavə edilməmiş, qeyd edilən sənədlərin əsl nüsxəsi bu şəkildə tərtib edilmişdir. Eyni zamanda həmin sənədlər qeydiyyat orqanı tərəfindən iki dəfə xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərdə rəsmi şəkildə qəbul edilmişdir. Qeyd olunan normaların tələbinə əsasən torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ qeydə alınmalıdır. Belə ki, o, həmin torpaq sahəsindən qanuni əsaslarla, maneəsiz, məhdudiyyətsiz istifadə edir.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli və ********** nömrəli, xx.xx.2023cü il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti başçısının 2029 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamında və həmin sərəncamın arxiv nüsxəsində torpaq sahəsinin ölçüsündə həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. Bundan əlavə, sözügedən sərəncamda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin ünvanı “Bilgəh qəsəbəsi, 4-cü məhəllə, sahə 17” olaraq qeyd edilsə də, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi bağlar massivinin ərazisində yerləşir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır. Bu barədə vətəndaşa **********53 saylı, xx.xx.2022-ci il tarixli və **********80 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubları ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi Bilgəh-Pirşağı dairəvi yolundan 3.5 metr məsafədə yolkənarı ərazidə yerləşir. Cavabdeh qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi bir hissəsi Bilgəh-Pirşağı dairəvi yolunun mühafizə zonasında yerləşir. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 600 kv.m qeyd edilsə də, faktiki 572 kv.m təşkil edir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 2029 nömrəli, xx.xx.1992-ci il tarixli Sərəncamının əsli və arxiv arayışında həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir.
5. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, “təqdim edilmiş Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti başçısının 2029 nömrəli, xx.xx.1992-ci il tarixli sərəncamında və həmin sərəncamın arxiv nüsxəsində torpaq sahəsinin ölçüsündə həqiqiliyi təsdiqlənməmiş düzəliş edilmişdir. Bundan əlavə, sözügedən sərəncamda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin ünvanı “Bilgəh qəsəbəsi, 4-cü məhəllə, sahə 17” olaraq qeyd edilsə də, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi bağlar massivinin ərazisində yerləşir.”
6. Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, ““Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudları daxilində yerləşən avtomobil yollarının qorunma (mühafizə) zolaqları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Bu səbəbdən, sözügedən 600,0 kv.m torpaq sahəsinin (Bilgəh-Pirşağı avtomobil yolunun köməkçi yolun kənarı, 18-ci dalanının yanı) yerləşdiyi ərazi yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağı nəzərə alınmır.”
7. Sabunçu Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “ünvan , 23 noyabr 1992-ci il tarixli qərarı ilə Bilgəh qəsəbəsində X2 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600.0 kv.m. torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunaraq Sizə göndərilir.”
8. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim edilmiş Sabunçu rayon İH-nin arxiv fondu üzrə xx.xx.1992-ci il tarixli, 2029 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışına əsasən Bilgəh qəsəbəsi, 4-cü məhəllə, yer 17-də 600 kv.m sahəsi olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı Ələt oğluna ayrılmışdır.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
16. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
17. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;
19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
20. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
21. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
22. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin 2029 saylı, 23 noyabr 1992-ci il tarixli sərəncamı ilə İddiaçı Ələt oğluna 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, həmin torpaq sahəsinin yerləşmə sxemi təsdiq olunmuşdur. (cizginin əsli iş materiallarında mövcuddur).
23. Məhkəmə cavabdehin imtinasında göstərilənlərə bağlı ilkin olaraq qeyd edir ki, hüquqmüəyyənedici sənəd kimi cavabdehə və məhkəməyə təqdim edilmiş Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının Sərəncamının (iddiaçıya torpaq sahəsi ayrılması barədə) həqiqiliyi heç bir şübhə doğurmur, arxiv fondunda qeyd edilən sərəncam mövcuddur, sərəncamın mötəbərsizliyinə, həmçinin sözügedən torpaq sahəsinin bağlar massivinin ərazisində yerləşməsinə dair cavabdeh tərəfindən hər hansı bir dəlil, sübut məhkəməyə təqdim edilməmişdir.
24. Eyni zamanda məhkəmə fərdi evin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin faktiki ölçüsünun 572,0 kv.metr olmasının aşkar olunmasına münasibətdə hesab edir ki, həmin hala dair mübahisə mövcud deyil, belə ki, iddiaçı 572,0 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüququllarının qeydiyyata alınması tələbi ilə müraciət etmiş və torpaq sahəsinin sənəd üzrə azaldılaraq faktiki 572 kv.m olmasına etiraz etmədiyinə dair notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmişdir.
25. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudları daxilində yerləşən avtomobil yollarının qorunma (mühafizə) zolaqları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir.
26. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaya yazılı etirazında göstərdiyi - mübashiə predmeti olan torpaq sahəsinin Bilgəh-Pirşağı dairəvi yolundan 3.5 metr məsafədə yolkənarı ərazidə yerləşməsi halının həqiqətə uyğun olmadığı iş materialındakı sənədlə sübut olunur. Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Ağentliyi tərəfindən verilən məlumatda sözügedən 600,0 kv.m torpaq sahəsinin yerləşdiyi ərazinin yaşayış məntəqəsi daxilində olduğu və bu səbəbdən də həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağının nəzərə alınmadığı göstərilmişdir.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
28. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
29. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəbdinndə göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
30. Odur ki, İddiaçı Ələt oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.0572 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla adına çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.
31. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.0572 ha torpaq sahəsi üzərində İddiaçı Ələt oğlunun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva