Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7354/2024 30.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 31219 saylı bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən 781 “Y” nömrəli 0,12 ha bağ torpaq sahəsinə dair onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydin aparılması və dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 31219 saylı bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən 781 “Y” nömrəli, 0,12 ha bağ sahəsinə dair iddiaçının adına xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun adına Şüvəlan qəsəbəsində 31219 saylı bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən 781 “Y” nömrəli 0,12 ha bağ torpaq sahəsi var. Həmin torpaq sahəsi də onun faktiki istifadəsindədir. Bağ sahəsinə çıxarış alınması məqsədilə o, cavabdehə ərizə ilə müraciət etmişdir və zəruri sənədləri təqdim etmişdir. Cavabdeh ona imtina məktubu göndərərək, imtinada 781 “Y” torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından bağın yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmadığını bildirmişdir. Həmçinin məktubda vurğulanmışdır ki, torpaq sahəsinin nömrəsi qonşu bağ nömrələrinin ardıcıllığı ilə uyğun gəlmir. Ona bağ sahələrinin icarəsi ilə bağlı müvafiq dövlət qurumu zamanında qanunvericiliyə uyğun qanuni sənədlər vermişdir. Həmin sənədlər əsasında bu günə qədər bağ torpaq sahələri onun qanuni istifadəsindədir, həmin torpaq sahələrində hasarlar çəkmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 07 mart 2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: xx.xx.2024-cü il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********37 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından bağın yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Həmçinin torpaq sahəsinin nömrəsi qonşu bağ nömrələrinin ardıcıllığı ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə, təqdim edilən 31219 saylı, 09 noyabr 2004-cü il tarixli müqavilə istifadəçinin imzası ilə təsdiq edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, bağ sahəsinin sərhədləri şimal tərəfdən qonşu hasarla, digər tərəfləri mişar daşı ilə ayrılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X7 etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********18 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, kadastr baza məlumatlarına əsasən iddia olunan hissədə sxematik xəritədə bağ nömrəsi qeyd olunmayıb. Məktuba əlavə olunmuş: Bakı şəhəri Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin direktoru T.T.Allahverdiyevə ünvanlanmış Bakı şəhəri Şüvəlan qəsəbəsində yaşayan X10, X8, X6 tərəfindən verilmiş ərizələrdə qeyd olunmuşdur ki, Şüvəlan sahəsində 1509 №-li bağın sahibidir. İddiaçı onların yaxınlığında uzun müddətdir ki, abadlıq işləri görüb, müxtəlif növ ağaclar salıb və hər yay mövsümündə ailəsi ilə birlikdə həmin bağ yerində istirahət edirlər. xx.xx.2002-ci il tarixli aktda (surəti) qeyd olunmuşdur ki, Bağlar təsərrüfatı birliyinin sahə mühəndisləri: Hacıyev C.C, Rəhmani T.Q., Bayramov F.T., həmin aktı tərtib edib ondan ötəri ki, Şüvəlan sahəsindən vətəndaş İddiaçı Birliyə daxil olmuş 15.07.02 tarixli ərizəsi ilə əlaqədar onun istifadə etdiyi 781 Y №-li bağ yerində olmuşdurlar. 781Y №-li bağın sahəsi 0,12 hektar olmaqla tərəflərindən müəyyən edilmişdir ki, vətəndaş İddiaçı hal-hazırda bu bağ sahəsindən istifadə edir. Onun bu bağ sahəsindən istifadə etməsi üç bağ qonşusuda yazmış olduqları şahidlik ərizələrində də təsdiq edirlər. Aktın doğruluğu Hacıyev.C.C, Rəhməni T.Q., Bayramov F.T., tərəfindən təsdiq edilmişdir. Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə İddiaçı arasında bağlanmış Bağın İcarəyə verilməsi haqqında (781 “Y”) 31219 №-li xx.xx.2002-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Şüvəlan qəsəbəsində 0,12 hektarlıq bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. xx.xx.2004-cü il tarixli aktda (surəti) qeyd olunmuşdur ki, Bağlar təsərüfatı birliyinin sahə mühəndisləri: Hacıyev C.C, Rəhmani T.Q., Bayramov F.T., həmin aktı tərtib edib ondan ötəri ki, Şüvəlan sahəsindən vətəndaş İddiaçı Birliyə daxil olmuş 15.07.02 tarixli ərizəsi ilə əlaqədar onun istifadə etdiyi 781 Y №-li bağ yerində olmuşdurlar. 781 Y №-li bağın sahəsi 0,12 hektar olmaqla tərəflərindən müəyyən edilmişdir ki, vətəndaş İddiaçı hal-hazırda bu bağ sahəsindən istifadə edir. Onun bu bağ sahəsindən istifadə etməsi üç bağ qonşusuda yazmış olduqları şahidlik ərizələrində də təsdiq edirlər. Aktın doğruluğu Hacıyev.C.C, Rəhməni T.Q., Bayramov F.T., tərəfindən təsdiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və X2 ərazisindəki 781 Y nömrəli bağın istifadəyə verilməsi haqqında 31219 saylı xx.xx.2004-cü il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Əzizbəyov rayonu, Şüvəlan ərazisində 0,12 hektar torpaq sahəsi olan 781 Y №-li bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktın surətindən müəyyən olunur ki, Şüvəlan bağ massivi ünvanında yerləşən 781 Y saylı bağın yerləşdiyi torpaq sahəsinin hüquq müəyyən edici sənəd üzrə sahəsi 0,12 ha, faktiki sahəsi isə 0,1224 ha olduğu (24 kv.m artıq olduğu) müəyyən edilmişdir. Bağ sahəsinin sərhədləri şimal tərəfdən qonşu hasarla ayrılıb, qalan tərəfləri isə 2 sıra mişar daşı düzülərək ayrılmışdır. Tikili yoxdur. Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından, bağın yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmadığı qeyd edilmişdir. İddiaçı (nümayəndəsi X4) hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********37 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən “781 y” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmışdır. Torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından bağın yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Həmçinin torpaq sahəsinin nömrəsi qonşu bağ nömrələrinin ardıcıllığı ilə uyğunsuzluq təşkil edir. Bundan əlavə, təqdim edilən 31219 saylı, 09 noyabr 2004-cü il tarixli müqavilə istifadəçinin imzası ilə təsdiq edilməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İPM. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi.
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı işin halları üzrə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 781 “Y” saylı bağ sahəsinin iddiaçıya məxsus, yəni qanunla qanuni istifadəçi kimi onun mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil. Belə ki, həmin bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarıl Birliyi ilə iddiaçı arasında bağlanmış “Bağın icarəyə verilməsi haqqında” 21219 nömrəli xx.xx.2002ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilmişdir. Həmin müqavilə səlahiyyətli dövlət orqanı tərəfindən bağlanılmış və hal-hazıradək qüvvədədir. Həmin müqavilənin ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədən düşməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin müqavilə iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmazəmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində də nəzərdə tutulmuşdur. Cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər, yəni sözügedən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi və torpaq sahəsinin nömrəsinin qonşu bağ nömrələrinin ardıcıllığı ilə uyğunsuzluq təşkil etməsi hazırkı iddianın təmin edilməməsi üçün tutarlı əsas sayıla bilməz. Çünki, həmin hallar iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətlərindədir. Müqavilənin arxiv nüsxəsinin istifadəçi tərəfindən imzalanmamasına gəldikdə isə, məhkəmə cavabdehin həmin dəlilini də əsassız hesab edir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş müqavilənin surətindən görünür ki, həmin müqavilə iddiaçı tərəfindən imzalanmışdır və sonuncu hazırki iddia ilə məhkəməyə müraciət etməklə, mübahisəli bağ torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsi üzrə iradə ifadəsini bir daha təsdiq etmişdir. Beləliklə məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağın icarəyə verilməsi haqqında 31219 saylı müqaviləyə əsasən 781 “Y” nömrəli, 0,12 ha bağ sahəsinə dair İddiaçı adına xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla, onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev