Məhkəmə qərarları › İş №2-1(112)-7355/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7355/2021

13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7355/2021 13.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “soyadın dəyişdirilməsinə razılıq verilməsi barədə sərəncamın qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: I. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) xx.xx.2021-ci il tarixli N- 50-164 saylı ərizə ilə müraciət edərək, övladları xx.xx.2021-ci il təvəllüdlü X2 doğum haqqında şəhadətnaməsində dəyişiklik edilərək soyadının “İlqarlı” yazılmasına dair müvafiq qərar qəbul edilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Müraciətə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası tərəfindən baxılaraq xx.xx.2021-ci il tarixli 15/2021 saylı Qərar ilə iddiaçıların ərizəsi təmin edilməmiş, qərar məlumat üçün 08 iyun 2021-ci il tarixdə 04/06- 13-8/N-50-164 nömrəli məktubla iddiaçılara göndərilmişdir. Bundan sonra İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2021-ci il təvəllüdlü X1 “Nuxzadə”dən “İlqarlı”ya dəyişdirilməsinə razılıq verilməsinə dair sərəncam verilməsinin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. II. Tərəflərin əsaslandırması İddiaçılar tələbini bununla əsaslandırmışlar ki, onlar xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuşlar və xx.xx.2021-ci ildə X3 dünyaya gəlmişdir. İddiaçı1 atasının adını əbədiləşdirmək üçün oğlunun soyadının “Nuxzadə”dən “İlqarlı”ya dəyişdirilməsini istəmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 14 iyul 2021-ci il tarixli 04/06-xxxx/1360 saylı iddiaya etirazda xx.xx.2021-ci il tarixli 15/2021 saylı Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının uşağın soyadının dəyişdirilməsi haqqında Qərarında göstərilən hallara istinad edilməklə iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan AZ-İİ №380354 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 və Babayeva (nikahdan sonra Nuxova) Nigar Ruslan qızı 06 yanvar 2020-ci ildə nikah bağlamışlar. AZ-İV №593092 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı1, anası İddiaçı2dır. İşdə olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasıın xx.xx.2021-ci il tarixli 15/2021 saylı Qərarından görünür ki, cavabdeh uşağın soyadının dəyişdirilməsinin hüquqi əsaslarının olmamasına görə iddiaçıların xx.xx.2021-ci il təvəllüdlü X1 dəyişirilməsi barədə ərizəsini təmin etməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçılar hazırda cavabdehin imtinasını mübahisələndirərək övladlarının soyadının “Nuxzadə”dən “İlqarlı”ya dəyişdirilməsinə razılıq verilməsinin cavabdehə həvalə edilməsini xahiş edirlər. Məhkəmə qeyd edir ki, uşağın (maddə 49.1. 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar) ad və soyadla bağlı hüquqları Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – AM) ilə tənzimlənir. Həmin Məcəllənin “Uşağın ad, ata adı və soyad daşımaq hüququ” adlanan 53-cü maddəsi uşağa doğularkən adın, ata adının və soyadın verilməsi qaydasını, “Uşağın adının və soyadının dəyişdirilməsi” adlanan 54-cü maddəsi isə ad və soyada malik uşağın adının və soyadının sonradan dəyişdirilməsi qaydasını tənzimləyir. Həmin maddələrə əsasən: - Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. - Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi 54.1. Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. 54.3. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Göründüyü kimi, qanunverici uşağın soyadının, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilməsini nəzərdə tutmuşdur. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda isə uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Uşağa soyad verildikdən sonra 18 yaşına çatana qədər onun soyadının dəyişdirilməsinə gəldikdə isə bu yalnız digər valideyinin soyadı ola bilər, bu zaman uşağa başqa bir soyadın verilməsi nəzərdə tutulmamışdır. AM-nin 53.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2011-ci il 12 may tarixdə 79 nömrəli qərar ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”da da oxşar normaları nəzərdə tutulur. Belə ki, həmin Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qaydalarda 18 yaşına çatmayan uşaqların soyadının dəyişdirilməsi yalnız 6.26cı bənddə nəzərdə tutulmuşdur. Həmin bəndə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Beləliklə, sadalanan normalardan görünür ki, qanunverici uşağın soyadının valideyinlərin soyadından kənar bir şəxsin soyadına dəyişdirilməsini, o cümlədən babasının adı ilə soyad verilməsini nəzərdə tutmamışdır. Belə olan halda cavabdehin məsələ ilə bağlı qəbul etdiyi qərar qanuni olmuş, qanunla ona verilmiş səlahiyyətlər daxilində həmin səlahiyyətin məqsədinə uyğun həyata keçirilmişdir. Buna görə də iddiaçların hazırkı tələb əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar