Məhkəmə qərarları › İş №2-1(112)-7357/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7357/2021

27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7357/2021 27.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili X1, üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində göstərilməklə “ “İ dərəcəli sürücü” kateqoriyasına görə əlavənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “İ dərəcəli sürücü” kateqoriyasının və əlavə 25% (hər ay) əlavə vəzifə maaşının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2000-ci ildən X4, 2008-ci ildən 26 oktyabr 2020-ci ilə qədər Şabran rayon Polis Şöbəsində xidmətdə olmuşdur. 2011-2020-ci illərdə “BCED” kateqoriyası ilə polis nəfəri kimi sürücü işləmişdir. Təqaüddə olan polus serjantıdır. Polis orqanların qüsursuz xidmət etmişdir. Polis orqanlarında xidmətdə olarkən, eləcə də xidmətdən sonra dəfələrlə Şabran rayon Polis Şöbəsinin rəhbərliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək ona “İ dərəcəli sürücü” kateqoriyasının verilməsini xahiş etmişdir. Şabran rayon Polis Şöbəsinin 03.05.2021-ci il tarixli məktubu ilə xahişi təmin edilməmişdir. İmtinaya səbəb kimi hal-hazırda X4n xidmətdən xaric olması göstərilmişdir. İmtina qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir. İddiaçı 10 avqust 2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 31.07.2019-cu ildən 2020-ci ilin oktyabr ayına qədər birinci dərəcəli sürücülüyə görə ödənilməli olan əlavənin verilməsi, pensiya ödənişi zamanı həmin əlavənin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 27 avqust 2021-ci il tarixli məhkəmə iclasında məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hazırkı inzibati mübahisənin ərazi aidiyyəti məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 və üçüncü şəxsin nümayəndəsi X5 ayrı-ayrılıqda işin ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərilməsinə etiraz etməmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı mübahisə inzibati orqanla (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) dövlət qulluqçusu arasında mövcud olan (və ya əvvəllər mövcud olmuş) xidməti hüquq münasibətləri ilə bağlıdır. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının X4 xidmət keçmə haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən, X4 xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Normanın mənasına görə inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir – 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə, 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə, 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının X4 xidmət keçmiş və xidmətdən xaric olunmuşdur. Beləliklə, iddiaçı xidmətdən xaric olunduğundan onun artıq xidməti yaşayış yeri yoxdur. Buna görə də, hazırkı iddia tələbinə baxılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsində göstərilən (iddiaçının xidməti yaşayış sahəsinin olduğu yeri üzrə) aidiyyətin təsir dairəsinə düşmür. İş materiallarında olan iddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından müəyyən olunur ki, o, Şabran rayonu, Ağbaş kəndində qeydiyyatdadır. Həmçinin iddia ərizəsində iddiaçı yaşayış ünvanı kimi də qeydiyyatda olduğu ünvanı qeyd etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; ... Qanunun tələbindən göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Belə olan halda, iddiaçının hazırkı tələbinin ərazi aidiyyəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsində göstərilən “xidməti yaşayış sahəsi olmadığı hallarda yaşayış yeri üzrə məhkəmə tərəfindən baxılır” kimi müəyyən edilmiş aidiyyətin təsir dairəsinə düşür. Ona görə də, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının yaşadığı yer üzrə səlahiyyətli məhkəmə olan Sumqayıt İnzibati Məhkəməsidir. Belə ki, “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Şabran rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (17.10-cu bənd). Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində göstərilməklə “ “İ dərəcəli sürücü” kateqoriyasına görə əlavənin verilməsi” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar