Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7357/2023 18.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, İddiaçı, Cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı 1.350.000 manat məbləğində kompensasiya ödəmək vəzifəsinin cavabdeh Bakı şəhəri İcra Hakimiyyətininin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan 0,48 ha torpaq sahəsi dövlət ehtiyacları üçün FHN-nə verilmişdir. Belə ki, göstərilən torpaq sahəsi Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən başqa torpaq sahəsi ilə əvəzləşdirilmişdir. (müvafiq sərəncam və ayrıca akt ilə) Guya qeyd edilən torpaq sahəsi "xxxx" MMC-yə istifadəyə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Bundan sonra Bakı şəhəri İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə göstərilən Nizami rayonunda olmuş 0,48 ha torpaq sahəsinin 30 ha torpaq sahəsi 9-cu mikrorayonda Heydər Məscidinin yaxınlığında verilmişdir. Həmin torpaq sahəsi də dövlət ehtiyacları üçün alındığından Bakı şəhəri İcra Hakimiyyəti və Maliyyə Nazirliyi tərəfindən iddiaçıya kompensasiya verilməsi təmin edilmişdir. Lakin 0,18 ha torpaq sahəsinin kompensasiyası ödənilməmiş qalmışdır. Tərəfindən Azərbaycan Respublikası Prezidentinə ərizə ilə müraciət olunmuşdur. Müraciətinə Bakı şəhəri İcra Hakimiyyətininin xx.xx.2023-cü il tarixli 3-35/2-k-13- 130/2023 saylı məktubu ilə aşağıdakı qaydada cavablandırılmışdır. Bakı şəhəri İcra Hakimiyyətininin xx.xx.2023-cü il tarixli 3-35/2-k-13- 130/2023 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçıya və ailəsinə məxsus torpaq sahəsi Fövqəladə Hallar Nazirliyinin X1, X1, Yanğın Depo binalarının tikintisi üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşdüyündən həmin 0.48 ha torpaq sahəsinə uyğun əvəzləşdirmə qaydasına müvafiq olaraq Nizami rayonu, M.Əliyev küçəsinin kənarında qeyri-yaşayış tikintisi məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Həmin ayrılımış torpaq sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "xxxx" MMC-yə daimi istifadəyə verilmiş torpaq sahəsi ilə üstüstə düşdüyündən həmin torpaq sahəsinə kompensasiya ayrılması nəzərdə tutulmuş və 0.30 ha torpaq sahəsinə uyğun kompensasiya tam olaraq ödənilmişdir. Bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti dövlət büdcəsindən maliyyələşən dövlət orqanı olduğundan, 0.18 ha torpaq sahəsinə kompensasiyanın ödənilməsi imkan xaricindədir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən dövlet büdcəsindən tələb olunan müvafiq kompensasiya məbləği ayrıldığı təqdirdə kompensasiyanın verilməsi məsələsinə baxıla bilər.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - Nizami rayonu, Mikayıl Əliyev küçəsinin kənarında 0,01 ha (100 kv.m.) torpaq sahəsinin 2016-cı ildə bazar qiyməti nə qədər olmuşdur? - Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, “Heydər Məscidi” kompleksinin şimal-şərq hissəsində (bitişik ərazidə) 0,01 ha (100 kv.m.) torpaq sahəsinin 2016-cı ildə bazar qiyməti nə qədər olmuşdur? Həmçinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardadla ekspert qarşısında qoyulmuş suallara əlavə olaraq aşağıdakı sual da qoyulmuşdur: - Binəqədi rayonu, Novxanı kəndinin şimalında, Novxanı bağlar massivində Fövqəladə Hallar Nazirliyinin yanğın deposunun yerləşdiyi ərazidə 0,01 ha (100 kv.m.) torpaq sahəsinin 2016-cı ildə bazar qiyməti nə qədər olmuşdur?
4. Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2023-cü il tarixli məhkəmə eksperizasının aparılmasından imtina edilməsi barədə məlumatda qeyd edilmişdir ki, 2016-cı il tarixə dair internet saytı, təklif olunan qiymətlər, sövdələşmə qiymətləri ilə bağlı olaraq hər bir seçilmiş analoq üzrə məlumatlar və eləcə də, qeyd olunan tarixdə daşınmaz əmlakın qiymətləndirilməsi dair tədqiqat aparılmadığını və bununla əlaqədar baza məlumatları olmadığından, tədqiq olunan1 ünvanlarda göstərilən torpaq sahələri üzrə həmin tarixdə olan bazar qiymətinə uyğun, yəni torpaq sahələrinin 2016-cı ilə dair bazar qiymətlərini müəyyən etmək mümkün olmadı. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının 2023 təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır.
5. İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə (dəftərxana vasitəsilə) məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.
6. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixli ərizə ilə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir.
II. İddianın geri götürülmüş sayılması
7. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
9. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
10. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
11. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
12. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
13. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
14. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
15. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
16. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
17. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
18. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
19. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
20. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.
21. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
22. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva