Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7363/2021 22.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İş № 2-1(112)-7363/2021 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri 22.11.2021-ci il Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi və s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilməsindən 6 il tamam olduğuna görə pensiyanın artırılması ilə bağlı cavabdehə müraciət edilmişdir. Lakin, ona məktubla pensiyanın dayandırılması bildirilmişdir. Səbəb kimi isə onun işlədiyi peşənin güzəştli peşə hesab edilməməməsi göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdehin pensiyanın dayandırılması ilə bağlı hərəkətləri qanunsuz və əsassızdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi yanacaqdoldurma sexində əmtəə operatoru vəzifəsi neftin, qazın, qaz kondensatının emalı, kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Bu səbəbdəndə pensiya dayandırılmış və artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması ilə bağlı tədbirlər görülmüşdür. İddiaçı eyni zamanda Bakı İnzibati Məhkəməsinin icraatında olmuş digər bir iş üzrə (2-1(112)-8831/2021 saylı iş) iddiaçı qismində iştirak etdiyi iş üzrə artıq ödənilmiş əmək pensiyasının qaytarılması barədə qərarın ləğv edilməsi barədə iddia tələbi irəli sürmüşdür. Məhkəmənin 2-1(112)-8831/2021 saylı iş iş üzrə qəbul etdiyi 09.08.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-8831/2021 saylı (İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-7363/2021 saylı (İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya kapitalının yenidən heablanması və s.” tələbinə dair) inzibati işə birləşdirilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş 2-1(112)-7363/2021 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlər davam etdirilməsi qərara alınmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin 11 iyun 2021-ci il tarixli artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarının ləğv edilməsini, əmək pensiyasının dayandırıldığı 01.01.2021-ci il tarixdən bərpa edilməsini, bərpa edilmiş əmək pensiyasının pensiya təyin edildiyi vaxtdan 6 il işləməsi tamam olduğu üçün 03.01.2021-ci il tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə verilmiş yazili etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Məhkəmə ilkin olaraq əmək pensiyasının dayandırıldığı 01.01.2021-ci il tarixdən bərpa edilməsi ilə bağlı iddia tələbinə qiymət verilməsini zəruri hesab edir . Belə ki, həmin iddia tələbinə münasibətdə məhkəmənin təmin etmə barədə qiymətləndirməsi iddianın digər hissələrinə münasibət bildirilməsində həlledici əhəmiyyət daşıyır. Belə ki, pensiyanın həmin tarixdən bərpa edilməsi barədə iddianın təmini, artıq ödənişin qanunsuz hesab edilməsi, o cümlədən pensiya kapitalı əsasında yenidən hesablanması üçün əsaslardan biri qismində çıxış edir. Əmək pensiyasının dayandırıldığı 01.01.2021-ci il tarixdən bərpa edilməsi ilə bağlı məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cavabdehin etirazından, o cümlədən iş materiallarında olan məktublardan görünür ki, iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının dayandırılması əsası İddiaçı 17.12.1993-cü il tarixdən əmək fəaliyyətini həyata keçirdiyi əmtəə operatoru peşəsinin Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda Neftin, qazın, qaz kondensatının emalı, kömürün və şistin emalı bölməsində nəzərdə tutulan əmtəə operatoru hesab edilməməsi ilə bağlıdır. Belə ki, cavabdeh hesab edir ki, onun işlədiyi yanacaqdoldurma sexində əmtəə operatoru vəzifəsi Neftin, qazın, qaz kondensatının emalı, kömürün və şistin emalı sahəsi ilə bağlı deyil. Məhkəmə də hazırkı inzibati məhkəmə mübahisəsinin yaranmanın əsası qismində çıxış edən həmin halın araşdırılması ilə bağlı 02.08.2021-ci il tarixli sorğu ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə müraciət etmiş, İddiaçı əmək fəaliyyətini həyata keçirdiyi arayışda qeyd olunan əmtəə operatoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda və ya “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda konkret olaraq hansı bölmədə, hansı kod üzrə peşədə işləməsi barədə məlumatın təqdim edilməsi xahiş edilmişdir. Həmin sorğuya 23.08.2021-ci il tarixli cavab məktubunda SOCAR-ın Mərkəzi və Attestasiya Komissiyası tərəfindən keçirilən iş yerlərinin attestasiyasının nəticələrinə əsasən “SOCAR”-ın İdarəetmə strukturuna daxil olan qurumlarında əmək normalarının, onların təşkilatı strukturunun və gəlir və xərclər smetasının müəyyən edilməsi üzrə daimi fəaliyyət göstərən Komissiyası” 14.05.2018-ci il tarixli qərara əsasən Marketinq və iqtisadi Əməliyyatlar İdarəsinin neft məhsullarının qəbulu və göndərilməsi bazası üzrə əmtəə operatoru əmək şəraiti ağır və zərərli peşə və vəzifələr siyahısına daxil edildiyi qeyd edilmişdir. Qərara əlavədən də görünür ki, əmtəə operatoru əmək şəraiti ağır və zərərli peşə və vəzifələrin Siyahısında qeyd edilmiş, 1.08 əmək şəraitinə görə vəzifə maaşına artım əmsalı müəyyən edilmişdir. Göründüyü kimi həmin sorğuya cavab məktubuna əlavə edilmiş attestasiya sənədləri də məhkəməyə təqdim edilmişdir ki, həm sorğuya cavabdan, həm də ona əlavələrdən görünür ki, müəssisə iddiaçının peşəsinin güzəştli peşə hesab etmişdir. Lakin, sorğuya cavab məktubunu məhkəmə natamam cavablandırma hesab etmiş və 09.09.2021-ci il tarixdə təkrar sorğu ilə müraciət etmişdir. Belə ki, sorğuya cavab məktubunda iddiaçının işləmiş olduğu əmtəə operatoru peşəsinin zərərli iş sayılması qeyd edilsə də, sorğuda qeyd edildiyi kimi konkret olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hansı bölmədə, hansı kod üzrə peşə olması barədə qeyd edilməmişdir. Belə ki, Sorğuya 23.08.2021-ci il tarixli cavab məktubunda-arayışda əmtəə operatoru peşəsinin yalnız əmək şəraiti ağır və zərərli peşə və vəzifələr siyahısında olduğu qeyd edilmiş, konkret hansı kod üzrə peşə olduğu, Siyahıya daxil olan peşə ilə eynilik təşkil etdiyi göstərilməmişdir. Qeyd olunmalıdır ki, təkrar sorğuda ilkin sorğuda olan məlumatla yanaşı eyni zamanda iddiaçının fəaliyyət göstərmiş olduğu yanacaqdoldurma sexinin (sahəsinin) neftin, qazın, qaz kondensatının emalı sahəsinə aid olub-olmaması barədə də məlumatın təqdim edilməsi xahiş edilmişdir. Məhkəmənin qeyd olunan təkrar sorğusuna 27.09.2021-ci il tarixdə cavab təqdim edilmiş, iddiaçının əmtəə operatoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 10-cu bölmədə neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı sahəsində nəzərdə tutulan əmtəə operatoru peşəsi kimi güzəştli peşə olduğu qeyd edilmişdir. Eyni zamanda, müəssisə iddiaçının fəaliyyət göstərmiş olduğu yanacaqdoldurma sexinin (sahəsinin) neftin, qazın, qaz kondensatının emalı sahəsinə aid olub-olmaması sorğuda nəzərdə tutulan suala cavab təqdim edərək bildirmişdir ki, Bakı yanacaqdoldurma sahəsi Heydər Əliyev adına X3 əraizində yerləşir və orada çalışan bütün əmtəə operatorları xam neftin emalı prosesində bilavasitə iştirak edir. Məhkəmə qeyd olunan məlumatlara istinad edərək hesab edir ki, iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi müəssisə tərəfindən onun güzəştli iş stajının mövcud olması barədə sorğuya cavab məktublarının mötəbərliyini şübhə altına alacaq hər hansı səbəb mövcud deyil. Göründüyü kimi əmək funksiyalarının nədən ibarət olması, işçilərin hansı sahə üzrə işləməli olması və ya işləmiş olması barədə məlumata müstəsna səlahiyyətə malik olan müəssisə tərəfindən iddiaçının güzəştli iş stajına malik olmasına dair qiymətləndirmə məhkəmə tərəfindən inandırıcı hesab edilir. Təsadufi deyildir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda (2.4.1-ci yarımbənd) güzəştli şərtlərlə şəxsə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair məhz iş yerinin arayışının təqdim edilməsi zərurəti müəyyən edilmişdir. Həmin zərurətin yaranma səbəbini də, məhkəmə onunla əlaqələndirir ki, şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair düzgün məlumat, təbii haldır ki, hər hansı qurum və ya şəxs tərəfindən yox, məhz iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi müəssisə tərəfindən verilə bilər. Təbii haldır ki, həmin arayışın tədqiqi və güzəştli pensiya təyinində nəzərə alınıb-alınmaması inzibati məhkəmə icraatında məhkəmənin müstəsna səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən müvafiq sorğular verilərək, eyni zamanda yuxarıda adıçəkilən siyahılar tətqiq edilərək aparılmış araşdırma nəticəsində mötəbərliyinə şübhə yarada biləcək hər hansı məqam aşkar edilməmişdir. İddianın həmin hissədə təmin edilməsinin maddi hüquqi əsası kimi isə aşağıdakıların qeyd edilməsi zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 01.07.2017-ci il tarixədək adıçəkilən maddənin qüvvədə olmuş redaksiyasından görünür ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1 -ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Nazirlər Kabinetinin 23.01.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və ya göstəricilərin 2 nömrəli Siyahısı” (Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə iddiaçıya 57 yaşdan pensiya təyin edilməsi ilə bağlı əsas şərtlərdən biri kimi güzəştli iş stajının minimum 12 il 6 ay olması tələb edilir ki, cavabdeh əksini iddia etsə məhkəmə araşdırması nəticəsində həmin şərtin yerinə yetirildiyi öz təsdiqini tapmış, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyinindən yeganə imtina əsası qismində çıxış edən güzəştli iş stajının olmaması barədə halın mövcud olmadığı müəyyən edilmişdir. Hər nə qədər mübahisə predmeti olmasa da, yəni cavabdeh tərəfindən mübahisələndirilməsə belə məhkəmə araşdırması nəticəsində iddiaçının 57 yaşının tamam olduğu tarixə ümumilikdə 25 ildən artıq iş stajına malik olduğu da müəyyən edilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməlidir. Məhkəmə pensiyanın dayandırıldığı tarixin müəyyən edilməsi ilə bağlı da araşdırma aparmış və müəyyən etmişdir ki, artıq ödəmə kimi cavabdehin müəyyən etdiyi pensiya ödənişləri 31.12.2020-ci il tarixədək həyata keçirilmiş, 01.01.2021-ci il tarixdən isə pensiya ödənişlərinin həyata keçirilməsi dayandırılmışdır. Məhkəmə iddianın bərpa edilmiş əmək pensiyasının pensiya təyin edildiyi vaxtdan 6 il işləməsi tamam olduğu üçün 03.01.2021-ci il tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi hissəsində təmin edilməsi bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından da görünür ki, iddiaçı 03.01.2015-ci il tarixdən pensiyaya çıxmış, həmin tarixdən sonra da işləməyə davam etmiş, işləyən pensiyaçı kimi 6 il əmək fəaliyyətini həyata keçirməsinin nəzərə alınaraq pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Belə ki, iş materiallarında olan sosial arayışdan da görünür ki, iddiaçı 2015-ci il tarixdən 2021-ci il tarixi də daxil olmaqla işləmiş, Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etmişdir. Cavabdeh isə, ümumiyyətlə onun güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsində səhvə yol verildiyini qeyd edərək, dolayısı ilə yenidən hesablanması barədə qərarın qəbul edilməsindən də imtina etmişdir. Halbuki, iddiaçının həmin tələbi də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olmuşdur. Adıçəkilən maddədən də görünür ki, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməli olan şəxslər kateqoriyasında olduğundan ona pensiya təyin edildiyi gündən sonra 6 il işləməsi səbəbindən əmək pensiyası pensiya kapitalında toplanılan məbləğ nəzərə alınmaqla yenidən hesablanmalıdır. Eyni zamanda, cavabdehin əsassız olaraq əmək pensiyasını dayandırması səbəbindən 03.01.2021-ci il tarixdə iddiaçının pensiya təyin edildiyi vaxtdan 6 il işləməsinin nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması və artım məbləğinin ödənilməsi iddiaçıya münasibətdə həyata keçirilmədiyinə görə də ödənilməli olan, lakin əsassız olaraq ödənilməmiş pensiya artımı da 03.01.2021-ci il tarixdən hesablanaraq ödənilməlidir. Cavabdehin 11 iyun 2021-ci il tarixli artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarının ləğv edilməsi barədə iddia tələbinin təmin edilməsi ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının bərpasına münasibətdə təmin edildiyindən, nəticə etibarı ilə hazırkı qərarın hüquqi əhəmiyyəti itirilmişdir. Lakin, məhkəmə həmin qərarın ləğv edilməsi edilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Belə olduğu halda isə ümumiyyətlə razılıq olmadan qəbul edilmiş inzibati aktın qanuniliyindən söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarın hüquqi nəticəsinin mövcudluğu da istisna olunur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.3-cü maddəsinin tələbləri konkretdir. Maddənin tələbinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərar həm qanunsuz, həm də şəxsdən pul tələb edilməsinə yönəlməsi əsası ilə əlverişsiz olduğundan ləğv edilməsi həmin qərarın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına səbəb olur. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, əmək pensiyası bərpa edilməsə belə, hazırkı iş üzrə ləğv edilməsi tələb olunan qərarın qanunsuz və əsassız olması işin digər faktiki və hüquqi hallarından da irəli gəlir. Belə ki, hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsaslarından biri artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasının qanuni hesab edilib-edilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın, hazırkı iş üzrə də iddiaçı barəsində qəbul edilmiş 26 aprel 2016-cı il tarixli əmək pensiyasının təyin edilməsi barədə qərarın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə hazırkı iş üzrə mübahisələndirilən artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərarın ləğv edilib-edilməməsi, əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının yenidən hesablanması barədə qərar və sərəncamların, o cümlədən cavabdehin faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Belə ki, pensiyanın məbləği ilə bağlı səhv hesablama, o cümlədən pensiyasının ümumiyyətlə səhv təyin edilməsi məhkəmə hesab edir ki, hər bir halda artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması qərarının qanuni olmasına əsas yaratmır. Məhkəmə gəlmiş olduğu nəticəni inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırmaq zərurəti ilə bağlı aşağıdakıların qeyd edilməsini labud hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı qərarın qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da pensiya təyini qərarının və pensiyanın yenidən hesablanması barədə qərar, sərəncam və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərar qəbul edilə bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv təyin edilməsi belə məhkəmə hesab edir ki, iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz. Belə ki, nə ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarda, nə də məhkəmə sorğusuna əsasən məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Qərarın məzmunundan aydın olur ki, qərar yalnız onunla əsaslandırılmışdır ki, “məbləğin geri tələb edilməsi zərurəti yaranmışdır, qeyd olunan hal zərər kimi qiymətləndirilməli və geri alınmalıdır”. Göründüyü kimi araşdırma nəticəsində zərurəti nədən meydana gəldiyi qeyd edilməmiş, iddiaçı tərəfindən pensiya məbləği ilə bağlı hər hansı qanunsuz hərəkət göstərilməmişdir. İş materiallarında olan digər sənədlərlə isə əmək pensiyasının təyin edilməsininin əsassızlığı güzəştli iş stajının olmaması ilə bağlı əsaslandırılsa da, bu zaman iddiaçının səhv təyinata hər hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, pensiya təyini ilə yenidən hesablama barədə qərar, sərəncam qəbul edilərək, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın və həmin qərar əsasında yenidən hesablama barədə qərar, sərəncam qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə cavabdehin hərəkətlərini qanunsuz hesab edir. Eyni zamanda, məhkəmə cavabdehin artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərarının qəbulu ilə bağlı prosessual pozuntulara yol verilməsi ilə bağlı da aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. Adıçəkilən Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İddia ərizəsindən və cavabdehin qeyd olunan halları təkzib edən sübut təqdim edə bilməməsindən aydın olur ki, adıçəkilən 27.04.2021-ci il tarixli qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən isə işin faktiki hallarından, inzibati orqanın təqdim etdiyi materiallarla da təsdiq edilir ki, inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə göstərilən normanın tələbləri nəzərə alınmamış, iddiaçının qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır, sonda artıq ödənişin geri qaytarılması barədə qərar qəbul edilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən inzibati icraat zamanı tam hərtərəfli və obyektiv araşdırma aparılmalıdır ki, qəbul edilmiş qərarın təsviri-əsaslandırıcı hissəsindən isə görünür ki, qərarın qəbulu ilə bağlı heç bir araşdırma aparılmamış, qərarın qəbul edilməsi üçün əsas olan məlumatların nə olduğu müəyyən edilməmiş, əgər artıq hesablama üçün əsas yaranmışdırsa bunun hansı sübutlarla təsdiq edildiyi, sübutların hansı qaydada qiymətləndirildiyi barədə bir cümlə belə olsun qərarda qeyd edilməmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, Adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmədiyindən, o cümlədən adıçəkilən artıq ödənişin geri qaytarılması barədə qərarın qəbulu zamanı inzibati orqanın tərəfindən məlumatlandırma və araşdırma ilə bağlı prosessual pozuntulara yol verildiyindən adıçəkilən qərar ləğv edilməlidir. Beləliklə, əmək pensiyasının təyin edilməsi barədə qərar qanunsuz hesab edilməklə ləğv edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması cavabdeh tərəfindən qəbul edilmiş, hazırkı iş üzrə ləğv edilməsi tələb edilən artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması”barədə qərarının qəbul edilməsinə əsas vermir. Belə ki, iddiaçının etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə iddiaçıdan pul məbləğinin geri tələb edilməsini istisna edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yol verilməzdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı 01.01.2021-ci il tarixdən bərpa edilməsi, bərpa edilmiş əmək pensiyasının pensiya təyin edildiyi vaxtdan 6 il işləməsi tamam olduğu üçün 03.01.2021-ci il tarixdən yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 11 iyun 2021-ci il tarixli **********0 nömrəli “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması”barədə qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-7363/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7363/2021
22.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver