Məhkəmə qərarları › İş №2-1(112)-7363/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7363/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7363/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, o, “Şərab evi” mağazasında kiçik sahibkarlıqla məşğuldur. Mağazada terminalın quraşdırılması məsələsinin terminalın nümayəndəsi ilə müzakirəsi zamanı tanımadığı şəxs kassaya birbaşa yaxınlaşaraq siqaret götürmüş, iddiaçı isə onun qabağını kəsərək icazəsiz siqareti götürməsi ilə əlaqədar mübahisə yaranmış, bu zaman qonşu nəvəsi üçün su almış pulu kassaya qoyaraq getmiş, mübahisə davam edən zaman vergi əməkdaşı kimi bir-neçə mülki şəxs mağazaya daxil olmuşdur. Qonşunun mağazadan su almasını vergi əməkdaşları müşahidə etməmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, siqareti götürən şəxs də vergi əməkdaşıdır. İddiaçı qeyd edir ki, münaqişəni vergi əməkdaşları qəsdən yaratmışdır. Bu səbəbdən də yoxlama nəticəsində qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı ümumi ifadələrdən istifadə etməklə vergidən yayınmanı gizlətmək məqsədi daşımışdır. Cavabdeh tərəfindən xidmət müqavilində qəbul edilən məbləği kassaya mədaxil edilməməsi səbəbindən OVN həyata keçirilmiş və kassa çekinin təqdim edilməməsi aşkar edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin barəsində qəbul etdiyi 10 mart 2022-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: [351] 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Yuxarıda adıçəkilən Məcəllənin 53-cü və 54-cü maddələrinin və yuxarıda adıçəkilən 58-ci maddəsinin tələbləri də nəzərə alınmaqla hazırkı halda müəyyən edilməli məsələ iddiaçının təqsirli hərəkətləri nəticəsində həqiqətən də əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulub-pozulmaması ilə bağlıdır. Belə ki, Adıçəkilən Məcəllənin: 53.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Məhkəmə də qeyd olunan istiqamət üzrə araşdırma aparmış və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasında təqsiri sübut edilmişdir ki, qərarın qəbul edilməsində prosessual pozuntuların olmaması da nəzərə alınmaqla müəyyən edilmişdir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət müəyyən edən qərarı qanuni və əsaslıdır. Belə ki, işin faktiki halları ilə də müəyyən edilir ki, cavabdeh tərəfindən 28 fevral 2022-ci il tarixdə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, keçirilmiş vergi yoxlaması nəticəsində əhali ilə pul hesablaşmaların aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akt tərtib edilmiş və müşahidə zamanı vergi orqanı tərəfindən 23 fevral 2022-ci il tarixdə 13:37-də 1 ədəd suya görə 1 manat 20 qəpik məbləğin ödənilməsinə baxmayaraq çekin vurulmadığı və müştəriyə təqdim edilmədiyi müəyyən edilmişdir. Bununla bağlı, 13:44-də çek bərpa edilmişdir. Qeyd olunur ki, iddiaçı barəsində qəbul etdiyi qərarın qanunsuz və əsassız olmasını onunla əsaslandırır ki, qonşusunun nəvəsi üçün aldığı suyun məbləğini kassaya daxil etmişdir. Cavabdeh isə qərarın vətəndaşın aldığı su ilə bağlı məbləğin kassaya daxil edilib-edilməməsi ilə bağlı olmadığını, vergi orqanının mülki formada olan əməkdaşı tərəfindən su alınsa da həmin məbləğin kassaya vurulmadığı ilə əlaqədar olduğunu qeyd etmişdir. Şahid qismində dindirilmiş vergi orqanının əməkdaşlarının ifadəsindən də müəyyən edilir ki, iddiaçının qeyd etdiyi şəxsdən əlavə vergi orqanının mülki geyimli əməkdaşı tərəfindən də mağazadan su alınmış, iddiaçı məhz həmin məbləği kassaya daxil etməmişdir ki, qeyd olunan fakt üzrə qərar qəbul edilmiş, həmin qərarın hər hansı vətəndaşın, o cümlədən iddiaçının qeyd etdiyi qonşunun su alıb-almaması ilə əlaqəsi olmamışdır. Qeyd olunur ki, yoxlama dövrünü qismən də olsa əhatə edən iddiaçı tərəfindən təqdim edilən video materiala tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Həmin video materiala baxış keçirilən zaman iddiaçının başqa bir şəxslə mübahisə etdiyini müəyyən edilir. Eyni zamanda vətəndaş tərəfindən suyun alınması və pul məbləğinin təqdim edildiyi də müəyyən edilmişdir. Lakin, video materialın məhz kassa çekinin vurulmadığı saat olan 13:37-yə aid olan hissəsinin silindiyi də aşkar edilmişdir. Beləliklə, video materialdan görünür ki, yoxlamanın əksər anlarını əhatə edən video diskdə, məhz cavabdehin istinad etdiyi vergi orqanı əməkdaşı tərəfindən suyun alınması ilə bağlı saat, yəni 13:37 olan hissə video materialda aşkar edilməmiş, normal axarında gedən video görüntü həmin dəqiqə və saatda irəli çəkilmişdir. İddiaçı həmin hissənin çəkilməməsi müxtəlif bəhanələrlə əsaslandırmağa, çəkilişin çətinliklə texniki imkanlardan istifadə edilməklə əsaslandırsa da, məhkəmə həmin dəlilləri inandırıcı hesab etmir. Belə ki, yoxlamanın aparıldığı dövrü əhadə edən video müşahidənin telefon və digər vasitələrdən istifadə edilməklə olduğu kimi heç bir dəyişikliyə tarixdə irəli və geri çəkməyə yol verilmədən aparılması ümumi məlum olan haldır ki, mümkündür. Bundan əlavə, iddiaçıya həmin materialın real formasının məhkəməyə təqdim edilməsi də təklif edilmişdir ki, iddiaçı həmin video görüntünün avtomatik silindiyini qeyd etmişdir. Qeyd olunur ki, hazırkı halların müəyyən edilməsi ilə kifayətlənilməmiş iddiaçıdan şahidlərin məhkəmə iclasına iştirakının təmin edilməsi təklif edilmişdir. Bu zaman, iddiaçının qeyd etdiyi kimi terminalın nümayəndəsinin şahid qismində iştirakı təmin edilmiş və onun ifadəsi məhkəmə tərəfindən alınmışdır. Lakin, həmin şəxs ifadələrində hazırkı mübahisənin həll edici məqamı olan suyun alınması ilə əlaqədar hallara dair ifadə verə bilməmiş, hadisənin üstündən bir müddət keçdiyindən həmin nüansları xatırlamadığını qeyd etmiş, sıravi vətəndaşdan başqa vergi orqanının əməkdaşı tərəfindən 13:37 saatda kiminsə su alıb-almamasını xatirlamadığını ifadəsinə əlavə etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının izahat və iddia ərizəsində qeyd etdiyi dəlillər iddiaya etirazda da qeyd edildiyi kimi məsuliyyətdən yayınmaya xidmət edir. Məhkəmənin hazırkı mövqeyi isə təkcə video materialda həmin saatın silinməsi ilə bağlı olmayıb işin digər hallarının araşdırılması nəticəsində yaranmışdır. Belə ki, hazırkı növ operativ vergi yoxlamalarında vergi orqanının inzibati praktikası onunla bağlıdır ki, faktın aşkar edilməsi ilə bağlı vergi orqanı öz əməkdaşlarının xidmətindən istifadə edir. Yəni, əhali ilə pul hesablaşmalarının yoxlanılması ilə bağlı məhsulun alınmasını öz əməkdaşı həyata keçirir, pulun kassaya vurulmadığı müşahidə edildikdə isə bununla bağlı sənədləşmə aparılır. Məhkəmə iclasında nümayəndənin də qeyd etdiyi kimi həmin praktikanın mövcudluğu onunla əsaslandırılır ki, məhkəmə mübahisəsi və ya inzibati mübahisə olduğu təqdirdə qərarın qanuniliyinin yoxlanılması ilə əlaqədar məhsulu alan şəxsin-yeni vergi orqanının öz əməkdaşının iştirakının təmini, izahatının alınması zərurəti yaranır. Sıravi vətəndaş tərəfindən məhsulun alınarkən pulun daxil edilməməsi halında isə həmin vətəndaşların iştirakının inzibati və ya inzibati məhkəmə icraatında təmin edilməsi mümkün olmur. Göründüyü kimi iddiaçının məhz qonşunun, yəni sıravi şəxsin suyu alması ilə əlaqədar hazırda mübahisələndirilən qərarın qəbul edilmədiyi müəyyən edilir. Doğrudur, məhkəmə həmin şəxsin də izahatının alınması və şahid qismində iştirakının təmin edilməsini təklif etsə də iddiaçı həmin şəxsin xaricdə olduğunu və iştirakının mümkün olmadığını qeyd etmiş, bununla bağlı da sənədləri təqdim etmişdir. Eyni zamanda, məhsulu alan vergi orqanı əməkdaşının ifadəsi, video materiala baxış zamanı da müəyyən edilir ki, həmin şəxs hesablaşma aparılması ilə əlaqədar pul vəsaitini götürmüş, lakin daha sonra məhz iddiaçının faktı aşkar etdiyi dəqiqə ilə bağlı çəkiliş qabaq dəqiqəyə irəli çəkilmiş, vergi orqanı əməkdaşının olduğu kadr yoxa çıxmışdır. Şahid ifadəsi ilə də müəyyən edilir ki, həmin şəxs pulu cibindən çıxardıqdan sonra aldığı suyun məbləğini ödəmiş, lakin çekin vurulmadığı müşahidə edilmişdir. Göründüyü kimi iddiaçının izahat və iddia ərizəsində göstərdiyi dəlilləri təsdiq edən sübut müəyyən edilmir. Onun tərəfindən iştirakı təmin edilən şahid də faktın mövcud olubolmadığı ilə bağlı ifadə verə bilməmişdir. Vergi orqanının əməkdaşları və işin digər halları ilə sə iddiaçının vergidən yayınma barədə dəlillərinin mövcudluğu müəyyən edilmişdir. Eyni zamanda, iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə video materiala baxış zamanı ziddiyyəti nüans da aşkar edilmişdir. Belə ki, iddiaçı iddia ərizəsində məhz münaqişə gedən zaman qonşunun nəvəsi üçün su aldığını, vergi orqanı əməkdaşlarının gəldiyini qeyd etsə də, video materialdan da göründüyü kimi iddiaçının qeyd etdiyi şəxs sonradan mağazaya daxil olmuşdur. Onun qeyd etdiyi münaqişənin gedişatında isə mağazaya daxil olaraq cibindən pul vəsaitinı çıxaran şəxs isə məhz vergi orqanının əməkdaşı olmuşdur. Eyni zamanda, məhkəmə araşdırması zamanı da siqareti kassaya yaxınlaşaraq iddiaçıya bildirmədən götürən şəxsin vergi orqanı əməkdaşı olmadığı öz təsdiqini tapmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı aktın tərtibatında da iştirak etmiş, orada qeyd olunan hallarla bağlı məlumatlı olaraq aktı öz imzası ilə də təsdiq etmişdir. Bununla bağlı hər hansı etirazı olmamış, aktın doğruluğu onun tərəfindən təsdiq edilmiş, aktın imzalanmasından imtina edilməmişdir. Eyni zamanda məhkəmə onun da qeyd edilməzini zəruri hesab edir ki, işin faktiki halları iddianın təmininin istisna edilməsi ilə bağlı məhkəmədə daxili inamın formalaşmasına səbəb olur. Belə ki, təkcə iddiaçının irəli sürdüyü dəlillər işin digər hallarının nəzərə alınmaması əsası qismində çıxış edə bilməz. Məhkəmənin işin mahiyyətinə münasibətdə mövqeyinin daxili inamla bağlılığı isə inzibati prosessual qanunvericiliklə birbaşa tənzimlənmişdir. Belə ki, AR İPM-nin 68.1-ci maddəsi konkret olaraq 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Eləcə də, həmin prinsip ümumi norma kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə də öz təsbitini tapmışdır. Adıçəkilən Qanunuun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hazırkı iş üzrə daxili inam və məhkəmə araşdırmanın nəticələri isə iddianın rəddinə uyğun əsaslandırmanın qərarda aparılmasına zərurət yaradır. Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar