Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7367/2023 05.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil (ünvan 1i ünvanında qeydiyyatda olan), üçüncü şəxs X4 (ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxs X9 cəlb olunmaqla) qarşı “mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X9, X7 və X2 ona məxsus ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski, ev 57 ünvanında yerləşən 51 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin xüsusi mülkiyyətin tam olaraq iddiaçıya məxsus olması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş qeydiyyat nömrəsi ********* olan xx.xx.2007-ci il tarixli çıxarışda əks olunmuşdur. İddiaçı həmin mənzildə ailə üzvləri ilə birgə yaşayır. Lakin sözügedən mənzildə X9, X7 və X5 heç bir əsas olmadan formal olaraq qeydiyyatda qalmışlar. Belə ki, həmin şəxslər göstərilən mənzildə yaşamırlar, istifadə etmirlər. Nəticədə həmin şəxslərin formal olaraq həmin mənzildə qeydiyyatda olmaqları iddiaçının mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. İddiaçı ona məxsus olan mənzil üzərində sərəncam hüquqlarını realizə edə bilmir. Bu səbəbdən dövlət tərəfindən tanınan və qorunan hüquqları pozulmuş olur. İddiaçı adıçəkilən şəxslərin qeydiyyatdan çıxarılmasına dair Xətai Rayon Polis İdarəsinə müraciət ünvanlasa da, həmin idarə bundan imtina edərək məhkəməyə müraciət etməsini ona tövsiyə etmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, X9, X7 və X2 ona məxsus olan Xətai rayonu, Gen.Şıxlinski, ev 57, mənzil 51 ünvanından qeydiyyatdan çıxarılması Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X9, X7 və X5 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə göndərilmişdir. İş üzrə üçüncü şəxs X9 iddiaya dair təqdim etdiyi yazılı münasibətində bildirmişdir ki, Xətai rayonu 96 saylı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş arayışda X4 ünvan 6 ünvanında 2022-ci ilin dekabr ayına qədər daimi yaşadığı, X6 və X3 həmin ünvanda qeydiyyatda olduğu və faktiki yaşadığı göstərilmişdir. Üçüncü şəxs iddiaçının oğlu X6 (xx.xx.1979-cü il təvəllüdlü, ş/v AZE ********) ilə 2008-ci ilin avqust ayında qeyrirəsmi nikaha girmiş və həmin tarixdən Bakı şəhəri, ünvan 7 ünvanda 2022-ci ilin dekabr ayının sonuna qədər daimi yaşamışdır. Aralarında yaranmış mübahisə ilə əlaqədar o, yuxarıda adı qeyd olunan ünvanı tərk etmiş, iddiaçı ona həmin ünvanda yaşamağa icazə verməmiş və bu səbəbdən müvəqqəti olaraq başqa ünvanda yaşayır. ünvan 8ə ilə əlaqədar iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət etmiş və materiallar məhkəmə tərəfindən icraata alınmışdır. Övladları – İddiaçı nəvələri xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X5 həmin ünvanda doğulmuş, həmin ünvanda pasport qeydiyyatına alınmış, səhiyyə və təhsil qeydiyyatları həmin ünvanda aparılmışdır. Aytən Ovçuyeva həmçinin qeyd etmişdir ki, 2008-ci il tarixdən həmin ünvanda daimi yaşamış, hamiləlik dövrü orada keçmiş, həkim qeydiyyatı və uşaqların tibbi sahə poliklinikasında qeydiyyatı həmin ünvanda aparılmışdır. X1 və X5 həmin ünvanda yaşayır, təhsil qeydiyyatları da eyni ünvanadır. Habelə, pandemiya dövründə karatin qeyd edilən ünvanda keçmiş, rəsmi qeydiyyat aparılmışdır. Mənzilin 1 (bir) otağının təmiri onun tərəfindən aparılmışdır. Bundan əlavə, poçt məktub və banderol göndərmə, qəbul etmələr eyni ünvanda qeydiyyata alınmışdır. Bu və digər çoxsaylı sübutları nəzərə alaraq İddiaçı nümayəndəsi tərəfindən verilmiş öhdəliyin icrası haqqında iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək X4 iddiaçıya məxsus olan ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmasının Xətai Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 verdiyi izahatında iddia tələbinə dair yazılı münasibətinə uyğun məzmunda izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7367/2023 saylı qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-55/2-A-2226/2-11 saylı imtina məktubundan görünür ki, iddiaçının üçüncü şəxsin mənzildən qeydiyyatdan çıxarılması barədə müraciətinə baxılmış və ona “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində istifadədə olan 0.20759 ha torpaq sahəsində yerləşən 57 nömrəli, 9 mərtəbəli binanın 3-cü girişində, 8-ci mərtəbəsində, 64.25 kv.m. ümumi, 42.65 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 51 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 545 nömrəli reyestr kitabının 50144 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, X9 ünvan 11 ünvanında qeydiyyatdadır. -Məhkəmənin sorğusuna cavab olaraq verilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 57 ünvanda yerləşən 51 saylı mənzilin İddiaçı adına qeydiyyatdan keçdiyi və hazırda mülkiyyətində olduğu, X4 həmin mənzilə dair istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumatın İdarənin arxivində aşkar edilmədiyi bildirilmişdir. -Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş xidməti ərazi üzrə 96 saylı MKİS-in arayışından görünür ki, X9 Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsi, ev 57 ünvanında yerləşən 51 saylı mənzildə qeydiyyatdadır, lakin yaşamır. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 18/2-11219/2023 №-li məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X9 xx.xx.2013-cü il tarixdən ünvan 12 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Göstərilən şəxsin qeyd olunan ünvana qeydiyyata alınmasına və ona şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı mənzilin mülkiyyətçisidir. Onun mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiualları və proses iştirakçılarının izahatları ilə müəyyən edilir ki, üçüncü şəxs X9 iddiaçının oğlu ilə faktiki nikah münasibətində olmuş və 2008-ci il tarixdən 2022-ci il dekabrın sonlarına qədər ünvan 12-də yaşamış, lakin hazırda həmin ünvanda yaşamır. İddiaçı hazırda mülkiyyətində olan mənzildə qeydiyyatda olan və faktiki yaşamayan üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; - 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxsin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsininin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə müəyyən etdi ki, iddiaçı ünvan 12-in mülkiyyətçisidir. Üçüncü şəxs iddiaçının ailə üzvü və digər qohumu deyil, həmin ünvanda faktiki olaraq yaşamır (bu fakt işin mübahisəsiz halıdır), onun iddiaçıya məxsus mənzilə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilmir. Belə olan halda, həmin şəxsin sözügedən mənzilə dair əmlak hüquqları olmayan şəxs olduğundan iddiaçı onun qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın imtinası isə iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Odur ki, iddia təmin edilməlidir. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Üçüncü şəxs 10 aprel 1991-ci il təvəllüdlü X4 mülkiyyət hüququ ilə İddiaçı məxsus ünvan 14 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-7367/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7367/2023
05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver