Məhkəmə qərarları › İş №2-1(112)-737/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-737/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-737/2025 04.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək sovet ordu sıralarında hərbi xitmətdə olmuşdur. 1991-ci ilin oktyabr ayından Qarabağın müdafiəsi üçün yaşadığı Ağdam rayon Əlimədətli kəndində yerləşən 136 nömrəli texniki peşə məktəbində milli qəhrəman Şirin Mirzəyevin rəhbərliyi ilə könüllülərdən ibarət ordu formalaşdırılmışdır. İddiaçı 1991-ci ilin oktyabr ayından könüllü olaraq ordu sıralarına yazılmışdır. xx.xx.1991-ci il tarixdə 600-dən çox könüllülərdən ibarət dəstələr N nömrəli hərbi hissə kimi təsdiq olunmuşdur. xx.xx.1991-ci il tarixdən xx.xx.1992ci il tarixədək N saylı hərbi hissənin tərkibində erməni quldurlarına qarşı döyüşmüşdür. Bu fakt hərbi biletinin 7-ci səhifəsində 18-ci bənddə Qərargah rəisi Zeynalov Xəqani tərəfindən edilmiş qeydlərlə də təsdiq olunur. Komandiri mərhum Şirin Mirzəyev olmuşdur.Təxminən 3 ay sonra X4 Alay yaratmış, yeni batalyon komandiri isə Fəxrəddin Rəcəbov olmuşdur. Elə həmin vaxtdan batalyonun keçirdiyi bütün döyüş əməliyyatlarında - Fərrux, Qazançı, Sırxavənd, Çiçan, Canyataq, Gülyataq, Umudlu kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmiş, erməni qoşunlarına qarşı qarşı döyüşmüşdür. Hətta məşhur Umudlu mühasirəsində qalanlardan olmuşdur. Döyüş əməliyyatlarında göstərdiyi fəallığa görə komandirlərinin rəğbətini qazanmışdır. Sonradan N saylı hərbi hissə N saylı hərbi hissəyə çevrilmişdir. xx.xx.1992-ci il tarixə qədər erməni quldurlarına qarşı N saylı hərbi hissənin tərkibində döyüşmüşdür. xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Vətən X1 tərəfindən iddiaçıya vəsiqə verilmişdir. Ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün AR Müdafiə Nazirliyinə müraciətinə cavab olaraq, Müdafiə Nazirliyi xx.xx.2023-cü il tarixli 2/2-11606 nömrəli məktubla bildirmişdir ki, “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Məktub isə belə əsaslandırılmışdır ki, AR Müdafiə Nazirliyinin Mərkəzi Arixivinin xx.xx.2023-cü il tarixli 1158 nömrəli arayışa əsasən döyüş əməliyyatları aparılan dövrdə xx.xx.1992-ci il tarixdən sonrakı xidməti barədə məlumat olmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi arxivində olan aprel 1992-11 yanvar 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Bununla da, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya 31 oktyabr 2023-cü il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun olaraq müraciətin təmin edilməsindən imtina edilmişdir. -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -İddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, sənədin 18-ci bəndində “10.11.91-ci il tarixdən 27.12.92-dək N nömrəli hərbi hissənin tərkibində erməni quldurlarına qarşı döyüşmüşdür.” qeydi aparılmış, imzalanmış və təsdiq edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, DİN-nin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx.xx.1971-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. -Tərtər Hərbi Prokurorluğu tərəfindən verilmiş məktubundan görünür ki, N və N nömrəli hərbi hissələrin keçmiş əsgəri olmuş X5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya hərbi xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 2 №-li əmrilə sıravi İddiaçı (əsas: səh 7) xx.xx.1992-ci il tarixdən atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan aprel 1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin 1991-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 2 № li əmrilə (əsas: səh-7) xx.xx.1992ci il tarixdən 1-ci batalyonun 1-ci tağımının 2-ci dəstəsində atıcı vəzifəsinə təyin olunmuşdur. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin aprel 1992-ci il tarixdən 11 yanvar 1993-cü il tarixədək nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin 1992-1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. N və N №-li hərbi hissə komandirlərinin 1991-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, N №li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır.” Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra-Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Bu normanın tələbləri baxımından iddiaçı “Müharibə veteranı” statusunu almaq üçün onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1992-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi ilə bağlı onun hərbi biletində müvafiq qeydlər olsa da, istər inzibati icraatda, istərsə də məhkəmə icraatında həmin qeydlərə uyğun xidməti təsdiqləyən, o cümlədən hərbi hissə üzrə təminata götürülmə və hərbi xidmətdən tərxis olunma barədə nizami hissə üzrə əmrlər və ya arxiv arayışları təqdim edilməmişdir. Halbuki, Əsasnamənin tələbindən göründüyü kimi, müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün hərbi biletdə aparılmış qeydlər hərbi qulluqçunun hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda mötəbər sayılır. Lakin iş materiallarından göründüyü kimi, hazırkı iddiada iddiaçının döyüş əməliyyatlarında iştirakı barədə məlumat olsa da, onun hərbi xidmətdən qanuni əsaslarla tərxis edilməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh AR Müdafiə Nazirliyinin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə iddiaçının müvafiq adın və vəsiqənin verilməsi zamanı bərabərlik prinsipinə əməl edilməməsi ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları bildirir. “İnzibati icraat haqqında” Qanundan: -12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. -12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. -12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. -12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. -13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. -13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Bu istiqamətdə aparılmış məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən digər şəxslərin (X6 və X5) İddiaçı ilə eyni hərbi hissədə xidmətdə olmaları müəyyən edilmir. Həmçinin müvafiq cavab məktubunda X3 “Müharibə veteranı”adı və vəsiqəsinin Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilmədiyi qeyd edilmiş, X2 “Müharibə veteranı”adı və vəsiqəsinin verilməsi üçün əsas olmuş sənədlərin araşdırılmasında isə iddiaçının hərbi xidmətinə dair hər hansı sənəd aşkar edilməmişdir. Beləliklə hazırkı halda iddiaçıya münasibətdə bərabərlik və etimad hüququnun pozulması müəyyən edilməmişdir. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh AR Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” AR Qanununun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar