Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7376/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin xx.xx.2019-xx.xx.2019-cu il tarixli qərarlarının ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin iyun ayında Bakı şəhəri 2 saylı Asan Xidmətinə sürücülük vəziqəsini dəyişmək məqsədi ilə müraciət etmişdir. Ona bildirmişlər ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə idarə etdiyi “Mersedes – Benz” markalı, 99-CZ- 959 dövlət nömrə nişanlı avtomobili demək olar ki, xeyli cərimə borcunun olduğu bildirilmişdir. Belə ki, on dörd dəfə B.Ş.N. Agentliyi əməkdaşları tərəfindən cərmələnmişdir və cərimə borcu 400 (dörd yüz) manatdan artıqdır. Bakı şəhəri inzibati ərazisində dayanıb-durma qaydalarının pozulmasına görə eyni ünvanda, iş yerinin qarşısında Şeyx Şamil küçəsində çox sayda maşınlar saxlayırlar. Həmin sırada məlumatı olmadan o, avtomaşınını saxlamışdır. İXM-nin 346.1, 346.2-ci maddələrinin tələbini pozmağa görə foto ilə çəkilən şəkillər xəbərdarlıq edilmədən heç vaxt monitor arxasında bəzi işçilər tərəfindən fotoya əsasən cərimə yazmaq İXM-nin 122.1-ci maddəsinin qanununa ziddir. Şeyx Şamil küçəsində heç bir kamera yoxdur. O, dəfələrlə Bakı şəhər Nəqliyyat Agentliyinə şifahi, xx.xx.2020-ci il tarixdə isə yazılı ərizə ilə müraciət edərək, məsələnin qanun çərçivəsində həll olunmasını xahiş etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 məhkəməyə iddianın mümkün sayılmaması barədə vəsatət təqdim edərək bildirdi ki, hazırkı iddia ərizəsindən də göründüyü kimi İddiaçı tələbi Agentlik tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlıdır. Belə tələblərə isə ümumi məhkəmələr tərəfindən inzibati xətalar dair işlər üzrə icraat qaydasında baxılır. İddiaçı hazırkı tələbi inzibati xətalara dair işlər üzrə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olduğundan iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “Asan Pay” elektron portaldan çıxarışından görünür ki, İddiaçı Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati xətalar törətdiyindən inzibati qaydada protokollar tərtib olunaraq cərimələr təyin edilmişdir. Hazırda iddiaçı həmin cərimələrlə bağlı qəbul edilmiş qərarları inzibati icraat qaydasında mübahisələndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2.2-ci maddəsinə əsasən qanunun tətbiq dairəsi inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarının 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisəyə aid olduğundan, inzibati icraat qaydasında baxılmalı olan işlərə inzibati xətalara dair işlər üzrə fəaliyyət şamil olunmadığından mövcud iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün hesab edilə bilməz. Ona görə də iddia tələbi mümkünsüz hesab edilməklə iddiaçıya yaşayış yer üzrə rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-7376/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7376/2020
17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver