Məhkəmə qərarları › İş №2-1(112)-7376/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7376/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7376/2022 26.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X11) «mənzillərə mülkiyyət hüquqlarının tanınması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin (bundan sonra – DƏDKR) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzillərə mülkiyyət hüquqlarının tanınması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, 1982-ci ildə iddiaçı ilə X4 arasında nkah rəsmiləşdirilmiş və onlar ailə qurmuşlar. Onların birgə nikahdan üç övladı doğulmuşdur. Sonradan Bakı şəhəri Kirov Rayon Xalq Məhkəməsində iddiaçı əri X3 qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmış və 4 noyabr 1989-cu il tarixli qətnamə ilə iddia təmin olunmuşdur. Bundan sonra Kirov rayon VVAQ şöbəsi tərəfindən ona nikahın pozulmasına dair 16 dekabr 1989-cu il tarixdə şəhadətnamə verilmişdir. Boşanmadan sonra iddiaçı əvvəlki “Əsədova” soyadını daşımışdır. Həmçinin, Kirov Rayon Xalq Məhkəməsinin 4 noyabr 1989-cu il tarixli qətnaməsi ilə iddiaçının iddiası müvafiq hissədə təmin oliunaraq üç uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əri X1 gəlirinin 1/2 hissəsi miqdarında onun xeyrinə aliment tutulması qət edilmişdir. Alimentlə bağlı məhkəmə tərəfindən 9 noyabr 1989-cu il tarixdə icra vərəqəsi verilmişdir. İddiaçı ailə həyatı dövründə keçmiş əri ilə topladığı vəsait və atasının maliyyə dəstəyi hesabına 8 dekabr 1987-ci il tarixdə qohumu X10 40.000 publ ödəməklə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsindəki 2 mərtəbəli 15 A saylı evi və ünvan 1 ünvanında yerləşən 1 saylı mənzili almışdır. Mənzillər həmin vaxt özəlləşdirilmədiyinə görə iddiaçı və həmin şəxs aralarında müvafiq akt tərtib edərək imzalamışlar. X4 isə, Rusiya Federasiyasına getməyə qərar verdiyi üçün məhkəmə qətnaməsi əsasında ödənilməli alimentin əvəzi kimi birgə nikah dövründə əldə olunmuş vəsait hesabına alınan həmin iki evin İddiaçı adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Bu səbəbdən də o, keçmiş ərinin ödəyəcəyi aliment məbləğindən birdəfəlik imtina etmişdir və aliment almamışdır. İddiaçının Kirov Rayon Xalq Məhkəməsinin 4 noyabr 1989-cu il tarixli qətnaməsi ilə təyin edilən alimentin X1 tələb olunmasından imtinasının əvəzində müvafiq mənzillərin ona verilməsinə razılığı barədə 1 noyabr 1989-cu il tarixdə iltizam verilmişdir. İltizamın doğruluğu məhkəmənin möhürü və aliment tələbi üzrə işə baxan hakiminin imzası təsdiqlənmişdir. İltizamda yazılmışdır ki, “mən, İddiaçı ərim X4 ilə birgə nikah dövründə ev almaq üçün toplamış olduğumuz vəsait hesabına mülkiyyətçi X10 40.000 publ verib, geri qaytarmağa 2 il vaxt qoyaraq 8 dekabr 1987-ci il tarixdə satın aldığımız Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsindəki 2 mərtəbəli 15 A saylı mənzil və ünvan 1 ünvanında yerləşən 1 saylı mənzili (verilmiş müddət ərzində X11 tərəfindən geri qaytarılmadığı üçün və mən ərim N.V.Sadıqovdan boşandıqdan ondan pul və ev tələbim olduğundan) özəlləşdirildikdən sonra mənim adıma rəsmiləşdirilməli vəziyyətdə ayrıldığımıza görə əks halda mənzilləri tələb hüququ olduğu üçün şikayətim yoxdur və Y.İ.Durmanov mənzili sata bilməz. Mənə təhvil vermişdir.”. Həmin vaxt evlər özəlləşdirilmədiyinə görə onların alqı-satqı müqaviləsini notarial qaydada rəsmiləşdirmək mümkün olmamışdır. Hər iki evə dair sənələr iddiaçının X13nın evində saxlanılırdı. Mənzillərin özəlləşdirilməsində müəyyən maneələr olduğundan, onların iddiaçının adına rəsmiləşdirilməsi həyata keçirilməmişdir. X13 21 avqust 2008-ci il tarixdə evdə qətlə yetirilmişdir. Evə daxil olan şəxslər başqa əşyalarla yanaşı alqı-satqı aktını və evlərə dair sənədləri də oğurlamışlar. Hər ki evə dair sənədlərin oğurlanması müvafiq cinayət işi ilə bağlı Baş Prorurorluğun 2 dekabr 2008-ci il tarixli məktubu ilə təsdiq olunur. Həmin məktubda ona kömək məqsədilə izah edilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinə və məhkəməyə müraciət etməklə heç bir çətinlik olmadan hər iki evə dair təsdiqlənmiş köhnə arxiv sənədlərini ala bilər və evləri öz adına sənədləşdirə bilər. Bundan sonra 25 mart 2012-ci il tarixdə avtomobil qəzası baş verdiyindən, həmin işi sonadək davam etdirib evləri öz adına sənədıəşdirə bilməmişdir. Avtomobil qəzası ilə əlaqədar iddiaçı dəfələrlə müalicə almış, 2015-ci ildə xarici ölkədə tibb müəssisəsində əməliyyat olunmuşdur. Həmin dövrdə X6 evinə gəlmiş, lakin iddiaçını tapmadığından geriyə qayıtmışdır. Bu hal üzürlü səbəblərdən baş vermə kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, mülkiyyət X11 həmin iki mənzili iddiaçıya məhkəmədə təhvil verdiyindən və bu hal məhkəmə tərəfindən təsdiq edildiyindən, evin rəsmiləşdirilməsi ilə əlaqədar narahatlıq keçirmir. İddiaçı cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. Məhkəmə qaydasında cavabdehin üzərinə həmin mənzillər reyestrdə qeydiyyat alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Mənzillərin iddiaçıya təhvil verilməsi və qanuni əsaslarla məxsus olması ilə bağlı Kirov Rayon Xalq Məhkəməsi tərəfindən təsdiqlənmiş 1 noyabr 1989-cu il tarixli iltizam, Nərimanov Rayon Məhkəməsinin 2-264/2006 saylı iş üzrə 31 yanvar 2006cı il tarixli qətnamə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4269/2011 saylı iş üzrə 23 avqust 2011-ci il tarixli (mənzilə həbs qoyulması barədə) qərardadı, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4341/2021 saylı iş üzrə 18 noyabr 2011-ci il tarixli qiyabi qətnaməsi mövcuddur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30, 149 – 150-ci maddələrinə, İPM-in 2.2.2, 34.1, 46, 47-ci maddələrinə əsaslanaraq, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsindəki 2 mərtəbəli 15 A saylı mənzilə və ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilə mülkiyyət hüquqlarının tanınması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmənin iş üzrə 17 may 2022-ci il tarixli qərardadı ilə X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İş üzrə məhkəmə iclası təyin edilərək iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəcxsə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına tərəflər gəlmişlər, üçüncü şəxs isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəımədən xahiş etdi. O, bildirdi ki, mənzillər X9 adınadır, onunla aralarında akt var, neçı müddətdir ki, evsiz qalmışdır, məhkəmə qərarı ilə evin üzərinə həbs qoyulmuşdur, həmin həbs götürülmədən evləri öz adına rəsmiləşdirmək istəyir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. O, qeyd etdi ki, iddiaçının müvafiq əmlaka subyektiv hüququ yoxdur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə ilk növbədə vurğulayır ki, iddiaçı tələbi müvafiq daşınmaz əmlakın mülkiyyətçisi ilə aralarında tərtib olunmuş naməlum aktın olması ilə əsaslandırsa da, həmin aktın mövcudluğu hazırkı məhkəmə icraatında müəyyən edilmir və belə akt iddiaçı üçün əmlaka hüquq yaradan hüquqmüəyyən edici sənəd qismində çıxış edə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının müvafiq daşınmaz əmlaklarla bağlı hazırkı iddia tələbini irəli sürmək üzrə subyektiv hüququ yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4269/2011 saylı iş üzrə 23 avqust 2011-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Yusifzadə küçəsində yerləşən 2 saylı evin 1 saylı mənzili üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan 19 may 1992-ci il tarixli “Qeydiyyat vəsiqəsi”nin surətindən görünür ki, Bakı şəhəri, Yusifzadə küçəsi, 2 saylı evin 1 saylı mənzili X12 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Göründüyü kimi, müvafiq daşınmaz əmlakılardab birinin üzərinə həbs qoyulmuşdur, həmçinin əmlak üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunanlara əsasən İddiaçı hazırkı iddiasına inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar