Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7376/2025 02.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinin köçürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinin köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1997-ci il təvvəllüdlü İddiaçı 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində iştirak edərək döyüş əməliyyatlarına qatılmış, eyni zamanda aprel döyüşlərinin iştirakçısı, Vətən müharibəsi zaman döyüşlərdə yaralanmış döyüş əməliyyatlarında yaralanmağı ilə əlaqədar Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi Sosial ekspert Komissiyası tərəfindən ona üçüncü dərəcəli əlillik verilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə bağlıdır. 2003-cü ilə qədər o ailəsi ilə birlikdə Neftçala rayonu V məhəlləsində yaşamış və orada qeydiyyatda olmuşam. 2003-cü ildən sonra Yasamal rayonu Ələsgər Ələkbərov küçəsində kirayə yaşamağa başlamış, 225 nömrəli tam orta məktəbi oxumuş və ailə vəziyyəti ilə əlaqədar bir neçə ünvanlarda kirayə yaşamışdır. 2024-ci ilin may ayında ünvan 1nına qeydiyyata alınmışdır. Belə ki, 2017-ci ildən Avrora MMC şirkətinə toplama fəhlə kimi işə qəbul olunmuş, 2019-cu ildə həmin şirkətin stokmenecer vəzifəsinə təyin edilmiş və hal-hazırda həmin şirkətdə çalışır. İddiaçı 2024-cü ilin noyabr ayında Cavabdeh başçısına müraciət edərək mənzil uçotumin Yasmal rayonuna köçürülməsinə köməklik göstərilməsini xahiş etmiş, lakin cavabdeh onun müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Neftçala RİH xx.xx.2024-cü il tarixli, 25 nömrəli Sərəncamı ilə iddiaçı imtiyazlı şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəliyinə uçota alınmışdır. Neftçala RİH xx.xx.2024-cü il tarixli, 118 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əllik müəyyən edilmiş İddiaçı uçot yeri üzrə Bakı şəhəri Yasamal rayonunun inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsinə yaşamağa çıxmağı, xx.xx.2024-cü il tarixindən ünvan 2 ünvanında daimi qeydiyyata alınmaği ilə bağlı Neftçala RİH-dən yaşayış sahəsinə ehtiyac olan qismində mənzil növbəsindən çıxarılmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri üzrə qeydiyyatdadır. Əlillik haqqında arayışdan görünür ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixindən "xxxx" MMC-nin Anbar Təsərrüfatı və Nəqliyyat Departamentində Stok Nəzarətçi vəzifəsində işləyir. C.Ş. Zeynalovun aylıq əmək haqqısı 598.9 AZN-dir. "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının anası X1 xx.xx.2022ci il tarixindən hal-hazıra kimi "xxxx" MMC-də Təsərrüfat və təchizat şöbəsinin Гəsərrüfat sektorunda xadimə vəzifəsində işləyir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, mövcud mənzil qanunvericiliyinə əsasən onun son beş il ərzində yaşayış yeriniz üzrə Yasamal rayonu ərazisində qeydiyyatı olmadığından xahişinin yerinə yetirilməsi mümkün deyildir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, iddiaçının adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 31.1ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); ; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın: 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir. 2-ci bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. 4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. 5-ci bəndinə əsasən aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli X3 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır. 8-ci bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərində bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Mövcud faktiki hallar onu göstərir ki, cavabdeh, iddiaçının tələbinin təmin edilməsindən imtina edərkən, əsaslandırmanı iddiaçının son beş il ərzində Bakı şəhərində daimi yaşayışının olmaması ilə əlaqələndirmiş və bu səbəbdən onun mənzil növbəsinin köçürülməsindən rədd etmişdir. Həmin imtinanın hüquqi əsaslandırılması isə Bakı şəhərində mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin hüquqları və yaşayış sahələrinin bölüşdürülməsi ilə bağlı normativ tənzimləmələri əhatə edən Qaydaların 8-ci hissəsinə istinad edilərək həyata keçirilmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Lakin, Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyini nəzərdə tutulsa da hazırki halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik yuxarıda adıçəkilən “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”dan ibarətdir. Adları çəkilən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir. Cavabdehdə həmin əsaslara istinad edərək iddiaçının xx.xx.2024-cü il tarixdən Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyata alınmasına istinad edərək iddiaçının müraciətinin təminindən imtina etmişdir ki, məhkəmə cavabdehin mövqeyini aşağıdakılara əsasən qanunsuz və əsassız hesab edir. Doğrudur ki, adıçəkilən Qaydalarda müddətlə bağlı şərtin ödənilməsinin vacibliyi xüsusi olaraq vurğulanmışdır. Həmin normanın məqsədi onunla bağlıdır ki, şəxs mənzil növbəsinə daimi yaşadığı, ailə üzvləri ilə birgə təsərrüfat apardığı ərazi üzrə götürülsün. Belə ki, şəhər və rayon üzrə mənzil növbəsinə götürülən şəxslərə təqdim edilən mənzillərin bazar dəyərinin fərqliliyi nəzərə alınmaqla və eyni ərazi üzrə mənzil növbəsinə götürülmə sayının əsassız artımının qarşısının alınmasına yönəlmiş bu norma Azərbaycan SSR dövründə qəbul edilsə də təkcə hüquqi baxımından yox, həmçinin işin faktiki halları baxımından da öz əhəmiyyətini saxlayır. Lakin, daimi yaşama müddətinin Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilməsini məhkəmə hal-hazırda qüvvədə olan qanunvericiliyin tələbləri baxımından öz əhəmiyyətini itirməsi və hazırkı işin faktiki hallarına münasibətdə tətbiq edilməməsi qənaətindədir. Belə ki, hal-hazırda qüvvədə olan qanunvericilik Azərbaycan SSR dövründə qüvvədə olan qanunvericilikdə fərqli olaraq yaşayış yerinə münasibətdə yeni tənzimləmə müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsindən də müəyyən edilir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəyə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Qanunvericiliyin tələbindən də göründüyü kimi şəxsin bir yaşayış yeri üzrə qeydiyyatda olması ilə bağlı mütləq şərt nəzərdə tutulsa da şəxsin bir-neçə yaşayış yerinin olması ilə bağlı da tənzimləmə həyata keçirilmiş və hər hansı şəxsin bir-neçə yaşayış sahəsinə malik olması hüququ tanınmışdır. Bu isə, o deməkdir ki, hazırkı mübahisənin həlli hal-hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından iddiaçının Bakı şəhərində yaşamasını təkcə onun yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı yox, faktiki olaraq daimi Bakı şəhərində yaşamasının digər sübutlarla yoxlanılmasından asılı olacaqdır. Yəni, cavabdehin qeyd etdiyi kimi şəxsin Bakı şəhərində son 5 il ərzində yaşaması yoxlanılmalıdır ki, bu zaman cavabdehin mövqeyindən fərqli olaraq şəxsin hansı tarixdən yaşayış yeri üzrə qeydiyyata alınması əhəmiyyət kəsb etmir. Ümumilikdə onun Bakı şəhərində faktiki olaraq daimi yaşaması da nəzərə alınmalıdır. Məhkəmə bu istiqamətdə araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixindən etibarən rəsmi olaraq Bakı şəhərində yerləşən ünvanda yaşayış yeri üzrə qeydiyyata alınsa da, faktiki olaraq həmin tarixdən xeyli əvvəl Bakı şəhərində yaşamışdır. Belə ki, məhkəmə icraatı çərçivəsində təqdim edilmiş sənədlər əsasında müəyyən olunmuşdur ki, iddiaçı 2018-ci ildən "xxxx" MMC-nin Anbar Təsərrüfatı və Nəqliyyat Departamentində Stok Nəzarətçi vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınma tarixindən etibarən Bakı şəhərində fasiləsiz beş il yaşadığı rəsmən təsdiq edilməsə də, onun 2018-ci ildən etibarən burada işləməsi, faktiki olaraq onun artıq 5 ildən çox müddətdir ki, Bakı şəhərində yaşadığını sübut edir. Bu baxımdan, Məhkəmə hesab edir ki, cavabdehin imtina üçün göstərdiyi əsaslar formal xarakter daşıyır və iddiaçının mənzil növbəsinin köçürülməsinin təmin edilməsinə maneə yaradır. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı ilkin mərhələdə Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülmüşdür. Lakin sonradan yerli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş yeni inzibati sərəncam əsasında iddiaçının qeydiyyatının dəyişməsi ilə əlaqədar həmin növbədən çıxarılması təmin olunmuşdur. İddiaçı hal-hazırda mənzil növbəsinə yenidən daxil olunmasına və növbəliyin köçürülməsinə nail olmağa çalışsa da, o, konkret olaraq növbəyə götürüldüyü tarixin müəyyən olunması və ya bu tarixlə bağlı mövcud inzibati aktın etibarlılığı məsələsini mübahisələndirmir. Başqa sözlə, iddiaçının tələbi hazırda mənzil təminatı ilə bağlı inzibati hüquqlarının faktiki həyata keçirilməsi ilə bağlıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-917/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya instansiya məhkəməsi mübahisə üzrə iddiaçının kirayə müqaviləsinə əsasən Bakı şəhərinə qeydiyyata alındığı təqdirdə, faktiki olaraq daimi yaşayış yerinin Azərbaycan Respublikasının digər ərazi vahidi olan Qazax rayonu olmasını nəzərə almış və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə istinad edərək iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı iddianın əsaslı olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi xüsusi ilə vurğulamışdır ki, iddiaçı gələcəkdə Bakı şəhərində faktiki yaşadığı və daimi qeydiyyatda olduğu halda, iddiaçının mənzil Bakı şəhərində yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkündür. Eyni zamanda məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydalarına” istinat etməsi yanlışdır, belə ki, həmin qaydalarin müddəaları iddiaçıya tətbiq oluna bilməz. Göründüyü kimi, həmin iş üzrə hər nə qədər iddiaçının faktiki olaraq Bakı şəhərində yaşaması sübut edilməməsi əsası ilə iddianı rədd etsə də, faktiki Bakı şəhərində yaşama ilə bağlı halın mövcud olduğu təqdirdə iddianın təminini mümkün hesab etmiş, mütləq Bakı şəhərində uzun müddət yaşama ilə bağlı şərtin tətbiqi istisna edilmişdir. Belə ki, Ali Məhkəmənin yekun qərar qəbul etdiyi həmin işdən də göründüyü kimi birinci və apellyasiya instansiya məhkəmələri Bakı şəhərində son 5 il ərzində yaşamama ilə bağlı hüquqi fakta istinad etsə də, Ali Məhkəmə həmin hüquqi faktın tətbiqindən imtina etmiş, əsas nəzərə alınmalı olan halın iddiaçının faktiki Bakı şəhərində yaşayış-yaşamaması ilə əlaqələndirmişdir ki, hazırkı iş üzrə iddiaçının Bakı şəhərində faktiki yaşaması sübut olunur, əks hal isə cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı imtiyazlı şəxs kimi mənzil uçotunun Yasamal rayonuna köçürülməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-7376/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7376/2025
02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver