Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7377/2021 30.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “bədbəxt hadisə barədə İZ (istehsalat qəzası) aktın tərtib olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.2, 1.3, 1.5 bəndlərini rəhbər tutaraq 08.05.2020-ci il tarixdə iş vaxtı, iş yerində yıxılaraq xəsarət alması ilə (sağlamlığının pozulması) nəticələnmiş bədbəxt hadisə barədə İZ (istehsalat zədəsi) aktın tərtib olunmasının və ona təqdim edilməsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 20 ildir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6 Xidmətində baş məsləhətçi vəzifəsində işləyib. İşlədiyim müddət ərzində əmək funksiyalarımı lazımınca yerinə yetirib və nöqsansız olaraq xidmət edib. 1-ci dərəcəli dövlət qulluqçusu olub. Yeni Azərbaycan Partiyasının Nazirlik üzrə sədr müavini olub. Lakin son zamanlar Nazirliyin bir sıra vəzifəli şəxsləri ona qarşı qərəzli mövqe nümayiş etdirirlər. 2018 və 2019-cu ildə kadrlar şöbəsinin İnsan resursları və dövlət qulluğu şöbəsinin müdiri Bayramova Nərminə iki dəfə nazirliyin aparatında sıradan bir iş verməyini xahiş etdi, çünki onun işlədiyi sahə ağır, zərərli və gərgin iş sahəsidir. Yeganə mütəxəssis olaraq həmin şöbədə o qalmışdı. Həmçinin o həm xəstə, həm də ikinci qrup əlildir. 2020-ci ildə pandemiya dövründə aprel ayının 30na kimi o işə getməyib. Aprel ayının 30-da ona töhmət verilməsi barədə əmrin surətini ona gizli olaraq göndərdilər. O işlədiyi xidmətin rəhbərindən və daxili nəzarət şöbəsinin müdirindən səbəbini soruşduqda onlar ona bildirdilər ki, töhmətin verilməsindən xəbərləri yoxdur, amma araşdırıb ona xəbər verəcəklərini desələr də, məlumat vermədilər və bu səbəbdən may ayının 8-nə kimi bütün lazımi yerlərdə oldu və bildirdi ki, nəyə görə ona töhmət verilib, nöqsansız xidmət edib, ona töhmət verilməsi ilə razılaşmır və bildirib ki, bu barədə onun izahatı belə alınmayıb. May ayının 5-də Nazirlyin Daxili Nəzarət və Audit şöbəsinin müdiri Heybət müəllimin yanına getdi. Lakin ona həftəsonu gəlməyini, həmçinin 2 qrup əlilliyinin geri qaytarılması və töhmətin üzərindən götürülməsində köməklik göstərəcəyini bildirdi. Mayın 8-nə onu yanına çağırmasına baxmayaraq Heybət müəllim onu qəbul etmədi, telefonla da, ona kömək edə bilməyəcəyini bildirdi. Bundan sonra o nazirin qəbuluna getdi ki, sözlərini şəxsən onun özünə desin. Nazirin köməkçisi onu qəbul etdi və bir az gözləməyini, nazirə məruzə edəcəyini bildirdi. Az müddət ərzində ona iki polis yaxınlaşdı (birinin adı Ramiz idi) və qollarından tutub silkələyərək onu bayıra çıxarmaq istədilər. Həmin polisləri nazirin İqbal adlı köməkçisi çağırmışdı. O bildirdi ki, onu məcburi olaraq aparmasınlar, o öz iş yerimdədir, əgər qəbul etmirlərsə, özü xoşluqla çıxıb getsin. Çantası və iş üzrə təsdiqləyici sənədlər olan qovluğu divardakı taxçaya qoymuşdu və çox stresli idi. Polis Ramizdən onları götürüb çıxmasına icazə istədi və polis onun tutduğu qolundan çantaya tərəf möhkəm itələdi, müvanizətini itirdi və yıxıldı, başında küt ağrını hiss edəndən sonra heç nədən xəbəri olmayıb, ona dost olan və o zaman orda olan bir xanım onu qollarından və ayaqlarından tutub iki polisin sürüdüyünü xəbər verdi. Amma qolu və ayaqlarının arxa tərəfləri çox əzilmişdi və deyəsən o arxası üstə yıxılmışdı, çünki başının arxa tərəfi çox ağrıyırdı. Onu necə sürüyüblərsə, necə aparıblarsa onun bunlardan xəbəri olmayıb. Həmin vaxt nazirliyə çağırılmış təcili tibbi yardım həkimlərinin köməyi ilə onu ayıldıblar. Həkimlər çağırışı qeyd etmək üçün şəxsiyyət vəsiqəsini istəyiblər, o da şəxsiyyət vəsiqəsini verdi, lakin Kadrlar şöbəsinin müdiri Nərmin xanım buna mane oldu. Hətta o həkimdən xahiş edib ki, ona hansı iynələr vurumasını qeyd edib ona versinlər. Nərmin xanım isə buna etiraz edərək maneə oldu. Sonra DƏMX-nin Daxili Nəzarət şöbəsinin müdiri Elxan Səlimov və Kənan gələrək onu 15-ci mərtəbədən 9-cu mərtəbəyə endirdilər, bir müddət orada özünə gəlməyə çalışdı və bu zaman ora rəis müavini Orxan Hüseynzadə və hüquqşünas gəldi. Özünə gələndən sonra taksiyə mindirib evə göndərdilər. Mayın 8-də vurulmuş ağrıkəsici, yuxu iynələri belə ürəkbulanmasının, qulaqlarında səsin, gözlərinin torlamasının qarşısını almadı, 9-na keçən gecə onun vəziyyəti yenə qarışdığında nazirin xəbəri olmadığını düşünərək şəxsi emailinə məktub göndərdi. Səhər tezdən təcili tibbi yardım maşını ilə onu evdən xəstəxanaya apardılar. Həmin vaxt təcili tibbi yardım həkimləri polisə də məlumat veriblər. Ona o qədər iynə və dərman vasitələri vermişdilər ki, o yarıyuxulu vəziyyətdə idim. Sonra üç nəfər polis gəldi, 27-ci polis bölməsindən gəldiklərini dedilər. Birinin adı Fərid müəllim, digərinin adı Etibar müəllim idi, üçüncüsü isə hesab edir ki, bilərəkdən gizlədirlər. Ondan bir neçə şey soruşdular, onlara da hər şeyi ətraflı danışıb, verdyi izahata imza atmazdan əvvəl polislərdən rəhbərliyinin məsələdən xəbəri olubolmadığını soruşdu və təsdiq cavabını alandan sonra onun sağlamlığı ilə maraqlanmadıqları qərarına gələrək polisə rəhbərlikdən şikayətinin olduğunu söylədi və xahiş edib ki, onun dediklərini qeyd etsin. Fərid müəllim də söz verdi ki, dediyi kimi yazacaq, ancaq onu aldatdı. Onun izahatı oxuya bilmədiyindən sonuna imza atmadan “əgər doğru demirlərsə, şikayət edəcəyini bildirib”, o bununla razılaşdı və ona izahatı imzasız şəkilini çəkməyə icazə verdi. Sonradan o polis bölməsinə zəng etdi və Fərid müəllimə dedi ki, Nazirlikdən maraqlanıb və ona deyiblər ki, burda belə bir şey olmayıb. Lakin ona bildiriblər ki, iş materialları və kamera görüntüləri var, istədiyi vaxt prokurorluğa müraciət edə bilər və onlar işi prokurorluğa göndərməyə hazırdırlar. Yasamal rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsinə dair 07.12.2020-ci il tarixli Qərarının 2-ci səhifəsində - nazirin qəbul otağında yıxılaraq xəsarət almağı, təcili tibbi yardım əməkdaşları tərəfindən ona ilkin yardım göstərilməsini - Nazirliyin inzibati binasında xidmət aparmış polis serjantı X3 izahatı ilə təsdiqini tapmışdır. Prokurorluğun 3 ay kamera görüntüsü tələbindən nazirlik imtina etdi və əgər bu görüntülər olsaydı cinayət işi qaldırılacağına əmindir. Başda nazir olmaqla 8 mayda olmuş hadisənin kamera görüntüsünü gizlətdilər, görüntü silinə bilməzdi, o inanır ki, ana yaddaşda indiyə kimi var. Qeyd edilənləri nəzərə alaraq, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X6 Xidmətinə, İstehsalatda baş vermiş Bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.2, 1.3, 1.5 bəndlərini rəhbər tutaraq 08.05.2020-ci il tarixdə iş vaxtı, iş yerində yıxılaraq xəsatət alması ilə (sağlamlığımın pozulması) nəticələnmiş bədbəxt hadisənin təhqiqatının aparılması və İZ aktın verilməsini dəfələrlə müraciət etməsinə baxmayaraq, onun xəsarət almaqla nəticələnən hər hansı hadisənin baş verməsi təsdiqini tapmaması barədə cavab verilmişdir. Lakin Yasamal rayon prokurorluğunun 07 dekabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı nazirliyə göndərdikdən sonra, onu nazirliyə çağırıb söhbət apardılar, sonradan İZ aktının ona verilməsindən imtina etmişlər və məktubda qeyd ediblər ki, guya o öz-özünü yerə yıxıb. Əgər bu həqiqətdirsə, hansı səbəbdən kamera görüntülərini prokurorluğa təqdim etməyiblər. Sonuncu dəfə 17 mart 2021-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək, 08 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbulda olduğu vaxt xəsarət almasə barədə İZ (istehsalat zədəsi) formalı aktın tərtib olunmasını və ona təqdim edilməsini xahiş edib. Lakin cavabdeh 05.05.2021-ci il tarixli məktubla müraciətinə cavab verərək bildirmişdir ki, qaldırdığı məsələ ilə bağlı mübahisəli hal yarandığından məhkəməyə müraciət etmək hüququ var. Halbuki, həmin cavab məktubu da sübut edir ki, o nazirliyin 16-cı mərtəbəsində qəbulda olduğu vaxt yıxılıb və müvafiq tibbi yardım da ona göstərilib. Eyni zamanda həmin xəsarətlə bağlı bir gün sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb və bu barədə polis orqanında da məlumatlar olmuşdur. Birinci növbədə qeyq etmək istəyir ki, nazirlikdə ilk gündən həmin hadisəni gizlədirdilər, kamera görüntülərini göstərmədilər, yəni İnzibati Xətalar Məcəlləsinin 555ci maddəsinin dispozisiyasında nəzərdə tutulan qaydaları pozmuşdular.
3. Məhkəmənin 02.07.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti üçüncü şəxs qismində cəlb olunmuşdur.
4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iddia tələbini müdafiə edən iddiaçı iddianın mümkün olduğunu bildirdi, belə ki, onun işəgötürəni Əmək və Əhalinin Sosial Müdafiəsi naziridir, əmək funksiyalarını yerinə yetirdiyi iş yeri Azərbaycan Respublikasının o, hadisə baş verən zaman dövlət qulluqçusu olub, iş yeri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti, X6 Xidmətinin Mərkəzi laboratoriyasında baş məsləhətçi vəzifəsində çalışmışdır. Mərkəzi laboratoriya Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 a ünvanında yerləşir. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclası zamanı) iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, işçi olaraq barəsində qanunazidd hərəkətlərə aydınlıq gətirilməsi üçün işəgötürəninə müraciət etmək, işəgötürənindən müvafiq arayış almaq hüququndan istifadə etmək məqsədi ilə, iş vaxtı ərzində, işəgötürənin iş yerində olduğu vaxt (ƏƏSMN-nin inzibati binası 16-cı mərtəbə) xəsarət almış və həmin xəsarət nəticəsində əmək qabiliyyətini müvəqqəti itirib. 08.05.2020-ci il tarixdə iş vaxtı, iş yerində xəsatət almağımla nəticələnmiş bədbəxt hadisənin təhqiqatının aparılması, İZ Aktının tərtib olunması və bir nüsxəsinin ona təqdim edilməsi üçün ilkin olaraq DƏMX-nə müraciətləri olmuşdur. DƏMX-nin rəisi tərəfindən ona ünvanlanmış 1-ci və 2-ci cavab məktublarında 08.05.2020-ci il tarixdə iş vaxtı, iş yerində xəsatət almağı ilə nəticələnmiş bədbəxt hadisə dolayısı ilə (nazirliyin müvafiq şöbələrinin məlumatına istinad edilməklə, faktiki araşdırma aprılmadan) təkzib edilmişdir. Eyni məsələ ilə əlaqədar prokurorluğa müraciətinə verilmiş cavab məktubunun surətini əlavə etməklə DƏMX-nə ünvanladığı 3-cü məktubuma DƏMX tərəfindən verilmiş cavabda - 08.05.2020-ci il tarixdə iş vaxtı, iş yerində xəsatət almağım, mənə təcili tibbi yardım xidmətinin əməkdaşları tərəfindən hadisə yerində (iş yerində) ilkin tibbi yardım göstərildiyi və evə yola salındığı, yəni baş vermiş hadisə nəticəsində səhhətinin kəskin pisləşməsi səbəbi ilə həmin gün işini davam etdirə bilməməyi öz təstiqini tapmışdır. Bununla da görünür ki, ƏƏSMN faktın gizlədilməsinə cəhd etmiş, bu səbəbdən DƏMX-ə həqiqəti əks etdirməyən, məlumatlar vermişdir ki, bunun nəticəsindədə DƏMX tərəfindən 1-ci və 2-ci müraciətlərinə verilmiş cavab məktublarında ƏƏSMN-nin müvafiq şöbələrinin verdiyi məlumatlara istinad edilməklə 08.05.2020-ci il tarixdə iş vaxtı, iş yerində xəsatət almağı ilə nəticələnmiş bədbəxt hadisə təkzib edilmişdir. Lakin DƏMX-ə ünvanladığı 3-cü məktubuna əlavə edilmiş prokurorluğun məktubunda xəsarət almağım, mənə ilkin tibbi yardım göstərilməsi və evə yola salınmağı təsbitini tapdığından, yəni hadisənin baş verdiyi təsdiqini tapdığından, DƏMX-də ciddi araşdırma apararaq hadisənin baş verdiyinin 3-cü cavab məktubunda təsdiq etmişdir. Bununla da hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetininnin 28.02.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təstiq edilmiş “İstehsalatda baş vermiş Bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarf’nın 1.2, 1.3, 1.5 bəndlərini, 2.2 bəndin 4-cü abzasını, 2.6 bəndin 3-cü abzası rəhbər tutaraq 08.05.2020-ci il tarixdə iş vaxtı, iş yerində xəsatət almağımla nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmalı, İZ Aktı tərtib olunmalı və bir nüsxəsi mənə təqdim edilməlidir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək bildirdi ki, İddiaçı Nazirlik yanında X6 Xidmətinin (bundan sonra DƏMX) mərkəzi laboratoriyasının işçisi olmuş və iş yeri həmin mərkəz (Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 a) olmuşdur. İddiaçı töhmət alması ilə əlaqədar şəxsi mənafeləri üçün iş yerini özbaşına tərk edərək, icazə almadan, hər hansı bir əmək funksiyasının icrası ilə bağlı olmadan Nazirliyin inzibati binasına (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova 85) getmişdir. Göründüyü kimi İddiaçı iş yerində və ya işəgötürənin mənafeyi üçün və ya əmək funksiyasının, əmək vəzifələrinin icrası ilə əlaqədar hər hansı işi görərkən xəsarət almamışdır. Belə olan halda əgər xəsarət almışsa da, İddiaçı aldığı xəsarət istehsalatda baş verən bədbəxt hadisə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın (bundan sonra "Qaydalar”) 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən işçinin səhhətinin pozulması təhqiq edilməlidir. Eyni zamanda bildirmək istəyirik ki, iddiaçının göstərdiyi hallar ilə bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılmış və 07.12.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qərara əsasən İddiaçı polis əməkdaşı tərəfindən xəsarət yetirilməsi öz təsdiqini tapmamış və müraciətində göstərdiyi faktlar rədd edilmişdir. İddiaçı istinad etdiyi prokurorluğun qərarının 2-ci səhifəsində xəsarət aldığını təsdiq edən hissədə də polis əməkdaşının izahatında iddiaçının özünü süni şəkildə yerə yıxması qeyd olunmuşdur. Qaydaların 1.4-cü bəndinə əsasən təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmətibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü, texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfıksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Sadalanan halları nəzərə alsaq müəyyən edilir ki, iddiaçının tələbi təsdiqini tapmamış yalan məlumatlara əsaslanmışdır. Digər bir mübahisəli məsələ isə iddiaçının məhkəmədən İZ formalı aktın verilməsi tələbi ilə çıxış etməsidir ki, bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən İZ formalı akt tərtib edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı təhqiqat komissiyası yaradılaraq baş vermiş hadisənin səbəbləri və digər hallar araşdırılır, təhqiqat komissiyası tərəfindən İZ formalı aktın düzgün tərtib olunmasına nəzarət edilir və tərtib olunmuş təhqiqat aktına əsasən İZ formalı akt verilir. DƏMX tərəfindən araşdırma zamanı İddiaçı səhhətinin pozulması ilə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi öz təsdiqini tapmadığı üçün hadisənin təhqiqatı aparılmadığından, iddiaçının tələbinə əsasən birbaşa işəgötürən tərəfindən İZ formalı aktın verilməsi qeyri-mümkündür və qanunvericiliyin tələblərinə ziddir. Qanunvericiliyə əsasən İZ formalı akt bədbəxt hadisə barədə təhqiqat yekunlaşdıqdan və bu barədə təhqiqat aktı mövcud olduqdan sonra tərtib edilir və müvafiq tərəflərə göndərilir. Belə ki, Qaydaların 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır.
II. İddianın növü
6. İZ formalı aktın tərtibi cavabdeh qurumun publik hüquq sahəsindəki tənzimləməni həyata keçirilməsindən deyil, iddiaçı ilə xidməti münasibətlərindən irəli gələn faktiki xarakterli digər fəaliyyətinin nəticəsidir.
7. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunundan: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
8. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
III. İddianın mümkünlüyü və məhkəmənin mövqeyi
9. Məhkəmə mövqeyini iddianın mümkünlüyünə qiymət verməklə bildirməyi zəruri hesab edir.
10. İddiaçı 08 may 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazirin qəbul otağında polis əməkdaşının yıxılaraq xəsarət alması ilə bağlı müraciəti əsasında rayon prokurorluğunda aparılmış araşdırma zamanı DİN-in Baş Mühafizə İdarəsinin Yasamal rayon idarəsinin polis serjantı X4 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.
11. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikaısnın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş 09.09.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı Nazirliyin aidiyyəti şöbələri tərəfindən təqdim edilmiş məktublara əsasən onun xəsarət alması ilə nəticələnmiş hər hansı hadisənin baş verməsi öz təsdiqini tapmamışdır.
12. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikaısnın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş 03.03.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, əvvəllər etdiyi eyni məzmunlu müraciətinə X6 Xidmətində baxılmış və nəticəsi barədə müvafiq qaydada cavablandırılmışdır.
13. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən verilmiş 05.05.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, aparılmış araşdırma zamanı Nazirliyin aidiyyəti şöbələri tərəfindən təqdim edilmiş məktublardan 8 may 2020-ci il tarixdə Nazirliyə çağırılmadığı, həmin gün Nazirlik aparatının əməkdaşlarının birinin səhhətinin pisləşməsi ilə əlaqədar çağırışa gəlmiş təcili tibbi yardım xidmətinin əməkdaşları inzibati binanın 15-ci mərtəbəsində olduğu vaxt polislər tərəfindən həmin mərtəbəyə gətirildiyi, həkimlər tərəfindən müayinə edildiyi və onunla hər hansı hadisənin baş vermədiyi göstərilmişdir. Eyni zamanda təqdim ediyi Yasamal rayon prokurorluğunun 07 dekabr 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsinə dair Qərar”ının təsviri hissəsində Nazirliyin inzibati binasında xidmət aparan polis serjantı X7 tərəfindən 16-cı mərtəbədən aşağı düşməyi xahiş olunduğu vaxt onun süni şəkildə yerə yıxıldığı, bununla bağlı inzibati binanın 15-ci mərtəbəsində tibbi yardım aldıqdan sonra evə getdiyi qeyd edilmişdir. Müraciəti əsasında 4 may 2021-ci il tarixdə Xidmətin vəzifəli şəxsləri tərəfindən qəbul edildiyi vaxt istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları barədə ona ətraflı məlumat verilmiş, qanunvericiliyin tələbləri izah olunmuşdur.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən: 1.2. İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; [3] işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. 1.3. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. 1.4. İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. 1.8. İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X6 Xidməti həyata keçirir. 2.1. Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X6 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X6 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. 2.4. Müəssisədə başqa təşkilat tərəfindən onun tapşırığını yerinə yetirmək və xidməti vəzifələrini icra etmək üçün göndərilmiş işçi ilə baş vermiş bədbəxt hadisə, müəssisənin və zərərçəkənin mənsub olduğu təşkilatın nümayəndəsinin iştirakı ilə təhqiq edilir. İZ formalı aktın 3-cü bəndində işçini göndərən təşkilatın adı göstərilir. Bədbəxt hadisə zərərçəkənin mənsub olduğu təşkilat tərəfindən uçota alınır. 2.5. Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. 2.6. Bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalıdır. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, İddiaçı işəgötürəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmaqla dövlət qulluqçusudur.
15. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, əmək müqaviləsinə 25.11.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) işəgötürən qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi göstərilməklə əmək müqaviləsinə xitam verilmişdir.
16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə verilmiş 30 aprel 2020-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti, X6 Xidmətinin Mərkəzi laboratoriyasında baş məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı töhmət verilmişdir.
17. Məhkəmə müəyyən edir ki, mübahisə 08 may 2020-ci ildə dövlət qulluqçu (baş məsləhətçi) olduğu dövrdə işəgötürəni (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ilə iddiaçı arasında yarandığından iddiaya cavab verməli şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. İddia mümkündür.
18. İddiaçının iş yeri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti, X6 Xidmətinin Mərkəzi laboratoriyası olmaqla əmək vəzifələrini yerinə yetirdiyi yerin ünvanı (ünvan 1k və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanından (Bakı şəhəri, Salatın Əsgərova küçəsi 85) fərqlidir.
19. Məhkəmə cavabdehin, eləcə də iş üzrə üçüncü şəxsin iddiaçının iş yerində və ya işəgötürənin mənafeyi üçün və ya əmək funksiyasının, əmək vəzifələrinin icrası ilə əlaqədar hər hansı işi görərkən xəsarət almaması dəlili ilə razılaşır. Bununla əlaqədar məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Salatın Əsgərova küçəsi 85 ünvanı iddiaçının iş yeri olmadığından və bilavasitə rəhbəri tərəfindən həmin inzibati binada əmək funksiyalarının icrası ilə bağlı təlimat aldığı (tapşırığı yerinə yetirmək və xidməti vəzifələrini icra etmək üçün göndərildiyi) müəyyən edilmədiyindən işçilərin səhhətinin pozulmasının təhqiq edilməli olan halın baş verdiyi və nəticə etibarilə iddiaçının 08.05.2020-ci il tarixdə nazirliyin inzibati binasında baş vermiş hadisənin təhqiq edilməsi və bədbəxt hadisə barədə İZ (istehsalat zədəsi) formalı aktın tərtib olunması ilə bağlı iddiaçının qanunla qorunan hüquqlarının olması qənaətinə gəlmir.
20. Lakin məhkəmənin qeyd edilən qənaəti iddiaçıya xəsarət vurduğunu iddia etdiyi şəxsdən mülki qaydada vurulmuş zərərin əvəzinin ödənilməsi hüququnu istisna etmir.
21. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva