Məhkəmə qərarları › İş №2-1(112)-7380/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7380/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7380/2021 30.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Sadıqova (Məmmədli) Səbinə Tahir qızı) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Sadıqova (Məmmədli) Səbinə Tahir qızı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 onun mülkiyyətində olan ünvan 1 ünvanından daimi pasport qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvanski küçəsi, məhəllə 616, ev 10 ünvanında yerləşən 53 saylı mənzilin 16.08.2000-ci il tarixdən bugünədək mülkiyyətçidir. Onun oğlu X8 06.06.2013-cü ildə Sadıqova (Məmmədli) Səbinə Tahir qızı ilə nikah münasibətinə girmiş, lakin aralarında olan anlaşılmazlıq üzündən onlar arasında olan nikaha Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. X1 həmin ünvanda yaşamır, atasına məxsus Bakı şəhəri, Nəsimi rayonunda yerləşən mənzildə yaşayır. Lakin onun oğlu Elvinlə aralarında olan nikaha məhkəmə qətnaməsi ilə xitam verilməsinə baxmayaraq, daimi pasport qeydiyyatı ona məxsus həmin ünvanda qalmaqda davam edir. X4 ona mülkiyyət hüququ ilə məxsus olan mənzildə istifadə hüququ olmadan daimi pasport qeydiyyatında qalması onun mülkiyyət hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır və onun buna görə əlavə kommunal ödənişlər etməsinə səbəb olur. Belə ki, kommunal xidmətlərə görə haqlar onlardan həmin mənzildə pasport qeydiyyatında olan şəxslərin sayına görə tutulur. Bu halda isə o, Məmmədli Səbinənin həmin mənzildə yaşamamasına baxmayaraq, əlavə vəsait ödəmək məcburiyyətində qalır. Bundan başqa, biznes fəaliyyəti ilə məşğul olmaq üçün bankdan ona məxsus evi ipoteka qoyaraq kredit almaq istəyərkən həmin mənzildə qeydiyyatda olana şəxslərin razılığı tələb edilmişdir. X13 ilə oğlu arasında nikah münasibətlərinə xitam verildiyindən, münasibətləri normal deyil, ona məxsus mənzildə istifadə hüququnun olmamasına baxmayaraq, onun həmin mənzillə bağlı sərəncam vermək hüququnu məhdudlaşdırır. X2 ilə mənzildən istifadə hüququ ilə bağlı hər hansı bir notarial qaydada təsdiqlənən razılaşması olmamışdır. Sadəcə oğlu ilə nikahda olduğu müddətdə ona məxsus mənzildə müvəqqəti yaşamışdır. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə keçmiş gəlini X4 qeydiyyatdan çıxarılması və istifadə hüququna xitam verilməsi üçün ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etməsi bildirilmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına gəlməmişlər. İddiaçı və cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah ünvan 3 ünvanında yerləşən mənzilə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına 10.06.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 22.04.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin Yasamal rayon Polis İdarəsinə ünvanladığınız müraciətinizə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildiririk ki, Yasamal rayonu, M.Naxçıvanski küçəsi, məhəllə 616, ev 10, mənzil 53 ünvanından X3 qeydiyyatdan çıxarılması ilə əlaqədar Siz mülki qaydada məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1163/2018 saylı 13 fevral 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X9 ilə Məmmədli (Sadıqova) Səbinə Tahir qızı arasında 07 iyun 2013-cü il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 624 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 25.03.2014-cü il təvəllüdlü X6 anası Məmmədli (Sadıqova) Səbinə Tahir qızının yanında qalması, X5 19.12.2017-ci il tarixdən hesablanmaqla 25.03.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin tutularaq Məmmədli (Sadıqova) Səbinə Tahir qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 20.09.2021-ci il tarixli məktubdan görünür ki, X3 Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani küçəsi, məhəllə 616, ev 10, giriş 3, 53 saylı mənzilə dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani küçəsi, məhəllə 616, ev 10, giriş 3, 53 saylı mənzil hazırda İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir; 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Üçüncü şəxs Sadıqova (Məmmədli) Səbinə Tahir qızı iddiaçının oğlu X9 ilə rəsmi nikah münasibətlərində olmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1163/2018 saylı 13 fevral 2018-ci il tarixli qətnaməsinə əsasən onlar arasında olan nikah pozulmuşdur. Hazırda üçüncü şəxs həmin mənzildə qeydiyyatdadır. Mənzildə qeydiyyatda olan üçüncü şəxs yaşayış yerini dəyişməsinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışdır. Üçüncü şəxs iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadır. Üçüncü şəxs hazırda faktiki olaraq həmin ünvanda yaşamır, daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Həmçinin üçüncü şəxsin mübahisələndirilən ünvana istifadə hüquqları qeydiyyata alınmamışdır. Məhkəmə qeyd edir ki, üçüncü şəxs iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışdır və bu, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani küçəsi, 616-cı məhəllə, ev 10, mənzil 53 ünvanından Sadıqova (Məmmədli) Səbinə Tahir qızının qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar