Məhkəmə qərarları › İş №2-1(112)-7381/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7381/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7381/2021 13.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilmə tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi və həmin siyahının müvafiq komissiyaya təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 11.06.2021-ci il tarixli, 2-1(112)-7381/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01.08.1991-ci il tarixdən 10.07.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və polkovnikleytenant hərbi rütbəsində Azərbaycan Respublikası Müdafiə Nazirinin 22.06.2020-ci il tarixli, 0465 №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Lakin hərbi xidmət dövrü yaşayış sahəsi ilə (mənzillə) təmin olunmamışdır. O, 24.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafıə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə ” (Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında) Azərbaycan Respublikası Prezidentinin 569 №-li, 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq onun dövlət vəsaiti hesabına mənzillə olunmalı hərbi qulluqçuların müvafıq siyahısına daxil edilməyi və həmin siyahının Azərbaycan Respublikası Maliyyə Nazirliyində yaradılmış müvafıq komissiyaya təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin müraciətinə cavabdeh tərəfındən 2637 №-li, 27.05.2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, onun hərbi xidmət dövründə məhkumluğu olmuşdur və bu səbəbdən də xidmət dövrünün qüsurlu olduğu bildirilmişdir. İmtina cavabını əsassız və qanunsuz hesab etmişdir. Hesab etmişdir ki, onun adıçəkilən Fərmana əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçusu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir. Belə ki, o, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafıə Nazirinin 0200 t nömrəli, 23.06.2012-ci il tarixli əmri ilə 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif olunmuşdur. 1-ci dərəcəli “Qüsursuz xidmətə görə” medalı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 və daha çox təqvim ili qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif olunurlar. Azərbaycan Respublikasının 1997-ci il 03 oktyabr tarixli, 377-İQ №-li Qanunu ilə təsdiqlənmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin “e” və “ə” bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa hərbi xidmətdən 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. Ona belə bir hüquq verilmişdir. Belə ki, o Azərbaycan Respublikası Müdafiə Nazirinin 0465 №-li, 10.07.2020-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə əsasən hərbi geyim forması daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan əlavə o “müharibə veteranı” hesab olunur, 1993-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Beləliklə cavabdehin özü tərəfindən onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 il qüsursuz xidmət keçməyi etiraf olunur. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır və aşağıdakı səbəblərə görə təmin ediilə bilməz. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər." İddiaçının xidməti isə qüsursuz sayılmadığından mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilə bilməz. Bakı Hərbi Məhkəməsinin 22.07.2008-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 342.1-ci maddəsi (rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna səhlənkar yanaşması əhəmiyyətli zərər vurduqda) ilə təqsirli bilinib. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin səalhiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - İddiaçıya məxsus EZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.08.1992-ci ildən hərbi xidmətə başlamış, 10.07.2020-ci ildə Azərbaycan Respublikası MN-nin 22.06.2020-ci il tarixli, 0465 №-li əmri ilə (m. 156 j – öz arzusu ilə) ehtiyata buraxılmışdır. - 28.01.2000-ci il tarixli, № 017048 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 049t №-li, 26.06.2015-ci il tarixli əmri ilə Qüsürsuz Xidmətə Görə 3-cü dərəcəli medal verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 0103t №-li, 26.06.2017-ci il tarixli əmri ilə Qüsürsuz Xidmətə Görə 2-ci dərəcəli medal verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 0200t №-li, 26.06.2018-ci il tarixli əmri ilə Qüsürsuz Xidmətə Görə 1-ci dərəcəli medal verilmişdir. - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış MİHO/11-2-2021-884 №-li, 07.05.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Mailiyyə Nazirliyində mənzillə təmin olunmağına köməklik göstərilməsi barədə 2021-ci il 30 aprel tarixli müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 2019-cu il 19 iyul tarixli 498 nömrəli məktubla onun hərbi xidmət dövründə Tərtər Hərbi Məhkəməsinin 1998-ci il 14 dekabr tarixli Qətnaməsi ilə Cinayət Məcəlləsinin 155-ci maddəsinin “v” bəndinə və Bakı Hərbi Məhkəməsinin 2008-ci il 22 iyul tarixli Qətnaməsi ilə Cinayət Məcəlləsinin 331.3-cü və 342.1-ci maddələrinə əsasən məhkum olunduğu barədə məlumat sözügedən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafıəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyaya təqdim edilmişdir. - Binəqədi rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 059-28623 №-li, 06.08.2021-ci il tarixli məktuba əlavə edilmiş tələbnamədən görünür ki, İddiaçı Bakı Hərbi Məhkəməsinin 22.07.2008-ci il tarixli hökmü ilə 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası və 02 il şərti sınaq müddəti təyin edilmişdir. - Bakı Hərbi Məhkəməsinin 22 iyul 2008-ci il tarixli, 88/2008 nömrəli hökmünün surətindən görünür ki, həmin hökmə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına və həmin Məcəllənin 342.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmuyu üzrə təyin olunan cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş cəza 2 (iki) il sınaq müddəti verilməklə şərti hesab edilmiş, təyin olunmuş sınaq müddəti ərzində İddiaçı davranışı üzərində xidmət müddətində hazırda xidmət etdiyi N saylı hərbi hissənin, xidməti yeri dəyişdirilrsə həmin hərbi hissənin komandanlığına, ordu sıralarından təxris olunarsa daimi yaşayış yeri üzrə məhkəmənin Məhkəmə Nəzarətçiləri və İcraçıları Şöbəsinə həvalə edilmiş, sınaq müddəti ərzində xidmət müddətində xidmət etdiyi hərbi hissə komandanlığının icazəsi olmadan heç yerə getməmək, təxris olunarsa davranışı üzərində nəzarəti həyata keçirən orqana, yəni daimi yaşadığı yer üzrə Məhkəmə Nəzarətçiləri və İcraçıları Şöbəsinə məluma vermədən daimi yaşayış yerini dəyişməmək, ailəsinə maddi yardım göstərmək, öz davranışı ilə islah olunduğunu sübut etmək məhkum İddiaçı bir vəzifə olaraq tapşırılmışdır. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 2637 №-li, 27.05.2021-ci il tarixli məktubdan görünür ki, dövlət vəsaiti hesabına mənzil təminatı ilə bağlı müraciətlərinə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində baxılmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Prezidentınin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirlərı barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq, Müdafiə Nazirliyində Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Azərbaycan Ordusunda hərbi xidmət müddətində və ya ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərın dövlət vəsaiti hesabına mənzıl təmınatı Azərbaycan Respublıkası Müdafiə nazırinın müvafıq əmrılə yaradılmış komissıya tərəfındən sözugedən hərbi vəzifəlilərin Azərbaycan Ordusunda hərbi xidməti qüsursuz hesab edilmədiyindən dövlət vəsaiti hesabına mənzil təminatıyla əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək siyahılara onların adlarının əlavə edilməməsi qənaətinə gəlinmişdir. Azərbaycan Ordusunda hərbi xidmət müddətində və ya ehtiyata (istefaya) buraxıldıqdan sonra xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci ıl tarixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi barədə müsbət qərar qəbul edildiyi təqdirdə əlavə məlumat veriləcəkdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 №-li Fərmanın 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilillər. Həmin Fərmanın 2-ci hissəsinə əsasən Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 01.08.1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başlamış, hərbi xidmət dövründə xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı cinayət törətdiyinə görə Bakı Hərbi Məhkəməsinin 88/2008 №-li, 22.07.2008-ci il tarixli hökmü ilə məhkum edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 22.06.2020-ci il tarixli, 0465 №-li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 №-li 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq onun adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə qərar qəbul edilməsinə dair müraciəti cavabdeh inzibati orqan tərəfindən təmin edilməmişdir. Cavabdeh inzibati orqan imtinasını Azərbaycan Ordusunda hərbi xidmət müddətində və ya ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan Ordusunda hərbi xidmətinin qüsursuz hesab edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, İddiaçı 01.08.1992-ci ildən 22.06.2020-ci tarixədək Azərbaycan Silahlı Qüvvələrində xidmət etsə də, yəni 20 ildən artıq hərbi xidmət keçmiş şəxs statusuna malik olsa da hərbi xidmət dövründə hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi ilə bağlı az ağır cinayət törətməsi və bununla bağlı təqsirli bilinərək məhkum edilməsi onun Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 №-li Fərmanında nəzərdə tutulmuş şəxslərin dairəsinə aid edilməsini istisna edir. Belə olan halda onun adının Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanına uyğun olaraq dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına daxil edilməsindən cavabdeh inzibati orqanın imtinası qanunazidd olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar