Məhkəmə qərarları › İş №2-1(112)-7382/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7382/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7382/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər (Abşeron) rayonu, Binə qəsəbəsində yerləşən 600 kv. metr torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli, qərarı və Abşeron Rayon Donuz kökəltmə sovxozunun direktorunun 19 avqust 1991-ci il tarixli 108 saylı əmri ilə ona fərdi ev tikmək üçün 0.08 ha olmaqla torpaq sahəsi ayrılmışdır. Abşeron Rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli, qərarı və Abşeron Rayon Donuz kökəltmə sovxozunun direktorunun 19 avqust 1991-ci il tarixli 108 saylı əmri ilə ona fərdi ev tikmək üçün 800 kv. m torpaq sahəsi ayrılmasına baxmayaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kollegiyasının xx.xx.2006-cı il tarixli 11 №-li qəraraı ilə Torpaq sahəsinin Kadastr Planı çəkilmişdir. Kadastr planında Abşeron Rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 47 №-li qərarı ilə fərdi mənzil tikilməsi üçün 600 kv. m torpaq sahəsi onun adına təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 261 nömrəli xx.xx.2007-ci il tarixli Rəyində göstərilmişdir ki, Abşeron rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 №-li qərarı və Abşeron rayon Donuz Kökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 saylı əmrinə əsasən ona 0,08 hektar olmaqla ayrılmış torpaq sahəsi qanuna müvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. xx.xx.2007-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən onun adına torpaq sahəsinin planı və ölçüsü tərtib edlmişdir. Ona ayrılan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizə ilə, tələb olunan sənədləri əlavə edilməklə cavabdehə müraciət etsə də, cavabdeh ərizəsini təmin etməkdən imtina etmişdir. Cavabdeh öz imtinasında bildirmişdir ki, Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 №-li əmrinin arxiv arayışı təqdim edilməmişdir. Bundan əlavə təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub olmamasını müəyyən etmək mümkün olmamışdır. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, 108 nömrəli əmrin arxiv arayışında hüquq sahibinin adının qeyd edilməməsi onun təqsiri deyil və bu səbəblə onun mülkiyyət hüquqlarının qeydiyyata alınmaması onun hüquqlarının məhdudlaşdırılması deməkdir. Hesab edir ki, cavabdeh orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və həmin Qanunun 15-ci maddəsinə zidd olaraq mənə imtina vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Donuzkökəltmə sovxozunun xx.xx.1991-ci il tarixli, 108 nömrəli əmrinin arxiv arayışı təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, F839 nömrəli məktubunda qeyd edilmişdir ki, Abşeron Rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli, 108 nömrəli əmrində vətəndaş İddiaçı adı aşkar olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə gəlmədikləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Abşeron rayon Donuzkökəltmə sovxozunun direktorunun 19 avqust 1991-ci il tarixli 108 saylı əmrindən çıxarışdan (surəti) müəyyən olunur ki, Abşeron rayon İK-nin 47 №li 26.03.91-ci il tarixli qərarına və sovxozun həmkarlar ittifaqı komitəsinin 7 saylı 16.08.91-ci il tarixli qərarına əsasən İddiaçı 0,08 hektar olmaqla fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 261 №li 18 yanvar 2007-ci il tarixli “Rəy”də (surəti) göstərilmişdir ki, Abşeron rayon İcraiyyə Komitəsinin 26.03. 91-ci il tarixli 47 №li qərarı və Abşeron rayon Donuzkökəltmə sovxozunun direktorunun 19 avqust 1991-ci il tarixli 108 saylı əmri ilə İddiaçı 0,08 hektar olmaqla fərdi ev tikmək üçün ayrılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən İddiaçı adına verilmiş **********1000083 №li “Torpaq sahəsinin Kadastr planı”ndan müəyyən olunur ki, qeyd olunan kadastr planı Abşeron rayon XDS İKnin xx.xx.1991-ci il tarixli 47 nömrəli qərarı ilə İddiaçı fərdi mənzil tikintisi üçün ayrılmış Abşeron rayonu, Binə qəsəbəsində yerləşən, 600 kv metr torpaq sahəsi ilə bağlı xx.xx.2007-ci il tarixdə tərtib olunmuşdur. Torpaq sahəsinin kadastr planı iki nüsxədən ibarət tərtib edilmişdir. Onun bir nüsxəsi İddiaçı verilmiş, ikinci nüsxəsi isə DTXK-nin Abşeron rayon şöbəsində saxlanılmışdr. Kadastr planında torpaq sahəsinin koordinatları qeyd olunmuşdur: Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən İddiaçı ayrılmış 0,08 hektar torpaq sahəsinə dair Abşeron rayon Donuzkökəltmə sovxozunun yerquruluu planından çıxarış (surəti) təqdim olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətlərinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubında bildirilmişdir ki, “... Donuzkökəltmə sovxozunun xx.xx.1991 -ci il tarixli, 108 nömrəli əmrinin arxiv arayışı təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, F839 nömrəli məktubunda qeyd edilmişdir ki, Abşeron Rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli, 108 nömrəli əmrində vətəndaş İddiaçı adı aşkar olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.” Məhkəmənin müvafiq sorğularına əsasən: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2-8869/2025 №-li cavab məktubu iləAbşeron rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 47 №-li qərarı ilə İddiaçı ayrılmış 600 kv.metr torpaq sahəsinə dair AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib olunmuş № **********1000083 “Torpaq sahəsinin kadastr planı” təqdim olunmuşdur. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Abşeron Rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli, 108 nömrəli əmrində İddiaçı adı aşkar olunmamışdır və həmin əmrin verilməsinə əsas olan Abşeron rayon İH-nin xx.xx.1991-ci il tarixli 47 saylı sərəncamı ümumi sərəncam olduğundan arxivdə adlı siyahı mövcud deyildir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan müəyyən olunur ki, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən İddiaçı iddia etdiyi torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 600,0 kv. metr, faktiki 600 kv.metr təşkil edir. Torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır. Akta torpaq sahəsinin koordinatları əavə olunmuşdur: X Y 422359,580 4477247,950 422382,940 4477252,490 422389,170 4477228,130 422365,640 4477223,460 TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi: ... 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: ...

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 12.1.Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır. 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

14. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında” Əsasnamənin;

1. Bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir.

2. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında payı olan subyektlərə düşən orta torpaq payı fiziki sahə (hektarla) və torpaq qayiməsi ilə müəyyən olunan torpaq dəyəri (manatla) formasında hesablanır.

7. Hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının sərhədini dövlət yerquruluşu xidməti yer üzərində göstərir, mərzlə ayırır, torpağa mülkiyyət hüququna dair müəyyən edilmiş formada sənədləri hazırlayır və 10 gün müddətində Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirildikdən sonra onlara təqdim edir. (xx.xx.2006-cı il tarixədək olan redaksiyası) Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında 25 may 2006-cı il tarixli 411 №-li Fərmanının 2.3-cü bəndi ilə həmin Fərmanla təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə”nin 7-ci bəndində “torpağa mülkiyyət hüququna dair müəyyən edilmiş formada sənədləri hazırlayır və 10 gün müddətində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyatdan keçirildikdən sonra” sözləri “qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə verilən torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayır və” sözləri ilə əvəz edilmişdir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 5.1. bəndinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. ... 8.0-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. ... Maddə 10.1. hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. ... Maddə 10.2.1. qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. .... Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır .... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. ... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;

MƏHKƏMƏNİN MÖVQEYİ

İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlaka dair çıxarışın verilməsinə maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Məhkəmə diqqətə çatdırır ki, torpaq sahəsi həmin dövrdə səlahiyyətli olan sovxoz tərəfindən əmrin verilməsi ilə ayrılmışdır. Həmin sənəd isə Siyahıda (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndində) istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir. İş üzrə materiallardan hüquqmüəyyənedici sənəd olan həmin əmr hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni həmin sənədlər öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənədlər yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə onların məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hüquqi aspekt baxımından məhkəmənin gəldiyi nəticə odur ki, iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən əmr qüvvədə olduğu halda, cavabdehin imtina məktubunda istinad etdiyi hala, yəni siyahıda iddiaçının adının aşkar olunmaması hazırki iddianın təminini istisna etmir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd olunur ki, hazırkı iş üzrə torpaq sahəsinə verilmiş torpaq sahəsinin sxemi hər hansı qurum tərəfindən ləğv edilməmiş, qüvvədən salınmamışdır. Eyni zamanda, yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında ayrılmış torpaq sahələrinə dair verilmiş əmr də ləğv edilməmiş, qüvvədən salınmamış, yerli icra hakimiyyəti orqanı tərəfindən həmin əmrə dair hər hansı irad daxil olmamışdır. Bu səbəbdəndir ki, həmin sərəncama əsaslanmaqla verilmiş əmr və həmin əmrə istinad edilməklə iddia olunan torpaq sahəsinə dair verilmiş yerləşmə cizgisi mötəbərdir və həmin sahəyə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas hesab edilməlidir. Bundan əlavə iş materiallarından göründüyü kimi qeyd olunan əmr əsasında mübahisəli torpaq sahəsinə dair DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən iddiaçının adına Fərmanda nəzərdə tutulan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd torpaq sahəsinin Kadastr planı da mövcudur ki, DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsinin arxivində bir nüsxəsi saxlanılan həmin sənəd də əmrin mötəbərliyini bir daha təsdiqləyir. Bu səbəbdəndir ki, istinad olunan sənədlər həmin sahəyə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas hesab edilməlidir. Həmçinin iş materiallarından müəyyən olunur ki, DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən iddiaçının adına tərtib olunmuş torpaq sahəsinin Kadastr planında qeyd olunmuş torpaq sahəsinin koordinatları ilə, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə dair cavabdehin mütəxəsisləri tərəfindən tərtib olunmuş müayinə aktına əlavə edilmiş torpaq sahəsinin koordinatları da eynilik təşkil edir. Qüvvədən düşmüş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə”nin:

3. Komitə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

9. Komitənin əsas vəzifələri aşağıdakılardır: 9.1. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, yerquruluşu, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaqların münbitliyinin bərpası və artırılması, torpaq bazarının təşkili, torpaq-hüquq münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi və torpaqla bağlı digər işləri təşkil etmək və həyata keçirmək 9.3. Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət torpaq reyestrini aparmaq;

10. Komitə ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 10.3. Dövlət torpaq kadastrının, torpaqların monitorinqinin aparılması, habelə yerquruluşunun həyata keçirilməsi üzrə işləri və tədbirləri təşkil edir və həyata keçirir; 10.11. Torpaq sahələrinin yerquruluşu planından və dövlət kadastrı məlumatlarından çıxarışlar verir; 10.19. Müvafiq inzibati rayon vahidlərində torpaq kadastrının aparılması məqsədilə lazımi kadastr-planalma işlərini həyata keçirir; 10.20. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə işlərini aparır, habelə müvafiq texniki sənədləri tərtib edir və onları həmin torpaq sahəsi üzərində hüquq əldə edənə verir. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 453 nömrəli, 5 fevral 2015-ci il tarixli Fərmanının:

1. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilsin. 2.1. ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında” Əsasnamədən də göründüyü kimi Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq rayon, şəhər, şəhər tipli qəsəbələr və digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədlərini naturada müəyyən etmək və xəritələşdirilməsini həyata keçirmək həmin qurumun funksiyalarına aid olmuşdur. Göründüyü kimi dövlət mülkiyyətində olan torpaq sahələrinin fiziki şəxslərə ayrılması zamanı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mövqeyi hüquqi əhəmiyyət daşımaqla həlledici olmuşdur. Göründüyü kimi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Abşeron Rayon İK qərarı əsasında ayrılmış torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını qəbul etmiş, Abşeron Rayon İK qərarına istinad edərək iddiaçıya ayrılmış torpaq sahəsinə dair “kadastr planı” sənədini tərtib etmişdir. Doğrudur ki, “kadastr planı” sənədi texniki sənəd rolunu oynayır. Lakin hazırki halda bu sənəd Abşeron Rayon İK qərarı əsasında iddiaçıya ayrılan torpaq sahəsinin həmin dövrdə iddiaçının mülkiyyətində olduğunu təsdiq etmişdir. Başqa sözlə, kadastr planı tərtib edildiyi dövrdə torpaq sahəsini iddiaçının mülkiyyətində olub-olmamasına dair müstəsna məlumat bazasına malik inzibati orqan tərəfindən tərtib edilmiş kadastr planı mötəbərdir, ləğv edilməmişdir. Məhkəmə, əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Abşeron Rayon Donuzkökəltmə sovxozunun 19 avqust 1991-ci il tarixli, 108 nömrəli əmrində İddiaçı adı aşkar olunmaması hal-hazırda mübahisə obyekti deyildir. Belə ki, iddiaçının özü tərəfindən təqdim edilmiş əmrdə onun adı qeyd olunmuşdur və eləcə də AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş “kadastr planı” sənədi qüvvədədir. Belə ki, vaxtı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi mübahisə predmenti olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılmasını təsdiq edilmişdir ki, onun əsasında duran sənədin mötəbərliyi, arxivdə çıxmasa belə, ayrıca mübahisələndirilmədiyindən iddianın təminini istisna etmir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla bağlı qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daşınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 600 kv. metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar