Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7384/2022 27.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı «iddiaçıya bakalavr səviyyəsində təhsil barədə dövlət sənədinin verilməsi»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinə qarşı «iddiaçıya bakalavr səviyyəsində təhsil barədə dövlət sənədinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş saylıır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmilş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, İddiaçı 2017-ci ildə keçirilən ali təhsil müəssisələrində qəbul imtihanında iştirak etmiş və müvafiq göstəricilər əsasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin “tikinti-iqtisad” fakültəsinin biznesin təşkili və idarə olunması ixtisasına əyani təhsil üzrə qəbul olunmuşdur. Təhsil müddəti ərzində tədris olunan fənlər üzrə keçirilən imtahanlardan müvəffəqiyyətlə keçmiş və bununla da təhsilin nəzəri və təcrübi hissəsini tam başa vurmaqla yekun attestasiya – dövlət imtahanına hazır olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2021-ci il tarixli 158 nömrəli qərarı ilə xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbə təhsil müddətində əldə etdiyi nəticələrə (ÜOMG-yə) uyğun olaraq dövlət attestasiyasından keçmiş heab olunmuşdur. Bundan sonra, iddiaçı 2021-ci ilin iyul ayında çağırış üzrə müddətli həqiqi hərbi xidmətə daxil olmuş və hal-hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmətini davam etdirir. Lakin bu günədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları»nın 4.1-ci bəndinə əsasən məzunlara ali təhsil müəssisəsini bitirdikdən sonra 10 gün müddətində verilməli olan ali təhsil haqqında sənəd – diplomun ona verilməsi təmin olunmamışdır. İddiaçının diplomun verilməsi ilə bağlı cavabdehə müraciətləri müsbət qarşılanmamış və ondan hərbi xidmət müddəti başa çatdıqdan sonra yekun dövlət attestasiyasında iştirak etmək tələb olunmuşdur. Cavabdehin mövqeyi əsassız və qanunsuzdur, iddiaçının subyektiv hüquqlarını pozur, ayrı-seçkilik və süründürməçilik xarakteri daşıyır. İddiaçının cavabdehı ünvanladığı 28 yanvar 2022-ci il tarixli müraciətlə bu qanunsuz hərəkətlərə son qoyulmasını və ali təhsil haqqında sənədin ona təqdim edilməsinin təmin olunmasını xahiş etmişdir. Lakin bu günədək həmin müraciətə cavab verilməmişdir. Göstərilənlərə və «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 12, 22-ci maddələrinə, İPM-in 33.1, 45 – 47-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2021-ci il tarixli 158 nömrəli qərarının 4.7-ci bəndinə, 29 aprel 2010-cu il tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları»nın 4.1-ci bəndinə, 30 mart 1995-ci il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələri haqqında Əsasnamə»nin 42-ci bəndinə əsaslanaraq, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan Azərbaycan Memarlıq və İnşaat Universitetinin tikinti-iqtisad fakültəsinin biznesin təşkili və idarə olunması ixtisası üzrə bakalavr səviyyəsində bitirdiyi barədə dövlət sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinin üzərinə qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinin məhkəməyə ünvanlanmış 17 may 2022-ci il tarixli məktubunda iddia ilə bağlı bildirilir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tikinti-iqtisad fakültəsinin 787a (ixtisası biznesin idarə olunması) qrup tələbəsi İddiaçı akademik borcu olduğu üçün (dövlət imtahanı) ona diplom verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 nömrəli qərarının 3.2.5-ci bəndinə əsasən bütün hallarda tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır. İddiaçı 2020/2021-ci tədris ilinin yaz semestrinə qədər 3 fəndən, yəni statistika – 5 kredit, biznesin əsasları – 5 kredit, ehtimal nəzəriyyəsi və riyazi statistika – 5 kredit, cəmi 15 kredit borcu qalmışdır. Tələbənin semestr ərzində aldığı kreditlərin cəmi 30 kredit (21 kredit istehsalat təcrübəsi və 9 kredit dövlət imtahanı) təşkil edir. Göstərilən fənlərdən tələbə alt dərsə yazılmış (15 kredit) və istehsalat təcrübəsini (21 kredit) vermişdir. Bu isə, semestr ərzində 36 kredit təşkil etmişdir. Müvafiq qərara əsasən bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır. Onun kreditlərinin saylı isə, 45-dir (36 + 9). Ona görə də tələbə dövlət imtahanına buraxılmamış və Universiteti bitirə bilməmişdir. Tələbə dövlət imtahanına ayrılmış 9 kreditdən istifadə etmiş və yalnız 6 kreditin pulunu ödəmişdir. Yeni tədris ilində növbəti dövlət imtahanı təşkil edildikdə, o, artıq hərbi xidmətdə idi. Valideynləri yeni tədris ilində Universitetə müraciət etmiş və onların müraciəti müvafiq qərara əsasən cavablandırılmışdır. Hal-hazırda tələbə hərbi xidmətdədir və buna görə onun üçün Dövlət imtahanı təşkil oluna bilməz. İddiaçı həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra 9 kredit (2.300 : 60 x 9 = 345 manat) ödəməklə Dövlət imtahanına buraxıla bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən attestasiya – hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin (dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) təhsilverənlər istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi prosedurudur. Həmin Qanunun 1.0.17-ci maddəsinə görə əlavə təhsil – vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsildir. Həmin Qanunun 1.0.53-cü maddəsinə görə universitet – ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlığını, orta ixtisas və, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsidir. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Hər bir təhsil pilləsi və səviyyəsi (məktəbəqədər təhsil pilləsi və ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi istisna) olmaqla yekun attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatır. Həmin Qanunun 27.1-ci maddəsinə görə təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 75 nömrəli qərarı ilə «Ali təhsil pilləsinin dövlət standartı və proqramı» təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 158 nömrəli 5 iyun 2021-ci il tarixli qərarı ilə «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 7.4-cü bəndində aşağıdakı dəyişikliklər edilmişdir: - üçüncü və dördüncü abzaslar aşağıdakı redaksiyada verilsin: “Ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Bakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»na əsasən müəyyən edilmiş X2 Göstəricisinə) uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar. Attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr üçün dövlət attestasiyası təşkil edilir.”. «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 7.4-cü bəndinə əsasən ayrıayrı ixtisaslar üzrə təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilmə səviyyəsi və keyfiyyəti müvafiq qaydalar əsasında cari, aralıq və dövlət attestasiyası zamanı müəyyənləşdirilir. Təhsilalanların cari, aralıq və dövlət attestasiyası zamanı biliyinin qiymətləndirilməsi çoxballı (100 ballı) sistemlə həyata keçirilir. Konkret fənn üzrə semestr ərzində toplanmış balın yekun miqdarına görə təhsialanların biliyi aşağıdakı kimi qiymətləndirilir: 51 baldan aşağı “”qeyri-kafi, 51 – 60 bal “qənaətbəxş”, 61 – 70 bal “kafi”, 71 – 80 bal “yaxşı”, 81 – 90 bal “çox yaxşı”, 91 – 100 bal “əla”. Ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 82 nömrəli 29 aprel 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası»nın 4.1-ci bəndinə görə diplom məzunlara ali təhsil müəssisəsini, AMEA-nı bitirdikdən sonra 10 gün müddətində verilir. Qaydanın 4.2-ci bəndinə görə diplom və diploma əlavə və ya onların dublikatları sahiblərinə şəxsən təqdim edilir. Diplomun məzuna şəxsən təqdim edilməsi mümkün olmadıqda, diplom məzunun qanuni nümayəndəsinə və ya məzunun adından çıxış edən digər şəxsə müəyyən olunmuş qaydada tərtib olunmuş etibarnamə əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 3.2.5-ci bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 257 nömrəli 14 iyun 2017-ci il tarixli qərarı ilə aşağıdakı redaksiyada verilmişdir: - “3.2.5. Tədrisə tam cəlb olunan (fulltime) tələbəyə əlavə fənn (fənlər) də seçməyə icazə verilir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir. Dövlət sifarişi ilə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən bu Qaydaların 3.2.11-ci yarımbəndinin tələbləri nəzərə alınmaqla, təhsil aldığı ixtisas üzrə əlavə fənn (fənlər) seçməyə icazə verilir. Bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır. Göründüyü kimi, mövcud qanunvericilik normaları təhsil müəssisəsində bakalavr səviyyəsini bitirən şəxslərə müvafiq qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədinin verilməsini nəzərdə tutur. 5 iyun tarixdə isə, «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»na müvafiq dəyişiklik edilmiş və həmin dəyişikliyə görə bakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə uyğun olaraq dövlət attestasiyasından keçmiş hesab olunurlar. İş materiallarında olan Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindın verilmiş “Məğbul kitabçasından çıxarış”a əsasən İddiaçı X2 göstəricisi (ÜOMG) 65.16 baldır, kreditlərinin ümumi miqdarı isə, 231-dir. Məhkəmə işin fakiti hallarına mövcud qanunvericilik normalarının, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 158 nömrəli 5 iyun 2021-ci il tarixli qərarını və «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın müddəalarını (tətbiq edərək, habelə mövcud inzibati ptaktikanı nəzərə alaraq belə qənaətə gəlir ki, Universitetin tədris planının müvafiq şərtlərini yerinə yetirmiş tələbə kimi hazırkı iddiaçının X2 göstəricisi 65.16 bal təşkil etdiyindən, o, dövlət attestasiyasından keçmiş hesab olunur və ona ixtisası üzrə bakalavr səviyyəsində təhsilini bitirməsi barədə dövlət sənədi verilməlidir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Memarlıq və İnşaat Universitetinin Universitetinin iddiaçıya həmin təhsil müəssisəsinin tikinti-iqtisad fakültəsinin biznesin təşkili və idarə olunması ixtisası üzrə bakalavr səviyyəsində bitirməsi barədə dövlət sənədinin verilməsindən imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan Azərbaycan Memarlıq və İnşaat Universitetinin tikinti-iqtisad fakültəsinin biznesin təşkili və idarə olunması ixtisası üzrə bakalavr səviyyəsində bitirməsi barədə dövlət sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1, 58.7, 75, 81, 85-ci maddələrinə əsaslanaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan Azərbaycan Memarlıq və İnşaat Universitetinin tikinti-iqtisad fakültəsinin biznesin təşkili və idarə olunması ixtisası üzrə bakalavr səviyyəsində bitirməsi barədə dövlət sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7384/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7384/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver