Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7385/2021 14.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin payçılar arasında bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi:
1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən həyətyanı sahənin onun, bacısı X4 və qardaşı X1 arasında qanuni olaraq hər birinin payı 1/3 hissə olaraq cavabdeh tərəfindən bölünməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Buzovna qəsəbəsi, Malik Musayev küçəsində yerləşən 24 nömrəli yaşayış evi hüquq sahibləri kimi qardaşı X2, bacısı X4 və onun arasında hər birinin payı 1/3 hissə olmaqla bölünmüşdür. Həmin evin həyətyanı sahəsi təxminən 0,018 hektardır və aralarında razılaşma olmaması ilə bağlı indiyə kimi bölünməmişdir.
3. Cavabdeh iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim etməmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının hazırkı tələb ilə əvvəlcə cavabdeh orqana müraciət etmədiyini bildirərək, iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır.
7. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Xidmət daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 2-ci hissəsinə əsasən Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; 2.0.3. daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir; 2.0.4. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil edir
8. Göründüyü kimi, iddiaçının cavabdeh qismində göstərdiyi orqanın səlahiyyətlərinə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin aparılması aiddir.
9. İddiaçı hazırda onun və ailə üzvlərinin paylı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin onlar arasında bölünməsinin cavabdehə həvalə edilməsini tələb edir ki, yuxarıda qeyd olunanlardan görünür ki, cavabdehin belə bir səlahiyyəti mövcud deyil.
10. İşin hallarından görünür ki, iddiaçının hazırda hüquqi marağı həmin torpaq sahəsi ilə bağlı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına yönəlmişdir.
11. Belə bir iddia öhdəliyin icrası haqqında iddiaya aiddir ki, iş materiallarından İddiaçının belə bir tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi müəyyən olunmur. Bununla bağlı 21.06.2021-ci il tarixdə iddiaçıya hüquqi yardım göstərilmiş, lakin İddiaçı müvafiq sənədləri məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında iddiaçı cavabdeh orqana ümumiyyətlə müraciət etmədiyini bildirmişdir. Belə olan halda İPM-in 13-cü maddəsinə uyğun olaraq iddiaçının hüquqi marağına uyğun yanlış iddia növünün münasibi ilə əvəz olunmasında yardım edilməsi əhəmiyyətsizdir.
12. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
14. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova