Məhkəmə qərarları › İş №2-1(112)-7386/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7386/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7386/2023 14.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı “avtomobilə dair qeydiyyat hərəkətlərinin aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı “avtomobilə dair qeydiyyat hərəkətlərinin aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 14 sentyabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı mülkiyyətində olan “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilin rəsmiləşdirilməsinə dair cavabdehə etdiyi müraciət həmin avtomobilin İsveç Krallığında oğurlandığı üçün “İNTERPOL” tərəfindən axtarışda olması əsası ilə təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV80D117528 ban nömrəli, qara metalik rəngli avtomobilə dair qeydiyyat hərəkətləri aparılmaqla, həmin nəqliyyat vasitəsinin alqısatqısının (özgəninkiləşdirilməsinin) rəsmiləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV80D117528 ban nömrəli, qara metalik rəngli avtomobil xx.xx.2022-ci il tarixdə gömrük dəyəri ödənilməklə gömrük ekspertizası idarəsinin inspeksiya xidməti orqanı tərəfindən texniki eyniləşdirmə şəhadətnaməsinə əsasən qeydiyyatdan keçmiş və xx.xx.2022-ci il tarixdə həmin avtomobilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən ** EV *** dövlət qeydiyyat nişanı verilməklə iddiaçının mülkiyyəti kimi qeydə alınmışdır. Bu barədə Azərbaycan Respublikası BDYPİ tərəfindən qeyd edilən avtomobilə, xx.xx.2022-ci il tarixli, “BB 288568” nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. 13 oktyabr 2022-ci il tarixdə BDYPİ-də avtomobili texniki müayinədən keçirib alqı-satqı müqaviləsi bağlamaq istəyərkən avtomobilin “İnterpol” xətti üzrə İsveç Krallığının müvafiq orqanları tərəfindən axtarışda olması bildirilmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili teleqramla məhkəməyə müraciət edərək, səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilmədiyini qeyd etmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materialları ilə müəyyən olunur ki, “Toyota RAV-4” minik markalı, ** EV *** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı, universal tipli, C1050506 mühərrik nömrəli, JTMREREV80D117528 ban nömrəli, qara metalik rəngli avtomobil iddiaçının mülkiyətindədir. İNTERPOLUN Baş Katibliyindən alınan məlumata görə, həmin avtomobil xx.xx.2022-ci il tarixdə İsveç Krallığında oğurlanmış və xx.xx.2022-ci il tarixdə təşkilatın “e- ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Qeyd edilən fakt üzrə iddiaçının əməlində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Tətbiq edilən hüquq: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ hissə. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir; V hissə. Bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, mübahisəli avtomobilin oğurlanması və bununla bağlı beynəlxalq axtarışda olması faktına əsaslanmaqla cavabdeh inzibati orqan avtomobilin istifadəsinə və özgələşdirilməsinə məhdudiyyət qoymaqda haqlı olmuş, bu zaman inzibati orqanın hərəkətləri “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmuşdur. Beləliklə, yuxarıda şərh olunanlardan müəyyən olunur ki, mübahisəli avtomobil oğurlanmış avtomaşın kimi beynəlxalq dövlətlərarası axtarışda olan nəqliyyat vasitələrinin siyahısında qalmaqda davam edir. Əslində, bu haldan çıxış etməklə, inzibati orqan öz təşəbbüsü əsasında (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsi) inzibati icraat başlamaqla iddiaçının adına reyestrdə qeydiyyat aparılmaqla verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğvi məsələsinə baxa bilər. Lakin, hazırkı işin hallarından görünür ki, inzibati orqan hələ ki, belə bir icraat başlamamışdır. Buna baxmayaraq məhkəmə qeyd edir ki, sözügedən icraatın başlanılmaması və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin qüvvədə olması cavabdeh inzibati orqanı avtomobilə münasibətdə hazırkı məhdudiyyətləri tətbiq etməyə mane olmur. Belə məhdudiyyətin tətbiqinin əsası avtomobilin oğurluq olması faktının mövcud olmaqda davam etməsi halından irəli gəlir. Eyni zamanda, qeyd etmək lazımdır ki, həmin məhdudiyyətin götürülməsi mülki dövriyyənin vicdanlı iştirakçılarına (avtomobilin mümkün satılması halında onu əldə edəcək üçüncü şəxslərə) ziyan vurulmasına da gətirib çıxara bilər. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə qarşı “avtomobilə dair qeydiyyat hərəkətlərinin aparılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar