Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7387/2022 20.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0364 №li, xx.xx.2012-ci il tarixli əmrinin qanunsuz olduğuna görə ləğv edilərək İddiaçı həqiqi hərbi xidmətə bərpa edilməsinin məhkəmə qaydasında təmin edilməsi barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən 11 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya hüquqi yardımın göstərilməsi barədə məktub ünvanlanaraq, Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddətə əməl edilməli olduğu izah edilmişdir. İddianın mümkünlüyü məsələsinin həll edilməsinə dair məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, bildirdi ki, iddiaçının N nömrəli hərbi hissədə yazdığı raport əsasında həqiqi hərbi xidmətdən öz istəyilə ehtiyyata buraxılmağı barədə müvafiq məhkəmələrin (Bakı şəhəri, Səbail rayon məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi) qərarları olsa da, həmin qərarlar düzgün icra edilməmiş, qanunsuz olaraq xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi, vəkil Nümayəndə izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini buraxmışdır. Hazırki halda iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0364 №li, xx.xx.2012-ci il tarixli əmrinin ləğv edilməsi edilməsini tələb edir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Səbail rayon Məhkəməsinin 18 fevral 2011-ci il tarixli, 2(009)-126/2011 saylı Qətnaməsinə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı Silahlı Qüvvələrin sırasından ehtiyata buraxılmasına dair iddia tələbi təmin olunaraq İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən tərxis olunmasına dair əmrin verilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qət edilmiş, istinad olunan qətnamə Bakı Apellyasiya Məhkəməsinin 25 may 2011-ci il tarixli 2(103)-2242/2011 saylı Qətnaməsinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İddiaçının dəlillərinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0364 №li, xx.xx.2012-ci il tarixli əmri qanunsuz olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə işin halları ilə müəyyən edilir ki, iddiaçı qanunsuz hesab etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0364 №li, xx.xx.2012-ci il tarixli əmr barəsində qəbul edildiyi vaxtdan məlumatlı olsa da, lakin həmin vaxtdan sonra qanunvericiliyə əsasən müəyyən edilmiş müddət ərzində heç bir hərəkət etməmiş, əmrin mübahisələndirilməsi ilə bağlı hazırki iddia tələbi ilə 01 aprel 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. O cümlədən məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi və vəkili ləğv olunması tələb olunan əmrdən iddiaçının məlumatlı olmasına baxmayaraq, əmrin qəbul edildiyi vaxtdan 10 ilə yaxın müddətin ötməsini uzun müddət sürən xəstəliyi ilə əlaqədar mübahisələndirə bilmədiyini qeyd etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə hazırki mübahisəyə tətbiq edilə bilməz. Belə ki, sözügedən əmrdən əmrin qəbul edildiyi tarixdən məlumatlı olmuş, lakin həmin əmri qanunla müəyyən edilmiş 30 gün müddəti ötürməklə mübahisələndirmişdir. İddiaçı uzun sürən xəstəliyi ilə əlaqədar əmri mübahisələndirə bilmədiyini qeyd etsə də, buna dair əsaslı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı sözügedən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0364 №li, xx.xx.2012-ci il tarixli əmrini mübahisələndirmək imkanını itirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müddətin buraxılmasına səbəb olmuş hallara dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, qəbul edilmiş inzibati aktı şərtləndirən hallar həmin dövr ərzində iddiaçıya məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət olunmadığından hazırkı iddia mümkün sayıla bilməz. Beləliklə, hazırkı iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərti ödənilmir və buna görə də hazırkı iddia mümkün sayılmamalıdır. Bütün göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 38, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Hakim Fərid Mədətli