Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7388/2022 02.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1rşı “sənədlərin dublikatının verilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin ona verilmiş rədd cavabının qanunsuz hesab edilməsi, 1999-cu il 15 aprel tarixində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun ərazisində ona ayrılmış torpaq sahəsinə dair sənədlərin - sərəncamdan çıxarışın, əmrdən çıxarışın və cizgi sxeminin dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərində qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamına əsasən İddiaçı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə Buzovna tərəvəzçilik-südçülük sovxozunda 0,10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X2nin müvafiq əmri ilə sözügedən torpaq sahəsində plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidə iddiaçıya 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması müəyyən edilmiş və həmin torpaq sahəsinin cizgi sxemi verilmişdir. Ayrılmış torpaq sahəsi iddiaçı tərəfindən hasara alınmış və uzun müddət istifadəsində olmuşdur. Bir müddət öncə bu torpaq sahəsini özəlləşdirmək istərkən ona dair sənədlərin əsillərinin itdiyi məlum olmuşdur. Torpaq sahəsinin ayrılmasına dair hüquqi sənədlərin dublikatını almaq məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Oradan ona bildirmişlər ki, adıçəkilən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2nin balansına verilmişdir. Daha sonra iddiaçı sənədlərin dublikatını əldə etmək üçün həmin müəssisəyə rəsmi müraciət ünvanlamışdır. Müəssisənin 18 avqust 2021-ci il tarixli, 184 saylı cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsinə dair əmrin əsli təqdim olunmadıqda yeni sənəd və cizgi sxeminin yenidən verilməsi mümkün deyildir”. İddiaçıya verilən cavab qanunsuzdur, əsassızdır və hüqüqlarının pozulmasına gətirib çıxarır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, vətəndaş İddiaçı AR Pİİ-nin X2 tərəfindən torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına dair sənəd 1 (bir) nüsxədən tərtib olunaraq, vətəndaşa təqdim olunmuşdur. Müəssisədə yalnız torpaq sahəsinin ayrılmasına dair məlumatlar aparılmışdır. İddiaçı müəssisəyə müraciət etmişdir. Müraciət ilə bağlı əsasında müəyyən olunmuşdur ki, İddiaçı adına torpaq sahəsinin ayrılmasına dair əmrdən çıxarışın əsli itirilmişdir. KTM-si inzibati orqan olmadığı üçün həmin sənədin dublikatını təqdim edə bilmir. “X2”nin balansında olan torpaq sahələrinin çox hissəsi 1989-cu ildən başlayaraq 2003-cü ilədək müəssisənin keçmiş rəhbərliyi tərəfindən qanunsuz olaraq fiziki şəxslərə fərdi ev tikmək üçün satılmış və 2010-cu ildə keçmiş rəhbərlik cinayət məsuliyyətinə cəlb olunmuşdur. Burada məskunlaşmış vətəndaşların torpaq üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün çoxsaylı müraciətlərindən sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən 30 oktyabr 2015-ci ildə Fərman verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli Fərmanının 2.5-ci bəndinə əsasən vətəndaş fərdi şəkildə sənədin əsli ilə müraciət etdikdən sonra “X2” tərəfindən vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda və məhkəmə mübahisəsi olmadığı halda arxiv arayışı və plan-cizgi Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2nin xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrindən çıxarışın kserosurətinə əsasən plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən İddiaçı həyətyanı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2nin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 184 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsinə dair əmrin əsli təqdim olunmadıqda yeni sənəd və cizgi sxeminin yenidən verilməsi mümkün deyildir. Beləliklə, iddiaçının iddiasına görə Abşeron Rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamına əsasən Buzovna tərəvəzçilik-südçülük sovxozunda 0,10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X2nin müvafiq əmri ilə iddiaçıya 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılması müəyyən edilmiş və həmin torpaq sahəsinin cizgi sxemi verilmişdir. İddiaçı torpaq sahəsinin ayrılmasına dair hüquqi sənədləri itirdiyindən torpaq sahəsinə dair həmin sənədlərin dublikatının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2nə həvalə edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. -4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 inzibati icraat qanunvericiliyinə əsasən inzibati orqan deyildir, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda inzibati orqan kimi göstərilməmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2nin nizamnaməsinin: - 1.1-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 01 noyabr 2000-ci il tarixli 45 saylı sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan Buzovna Tərəvəzçilik-Südçülük sovxozu ləğv edilmiş və onun bazasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 yaradılmışdır. -1.3-cü bəndinə görə müəssisə müstəqil hüquqi şəxsdir, müstəqil balansa malikdir, onun dairəvi möhürü, künc ştampı, respublika bank təşkilatlarında hesablaşma və başqa hesabları müəssisənin adı yazılmış blankı vardır. -2-ci bəndinə görə müəssisə qanunvericilikdə nəzərdə tutulan hallarda müvafiq dövlət qurumlarından xüsusi lisenziya aldıqda və qadağan olunmayan hallarda aşağıakı fəaıiyyət ilə məşğul ola bilər: -Kənd təsərrüfatı məhsullarının (heyvandarlıq, bitkiliçilik və s.) istehsalı, emalı, alınması, satılması və digər xidmətlərin göstərilməsi, -Ət və süd məhsullarının istehsalı və emalı -Sərinləşdirici alkoqolsuz içkilərin və şirələrin istehsalı və satışı -Çörək və qənnadı məmulatlarının istehsalı və satışı Müəssisə Azərbaycan Respublikası qanunvericilik aktları ilə qadağan edilməyən digər təsərrüfat fəaliyyəti ilə məşğul ola bilər. Göründüyü kimi cavabdeh qismində qoyulmuş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2nin nizamnaməsindən onun hər hansı inzibati hüquq fəaliyyəti həyata keçirdiyi görünmür. Hətta cavabdeh qurum iddiaya etirazında da özünün inzibati orqan olmadığını bilavasitə vurğulamışdır. Belə olan halda ilk növbədə tələbin yönəldiyi cavabdeh inzibati hüquq fəaliyyətini həyata keçirən inzibati orqan kimi nəzərdə tutulmadığından ona münasibətdə iddia inzibati məhkəmə icraatında mümkün deyildir. Bundan əlavə iddiaçının iddia tələbinin hüquqi təbiətinə görə də publik hüquqla bağlılığı müəyyən olunmur. Belə ki, “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 9-cu maddəsinin 3, 4, 5-ci bəndlərinə əsasən əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir. Göründüyü kimi sovxozların torpaqlarından pay almaq hüququ olan subyektlər həm də sovxozlarda daimi işləyən şəxslərdir. Həmin şəxslərə sovxoz rəhbərliyinin əmri və yaxud sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq X2 rəhbərinin (direktor və s.) əmri əsasında torpaq ayrılır. Hazırkı halda cavabdeh Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun bazasında yaradılmış kənd təsərrüfatı müəsisəsidir ki, onun da sovxoz işçisinə torpaq ayırma barədə sənədlərin arxiv arayışının və yaxud təkrar təsdiq edilmiş dublikat surətinin verilməsi tələbi publik hüquqdan deyil, torpaqayırmanın kökündə dayanan işçi-əmək münasibətlərindən irəli gələn mülki hüquq xarakterlidir. Beləliklə, hazırkı iddianın inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan subyektinə və predmetinə dair mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkünsüz sayılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1rşı “sənədlərin dublikatının verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7388/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7388/2022
02.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver