Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7389/2024 10.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı "qərarın ləğv edilməsi və Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 29 yanvar 2024-cü il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikasına mənsubiyyətinin tanınmasına dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 16 yanvar 1992-ci ildə Azərbaycan Respublikasında, Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə Sumqayıt şəhəri Qeydiyyat şöbəsində doğum haqqında akt qeydiyyatı kitabında 11 fevral 1992-ci il tarixdə 811 nömrəli qeyd aparılmışdır. İddiaçı onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin 29 yanvar 2024-cü il tarixli, ******* nömrəli qərarına əsasən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı İvanoviddiaçının digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmişdir. Qərar tamamilə əsassız olduğu üçün ləğv edilməli, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. Bekə ki, iddiaçı Azərbaycan Respublikasında doğulub, həmçinin onun valideynləri Azərbaycan SSR vətəndaşı olub və Azərbaycan Respublikası da Azərbaycan SSR-nin hüquqi varisi olduğu üçün Azərbaycan SSR-nin vətəndaşları da Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. Qeyd edilən bu 2 hal iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsas olmalı idi. Lakin, cavabdeh orqan əsassız olaraq iddiaçının Azərbaycan Respublikasına mənsubiyyətini tanımaqdan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2024-cü il tarixli sorğusu əsasında onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar sorğulara baxılarkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndində nəzərdə tutulan hallar mövcud olduğu təqdirdə sözügedən Qaydanın 4.4-cü bəndində göstərilmiş şərtlər yoxlanılır. Həmin bəndin tələbinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin birinci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Beləliklə müəyyən edilir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin əsas məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. İddiaçı isə hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Odur ki, göstərilənlərə əsaslanaraq məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçıya məxsus xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı 256241 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.1992-ci ildə Sumqayıt şəhərində doğulmuşdur, atası rus milliyətli X4, anası rus milliyətli X1. İİ-ДН seriyalı, 860467 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən 06 aprel 1967-ci il tarixdə Azərbaycan Respublikasının Sumqayıt şəhərində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı iddiaçının atası X4 xx.xx.2017-ci il tarixdə Stavropol şəhərində vəfat etmişdir. Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının anası X3 Rusiya Federasiyasının vətəndaşıdır. Rusiya Federasiyası vətəndaşının 66 № ******* nömrəli pasportundan görünür ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. İşdə olan ərizə-anketdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli ******* saylı qərarından görünür ki, 16 yanvar 1992-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Məhkəmə prose iştirakçılarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Öncə qeyd edilməlidir ki, hazırkı mübahisənin həll edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşlığının əldə edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyət anlayışları fərqləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində göstərilir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmişdir ki, şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Həmin Qanunun 14-cü maddəsi Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, 15-ci maddəsi isə Azərbaycan Respublikasının vətəndaşlığına bərpa ilə bağlı məsələləri tənzimləyir. Göründüyü kimi şəxs doğulduğu andan Azərbaycan Respublikası vətəndaşlığını əldə edə bilər. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilə bilər. Eyni zamanda əvvəllər Azərbaycan Respublikası vətəndaşı olmuş şəxs yenidən vətəndaşlığa bərpa edilə bilər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsi isə “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət” adlanır. Həmin maddədə qeyd olunur ki, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qanunun qeyd olunan müddəalarından görünür ki, şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti o zaman müəyyən olunur ki, onun Azərbaycan Respublikası vətəndaşı sayılmasına əsas verən hallar mövcud olsun, lakin vətəndaşlıq hüququ verən sənədləri səlahiyyətli dövlət orqanlarından əldə etmək imkanında olmasın və ya həmin sənədlərin qanuniliyinə şübhələr mövcud olmuş olsun. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nda göstərilmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir (1.2.). Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir (1.3.). Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır (2.1.). “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (4.4.). “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsi isə Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi ilə bağlıdır. Həmin maddədə göstərilir ki, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Göründüyü kimi “Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi” Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsasdır. İş materiallarından görünür ki, iddiaçı hal-hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Belə olan halda onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması iddiaçının ikili vətəndaşlığının meydana çıxmasına səbəb olar. İddiaçı yalnız Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilə bilər ki, bununla bağlı qanunvericilikdə ayrıca prosedur müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-7389/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7389/2024
10.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver