Məhkəmə qərarları › İş №2-1(112)-739/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-739/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-739/2022 23.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının hüquqi varisi X1, cavabdehin nümayəndəsi X14, üçüncü şəxs X15, üçüncü şəxs Arif Kəlbala oğlunun, üçüncü şəxslər D.Məlikova və Arif Kəlbala oğlunun vəkili X16 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X22, Arif Kəlbala oğlu və Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyi) “arayışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, E.A.Əlibəyov küçəsi 74 saylı evin 2 saylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-595/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı Məmmədhüseyn qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, E.A.Əlibəyov küçəsi 74 saylı evin 2 saylı mənzilinin İddiaçı Məmmədhüseyn qızının adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar, ondan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən qanuni qüvvəyə minmişdir və icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********79 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-595/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının icrası təmin edilmiş, ünvan 2 ünvanına dair İddiaçı adına ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli elektron çıxarış hazırlanmışdır. X22 və Arif Kəlbala oğlu ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-595/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı onların qanunla qorunan maraqlarına toxunduğuna görə onların inzibati iş üzrə üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmələrini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-595/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair 2-1(81)-595/2019 saylı inzibati iş üzrə Arif Kəlbala oğlu və X22 tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1029/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəçilər Arif Kəlbala oğlu və X22 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-595/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosesual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1796/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 iyun tarixli, 2-1(103)- 1029/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-595/2019-cu il saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» tələbinə dair inzibati iş üzrə Arif Kəlbala oğlu və X22 tərəfindən verilmiş inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə barədə vəsatət təmin edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-595/2019 saylı 04 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, Arif Kəlbala oğlu və X22 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İddiaçı vəfat etdiyi üçün iddiaçı onun hüquq varisi (oğlu) X4 ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanının İddiaçı aid hissəsinə yeni ünvan verilməklə həmin ünvana mülkiyyət hüququnun İddiaçı məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının hüquqi varisi X4 izahatında bildirdi ki, iddia tələbini müdafiə edir, iddiaçı onun mərhum anasıdır. İddiaçı ilə ünvan 2 ünvanına dair üçüncü şəxs Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyi arasında bağlanmış kirayə müqaviləsi mövcuddur. Həmin kirayə müqaviləsi artıq iddiaçının sözügedən ünvan üzərində hüquqmüəyyənedici sənədinin mövcudluğunu sübut edir. İddiaçı uzun müddət ailə üzvləri ilə birlikdə mübahisələndirilən ünvanda qeydiyyatda olmaqla yaşamışdır. İddia tələbi qanuni və əsaslıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X23 izahatında bildirdi ki, iddiaçı tərəfindən cavabdehə və məhkəməyə mübahisələndirilən ünvana dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X22, Arif Kəlbala oğlu və onların vəkili X24 iddia tələbini qəbul etməyərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi X27 iddiaya dair izahatında göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, E.A.Əlibəyov küçəsi 74 saylı evin 2 saylı mənzili 1950-ci ildə iddiaçının qayınanası mərhum Ə.M.Xəlilovaya verilmişdir. İddiaçının özü həmin mənzilə gəlin gələrək 1978-ci ildən orada qeydiyyatda olmaqla daimi yaşayır. Onunla Səbail rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi arasında kirayə müqaviləsi bağlanmış, onun adına şəxsi maliyyə vərəqəsi açılmışdır. İddiaçı öz ailə üzvləri ilə həmin mənzildən uzun müddətdir istifadə edir, mənzil kirayə haqqını və kommunal xidmətlərə görə ödənişləri vaxtında ödəyir, borcu yoxdur. Mənzil özəlləşdirilməmişdir. Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi iddiaçının həmin yaşayış sahəsində qanunsuz yaşadığına dair iddia müddəti çərçivəsində heç bir zaman etirazını bildirməmişdir, yəni iddiaçının mənzildə qanuni yaşadığını qəbul etmişdir və mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etmir. Buna görə də mənzilin dövlət reyestrində qeydə alınaraq, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti ünvan 4 ünvanlanmış 99 nömrəli, xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilir: Sizə bildiririk ki, E.A.Əlibəyov qardaşları küçəsi 74 saylı ev 1910-cu ildə tikilmişdir, 2 mərtəbəli 4 mənzilli yaşayış binasıdır və Səbail rayon MKTB-nin balansındadır. Həmin evin 2 saylı mənzili 1-ci mərtəbədə yerləşir. 1950-ci illərdə İddiaçı Məmmədhüseyn qızının qayınanası X7 verilmişdir. Sonradan həmin mənzilin daxilində yanğın baş vermiş və bütün sənədlər də mənzildəki ev əşyaları ilə birlikdə yanmışdır. Yanğın hadisəsindən sonra digər sənədlərini bərpa etdirsələr də, mənzilin sənədlərini əldə edə bilməmişlər. X9 1978-ci ildə vəfat etmişdir. Onun oğlu yəni İddiaçı həyat yoldaşı X5 da 2015-ci ildə vəfat etmişdir. İddiaçı Məmmədhüseyn qızı 1978-ci ildən 2 saylı mənzildə pasport qeydiyyatındadır, hal-hazırda 7 nəfər ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayırlar və qeydiyyatdadırlar. Əlavə olaraq bildiririk ki, 2 saylı mənzil şəxsi maliyyə vərəqinə əsasən 2 yaşayış otağı sahəsi 17,5 kv.m, ümumi sahəsi 65,2 kv.m olmuşdur. Mənzildaxili təmir və yenidənqurma işləri aparıldıqdan sonra faktiki olaraq mənzil 2 yaşayış otağı sahəsi 32,6 kv.m, ümumi sahəsi isə 65,2 kv.m-dən ibarətdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd olunur: ünvan 6 ünvanında yerləşən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı poçt vasitəsi ilə göndərilmiş ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizənizə baxılmışdır. Ərizənin icrası zamanı məlum olmuşdur ki, sözügedən mənzilə dair İddiaçı Məmmədhüseyn qızının adına heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməyib. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan (Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1957-ci il tarixli, 17/401 nömrəli qərarı ilə təsdiq edilmiş) xx.xx.2013-cü il tarixli Evlər idarəsi Bakı şəhəri Səbail rayonu 46 saylı MKİS ilə İcarəçi İddiaçı arasında bağlanmış müqavilənin surətindən görünür ki, Evlər idarəsi E.A.Əlibəyovlar küçəsində 74 saylı evin 2 saylı mənzilini İcarəçinin istifadəsinə vermişdir. Müqavilənin müddəti xx.xx.2018-ci ildə qurtarır. İş materiallarında olan (Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1957-ci il tarixli, 17/401 nömrəli qərarı ilə təsdiq edilmiş) xx.xx.2018-ci il tarixli Evlər idarəsi Bakı şəhəri Səbail rayonu MKTB ilə İcarəçi İddiaçı arasında bağlanmış müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Evlər idarəsi E.A.Əlibəyovlar küçəsində 74 saylı evin 2 saylı mənzilini İcarəçinin istifadəsinə vermişdir. Müqavilənin müddəti xx.xx.2019-cu ildə qurtarır. Həmin ünvana dair Şəxsi hesab vərəqəsindən görünür ki, İddiaçı 1978-ci ildən ailə üzvləri ilə bərabər həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti Səbail rayon MKTB 46 saylı MKİS-nin xx.xx.2018-ci il tarixli 832 saylı arayışından görünür ki, İddiaçı həqiqətən Əlibəyov Qardaşları küçəsi 74 nömrəli evin 2 nömrəli mənzilində 1978-ci ildən 7 nəfərdən ibarət ailə tərkibi (özü, 2 oğlu, 2 qızı və 2 nəvəsi) ilə birlikdə pasport qeydiyyatındadır. İş materiallarında olan AZE seriyalı 15879331 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Arif Kəlbala oğlu xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 13991283 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X22 xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 74 saylı evin 2 saylı mənzilinə dair xx.xx.2019-cu il tarixdə İddiaçı adına texniki pasport tərtib edilmişdir (Reyestr nömrəsi **********77-05101-093002). Mənzil 2 otaq, ümumi sahəsi 65,2 kv.m, yaşayış sahəsi 32,6 kv.m. İş materiallarında olan Vİİİ-JQ seriyalı ******* nömrəli xx.xx.1981-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X5, anası X2 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş 1839 nömrəli arayışın surətindən görünür ki, X9 xx.xx.1978-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 965974 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 208682 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.2021ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 8 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin xx.xx.2021-ci il tarixli, ********** nömrəli müraciətinizə baxılmışdır. Bildiririk ki, müraciətinizdə göstərilən mənzil sahəsinin ünvan 2 ünvanı arxiv məlumatlarına əsasən təkrarlanır. Qeyd edirik ki, mənzil sahəsinə dair sənəd əsilləri ilə müraciət edəcəyiniz təqdirdə ünvan təkrarlanmasının araşdırılması və yeni qaydalarla ünvan rekvizitinin təyin olunması məsələsinə baxılacaqdır. İş materiallarında olan X13, X4, X8, X6 tərəfindən 2018-ci ilin iyul ayında verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, ərizəçilər Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsi, 74 saylı evin, 2 nömrəli mənzilinin İddiaçı adına sənədləşdirilməsinə razı olduqlarını bildirmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4590 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 74 ünvanda təqdim olunmuş sahənin 87,9 kv.m (65,2+22,7) təşkil etdiyi müəyyən edilir. Həmin 87,9 kv.m sahənin İddiaçı yaşadığı hissəsinin 65,2 kv.m və üçüncü şəxslər Arif Kəlbala oğlunun və X15 yaşadığı hissəsinin 22,7 kv.m təşkil etdiyi müəyyən edilir. ünvan 2 ünvanının İddiaçı yaşadığı hissəsi ilə üçüncü şəxslər Arif Kəlbala oğlunun və X15 yaşadığı hissəsinin üst-üstə düşmədiyi, birbirindən təcrid şəkildə ayrıldığı, ayrı-ayrı giriş qapılarının olduğu müəyyən olunur. Qeyd olunur ki, tərəflər arasında ümumi istifadədə olan sahə mövcud deyil. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. İddiaçının mübahisəli mənzilə hüquqları daha əvvəl, yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixədək - xx.xx.2009-cu ilədək yaranmışdır. Belə ki, iddiaçı qeyd olunan mənzildə 1978ci ildən qeydiyyatda olmaqla yaşamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmin qərarda göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0.8-ci və 8.0.11-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinin 2-ci hissəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci hissəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Səbail rayonu, E.A.Əlibəyov Qardaşları küçəsi, 74 saylı evin 2 saylı mənzili üçüncü şəxs Səbail rayon MKTB-nin balansındadır. İddiaçı Məmmədhüseyn qızı 1978-ci ildən həmin mənzildə pasport qeydiyyatındadır, iş materiallarında olan Səbail rayon MKTB 46 saylı MKİS-nin xx.xx.2018ci il tarixli 832 saylı arayışından da görünür ki, İddiaçı Məmmədhüseyn qızı 7 nəfər ailə üzvləri ilə birlikdə qeyd olunan mənzildə qeydiyyatda olmaqla yaşamışdır. Evlər idarəsi Bakı şəhəri Səbail rayonu MKTB ilə İcarəçi İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Evlər idarəsinin müdiri ümumi sahəsi 65,2 kv.m olan E.A.Əlibəyovlar küçəsində 74 saylı evin 2 saylı mənzilini İcarəçinin istifadəsinə vermişdir. Bundan başqa qeyd olunan ünvanda üçüncü şəxslər X22 və Arif Kəlbala oğlu da qeydiyyatdadır. Eyni zamanda cavabdeh orqanın xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanı arxiv məlumatlarına əsasən təkrarlanır. Lakin iş üzrə məhkəmə ekspertizası keçirilmişdir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, ev 74 ünvanda təqdim olunmuş sahənin 87,9 kv.m (65,2+22,7) təşkil etdiyi, həmin 87,9 kv.m sahənin İddiaçı yaşadığı hissəsinin 65,2 kv.m və üçüncü şəxslər Arif Kəlbala oğlunun və X15 yaşadığı hissəsinin 22,7 kv.m təşkil etdiyi, ünvan 2 ünvanının İddiaçı yaşadığı hissəsi ilə üçüncü şəxslər Arif Kəlbala oğlunun və X15 yaşadığı hissəsinin üst-üstə düşmədiyi, bir-birindən təcrid şəkildə ayrıldığı, ayrı-ayrı giriş qapılarının olduğu, tərəflər arasında ümumi istifadədə olan sahənin mövcud olmadığı müəyyən edilir. İddiaçı qeyd olunan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar müraciət etsə də, cavabdeh inzibati orqan iddiaçı tərəfindən sözügedən mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməməsini əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Sadalanan əsaslardan hər hansının olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İş materialları ilə də hər hansı halın mövcud olduğu müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin və dəlillərin hüquqların dövlət qeydiyyatı üçün əsas olmadığını sübut edə bilməmişdir. Qanunvericiliyin tələbi baxımından həmin sənədlər hüquqların qeydiyyatı üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. ünvan 2 ünvanının İddiaçı aid hissəsinə yeni ünvan verilməklə həmin ünvana mülkiyyət hüququnun İddiaçı məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar