Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-739/2024 30.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə müraciət edərək Xətai rayon İcra Hakimiyyəti tərəfindən ona məxsus olan Xətai rayonu, Qədir Məmmədov küçəsi 3C saylı binanın yaxınlığında quraşdırılmış mövcud 15 kv.m. ölçüdə qarajın sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi kimi 12.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi tələbini irəli sürmüşdür.
2. Məhkəmənin qərardadı ilə iş üzrə Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra Hakimiyyəti başçısının 18 mart 2016cı tarixində tərtib olunmuş 69 saylı sərəncamından çıxarışdan göründüyü kimi Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi 3C saylı binanın yaxınlığında quraşdırılmış mövcud 15 kv.m. ölçüdə qaraj iddiaçının adıına rəsmiləşdirilmişdir. Qeyd edim ki, halhazırda Xətai rayon İcra Hakimiyyəti tərəfindən abadlıq işlərinin aparılması əsası ilə həmin qaraj sökülmüşdür. Həmin qaraj sökülməmişdən əvvəl ona Xətai rayon İcra Hakimiyyəti tərəfindən hər hansısa bir məlumat verilməmiş, qarajların dəyəri isə ödənilməmişdir. Lakin həmin qaraj ona məxsus idi və orada şəxsi əşyaları saxlanılırdı, buna görə də qarajın sökülməsinə görə Xətai rayon İcra Hakimiyyəti məsuliyyət daşıyır. Həmçinin hesab edir ki, qaraj söküldüyü üçün qanunvericilik normalarına əsasən ona həmin qarajın əvəzi olaraq pul məbləği ödənilməlidir. Qarajlar söküldükdən sonra ona dəfələrlə Xətai rayon İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli К-116-126 nömrəli cavab məktubuna əsasən ona bildirilmişdir ki, müraciəti ətraflı araşdırılması üçün aidiyyəti üzrə Xətai rayon İcra Hakimiyyətinə K-116-126 qeydiyyat nömrəli məktub ilə göndərilmişdir. Lakin Xətai rayon İcra Hakimiyyətindən ona heç bir cavab verilməmişdir. Göründüyü kimi onunla qarşılıqlı razılaşma əldə edilməklə söküntü işləri görülməli olduğu halda cavabdeh tərəfin əməkdaşları onunla hər hansısa bir razılığa gəlmədən mülkiyyətində olan qarajı sökmüşdürlər. "xxxx" MMC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ona məxsus olan Bakı şəhəri Xətai rayonu Qədir Məmmədov küçəsi 3C saylı binanın yaxınlığında quraşdırılmış mövcud 15 kv.m. ölçüdə qarajın bazar dəyəri hal-hazırda 12.000 manat təşkil edir. Odur ki, hesab edir ki, 12 000 manat pul məbləği cavabdehdən tutularaq ona ödənilməlidir.
4. "xxxx" MMC-nin ME 11/099 nömrəli qiymətləndirmə hesabatının nəticə hissəsinə əsasən, əmlak Qədir Məmmədov küçəsi, 3c saylı bina ilə üzbəüz durduqda binam sağ tərəfindən 20 metr sağa yerləşir. Söküntüdən sonra həmin ərazidə yol salınıb. Əmlakın qiyməti mövcud bazara əsasən hesablanmışdır. Bütün göstərilənlər nəzərə alınmaqla apardığımız təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, əmlakın 02 noyabr 2022-ci il tarixinə hesablanmış bazar dəyəri 12.000 (on iki min) manat təşkil etmişdir.
5. Milli Arxiv İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-48-2F/2-01414/2023 nömrəli məktubuna qoşma olan Bakı şəhəri Cavabdeh xx.xx.2016-cı il tarixli 69 nömrəli sərəncamın surətindən görünür ki, Qədir Məmmədov küçəsi 3 c saylı binanın yaxınlığında quraşdırılmış mövcud 15 kv.metr ölçüdə qaraj vətəndaş İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır.
6. Məhkəməyə ünvanlanmış Cavabdeh xx.xx.2023-cü il tarixli 5-11/2-336/2023 nömrəli məktubunda Xətai rayon ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində bir çox ünvanlarda, o cümlədən Qədir Məmmədov küçəsində yerləşən 3 “C” nömrəli binanın ətrafında vaxtilə sakinlər tərəfindən zəbt olunmuş torpaq sahələrində inşa edilmiş müvəqqəti xarakter daşıyan dəmir konstruktiv qarajlarının söküntüsü nəzərdə tutulmuşdur. Qeyd olunan ünvanda vətəndaş İddiaçı məxsus dəmir konstruktiv qaraj Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 69 saylı sərəncamına əsasən mövcüd qarajın sənədləşdirilməsinə icazə verilmişdir. Bildiririk ki, yuxarıda qeyd olunan sərəncamın 3-cü bəndinə əsasən ətrafyanı ərazinin abadlığına və sanitariya qaydalarına riayət edilməsi, eyni zamanda 4-cü bəndinə əsasən qarajın yerləşdiyi torpaq sahəsindən istifadəyə görə vergi ödənilməsi üçün Xətai rayon Bələdiyyəsinə müraciət etməsi vətəndaşa həvalə olunmuşdur. Qarajın yerləşdiyi əraziyə baxış keçirilən zaman müəyyən olmuşdur ki, vətəndaş İddiaçı ərazinin abadlığına, sanitariya qaydalarına riayət etməmiş və 2016-cı il tarixdən 2022-ci il tarixədək torpaqdan istifadəyə görə vergi ödənilməmiş, eyni zamanda sərəncamda qeyd olunan öhdəliklərə əməl olunmadığından mövcud dəmir konstruktiv qaraj götürülmüş və həmin ərazidə abadlıq işləri aparılaraq gələcəkdə vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.
7. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi barədə xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı əsasında məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli məlumatda bildirilmişdir ki, məhkəmə tərəfindən tədqiqat obyektinə baxış keçirilməsi 07 dekabr 2023-cü il tarixinə təyin edilmişdir. Baxış zamanı mübahisəli qarajın faktiki olaraq söküldüyü müəyyən edilmişdir. Bu səbəbdən də, qərardad da qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)-739/2024 nömrəli qərardadı ilə təyin edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə ƏEM/A 26-240/24 saylı mütəxəssis rəyinə əsasən gəlinən nəticədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 3C saylı binanın yaxınlığında yerləşən, sahəsi 15,0 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin (qarajın) xx.xx.2024-cü il tarixinə olan bazar dəyəri 11.500 manat təşkil edir.
9. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
10. İddianın növü İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
12. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun: 89.1 İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
13. Azərbaycan Respublikasının Mülki Məcəllənin:
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
14. İddia tələbi iddiaçıya məxsus qarajın sökülməsi nəticəsində dəyimiş 12000 manat maddi zərərin ödənilməsidir.
15. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının qaraja dair “qanuni gözləntisi” varmı? Belə ki, X1 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
16. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
17. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
18. X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
19. Məhkəmə hazırki iş üzrə araşdırmanı X2 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşkil edir. 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?
20. Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
21. İş materiallarından göründüyü kimi Bakı şəhəri Cavabdeh xx.xx.2016-cı il tarixli 69 nömrəli sərəncamı ilə Qədir Məmmədov küçəsi 3 c saylı binanın yaxınlığında quraşdırılmış mövcud 15 kv.metr ölçüdə qaraj vətəndaş İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. Xətai Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq işlərinin aparılması əsası ilə qaraj sökülmüşdür. Sözügedən qarajın sökülməsindən əvvəl iddiaçıya Xətai rayon İcra Hakimiyyəti tərəfindən hər hansısa bir məlumat verilməmiş, qarajın dəyəri isə ödənilməmişdir.
22. Məhkəmə tərəfindən təyin edilmiş mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi 3c saylı binanın yaxınlığında yerləşən, sahəsi 15,0 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin (qarajın) xx.xx.2024-cü il tarixinə olan bazar dəyəri 11.500 manat təşkil etmişdir.
23. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, eləcə də işin faktiki hallarına sadalanan qanunvericilik aktlarını tətbiq edərək belə qənaətə gəlir ki, mübahisə predmeti olan qarajın iddiaçıya məxsus olması, cavabdeh tərəfindən həmin ərazidə aparılan abadlıq işləri zamanı sökülməsi və həmin qaraja görə iddiaçıya kompensasiya ödənilməməsi işin mübahisələndirilməyən halı olduğundan, həmçinin mütəxəssis rəyi nəzərə alınaraq iddia tələbi iddiaçıya dəymiş maddi zərərin əvəzi kimi 11.500 (on bir min beş yüz) manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.
24. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia qismən təmin edilsin. İddiaçı məxsus olan Xətai rayonu, Qədir Məmmədov küçəsi, 3C saylı binanın yaxınlığında quraşdırılmış mövcud 15 kv.m. ölçüdə qarajın sökülməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi kimi 11.500 (on bir min beş yüz) manat cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva