Məhkəmə qərarları › İş №2-1(112)-7391/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7391/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7391/2024 19.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın 17.1.2024-cü il tarixli cavab məktubu rədd edilsin və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək sovet ordusunda xidmət etmişdir. xx.xx.1992-ci il tarixdə Xətai RHK tərəfindən səfərbər olunaraq N (, 722) saylı hərbi hissənin tərkibində işğalçı erməni hərbi qüvvələrinə qarşı aparılan döyüşlərdə iştirak etmişdir. xx.xx.1992-ci il tarixində düşmənlə atışma zamanı sol kürək nahiyəsindən odlu silah yarası və beyin travması almışdır. xx.xx.1992-ci il tarixinə kimi Cəbrayıl rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuşdur, xx.xx.1992-ci il tarixdə isə təxris olunmuşdur. Bir neçə gündən sonra Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin (HXÇDX-nin) Xətai rayon bölməsində qeydiyyata alınmışdır. 2015-ci ilin dekabr ayından 2021-ci ilin dekabr ayına kimi 2-ci qru əlili kimi müavinət almışdır. Ancaq indiyə qədər Qarabağ müharibəsi veteranı vəsiqəsini ala bilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində“Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 17.1.2024-cü il tarixli cavab məktubunda qeyd edilib: “Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivin xx.xx.2024cü il tarixli, 1349 nömrəli arayışına əsasən xx.xx.1992-ci il tarixdən (müalicədən) sonrakı hərbi xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Qüvvədə olan əlillik dərəcəsi barədə sənədi əlavə edərək təkrar təqdim olunarsa, komissiyanın iclasında yenidən sənədlərə baxıla bilər”. Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan xx.xx.2023-cü il tarixində ona göndərilmiş cavab məktubunda qeyd edilib: "... Cinayət işinin və ya təqsirləndirici materialın olub-olmaması haqqında məlumatın verilməsinə dair 14.09. 2023-cü il tarixli müraciəti xx.xx.2023-cü il tarixli Respublika Hərbi Prokurorluğuna daxil olmuş və baxılmışdır. xx.xx.1992-ci il tarxindən xx.xx.1992-ci il tarixədək 896, 805 və N nömrəli (Cəbrayıl alayı və taborları) hərbi hissələrdə xidmət etməyi ilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir”. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın cavab məktubunu qeyri-qanuni hesab edilmişdir. Aşağıda qeyd olunanlara əsasən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının . 76-cı maddəsinə əsasən, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Hərbi qanunvericiliyə görə, hərbi xidmətin həqiqi hərbi xidmət və ehtiyatda xidmət növləri vardır. Hər hansı şəxs həqiqi hərbi xidmətə könüllü daxil ola, çağırış və ya səfərbərlik üzrə qəbul oluna bilər. Hərbi xidmətin keçməsi yalnız hərbi hissələrin və ya hərbiləşdirilmiş qurumların tərkibində (siyahıya daxil olmaq şərtilə) mümkündür. Bir daha xüsusi qeyd edilmişdir ki, vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə düşmənlə atışma zamanı sol kürək nahiyəsindən odlu silah yarası və beyin travması almışdır. 2015-ci ilin dekabr ayından 2021-ci ilin dekabr ayına kimi 2-ci qrup Qarabağ müharibəsi əlili kimi müavinət almışdır. Müraciət etməkdə məqsədi əlillik dərəcəsinin bərpa olunması deyil, müharibə veteranı vəsiqəmi almaqdır. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İİİ Müdafiə Nazirinin Katibliyinin xx.xx.2024-cü il tarixli iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 1349 nömrəli arayışına əsasən xx.xx.1992-ci il tarixdən (müalicədən) sonrakı hərbi xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Qüvvədə olan əlillik dərəcəsi barədə sənədi əlavə edərək təkrar təqdim olunarsa komissiyanın iclasında yenidən sənədlərə baxıla bilər. Əlavə olaraq bildirilmişdir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.

4. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 896, 805 və N №-li (Cəbrayıl alayı və taborlari) hərbi hissələrdə xidmət etməyi ilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasdır. Normanı ümumiləşdirərək qeyd edilmişdir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2024-cü il tarixli 1154 nömrəli arxiv məktubundan da göründüyü kimi iddiaçının N nömrəli hərbi hissə komandirinin iyun, avgust-oktyabr 1992-ci il, N nömrəli hərbi hissə komandirinin noyabr-dekabr 1992-ci il, yanvar-dekar 1993-cü il, yanvar-fevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, N () №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 26 №-li əmrində (əsas: §-4, səh-12, sıra-29, əmrdə adı və atasının adı tam yazılmamışdır, “İddiaçıN Xətai RHK 27.06.92-ci il” fərqli diyircəkli qələm və xətlə yazılaraq əmrə sonradan əlavə olunmuşdur) Bakı şəhəri Xətai RHK-ğı tərəfindən səfərbər edilmiş İddiaçı xx.xx.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilməsi, təminat növləri ilə təmin olunması barədə məlumat vardır. N (, 805) №-li hərbi hissənin “Hərbi əməliyyat nəticəsində yaralanmış şəxsi heyətin siyahısı” qovluğunda (əsas: xx.xx.1992xx.xx.1992, sıra-62) İ bölüyün hərbi qulluqçusu, 1966-cı il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdə “kürək nahiyəsində güllə yarası” alması barədə məlumat vardır. Qeyd edilmişdir ki, N () №-li hərbi hissə komandirinin iyun, avqust-oktyabr 1992-ci il, N №-li hərbi hissə komandirinin noyabr-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-02 fevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.

7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barədə xx.xx.2015-ci il tarixli 217 nömrəli qərar və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin surəti göndərilmişdir: - İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli arayışa əsasən 1966-cı il təvəllüdlü İddiaçı 06.1992-cü ildə Bakı şəhəri Xətai rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək N №-li hərbi hissə tərkibində döyüşlərdə iştirak etmişdir. - Azərbaycan Respublikasının Füzuli Hərbi Prokurorluğunun xx.xx.2015-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində Füzuli Hərbi prokurorluğunda təqsirləndirici material və cinayət işi olmamışdır. - İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli arayışa əsasən 1966-cı il təvəllüdlü İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1N -ci ilədək N saylı hərbi hissə tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edərək, xx.xx.1992-ci il tarixdə ağır yaralanıb.Cəbrayıl rayonun Böyük Mərcanh hospitalında xx.xx.1992-ci il tarixədək müalicə almışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 217 nömrəli qərarına əsasən Bakı ş, Xətai RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokurorluğunun xx.xx.2015-ci il tarixli məktubunda barəsində cinayət işi və təqsirləndirici material olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək Cəbrayıl rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma, travma - diaqnoz: <<Sol kürək nahiyyəsində odlu silah yarası. Beyin silkələnməsi, orta ağır dərəcə» (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Nizami rayon idarəsinin xx.xx.2014-cü il tarixli 2377 saylı göndərişi, xx.xx.2014-cü il tarixli 241 saylı və xx.xx.2015-ci il tarixli 87 nömrəli arayışları, Cəbrayıl rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli 554 saylı arayışı, Cəbrayıl rayon mərkəzi xəstəxanası baş həkiminin xx.xx.2014-cü il tarixli 379 saylı məktubu, hərbi biletdə olan qeydlər, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

8. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçı iddianın təmin olunmasını xahiş etdi.

9. Cavabdehin nümayəndəsi şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak etməmişdir.

II. İddianın növü və mümkünlüyü

10. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.

11. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

13. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

16. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

17. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır. 1-ci hala münasibətdə N () №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 26 №-li əmrində Bakı şəhəri Xətai RHK tərəfindən səfərbər edilmiş İddiaçı xx.xx.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilməsi, təminat növləri ilə təmin olunması barədə məlumat vardır. N (, 805) №-li hərbi hissənin “Hərbi əməliyyat nəticəsində yaralanmış şəxsi heyətin siyahısı” qovluğunda (əsas: xx.xx.1992-xx.xx.1992, sıra-62) İ bölüyün hərbi qulluqçusu, 1966-cı il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdə “kürək nahiyəsində güllə yarası” alması barədə məlumat vardır. Qeyd edilmişdir ki, N () №-li hərbi hissə komandirinin iyun, avqust-oktyabr 1992-ci il, N №-li hərbi hissə komandirinin noyabrdekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-02 fevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. 2-ci hala münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olub-olmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlidir. İddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş sənədlər əsasında iddiaçının məhkumluğunun olmadığı müəyyən edilir. Lakin məhkəmə qeyd edir ki, hər iki hal eyni zamanda mövcud olduğu təqdirdə iddiaçının müvafiq hüququ təmin oluna bilər.

18. Beləliklə, iş materialları ilə müyyən olunur ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı odlu silah yarasından sonra xx.xx.1992-ci ilədək Cəbrayıl rayon mərkəzi xəstəxanasında müayinə və müalicədə olmuş, lakin sonra xidmətə qayıtması və xidmətdən qanuni əsaslarla tərxis olunmasına dair hər hansı məlumat mövcud deyildir.

19. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

20. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

21. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

22. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

23. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar