Məhkəmə qərarları › İş №2-1(112)-7392/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7392/2021

07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7392/2021 07.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nisə İsmayılovanın və soyadını xatırlamadığı Heydər adlı icra məmurunun ona məxsus VAZ 2107 markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin heç bir məhkəmə qərarı olmadan ona qarşı zor tətbiq edilməklə alınması kimi hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X2 məhkəmədə iddia qaldıraraq aralarında 28.04.2015-ci il tarixdə bağlanmış rəsmi nikahın pozulmasına, birgə nikahdan doğulmuş 16.04.2013-cü il təvəllüdlü X3 və 05.11.2015-ci il təvəllüdlü X1 iddiaçının himayəsində saxlanılmasına və onların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdehin hər cür qazancının 1/3 miqdarı qədər alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə icraatında baxıldığı dövr ərzində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay hər uşaq üçün 200 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(010)-515/2020 saylı qətnaməsi ilə iddiaçının (ilkin iddia üzrə iddiaçı) iddia tələbi qismən təmin edilərək aralarında 2 saylı Bakı “Asan xidmət" mərkəzində 28.04.2015-ci il tarixdə 1137 nömrəli akt qeyd ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş 16.04.2013-cü il təvəllüdlü X3 və 05.11.2015-ci il təvəllüdlü X1 iddiaçının himayəsində (qarşılıqlı iddia üzrə cavabdehin) saxlanılması və onların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 170 manat alimentin cavabdehdən (qarşılıqlı iddia üzrə iddiaçıdan) tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin qətnaməsindən narazı qalaraq həmin qətnamənin ləğv edilməsi, iddiaçının iddiasının təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli. 2(103)-7674/2020 saylı qətnaməsi ilə tərəfindən verilmiş apellyasiya şikayətinə iştirakı olmadan baxılmış, apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(010)-515/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd etdiyi qətnamənin ləğv edilməsi tələbi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında baxıldığı dövr ərzində, yəni 12.05.2021-ci il tarixdə cavabdeh orqanın əməkdaşı Nisə İsmayılova tərəfindən ona zəng olunaraq o, Suraxanı Rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuşdur. Ona aliment borcunun olduğu bildirilmiş, qısa zaman ərzində aliment borcunu ödəməyini tələb etmişdir. Onun hal-hazırda borcu tam ödəmək imkanının olmadığını icra məmuruna bildirmiş, ona vaxt verilməsini xahiş etmiş, qısa zaman ərzində aliment borcunu tam ödəyəcəyini icra məmuruna bildirmişdir. İcra məmuru ilə aliment borcu barədə razılığa gəldikdən sonra o, Suraxanı rayon İcra və Probasiya şöbəsinin inzibati binasından çıxmış, icra məmuru Nisə İsmayılova da onunla birlikdə inzibati binanı tərk etmişdir. O, mülkiyyətində olan VAZ 2107 markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə əyləşən zaman Nisə xanım onu səsləmiş, avtonəqliyyat vasitəsinin ona məxsus olduğunu soruşmuş, müəyyən müddət onu gözləməyini xahiş etmişdir. Daha sonra X5 rayon İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş, bir neçə dəqiqə sonra oradan özündən başqa əlavə iki nəfər icra məmuru ilə birlikdə ona məxsus avtonəqliyyat vasitəsinin yanına qayıtmış, ona qarşı zor tətbiq edərək ona məxsus əmlakı, heç bir məhkəmə qərarı olmadan zorla əlindən almışlar. Apardığı araşdırmalardan sonra ona məlum olmuşdur ki, ona qarşı zor tətbiq edən icra məmurlardan biri Heydər adlı şəxs olmuşdur. Beləliklə yuxarıda qeyd olunan normaların tələblərindən və işin faktiki hallarından məlum olmuşdur ki, Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nisə İsmayılovanın və soyadını xatırlamadığı Heydər adlı icra məmurunun ona məxsus VAZ 2107 markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ona qarşı zor tətbiq edilməklə alınması kimi hərəkətləri qanunsuz hesab edilməli, icra məmurların bu hərəkətlərində cinayət tərkibi olduğuna görə onlarla bağlı tədbirlərin görülməsi üçün müvafiq orqanlara müraciət olunmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, hazırki mübahisənin predmetini Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-515/2020 saylı, 12.06.2020-ci il tarixli icra sənədi üzrə başlanılmış icra icraatı ilə bağlı hərəkətlər təşkil edir. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair" 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Göründüyü kimi icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Yuxarıda şərh olunanların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən hal Suraxanı rayon məhkəməsinin 2(010)-515/2020 saylı, 12.06.2020 il tarixli icra sənədi üzrə başlanılmış icra icraatı ilə bağlı olduğundan hazırki iddia tələbi həmin mülki işin davamı kimi şikayət formasında icra sənədini vermiş məhkəmədə, yəni Bakı şəhər Suraxanı rayon məhkəməsində mübahisələndirilə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən ümumi məhkəməyə müraciət etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-nin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün hazırki iş üzrə iddia mümkün sayılmamalıdır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 №-li Qərarının 9-cu bəndi ilə müəyyən olunmuşdur ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar