Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7392/2022 14.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh 5 saylı Bakı «Asan Xidmət» Mərkəzində qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Yasamal rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh 5 saylı Bakı «Asan Xidmət» Mərkəzində qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 369 №-li xx.xx.2022-ci il tarixli adın verilməsindən imtina barədə qərarının ləğv edilməsi, cavabdehin üzərinə xx.xx.2022ci il təvəllüdlü oğlan uşağının doğumunun qeydə alınaraq, “Muhəmməd” adının qoyulması barədə qərar qəbuletmə öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.2022-ci il tarixdə doğulmuş oğlunun vətəndaşlıq vəziyyəti akt qeydlərində adının “Muhəmməd” kimi qeyd edilməsi vəzifəsinin cavabdeh 5 saylı Bakı «Asan Xidmət» Mərkəzində qeydiyyat şöbəsinə həvalə edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2022-ci il təvəllüdlü oğlan uşağının doğumunun qeydə alınması və adının “Muhəmməd” yazılması ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətinə cavabdehin xx.xx.2022-ci il tarixli 369 №-li məktubu ilə imtina edilərək seçilən adın “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadlarının dövlət dilində yazılması və seçdiyi adın qanunun tələblərinə uyğun olmadığı qeyd verilmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır və onun Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi ilə qorunan şəxsi toxunulmazlıq, habelə 45ci maddəsi ilə nəzərdə tutulmuş hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq hüquqlarını pozur. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdehin etirazında göstərilmişdir ki, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. “Muhəmməd” adı Qanunun tələblərinə uyğun olmadığından və Azərbaycan dilinin tələblərinə uyğun olaraq “Məhəmməd” olduğundan həmin adın verilməsi mümkün deyildir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarında olan: - Yasamal rayon qeydiyyat şöbəsində aparılmış 473449 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə X7 arasındakı nikah xx.xx.2021-ci il tarixdə bağlanmışdır. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 369 saylı məktubu ilə bildirilmişdir ki, “xx.xx.2022-ci il təvəllüdlü oğlan uşağınızın doğumunun qeydə alınması ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətinizə baxılmışdır. Müraciətinizdə uşağınızın adının “Muhəmməd” yazılmasını göstərmisiniz. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Seçdiyiniz ad Qanunun tələblərinə uyğun olmadığından həmin adın verilməsi mümkün deyildir. Adın verilməsindən imtina edilməsi barədə qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilərsiniz.” - 37 saylı nömrəli şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli 05Q/783/76 saylı məktubundan görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X1 rayonu 37 nömrəli şəhər poliklinikasında qeydiyyatdadır və sağlamdır. - **********76 saylı doğum haqqında tibbi şəhadətnamədən görünür ki, iddiaçı ilə X4 birgə nikahından olan uşaq xx.xx.2022-ci il tarixdə 3 nömrəli şəhər Klinik Xəstəxanasında doğulmuşdur. Beləliklə, işdə olan sənədlərdən məlum olur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə doğulmuş oğlunun vətəndaşlıq vəziyyəti akt qeydlərində adının “Muhəmməd” kimi qeyd edilməsini cavabdehdən tələb etsə də, cavabdeh tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadlarının dövlət dilində yazıldığını, “Muhəmməd” adının Qanunun tələblərinə uyğun olmadığından həmin adın verilməsinin mümkün olmaması bildirilmişdir. Halbuki, “Muhəmməd” adının verilməsi ilə bağlı iddianın təmin edilməməsi barədə məhkəmə qərarları Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 1 iyun 2022ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91 və 96.5.1-ci maddələrinə uyğun olmayan hesab edilmişdir. “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 iyun 2022-ci il tarixli qərarındakı Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə “Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X8rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X2rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Məhkəmə qeyd edir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Məhkəmənin qənaətinə görə, milli dövlət orqanlarına Konvensiyada təsbit olunmuş hüququn həyata keçirilməsinə müdaxiləyə gətirib çıxaracaq mülahizə sərbəstliyi verilibsə, o zaman şəxsin malik olduğu prosessual təminatlar cavabdeh dövlətin mülahizə hədlərini aşıb-aşmadığını müəyyən etməkdə xüsusilə əhəmiyyətli olacaqlar. Xüsusilə artıq formalaşmış presedent təcrübəyə əsasən, 8-ci maddə birbaşa prosedur tələblər nəzərdə tutmasa belə, nəticəsində müdaxilə tədbirləri nəzərdə tutan qərarın qəbul edilməsi prosesi ədalətli olmalı və bu şəxsin 8-ci maddə ilə mühafizə olunan maraqlarına lazımi hörməti təmin etməlidir (X5rşı iş üzrə 1996-cı il 25 sentyabr tarixli Qərar, §76). Məhkəmə hesab etmişdir ki, bunun üçün milli məhkəmələrin çəkişən maraqların mütənasibliyini qiymətləndirməsi və 8-ci maddə ilə təminat verilən müvafiq hüquqları nəzərə alması olduqca əhəmiyyətlidir (Libşer Avstriyaya qarşı iş üzrə 2021-ci il 6 iyul tarixli Qərar, §64-69). Avropa Məhkəməsi baxdığı işlərin birində milli hakimiyyət orqanlarının iki şəxsin familiyalarını dəyişmələrinə imtina etmələrini (icazə verməmələrini) 8-ci maddənin pozuntusu kimi qiymətləndirmişdir, çünki məhkəmələr ərizəçilərin dəlillərini nəzərə almadan və ya çəkişən ictimai maraqları və ərizəçilərin maraqlarını tarazlaşdırmadan qanunvericiliyin və normativ aktların sırf formal olaraq tətbiqini həyata keçirmişlər (Aktaş və Aslaniskender Türkiyəyə qarşı iş üzrə 2019cu il 25 iyun tarixli Qərar, § 47). Digər bir işdə isə ölkənin dövlət orqanları yazılışı fin ad vermə təcrübəsinə müvafiq olmadığından “Aksl Mik” adının qeydiyyatından imtina etmişlər. Avropa Məhkəməsi etiraf etmişdir ki, uşağın ən yaxşı maraqlarının nəzərə alınması vacibdir, həmçinin adların verilməsi üzrə milli təcrübənin qorunması da ictimai maraqlara cavab verir. Lakin “Aksl” adı Finlandiyada digər hallarda rəsmi olaraq qeydiyyata alınmışdır və bu səbəbdən uşaq üçün uyğun olmayan ad kimi qəbul edilə bilməz. Belə ki, bu ad Finlandiyada artıq qoyulub və adın dövlətin milli və dil özəlliklərinə hər hansı mənfi təsir göstərdiyi bildirilməmişdir. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, ictimai maraq anlayışı uşağın seçilmiş ad ilə qeydiyyata alınması marağını üstələmədiyindən, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir (Johansson Finlandiyaya qarşı iş üzrə 2007-ci il 6 sentyabr tarixli Qərar, § 38-39). İddiaçının övladına seçdiyi “Muhammed” adı 2015-ci ildə 26, 2016-cı ildə 15, 2017-ci ildə 2, 2018-ci ildə 3 və 2019-cu ildə 4, 2020-ci ildə isə 6 Azərbaycan vətəndaşına verilmiş və cavabdeh inzibati orqan tərəfindən qeydə alınmışdır. Lakin məhkəmələr ərizəçinin bu dəlilinə heç bir hüquqi qiymət verməmişlər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, sübutların lazımi qiymətləndirilməsi, iş üzrə bütün faktiki halların araşdırılması əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri geniş şəkildə əks olunmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının səbəbləri və əsasları göstərilməli, əldə edilən nəticə bilavasitəlik prinsipinin tələblərinə cavab verməlidir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərar). Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, məhkəmələr müvafiq prosessual hüquq normalarının məzmununa uyğun olaraq hazırkı iş üzrə sübutları tam və hərtərəfli araşdırmayaraq və onları qiymətləndirməyərək mübahisənin qanuni və ədalətli həll edilməsinə nail olmamışlar.” Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən: 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 10.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. 12.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsini, konsulluq idarəsinin icra hakimiyyətinin nümayəndəliyini müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətləri vasitəsilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şəhadətnamələri, ərizə blankları və qeydiyyat kitabları ilə təmin edir. 12.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blankları ciddi hesabat sənədləridir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının uçotunu və saxlanılması təmin etməlidirlər. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xahişinə imtina verməsi üçün hüquqi əsaslar yoxdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdə doğulmuş oğlunun vətəndaşlıq vəziyyəti akt qeydlərində adının “Muhəmməd” kimi qeyd edilməsi vəzifəsi cavabdeh 5 saylı Bakı «Asan Xidmət» Mərkəzində qeydiyyat şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdə doğulmuş oğlunun vətəndaşlıq vəziyyəti akt qeydlərində adının “Muhəmməd” kimi qeyd edilməsi vəzifəsi cavabdeh 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7392/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7392/2022
14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver