Məhkəmə qərarları › İş №2-1(112)-7392/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7392/2024

29.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7392/2024 29.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili (əvvəlki Bakı şəhəri X3 üzrə Baş İdarəsi) (bundan sonra – İddiaçı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı barəsində qəbul edilmiş 5 dekabr 2023-cü il tarixli **********627300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar olaraq xx.xx.2017-ci il tarixdən vergi orqanlarında uçota alınmış, əsas fəaliyyəti “ixtisaslaşdırılmış mağazalarda dəmir məmulatlarının, lak-boya maddələrinin və şüşənin pərakəndə satışı”ndan ibarət olmuş və vergi orqanında qeydiyyatda olan təsərrüfat subyekti (obyekti) olmamışdır. Vergi orqanında qeydiyyata alınsa da, sahibkarlıq fəaliyyəti ilə normal olaraq məşğul ola bilməmişdir. Şəxsi hesab vərəqəsindən də görünür ki, vergi orqanına təqdim olunan sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyəsi mövcud olmamış və boş təqdim edilmişdir. Həmçinin vergi orqanlarında olan baza məlumatlarından görünür ki, iddiaçının vergi mükəlləfiyyəti sadələşdirilmiş vergi olmuşdur. Aktiv sahibarklıq fəaliyyəti həyata keçirə bilmədiyi üçün 20 aprel 2022-ci il tarixdən fəaliyyətini 5 illik müddətinə dayandırmışdır. Uçot baza məlumatlarında olan arayışdan da görünür ki, iddiaçının sahibkarlıq fəaliyyəti 20 aprel 2022-ci il tarixdən 20 aprel 2027-ci il tarixədək 5 illik müddətə dayandırılmışdır. Fəaliyyətinin dayandırıldığı dövrdə onlayn kargüzarlığına gələn məktublardan görünür ki, ona 15 noyabr 2023-cü il tarixində kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub ünvanlanmış və bildirilmişdir ki, “araşdırma zamanı 2021-ci il ərzində istifadənizdə olan yük maşınının "xxxx" MMC-yə 135000,00 manat dəyərində təqdim edilməsinə (xx.xx.2021-ci il tarixli notariat müqaviləyə əsasən) baxmayaraq, müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur.” Daha sonra, onlayn kargüzarlığa gələn məktublardan görünür ki, iddiaçı barəsində analoji qaydada qəbul edilmiş 5 dekabr 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla 4500,00 manat məbləğində gəlir vergisi hesablanmışdır. Həmin qərarın əsaslandırma hissəsində isə gəlir vergisi bəyannaməsini təqdim etmədiyinə görə ona əlaqəli məlumatlar əsasında gəlir vergisinin hesablanması göstərilmişdir. Ümumiyyətlə, qeyd olunmalıdır ki, iddiaçı həm uyğunsuzluq məktubundan, həm də ki barəsində qəbul edilmiş qərardan vergi borcu ilə bağlı ona məlumat gələrkən xəbər tutmuşdur. İddiaçı barəsində vergilərin hesablanması barədə qərar qəbul edilərkən iddiaçının iştirakı ümumiyyətlə təmin edilməmiş və ona məlumat verilməmişdir. Qeyd olunmalıdır ki, həmin ekskavatoru o, 2014-cü ildə almışdır. Lakin vergi orqanında qeydiyyata 14 mart 2017-ci ildə düşmüşdür. Yəni VÖEN adına 2017-ci ildə qeydiyyata alınmışdır. İddiaçı isə ekskavatoru alanda heç adına belə VÖEN yox idi. Həmin ekskavatoru iddiaçı vətəndaş kimi vergi ödəyicisi olmadan almışdır. İddiaçı ekskavatoru alsa da, gələcəkdə karyerlərdə müəyyən xidmət göstərib sahibarlıq fəaliyyəti ilə məşğul olmaq niyyəti var idi. Lakin müəyyən səbəblərdən və bir çox karyerlərin bağlanması ilə bağlı sahibkarlıq fəaliyyəti məşğul olmaq mümkün olmadı. Həmin ekskavatoru "xxxx" MMC-yə notarius vasitəsi ilə satarkən adi vətəndaş, yəni fiziki şəxs kimi satmışdır. Yəni alqı-satqı iddiaçı tərəfindən fərdi sahibkar kimi yox, vətəndaş kimi baş vermişdir. Alqı-satqı baş verən 2021-ci ildə iddiaçının fərdi sahibkar kimi fəaliyyəti dayandırılmışdır və o, ümumiyyətlə sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Həmçinin, həmin VÖEN iddiaçının adına açılsa da, fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməmişdir. Qanunun tələbinə əsasən sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa daşınar maddi əmlakların təqdim edilməsi gəlir vergisindən azaddır. Qeyd edilən normanın tələbindən çıxış edərək qeyd olunmalıdır ki, iddiaçının satdığı ekskavator sahibkarlıq fəaliyyətində istifadə edilməmiş, buna dair cavabdeh vergi orqanı hər hansı sübut təqdim etməmiş və ümumiyyətlə bu halı sübut edə bilməmişdir. Cavabdeh iddia tələbinə yazılı münasibətini təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 15 noyabr 2023-cü il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, araşdırma zamanı 2021-ci il ərzində iddiaçının istifadəsində olan yük maşınının "xxxx" MMC-yə 135000,00 manat dəyərində təqdim edilməsinə (xx.xx.2021 -ci il tarixli notarial müqaviləyə əsasən) baxmayaraq, onun tərəfindən müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün sənədlərin (müvafiq hesabat dövrü üzrə cari (dəqiqləşdirilmiş) gəlir vergisi bəyannaməsi; qeyd olunanlarla bağlı müvafiq izahat məktubu; göstərilmiş xidmətlərə və təqdim edilmiş mallara dair müqavilələrin surətləri; araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyiniz digər sənədlər) təqdim olunması tələb olunur. “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması” barədə 05 dekabr 2023-cü il tarixli **********627300 saylı qərardan görünür ki, iddiaçıya 2021-ci il gəlir vergisi üzrə 4.500 manat məbləğində əlavə vergi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin müddəalarına əsasən iddiaçı Gəlir vergisi bəyannaməsini təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən Gəlir vergisi hesablanmışdır. İnzibati şikayətin təmin edilməməsi haqqında 08 fevral 2024-cü il tarixli, **********781700 nömrəli qərardan görünür ki, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********627300 nömrəli Qərar dəyişdirilmədən saxlanılmışdır. Qərar bununla əsaslandırılmışdır ki, “araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə fərdi sahibkar tərəfindən özünə məxsus olan Ekskavator JCB JS220SC markalı, 2014-cü il buraxılışlı, 10BC504 dövlət qeydiyyat nişanlı xüsusi texnikanı "xxxx" MMC-yə (VÖEN: **********) notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsinə əsasən 135 000,0manata təqdim edildiyi müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən vergi orqanına xx.xx.2023-cü il tarixdə məktub ünvanlanmış və qeyd olunan mıəktubun qoşma hissəsində fərdi sahibkarla Cəmiyyət arasında notarial qaydada bağlanmış müqavilə təqdim edilmişdir. Qeyd olunan müraciətin ətrafı arşdırılması məqsədilə vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinə sorğu ilə müraciət edilmiş və qeyd olunan sorğuda İddiaçı məxsus texnika vasitələrinin qeydiyyat hərəkətləri barədə məlumatların, kompüter çıxarışlarının, o cümlədən texnika vasitələrinin satışı üzrə bağlanmış alqı-satqı müqavilələrinin və satış qiymətləri barədə, həmçinin texnika vasitələrini etibarnamə əsasında idarə edən və ya onu icarəyə götürən şəxslər barədə müvafiq məlumatların İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən sorğu məktubu xx.xx.2024-cü il tarixliməktubla cavablandırılmışdır. Cavab məktubunda İddiaçı məxsus 2 ədəd xüsusi təxnikanın (JCB 426HT markalı frontal yükləyici, JCB JS220SC markalı əkskavator yükləyici) özgəninkiləşdirildiyi bildirilmiş və bununla bağlı olaraq təsdiqedici sənədlər inzibati araşdırmaya təqdim edilmişdir. Beləliklə, uçot-baza məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdə fərdi sahibkar tərəfindən özünə məxsus olan Ekskavator JCB JS220SC markalı, 2014-cü il buraxılışlı, 10BC504 dövlət qeydiyyat nişanlı xüsusi texnikanı "xxxx" MMC-yə (VÖEN: **********) notarial qaydada bağlanılmış alqı-satqı müqaviləsinə əsasən 135 OOO.Omanat təqdim edildiyini, bununla bağlı olaraq "xxxx" MMC tərəfindən təsdiqedici sənədlərin vergi orqanına təqdim edildiyini, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən inzibati araşdırmanı aparan vergi orqanına ünvanlanmış məktuba əsasən fərdi sahibkara məxsus 2 ədəd xüsusi təxnikanın (JCB 426HT markalı frontal yükləyici, JCB JS220SC markalı əkskavator yükləyici) özgəninkiləşdirildiyin, təsdiqedici sənədlər inzibati araşdırmaya təqdim edildiyini, bununla da vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibati araşdırma dövründə müəyyən edilmədiyini nəzərə alaraq, fərdi sahibkarın inzibati şikayəti təmin edilməməli və Dövlət Vergi XidmətininBakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********627300 nömrəli Qərardəyişdirilmədən saxlanılmalıdır.” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu ilə aşağıdaki sənədlər təqdim olunmuşdur: - xx.xx.2015-ci il tarixli, 01 №-li borc müqaviləsindən görünür ki, "xxxx" MMC-nin təsisçisi İddiaçı 249783.00 manat pul vəsaitini "xxxx" MMC qaytarılmaq şərli ilə qısamüddətli maliyyə yardımı kimi Cəmiyyətin işlərinin rifahı üçün əsas vəsaitlərinin alınması üçün müəssisəyə borca verir. "xxxx" MMC isə "xxxx" MMC-nin təsisçisi İddiaçı bu Müqavilənin şərtləri əsasında və 25 fevral 2022-ci il tarixdən gec olmayaraq geri qaytarmağı öhdəsinə götürür. - 01 noyabr 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-nin direktoru X4 və adı qeyd olunan Cəmiyyətin təsisçisi İddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı borc müqaviləsinə əsasən təsisçi tərəfindən qoyulmuş borc vəsaiti hesabına alınmış mexanizmli avadanlıqlarının və bu aktı tərtib edənlər borc əvəzinə avadanlığın verildiyini təsdiq etdilər. - "xxxx" MMC-nin 01 noyabr 2021-ci il tarixində keçirilən ümumi iclasının protokolundan görünür ki, əsas vəsaitlər (nəqliyyat vasitələri) olan Tırtıllı Ekskavator JCB JS-220 markalı xx.xx.2021-ci il tarixinə qalıq dəyəri 27.209,67 manat və Frontal yükləyici JCB-426 HT (Kon) xx.xx.2021-ci il tarixinə qalıq dəyəri 11.757,52 manat ümumilikdə cəmi 38.967,19 manat dəyərində nəqliyyat vasitələrinin "xxxx" MMC-nin balansından çıxarılması və təsisçi İddiaçı qaytarılması qərara alınmışdır. - xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqaviləyə əsasən Bağırov X1 Ekskavator JCB JS-220 markalı və Frontal yükləyici JCB- 426 HT (Kon) markalı avadanlıqları "xxxx" MMC-yə satmışdır. - Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin 22 yanvar 2024-cü il tarixli məktubuna əsasən Agentliyin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində sorğuda qeyd edilən fiziki şəxs İddiaçı (FİN:xxxxxxx) mülkiyyətində olmuş 2 ədəd texnika (JCB 426FİT markalı frontal yükləyici, JCB JS220SC markalı ekskavator yükləyici) özgəninkiləşdirilmişdir. Beləliklə, işin faktiki hallarından da görünür ki, cavabdeh iddiaçıya münasibətdə 2021 dövr üzrə gəlir vergisi hesablamış və bu halı onunla əsaslandırmışdır ki, iddiaçı VÖEN aktiv olduğu dövrdə "xxxx" MMC ilə arasında mülki-əqd əsasında yaranmış münasibətlər iddiaçının sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmuşdur. Bunun əsasında iddiaçıya münasibətdə gəlir vergisi hesablanmışdır. İddiaçı isə tam əksinə həmin münasibətlərin əsasında dayanan halın, yəni nəqliyyat vasitəsinin satışının onun sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığını bildirir. Beləliklə, mübahisələndirilən qərarın mübahisə edilməsi əsası qismində iddiaçının nəqliyyat vasitəsinin satışı nəticəsində əldə etdiyi gəlirin sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığı dayanır, cavabdeh isə əksinə, iddiaçının fəaliyyətini sahibkarlıq fəaliyyəti ilə əlaqələndirir və onun gəlir vergisinin ödəyicisi qismində görərək vergi hesablanmalı olmasına istinad edir. Göründüyü kimi, hal-hazırda qərarın qanuniliyinin müəyyən edilməsi ilə bağlı iddiaçının fəaliyyətinin sahibkarlıq fəaliyyəti olub-olmamasının aydınlaşdırılması zərurəti vardır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsindən də müəyyən edilir ki, Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Məhkəmə qeyd edir ki, sahibkarlıq fəaliyyəti hüquqi baxımdan, fiziki və hüquqi şəxslər tərəfindən mülki dövriyyədə müstəqil şəkildə iştirak etməklə, mənfəət əldə etmək məqsədi güdən, qanunvericilikdə müəyyən edilmiş çərçivədə həyata keçirilən və hüquqi müstəvidə hüquq qaviliyyəti və fəaliyyət qabiliyyətinə malik olan subyektlərin təşəbbüskarlıq xarakterli fəaliyyəti kimi təsnif olunur. Bu fəaliyyət çərçivəsində malların istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi istiqamətində icra edilən əməliyyatlar həm mülki-hüquqi, həm də vergi və digər sahəvi qanunvericiliklə tənzimlənir. Xüsusilə qeyd olunmalıdır ki, hər nə qədər iddiaçı nəqliyyat vasitəsinin satışının onun sahibkarlıq fəaliyyəti ilə olmadığını əlaqələndirsə də, Məhkəmə hesab edir ki, bu fəaliyyət onun sahibkarlığından irəli gələn və bu fəaliyyətdən əldə olunan gəlirdir. Belə ki, iş materiallarından da göründüyü kimi xx.xx.2015-ci il tarixli, 01 №-li borc müqaviləsinə əsasən "xxxx" MMC-nin təsisçisi İddiaçı 249783.00 manat pul vəsaitini "xxxx" MMC qaytarılmaq şərli ilə qısamüddətli maliyyə yardımı kimi Cəmiyyətin işlərinin rifahı üçün əsas vəsaitlərinin alınması üçün müəssisəyə borca vermiş, "xxxx" MMC isə , "xxxx" MMC-nin təsisçisi İddiaçı bu Müqavilənin şərtlən əsasında və 25 fevral 2022-ci ıl tarixdən gec olmayaraq geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmin borcun qaytarılması təmin olunmadığından, borc məbləği əvəzinə avadanlıqların verilməsi qərara alınmış və bu müvafiq təhvil-təslim aktı ilə rəsmiləşdirilmişdir. Daha sonra "xxxx" MMC-nin 01 noyabr 2021-ci il tarixində keçirilən ümumi iclasının protokoluna görə əsas vəsaitlər (nəqliyyat vasitələri) olan Tırtıllı Ekskavator JCB JS-220 markalı xx.xx.2021-ci il tarixinə qalıq dəyəri 27.209,67 manat və Frontal yükləyici JCB-426 HT (Kon) xx.xx.2021-ci il tarixinə qalıq dəyəri 11.757,52 manat ümumilikdə cəmi 38.967,19 manat dəyərində nəqliyyat vasitələrinin "xxxx" MMC-nin balansından çıxarılması və təsisçi İddiaçı qaytarılması qərara alınmışdır. Sonradan həmin nəqliyyat vasitələrinin özəninkiləşdirilməsi həyata keçirilmişdir. Göründüyü kimi, iddiaçı nəqliyyat vasitəsini sahibkarlıq fəaliyyəti çərçivəsində əldə etmişdir ki, bu da onun kommersiya məqsədli fəaliyyətindən irəli gələn zəruri addımlardan biridir. Nəqliyyat vasitəsinin əldə edilməsi və sonradan satış əməliyyatları bilavasitə iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur. İddiaçının həyata keçirdiyi əməliyyatın hüquqi təhlili göstərir ki, əldə edilən nəqliyyat vasitəsinin satışı ilə bağlı gəlir yalnız sahibkarlıq fəaliyyətindən yaranan gəlir kimi təsnif edilməlidir. Bu halda, müvafiq gəlir üzrə vergi tutulması məsələsi meydana çıxır. Məhkəmə hesab edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə əlaqədar nəqliyyat vasitəsinin satışından gəlir əldə etdiyindən həmin vəsait üzrə gəlir vergisi ödənilməlidir. Odur ki, cavabdehin qərarı əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırkı iş üzrə belə bir hal olmadığından məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar