Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7393/2023 07.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gen. Mehmandarov küçəsi 2942q-2935a məhəllələrdə yerləşən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin təsdiq edilmiş eskiz layihəyə uyğun vahid daşınmaz əmlak kimi onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmaqla bu barədə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən imza olunmuş və iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə təqdim etdiyi ərizədə, xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsində iddiaçı qismində o, yəni İddiaçı göstərilsə də, iddia ərizəsinin onun tərəfindən xx.xx.2023-cü il tarixdə 6 saylı Bakı “Asan xidmət” mərkəzində oğlu Nümayəndə1 verilmiş etibarnaməyə əsasən sonuncu tərəfindən imzalandığını göstərmiş və məhkəmədən Bakı şəhəri, Xətai rayonu, Gen. Mehmandarov küçəsi 2942q-2935a məhəllələrdə yerləşən 0,03 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin təsdiq edilmiş eskiz layihəyə uyğun vahid daşınmaz əmlak kimi xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın Dövlət reyestrində onun adına qeydiyyata alınmaqla bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasına dair ərizənin onun tərəfindən imzalanmış kimi qəbul edilməklə, həmin iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 730 saylı sərəncamı ilə Gen.Mehmandarov küçəsi, 2942q-2935a məhəllələrdə xx.xx.2003-cü il tarixli 11232 saylı inşaat pasportuna əsasən kotec tipli evlərin layihələşdirilməsi və tikintisi üçün 2 ha torpaq sahəsi “Apoqey” LTD-nin istifadəsinə verilmişdir. “Apoqey” LTD-nin rəhbərliyinin 21 saylı xx.xx.2003-cü il tarixli razılıq məktubu əsasında Xətai Rayonu İcra Hakimiyyəti Başçısının 32 saylı xx.xx.2004-cü il tarixli Sərəncamdan çıxarışına əsasən ona Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi 2942q-2935a məhəllədə yerləşən torpaq sahəsindən 0,03 ha torpaq sahəsi ayrılmış və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Qeyd edilən sərəncamla bağlı Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına müraciət edilmiş və 11 mart 2022-ci il BA-01410-2022 nömrəli məktubla Xətai Rayonu İcra Hakimiyyəti Başçısının 32 saylı xx.xx.2004-cü il tarixli sərəncamından təsdiq edilmiş arxiv çıxarışı ona təqdim edilmişdir. Həmin torpaq sahəsi üzərində eskiz layihəsinə uyğun olaraq tərəfindən fərdi yaşayış evi inşa edilmişdir və hal-hazırda ailəsi ilə həmin ünvanda yaşayır. Sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin eskiz layihəsi, baş planı Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən möhür və imza ilə təsdiq edilmişdir. Sözügedən torpaq sahəsinin situasiya planı tərtib edilərək, təsdiq edilmişdir. Həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi uzun müddətdir ki, mübahisəsiz olaraq təyinatı üzrə tərəflərindən istifadə edilir. Bakı şəhəri, Xətai rayonu, Gen. Mehmandarov küçəsi 2942q-2935a məhəllədə yerləşən torpaq sahəsindən 0,03 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlərlə rəsmi qaydada xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən ona ünvanlanmış 13 fevral 2023-cü il tarixli, **********15, 3-21-3-30/2-11-0106/8/2013 saylı imtina məktubunda “xx.xx.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir” əsas gətirilərək, ərizəsinin icrasından imtina edilmiş və imtina məktubunda "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci ilin yanvarın 1-dən etibarən həyata keçirir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 730 saylı sərəncamı ilə kotec tipli evlərin layihələşdirilməsi və tikintisi üçün 2 ha torpaq sahəsi “Apoqey” LTD-nə ayrılmışdır. Daha sonra xx.xx.2004-cü il tarixli Sərəncama əsasən ona Bakı şəhəri, Xətai rayonu, Gen. Mehmandarov küçəsi 2942q-2935a məhəllədə yerləşən torpaq sahəsindən 0,03 ha torpaq sahəsi fərdi yaşayış evinin inşası üçün verilmişdir və torpaq sahəsi üzərində inşa edilən fərdi yaşayış evi rayon icra hakimiyyətinin razılığı alınmaqla inşa edilmiş və evin eskiz layihəsi icra hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Cavabdehin imtinası öz istinad etdiyi qanunvericilik normalarına da ziddir və eyni zamanda müvafiq torpaq sahəsinə dair onun adına verilmiş hüquqmüəyyənedici sənədlərin tam qanuni olduğunu təsdiq edir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi (həmçinin iddia ərizəsinə əlavə) məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cüil tarixli sərəncamı ilə cavabdeh inzibati orqandan iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuşdur. Cavabdeh tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə və fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş Xətai Rayon İcra Hakimiyyəti Başçısının 32 saylı sərəncamı xx.xx.2004-cü il tarixdə verilmişdir. xx.xx.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Bundan əlavə, İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi “Apoqey” LTD-nin adına ayrılmış 2 ha ərazidən 320 metr şimalda, tamamilə fərqli sahədə yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1942-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən İddiaçı ünvanlanmış BA-01410-2022 №li xx.xx.2022-ci il tarixli məktubu ilə sonuncu barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Xətai rayon İH-nin arxiv fondu üzrə xx.xx.2004-cü il tarixli ”Müstəsna hal kimi fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında” 32 saylı sərəncamdan (arxiv çıxarışı) müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 730 saylı sərəncamı ilə Gen.Mehmandarov küçəsindəki 2942q-2935a məhəllələrdə xx.xx.2003-cü il tarixli 11232 saylı inşaat pasportuna əsasən kottec tipli evlərin layihələşdirilməsi və tikintisi üçün 2 ha torpaq sahəsi "xxxx" LTD-nin istifadəsinə verilmişdir. Firmanın rəhbərliyinin 21 saylı xx.xx.2003-cü il tarixli razılıq məktubuna əsasən M.Hadi küçəsi 7 saylı evin 39 saylı mənzilində yaşayan İddiaçı rayonun ərazisində “Apoqey” LTD firmasına məxsus ərazidən Gen.Mehmandarov küçəsi 2942-2935a məhəllələrdə 0,03 ha torpaq sahəsinin ayrılması və fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi 2942q-2935a məhəllələrində İddiaçı məxsus mövcud yaşayış evinin “Memarlıq planlaşdırma bölməsi”ndən müəyyən olunur ki, İddiaçı sifarişi əsasında “Səadət” istehsal kommersiya şirkəti tərəfindən hazırlanmış memarlıq planlaşdırma bölməsi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuşdur. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara cavab olaraq: - Bakı Şəhər İcra Hakimiyyətinin 3-52/2-2605/2023 №li 23 may 2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş “Torpaq sahəsinin ayrılması haqqında” Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli,730 nömrəli sərəncamının təsdiq olunmuş surətindən müəyyən olunur ki, “Apoqey LTD” firmasının xx.xx.2000-ci il tarixli 4 “a” saylı məktubu nəzərə alınaraq, Xətai rayonu, Mehmandarov küçəsindəki 2942q-2935a məhəllələrdə kotec tipli evlərin layihələndirilməsi və tikintisi üçün 2 ha torpaq sahəsinin istifadəyə verilməsi qərara alımışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin **********342800 №li xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş “Apoqey LTD” firmasının nizamnaməsinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, “Apoqey LTD” firması məhdud məsuliyyətli müəssisə formasında X2 tərəfindən sahibkarlıq subyekti təsis edilmişdir. “Apoqey LTD” firması xx.xx.1998-ci il tarixdə 273 № ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı Bakı bölgə şöbəsində qeydə alınmışdır. İddiaçı sifarişi ilə “X1” tərəfindən tərtib edilmiş 93 №-li 07 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 2942q-2935a məhəllələrində İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi 300 kv. metr torpaq sahəsinin ərazinin ortofotoplanşet xəritə materialı və inzibati ərazinin elektron xəritə məlumatları üzərində dəqiqləşdirilməsi işləri aparılmışdır. Torpaq sahəsinin naturada coğrafi yerləşməsinə görə ərazinin ortofotoplanşet xəritə materialı və inzibati ərazinin elektron xəritə məlumatlarına əsasən Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 32 nömrəli Sərəncamından çıxarışa əlavə olunan planda əks olunan 300 kv. metr torpaq sahəsi ilə üst-üstə düşməsi, eynilik təşkil etməsi müəyyən olunmuşdur. Dəqiqləşdirilən torpaq və fərdi yaşayış evi xüsusi coğrafi informasiya sistemləri vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə göstərilmişdir. Mütəxəsis rəyinə əlavə olunmuş Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi 2942q-2935a məhəllələrində İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi 300 kv. metr torpaq sahəsinin plan-sxemində sonuncuya məxsus fərdi yaşayış evinin yerləşdiyi 300 kv. metr torpaq sahəsinin koordinatları aşağıdakı kimi qeyd olunmuşdur.: 1)X=412154.697 Y=4468181.646 2)X=412155.448 Y=4468166.644 3)X=412135.262 Y=4468165.827 4)X=412134.519 Y=4468180.867 İddiaçı tərəfindən DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023cü il tarixli ərizədə (surəti) göstərilmişdir ki, ona Xətai rayonu ərazisində Gen. Mehmandarov küçəsi 2942q-2935a məhəllələrdə 0,03 ha torpaq sahəsinin ayrılmış və fərdi yaşayış evi tikilmişdir. Evinb layihəsi Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənib. Fərdi yaşayış evinə dair çıxarış verilməsini xahiş etmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq verilmiş DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin **********15 saylı, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 2942q-2935a məhəllələrdə yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli müraciətinə baxılmışdır. xx.xx.2001-ci il tarixdən sonra fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar nəzərdə tutulmuşdur (bənd 2.7). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fıziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafıq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir (maddə 4.2). Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur (maddə 8). 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilməlidir (maddə 10.2.1). Hüquqların dövlət qeydiyyatından imtina (maddə 15). 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Göründüyü kimi, mövcud qanunvericilik (Azərbaycan Respublika Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Cavabdehin dəlillərinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ilkin olaraq 2001-ci il yanvarın 1-dən əvvəl, yəni xx.xx.2000-ci il tarixdə ayrılmış və xx.xx.2004-cü il tarixdə isə həm ilkin istifadəçinin, həm də hazırki iddiaçının ərizələri və qarşılıqlı razılaşmaları nəzərə alınmaqla həmin torpaq sahəsinin bir hissəsi (0.03 ha) fərdi yaşayış evinin inşa ediməsi üçün İddiaçı adına rəsmiləşdirilmişdir. İş üzrə verilmiş mütəxəssis rəyindən müəyyən olunur ki, mübahisəli torpaq sahəsi naturada coğrafi yerləşməsinə görə ərazinin ortofotoplanşet xəritə materialı və inzibati ərazinin elektron xəritə məlumatlarına əsasən Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 32 nömrəli Sərəncamından çıxarışa əlavə olunan planda əks olunan 300 kv. metr torpaq sahəsi ilə üst-üstə düşür və eynilik təşkil edir. Qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını (“Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsi) dəqiq göstərilmiş, lakin məhkəmə tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İş materiallarından göründüyü kimi, iddiaçı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin ona fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair 27 fevral 2004cü il tarixli sərəncamını (aktı) cavabdehə təqdim etmiş, sonuncu tərəfindən bu akt mübahisələndirilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçı tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilməmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının 32 saylı xx.xx.2004-cü il tarixli Sərəncam ilə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi 2942q-2935a məhəllələrdə yerləşən 0,03 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin təsdiq edilmiş eskiz layihəyə uyğun vahid daşınmaz əmlak kimi xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmaqla bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7393/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7393/2023
07.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver