Məhkəmə qərarları › İş №2-1(112)-7396/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7396/2021

09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7396/2021 09.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X5 cəlb edilməklə “Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən yaşayış evinin qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən yaşayış evinin qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiа ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən yaşayış evində yaşayır. Həmin ünvanda yerləşən yaşayış evi anası X2 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçsə də, bir çox tikililər iddiaçının şəxsi vəsaiti hesabına tikilərək istifadə olunmuşdur. Hazırda texniki pasportda göstərilən tikililərə faktiki istifadə olunan tikililər arasında müqayisə etdikdə belə bu halları görmək mümkündür. Qeyd edilən dəyişiklikləri və həmin ünvanda yerləşən və faktiki olaraq ailəsi ilə birlikdə yaşadığı evin üzərində mülkiyyət hüququnun tanınması üçün anası X2 adına olan çıxarışın qanunsuz olduğunu nəzərə alaraq ləğv edilməsini cavabdehdən xahiş etsə də, ərizəsi cavabsız qalmışdır. İddiaçının ərizəsinə cavabdeh qurum tərəfindən baxılmaması və ya əsassız olaraq baxılmasının gecikdirilməsi cavabdeh təşkilatın onun müraciəti ilə bağlı əsassız imtinasıdır. Belə olan halda iddiaçının anası X4 məxsus olan, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən yaşayış evinin qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Cavabdeh məhkəməyə iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı müvafiq iddia ərizəsində qeyd olunan məsələ ilə əlaqədar 1 saylı Bakı Ərazi İdarəsinə hər hansı rəsmi müraciət daxil olmamış və hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin mümkün hesab edilməməsini məhkədən xahiş etmişdir. 3-cü şəxs X5 məhkəməyə təqdim etdiyi ərzəsində bildirmişdir ki, İddiaçı onun oğludur. Son vaxtlar oğlu evdə dava salır. Davalara tab gətirməyən atası 12.09.2019-cu il tarixdə vəfat etmişdir. Hazırda onunla bir evdə yaşaması qeyri mümkün olmuşdur. Ona görə də evdən çıxıb getmişdir. Belə vəziyyətdə İddiaçı qarşı kompensasiya ödənilməklə evə istifadə hüququna xitam verilməsi tələbi ilə iddia qaldırmışdır. Xəzər rayon məhkəmsində iddia qaldıraraq İddiaçı 20000 manat məbləğində kompensasiyası ödənilməklə onun ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Zirə qəsəbəsi, Südçülük tərəvəzçilik sovxozu ünvanında yerləşən evinə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Hesab edir ki, onun adına olan Bakı şəhəri, Zirə qəsəbəsi, Südçülük tərəvəzçilik sovxozu ünvanında yerləşən yaşayış evinin qeydiyyat vəsiqəsinin ləğv edilməsi üçün əsas yoxdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); İPM-nin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir: ”1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” Həmin Qanunun 52-ci maddəsində göstərilmişdir: “1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər.52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. İddiaçı hazırki iş üzrə iddia tələbi ilə “Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən yaşayış evinin qeydiyyatın ləğv edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Halbuki, iddiaçı iddia ərizəsində göstərilən tələblə bağlı məhkəməyə qədər cavabdehə müraciət etməmişdir. Belə ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətnin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldırılmazdan əvvəl hazırkı iddia tələbi ilə bağlı cavabdehə müraciət etməsinə dair heç bir sübut və ya müraciətə dair cavab məktubu iddia ərizəsinə əlavə olunmamış və iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra da məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunu müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmişdir:”8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər....” Lakin iddiaçı qeydiyyat vəsiqəsinin ləğv edilməsini tələb etdiyi torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri cavabdehə təqdim etməmiş, və həmin sənədlərin mövcud olması barədə məhkəməyə bildirməmişdir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının hüquqları sferasına müdaxilə aşkar edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən yaşayış evinin qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkünlük şərtlərinə əməl edilmədən verilmişdir. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük Tərəvəzçilik sovxozu ünvanında yerləşən yaşayış evinin qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar