Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7396/2024 02.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X12 iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestr qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilərək Nərimanov RİH-in 57 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında mülkiyyət hüququ mərhum Allahverdi Mövlamovun hüquqi varislərinin adlarına qeydə alınmasını və ödənilmiş rüsum, xidmət haqqı müqabilində çıxarış təqdim edilməsini, Təbriz küçəsi, ev 34 ünvanında “B” (118,4 kv.m) tikilisi istisna olmaqla, qalan tikililərin hamısının məhv edildiyini nəzərə alaraq ünvandakı “A” (111,5 kv.m) tikilisinə münasibətdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış aşağıdakı hüquq sahiblərinin (payçıların): X10- 16/32 hissə, X14- 8/32 hissə, X7- 1/32 hissə, X8-38/256 hissə, X18- 5/256 hissə, X9- 13/256 hissə mülkiyyət hüquqları itirilmiş hesab edilməsini, mülkiyyət hüquqları itirilmiş hesab edilən hüquq sahiblərinə daşınmaz əmlakı məhv edən şəxslərə qarşı iddia qaldırmaq hüquqlarının olmasının izah edilməsini və bütün məhkəmə xərclərinin cavabdehə aid edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov RİHB-nin 57 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı ilə ünvan 1 ünvanındakı “B” tikilisinin (118,4 kv.m) (Sərəncamda adı mənzil 4 olaraq keçir) iddiaçının mərhum atası A.M.Mövlamovun mülkiyyəti olaraq ölçüsünü dəqiqləşdirmişdir. Mülk xx.xx.2015-ci il tarixdən müxtəlif məhkəmə instansiyalarında məhkəmə mübahisə predmeti olması səbəbindən Nərimanov RİHB-nin sərəncamını icra etmək hüququn daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı mümkünsüz olmuşdur. İddiaçının atası A.Mövlamov həmin ünvandakı “A” (111,5 kv.m) tikilisinin 13/256 hissədən ibarət mülkiyyətçisi olaraq xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından 6 ay sonra iddiaçı və bacısı İ.A.Qurbanova A.Mövlamovun hüquqi varisləri olaraq tanınmışdır. Mülkün hələ də məhkəmə predmeti olması səbəbindən vərəsəlik şəhadətnaməsi əldə etmək mümkün olmamışdır. Hüququn qeydiyyatına dair ünvana tətbiq edilmiş qadağa aradan qaldırıldıqdan sonra iddiaçı atası A.Mövlamovun hüquqi varisi olaraq ASAN xidmət mərkəzinin Notariat ofisinin 205 saylı, xx.xx.2023-cü il tarixli vərəsəlik haqqında şəhadətnaməsini, RİHB-nin 57 saylı (xx.xx.2016-cı il tarixli) sərəncamını xx.xx.2023-cü il tarixdə cavabdeh 1 saylı BƏİ-yə təqdim etmişdir. Təqdimetmədən 1 ay sonra xx.xx.2023-cü il tarixdə aldığı bildirişə əsasən iddiaçı rüsum və xidmət haqqı ödəyərək mülkiyyət hüququnun onun deyil, 1 ay öncə vəfat etmiş mərhum atası A.M.Mövlamovun adına DƏDR-də qeydiyyata alınmışdır. İddiaçı cavabdehə təqdim etdiyi sənədlərə- ölüm haqqında şəhadətnamə və notariat ofisinin 205 saylı arayışına əsasən hüququn mərhumun hüquqi varsilərinin- özünün və bacısının adına dövlət reyestrində qeyidyyata alınacağını güman etmişdir. Ünvandakı “B” (118,4 kv.m) tikilisindən başqa, digər tikililər “A” (111,5 kv.m) və “V” (13,2 kv.m) tikililəri məhv edilmiş (2019) və cavabdehin əməkdaşı 2 dəfə- iyun 2021 və 2023-cü il tarixlərdə ünvanda olaraq bunun şahidi olmuşdur. İddiaçı qeyd edir ki, mərhum atasının adına 140 manat ödəniş edərək çıxarış almış və çıxarışda mövcud olmayan “A” tikilisinə münaisbətdə mülkiyyət hüquqlarının DƏDR-də dövlət qeydiyyatına alındığı göstərilir. Cavabdehə yazılı qaydada müraciət edərək ondan ünvanda mövcud olmuş və 2019-cu ildə məhv edilmiş “A”, “V” və sairə tikililərin məhv edilməsini və “A” tikilisinə DƏDR-də qeydə alınmış mülkiyyət hüquqlarının itirilmiş hesab edilməsini tələb etmişdir. Cavabdehdən aldığı xx.xx.2023-cü il tarixli və digər sonrakı imtina məktublarında tələbinin icrasından imtina edilərək iddiaçıdan ödədiyi rüsum, xidmət, “forma 1” haqları müqabilində iddiaçıya təqdim etdikləri 11 ay öncə vəfatetmiş mərhumun adına təqdim edilmiş çıxarışı yenidən ASAN xidmət mərkəzinə təqdim edərə köz adına yeni çıxarış sənədi almağı tələb etmişlər. İddiaçı qeyd edir ki, halbuki o, həmin ödənişləri artıq 2023cü ilin iyun ayında etmiş və cavabdeh çıxarışı onun deyil, mərhum atasının adına olaraq təqdim etmişdir. Hesab edir ki, iddiaçının hərəkətləri qeyri-qanunidir, yolverilməzdir, AR Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinin kobud pozulmasıdır. Mülki Məcəllədə irsi transmissiya qaydası var. Cavabdeh ona təqdim edilmiş ölüm haqqında şəhadətnaməni və vərəsəlik şəhadətnaməsini nəzərə alaraq Mülki Məcəllənin irsi transmissiya qaydasını tətbiq edərək DƏDR-də mərhumun deyil, onun hüquqi varislərinin adlarına çıxarış verməli idi. Mərhumun adına hüququn qeydiyyatı ağlasığan deyil və reallıqdan uzaqdır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, İddiaçı daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilərək RİHnin məlum sərəncamı əsasında mülkiyyət hüququ mərhum A.Mövlamovun hüquqi varislərinin adlarına qeydə alınması və ödənilmiş rüsum, xidmət haqqı müqabilində çıxarış verilməsi, Təbriz küçəsi ev 34 ünvanında “B” (118,4 kv.m) tikilisi istisna olmaqla, qalan tikililərin, hamısnının məhv edildiyini nəzərə alaraq ünvandakı “A” (111,5 kv.m) tikilisinə münasibətdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış aşağıdakı hüquq sahiblərinin (payçıların): X15 – 16/32 hissə; X20 – 8/32 hissə; X13 – 1/32 hissə, X8 – 38/256 hissə; X18 – 5/256 hissə; X9 – 13/256 hissə itirilmiş hesab edilməsi, bütün məhkəmə xərclərinin cavabdehə aid edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixdə, ********** daxilolma nömrəli, xx.xx.2024-cü il tarixli, ********** daxilolma nömrəli, 26.012024-cü il tarixli, ********** daxilolma nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və müvafiq olaraq **********17 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, **********11 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 2V-546 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə “ASAN xidmət” mərkəzinə müraciət edilməsi məqsədəuyğundur. Qeyd olunan fərdi yaşayış evi üzərində mülkiyyət hüququ iddiaçının adına qeydiyyata alındıqdan sonra qeydiyyata alınmış hüququn ləğv edilməsi məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. Əlavə olaraq bildiririk ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanına uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin məlumat üçün məhkəmənin nəzərinə çatdırırıq ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi paylı olmaqla X15 – 16/32 hissə; X20 – 8/32 hissə; X13 – 1/32 hissə, X8 – 38/256 hissə; X18 – 5/256 hissə; X9 – 13/256 hissədə mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq “Bütün məhkəmə xərclərinin cavabdehə aid edilməsinə dair” hissədə iddia tələbinin mümkün sayılmamasını, qalan hissədə rədd edilməsini xahiş edirik. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli sonuncu ərizəsində cavabdeh DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə daşınmaz əmlakın dövlət reyestrində ünvan 3 ünvanlı “B” (118,4 kv.m) tikilisi üzərində qeydə alınmış hüquq (Nərimanov RİHB-nin 57 saylı, xx.xx.2016-cı il tarixli sərəncamı əsasında) iddiaçının 13 iyun 2023-cü il tarixdə cavabdehə təqdim etdiyi 305 saylı vərəsəlik arayışını (xx.xx.2023), ölüm haqqında şəhadətnaməni nəzərə almaqla AR Nazirlər Kabinetinin 319 saylı qərarına, AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsini tətbiq etməklə, mərhum X2 adları arayışda (205 saylı- xx.xx.2023-cü il tarixli ASAN xidmət mərkəzinin notariat ofisinin) qeyd edilmiş hüquqi varislərinin –X3 və İddiaçı adlarına düzəliş edilməsi və ödənilmiş rüsum və xidmət haqları müqabilində hər hansı ödəniş tələb edilmədən müvafiq çıxarışın elektron sistemə yerləşdirilməsi vəzifəsinin qoyulması barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verdi və tələbin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli məktublardan görünür ki, iddiaçının hazırkı tələbi ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqıqnda daşınmaz əmlakın dövlət reyestrindən **********21-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 13/256 hissəsi xx.xx.2014-cü il tarixdə paylı mülkiyyət hüququ ilə X1 adına qeydiyyata alınmışdır. -Nərimanov RİHB-nin xx.xx.2016-cı il tarixli, 57 nömrəli sərəncamının surətindən görünür ki, Təbri küçəsindəki 34 nömrəli evin 4 nömrəli mənzilində yaşayan vətəndaş X6 ərizə ilə Nərimanov RİH-ə müraciət edərək xüsusi mülkiyyətində olan mənzilin yaşayış və köməkçi sahələrinin dəqiqləşdirilərək sənədləşdirilməsini xahiş etmişdir. A.M.Mövlamovun ərizəsi əsasında baxış keçirilərək müəyyən edilmişdir ki, onun yaşadığı ev faktiki olaraq ümumi sahəsi 118,4 kv.m, yaşayış sahəsi 64,4 kv.m, köməkçi sahəsi isə 54 kv.m olmaqla 4 otaqlıdır. Mənzildə yeni tikili aşkar edilməmişdir. Qeyd olunanlara istinad edilərək qərara alınmışdır:
1. Təbriz küçəsindəki 34 nömrəli evin 4 nömrəli mənzili ümumi sahəsi 118, kv.m, yaşayış sahəsi 64,4 kv.m, köməkçi sahəsi isə 54 kv.m olmaqla 4 otaqlı hesab edilsin və sənədləşdirilsin.
2. Sərəncamın 1-ci bəndinə uyğun olaraq A.Mövlamovun adına olan mənzilin mülkiyyət sənədlərində müvafiq dəyişikliklərin aparılması DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə tövsiyə olunsun. -1 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisinin səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2023-cü il tarixli, 205 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş ünvan 7 ünvanında qeydiyyatda olmuş- X1 adına 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin notariat ofisində xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmışdır. Açılmış vərəsəlik işi üzrə vərəsələrin dairəsi müəyyən olunmuşdur. Vərəsələrin dairəsi aşağıdakı kimidir: oğlu- İddiaçı, qızı- X11. -1 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi oğlu İddiaçı və qızı X5r. Şəhadətnamə verilən əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə verilmiş **********179 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 229,90 kv.m olan fərdi yaşayış evindən paylı mülkiyyət hüququ üzrə mərhum X4 məxsus olan (“A” tikilisindən 13/256 hissə və B tikilisi) paydan ibarətdir. -**********21-10301 reyestr nömrəli Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 229,90 kv.m olan fərdi yaşayış evinin “A” tikilisindən 13/256 hissə və “B” tikilisi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə X1 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. “A” tikilisinin digər hissələri isə ayrı-ayrı şəxslərin adlarına paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Beləliklə işin faktiki hallarından görünür ki, İddiaçı mərhum atası Allahverdi Mövlamov Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən fərdi yaşayış evin paylı mülkiyyətçilərindən biri olmuşdur. Sonradan mərhum A.Mövlamovun müraciəti əsasında Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən ünvana baxış keçirilərək əsas və köməkçi sahələri dəqiqləşdirilmiş və yaşadığı evin ümumi sahəsinin 118,4 kv.m olduğu müəyyən edilmişdir. Nərimanov RİHB-nin xx.xx.2016-cı il tarixli, 57 nömrəli sərəncamı ilə qeyd olunan sahənin sənədləşdirilməsi qərara alınmış və mülkiyyət sənədlərindən müvafiq dəyişikliklərin aparılması cavabdeh qeydiyyat orqanına tövsiyə edilmişdir. A.Mövlamov xx.xx.2022-ci il tarixdə vəfat etmiş və iddiaçı vərəsə kimi müvafiq tilkilinin üzərində hüquqların onun və bacısının adına qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Bundan sonra cavabdeh qeydiyyat orqanı tərəfindən ünvan 3 ünvanında yerləşən “B” tikilisi üzərində mərhum A.Mövlamovun hüquqları qeydiyyata alınmış və bu barədə xx.xx.2023-cü il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli müraciətinə qoşma olaraq A.Mövlamovun ölüm haqqında şəhadətnaməsini, xx.xx.2014-cü il tarixli çıxarışı, Nərimanov RİHB-nin xx.xx.2016-cı il tarixli sərəncamını da əlavə etmişdir. Hazırda cavabdeh inzibati orqanın qeydiyyatla bağlı hərəkətlərindən narazıdır və hesab edir ki, sözügedən müraciəti əsasında “B” tikilisi üzərində mərhum atasının deyil, vərəsə kimi özünün və bacısının mülkiyyət hüquqları qeydiyyata alınmalı və bu barədə dövlət reyestrindən çıxarış verilməli idi. Həmin reyestr qeydində düzəliş edilməsi ilə bağlı cavabdehə müraciəti təmin edilmədiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqanın mövqeyi belədir ki, iddiaçı tərəfindən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün notariat ofisi tərəfindən təsdiq edilmiş 2V-546 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə “ASAN xidmət” mərkəzinə müraciət edilməsi məqsədəuyğundur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 16.6-cı maddəsinə əsasən, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 43.1-ci bəndinə əsasən, dövlət reyestrinə daxil edilmiş məlumatlarda yol verilən cüzi dəyişikliklər, yəni maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər (dövlət reyestrində göstərilmiş şəxsin adının və ya daşınmaz əmlak obyektinin ünvanının dəyişməsi, rekonstruksiya işləri nəticəsində daşınmaz əmlak obyektində baş verən xırda dəyişikliklər və s.) və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində nəzərdə tutulmuş düzəlişlər müvafiq fəslin ayrıca vərəqində - "Dəyişikliklərin (düzəlişlərin) məzmunu" qrafasına daxil edilir. Müvafiq fəslin "Sənədlər - əsaslar" qrafasında isə belə dəyişikliklərin və ya düzəlişlərin edilməsi üçün əsas olmuş sənədlərin rekvizitləri göstərilir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağı və məqsədi ünvan 10 ünvanında yerləşən “B” tikilisi üzərində mülkiyyət hüququnun özünün və bacısının adına qeydiyyata alınmasına və bu barədə dövlət reyestrindən çıxarış aınmasından ibarətdir. İddaçı bu məqsədinə nail olmaq üçün cavabdeh inzibati orqana müraciət edərək qeyd olunan əmlaka dair mərhum Allahverdi Mövlamovun adına verilmiş xx.xx.2023-cü il tarixli çıxarışda düəzliş edilməsini tələb etsə də cavabdeh məsələnin həllindən imtina etmişdir. Məhkəmə hesab edir ki, konkret halda müvafiq düzəlişlərin aparılması üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, yuxarıda istinad olunan müddəların tələblərindən göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata düzəlişlər iddiaçının tələb etdiyi formada deyil, cüzi, mahiyyətə təsir etməyən dəyişikliklərin aparılmasını nəzərdə tutur və bu düzəlişlər qeydiyyat orqanı tərəfindən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin aradan qaldırılmasına xidmət etməklə qeydiyyat orqanı tərəfindən onların aşkar edildiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində həyata keçirilməlidir. Hazırkı işin halları isə bu cür düzəlişin aparılması üçün əsas vermir. Bu mənada ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən sənədi almadan öldükdə qeydiyyat orqanı tərəfindən onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olmasına dair arayış verir və yalnız həmin arayış əsasında hüquqların dövlət qeydiyyatı haqqında çıxarış vərəsənin adına rəsmiləşdirilir. Hazırkı işin hallarından isə müəyyən edildi ki, mərhum A.Mövlamov Təbriz küçəsi 34 ünvanında yerləşən “A” tikilinin paylı mülkiyyətçisi olsa da, həmin ünvandakı “B” tikilisi üzərində hüquqları qeydiyyata alınmamışdır. Belə olan halda cavabdeh qeydiyyat orqanı tərəfindən iddiaçının hüquqların qeydiyyatı haqqında müraciəti üzrə cavabdeh tərəfindən aparılmış inzibati icraat nəticəsində daşınmaz əmlak üzərində ölmüş şəxsin adına mükiyyət hüququnun qeydiyyata alınmasına dair çıxarış deyil, həmin əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə arayış verilməli idi. Məhz həmin arayış əsasında vərəsəlik sənədlərini təqdim edən ölmüş şəxsin vərəsəsinə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı hüquqların dövlət reyestrindən çıxarış verilə bilərdi. Lakin göründüyü kimi, cavabdeh tərəfindən inzibati icraat çərçivəsində ölmüş şəxsin adına dövlət reyestrində əmlaka dair mülkiyyət hüququ üzrə qeydiyyat aparılmış və bu barədə xx.xx.2023-cü il tarixdə çıxarış verilmişdir. Dövlət reyestrinin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə isə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmçinin mövcud əmlak qanunvericliyinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və bu cür mübahisələr də məhkəmə qaydasında həll edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqların qeydiyyatı ilə bağlı dövlət reyestrinin məzmunun həqiqiliyi və tamlığı qüvvədə olduğundan, hazırkı işin halları isə dövlət reyestrində düzəliş edilməsi üçün əsas vermədiyindən və iddiaçının cavabdehə ilkin müraciəti də düzəliş edilməsi məzmununda olduğundan iddia uğurlu sayıla bilməz. Bu baxımdan iddiaçının hazırkı tələbi üzrə müraciətinin təmin edilməsindən cavabdehin imtinası qanunazidd olmamışdır. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə bildirir ki, iddiaçının hüquqi marağına uyğun olaraq qanunla tələb olunan müvafiq sənədləri aidiyyəti üzrə təqdim etməklə arzuladığı məqsədə nail olmaq imkanı vardır. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov