Məhkəmə qərarları › İş №2-1(112)-740/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-740/2023

06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-740/2023 06.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi X11, Üçüncü şəxslər X7 və X5 nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxslər X9 və qeyriləri) qarşı “sərəncamların ləğv edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12 ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında xx.xx.2014-cü il tarixli 4958 nömrəli "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinin bağlanılmasına əsas olmuş “Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında" xx.xx.2013-cü il tarixli 414 nömrəli, “İcarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında" xx.xx.2013-cü il tarixli 433 nömrəli, “Torpaq sahələrinin icarəyə verilməsi haqqında" xx.xx.2014-cü il tarixli 76 nömrəli və “Torpaq sahələrinin özəlləşdirilməsi haqqında" xx.xx.2014-cü il tarixli 132 nömrəli sərəncamların ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ilə üçüncü şəxs X9 və digərləri arasında olan mülki iş üzrə məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ölçüsü 51.2 kv.m olan qeyri-yaşayış sahəsinə dair X5 adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli ilk çıxarışda həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,00557 ha olmuş və həmin torpaq sahəsi dövlətə məxsus olmuşdur. Bundan sonra, eyni şəxsin adına yenidən verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışdan müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin ölçüsü artırılaraq 0,1083 ha ölçüdə qeyd edilmiş və cavabdehin adına xüsusi mülkiyyət hüququ ilə Dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra isə həmin torpaq sahəsinə dair eyni ölçülərlə X3 adına xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Məhkəmə araşdırmalarının gedişində məhkəmə sorğusuna cavab olaraq, DƏDRX tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinə X12 ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanılmış xx.xx.2014cü il tarixli, 4958 nömrəli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı" müqaviləsi təqdim edilmişdir. Sonradan, yəni xx.xx.2022-ci il tarixdə Xidmətin nümayəndəsi tərəfindən məhkəməyə torpaq sahəsinə dair “Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında” xx.xx.2013-cü il tarixli, 414 nömrəli Sərəncam, “İcarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2013-cü il tarixli, 433 nömrəli Sərəncam, “Torpaq sahələrinin icarəyə verilməsi haqqında” xx.xx.2014-cü il tarixli, 76 nömrəli Sərəncam və “Torpaq sahələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2014-cü il tarixli, 132 nömrəli Sərəncam məhkəməyə təqdim edilmişdir. Həmin tarixə qədər qeyd edilən Sərəncamlar barədə iddiaçının məlumatı olmamışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamına əsasən, yuxarıda göstərilən Azon zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120.0 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi İddiaçı Fərrux oğlu tərəfindən tikilmiş və onun istifadəsində olmuşdur. Lakin Xidmət tərəfindən yuxarıda qeyd edilən torpaq sahəsinə dair Sərəncamlar verilərkən həmin torpaq sahəsində iddiaçının inşa etdiyi tikililərin yerləşdiyi nəzərə alınmamış, iddiaçı inzibati icraata dəvət edilməmiş və onun hüquqları və mənafeyinə zidd olaraq Sərəncamlar verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazda göstərmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli, 414 nömrəli sərəncamı ilə ünvan 2 ünvanında yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyindəki İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmuş 51.2 kv.m qeyriyaşayış sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə bağlanmış xx.xx.2013-cü il tarixli, 5990 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan qeyri-yaşayış sahəsi X5 icarəsinə verilmişdir. Daha sonra X12 ərizə ilə Komitəyə müraciət edərək qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ünvan 2 ünvanında yerləşən 51.2 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə xx.xx.2013-cü il tarixli, 433 nömrəli sərəncam verilmiş və Komitə ilə Emil Qəhrəmanov arasında bağlanmış “icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsinə” əsasən qeyd olunan qeyri-yaşayış sahəsi sonuncu tərəfindən özəlləşdirilmiş və ona daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ******* nömrəli mülkiyyət hüququ haqqında çıxarış verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsinin istifadəsində olan 1083 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə 14 mart 2014-cü il tarixli, 76 nömrəli sərəncam qəbul edilmiş və Komitə ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 3006 nömrəli icarə müqaviləsinə əsasən həmin sahə X5 icarəsinə verilmişdir. Daha sonra X5 müraciəti əsasında Komitənin 02 may 2014-cü il tarixli, 132 nömrəli sərəncamı ilə qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 4958 nömrəli alqısatqı müqaviləsinə əsasən torpaq sahəsi Emil Qəhrəmanov tərəfindən özəlləşdirilmişdir. İddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, mübahisəli qeyri-yaşayış və torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mübahisələndirilən sərəncamlar qəbul edilən zaman iddiaçının həmin sahələr üzərində hər hansı hüququ mövcud olmamışdır. Hazırda iddiaçı iddia tələbinin əsası kimi cavabdeh tərəfindən özəlləşdirilmiş ünvan 2 ünvanında yerləşən 51.2 kv.m qeyri-yaşayış sahəsinin çıxarışında həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ölçüsünün 0.00557 ha olması qeyd olunsa da, torpaq sahəsinin özəlləşdirilməsi zamanı həmin sahənin ölçüsünün artırılaraq 0.1083 ha göstərildiyi və özəlləşdirmədən sonra 0.1083 ha sahəyə dair cavabdeh Emil Qəhrəmanova çıxarış verildiyini qeyd etmişdir. Bununla bağlı bildirilir ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 51.2 kv.m qeyri-yaşayış sahəsi özəlləşdirilməzdən əvvəl həmin sahəyə dair tərtib olunmuş daşınmaz dövlət əmlakına dair registrdən çıxarışda və texniki pasportda qeyd olunan qeyri-yaşayış sahəsinin faktiki istifadəsində olan torpaq sahəsinin 0.1083 ha olması qeyd olunmuşdur. Bu baxımdan, mübahisəli 0.1083 ha torpaq sahəsinin özəlləşdirilməsi barədə Komitə tərəfindən qəbul edilmiş sərəncamların ləğv edilməsi ilə bağlı iddiaçının istinad etdiyi qeyd olunan hallar tamamilə əsassızdır. Bundan əlavə, Torpaq Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 9.2-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsini satın alınması üçün həmin sahənin üstündə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Göründüyü kimi, qanunvericiliyə əsasən Emil Qəhrəmanov tərəfindən özəlləşdirilmiş ünvan 2 ünvanında yerləşən 51.2 kv.m qeyriyaşayış sahəsinin yerləşdiyi dövlət mülkiyyətində olmuş 0.1083 ha torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməsi səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinin hüquq varisi olduğu dövlət qurumuna məxsus olmuşdur ki, hər hansı digər dövlət qurumunun həmin sahə ilə bağlı qərar qəbul edilməsi hüququ olmamışdır. Bu baxımdan iddiaçının Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 125 nömrəli sərəncamına əsaslanaraq mübahisəli torpaq sahəsi üzərində hər hansı hüquqlara istinad etməsi tamamilə əsassızdır. Eyni zamanda nəzərə alınmalıdır ki, 9 il ərzində mübahisə predmeti olan əmlaklar cavabdehin icarəsində, daha sonra mülkiyyətində olmuş və iddiaçı bundan xəbərdar olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi iddiaçı inzibati aktların mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X9, X16 və X10, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi və "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxslər N.Qəhrəmanov və E.Qəhrəmanovun nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan: - Dövlət əmlakının registrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzinin balansında olan ünvan 3 ünvanında yerləşən əmlak ümumi sahəsi 51.2 kv.metr, tikintialtı sahəsi 56 kv.metr olan 1 mərtəbəli qeyri-yaşayış sahəsindən, tikinti altı sahəsi 11 kv.metr olan hasar və sahəsi 469 kv.metr olan yaşıllıq sahəsindən ibarət olmaqla, 1996-cı il tarixdə istismara verilmişdir, əmlakın yerləşdiyi ərazinin ümumi torpaq sahəsi 0,1083 ha təşkil edir. - Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli 414 nömrəli Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında sərəncamından görünür ki, ümumi sahəsi 51,2 kv.metr olan ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasına dair fiziki şəxs X5 adına icarə müqaviləsinin bağlanması qərara alınmışdır. - xx.xx.2013-cü il tarixli 5990 saylı icarə müqaviləsindən görünür ki, icarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 51.2 kv.metr sahəsi olan 1 mərtəbəli qeyri-yaşayış binasını 1 il müddətinə icarəçi X5 icarəsinə vermişdir. - Həmin qeyri-yaşayış binasına dair xx.xx.2013-cü il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, qeyri-yaşayış binasının yerləşdiyi ərazinin ümumi torpaq sahəsi 1083 kv.metrdir ki, bunun 55,7 kv.m hissəsində qeyri-yaşayış binası, 10.8 kv.metr hissəsində daş hasar, 468.8 kv.metr hissəsində yaşıllıq sahəsi yerləşir, 547.7 kv.metr hissəsini isə açıq torpaq sahəsi təşkil edir. - Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli 433 nömrəli icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında sərəncamından görünür ki, ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli, 23 nömrəli Qərarı ilə təsdiq edilmiş (29 noyabr 2007-ci il tarixli, 192 nömrəli Qərarı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) “Özəlləşdirilən müəssisələrin (obyektlərin) ilkin qiymətinə tətbiq edilən əmsallar”a əsasən hesablanmış qiyməti təsdiq edilmiş, sərəncamın 1-ci bəndində göstərilən icarəyə verilmiş daşınmaz dövlət əmlakının 100% dəyəri ilə icarəçilərə satın alınmaq üçün təklif edilməsi və icarə müqavilələrinin sərəncam imzalandığı gündən qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. - xx.xx.2013-cü il tarixli 5201 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi onunla bağlanmış xx.xx.2013-cü il tarixli, 5990 saylı icarə müqaviləsi əsasında icarəyə verdiyi ümumi sahəsi 51.2 kv.metr olan qeyri-yaşayış binasını X2. - İşdə olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 51.2 kv.metr qeyri-yaşayış binasına dair X5 mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Çıxarışda qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin ölçüsü 0.00557 kv.metr göstərilmişdir. - - Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli 76 nömrəli torpaq sahələrinin icarəyə verilməsi haqqında sərəncamından görünür ki, ünvan 5 ünvanında olan qeyri-yaşayış binasının yerləşdiyi 1083.0 kv.metr dövlət torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq X8 icarəyə verilməsi qərara alınmışdır. - Həmin sərəncama əsasən xx.xx.2014-cü il tarixdə X12 ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında 3006 saylı müqavilə bağlanmış və ünvan 1 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 1083.0 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli 132 saylı torpaq sahəsinin özəlləşdirilməsi haqqında sərəncamından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli, 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə uyğun qiymətləndirilmiş, ünvan 6 ünvanında yerləşən 1083.0 kv.metr torpaq sahəsinin həmin torpaq sahələrində yerləşən müəssisə və obyektlərin mülkiyyətçilərinə satın alınmaq üçün təklif edilməsi və həmin sərəncamın 1 və 2 nömrəli əlavələrdə göstərilən icarə müqavilələrinin sərəncam imzalandığı gündən qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. - xx.xx.2014-cü il tarixli 4958 saylı Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, ********** saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin adına qeydiyyata alınmış ünvan 7 ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 1083,0 m2 torpaq sahəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X1. İşdən görünür ki, ünvan 7 ünvanındakı qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi E.Qəhrəmanov tərəfindən xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Nadir Qəhrəmanova bağışlanmış, sonuncu isə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin daşınmaz əmlakı Elton Mustafayevə satmışdır. Beləliklə, istinad olunan işin hallarından görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 51.2 kv.metr olan qeyri-yaşayış binası və onun yerləşdiyi 1083,0 m2 torpaq sahəsi əvvəl icarə, daha sonra isə alqı-satqı müqaviləsi əsasında Emil Qəhrəmanovun adına özəlləşdirilmişdir. İddiaçı hazırda mübahisəli qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpaq sahəsinin Emil Qəhrəmanovun adına özəlləşdirilməsinə əsas olan cavabdehin həmin sərəncamlarını mübahisələndirir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuz sayılması təsbit edilmişdir. Deməli, hazırkı halda müəyyənləşdirilməli hal inzibati orqan tərəfindən mübahisəli sərəncam qəbul edilərkən qanunvericiliyin maddi və prosessual tələblərinin pozulub pozulmamasının müəyyən edilməsidir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddianı qaldırarkən ilk növbədə E.Qəhrəmanovun adına özəlləşdirilən torpaq sahəsinin ölçüsünün ilk çıxarışda 0,00557 ha, sonradan verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışda isə artırılaraq 0,1083 ha olmasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirinin 18 aprel 2000-ci il tarixli 48 nömrəli əmri ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi Qaydaları”na əsasən:

2. Torpaq sahələrinin icarəyə verilməsi zamanı yalnız texniki pasportlarda göstərilmiş hüdudlar daxilində olan torpaq sahələrinin icarəyə verilməsinə yol verilir.

3. Torpaq sahələrinin icarəçisi kimi dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi(ləri) olan hüquqi və fiziki şəxslər çıxış edirlər.

4. Torpaq sahələri Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə satınalma hüququ ilə, əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə, təşkilatlara, habelə xarici dövlətlərə isə qanunvericiliyə uyğun olaraq satınalma hüququ olmadan icarəyə verilir,

8. Təqdim edilmiş sənədlər tam olduqda torpaq sahəsinin icarəyə verilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq qərar qəbul edilir və özəlləşdirilən müəssisə (obyektin) mülkiyyətçisi(ləri) ilə nümunəvi forması təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə" bağlanılır.

9. Bağlanmış icarə müqaviləsi müvafiq qaydada Azərbaycan Respublikasında dövlət əmlakının Registrlərində qeydiyyata alınandan və müqavilə üzərində bu barədə qeyd aparılandan sonra o hüquqi qüvvəyə minmiş hesab olunur və tərəflər üçün hüquq və vəzifə yaradır. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə”yə əsasən: - bənd 2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə, dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. -bənd 11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə, torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. Beləliklə, istinad olunan normalardan görünür ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri həmin müəssisə və obyektlərin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlardır və həmin torpaqlar özəlləşdirilən müəssisə və obyektə xidmət göstərmək təyinatı daşıyır. Bu torpaqlar özəlləşdirilən müəssisə və obyektdən ayrıca deyil, həmin əmlakla bir vahid kimi çıxış edir, müəssisə və obyektə mülkiyyət hüququ əldə edən şəxs əmlakın yerləşdiyi və özəlləşdirmə zamanı texniki pasportda göstərilən həmin torpaq sahəsinin də istifadəçisi olur. Qanunvericiliyə əsasən bu torpaq sahəsi obyekti özəlləşdirmiş şəxsin icarəsinə verilməli, satılmaq üçün yalnız ona təklif edilməlidir. Yuxarıda istinad olunan xx.xx.2013-cü il tarixdə tərtib edilmiş ünvan 3 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, bina E.Qəhrəmanovun adına özəlləşdirilərkən ilk əvvəl onun texniki pasportu tərtib edilmiş və texniki pasportda binanın yerləşdiyi ərazinin ümumi sahəsi 1083 kv.metr göstərilmişdir. Daha sonra isə E.Qəhrəmanov 13D saylı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsini də özəlləşdirmiş, bu zaman özəlləşdirilən torpaq sahəsinin ölçücü ilkin texniki pasporta, yəni qanunvericiliyə uyğun olmuşdur. Çünki yuxarıda qeyd edilən qanunvericilikdən də göründüyü kimi, özəlləşdirilən obyektin yerləşdiyi torpaq sahəsi həmin obyektin özəlləşdirilməsi zamanı onun texniki pasportunda göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqdır. RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin ölçüsünün 0.00557 kv.metr göstərilməsinə gəldikdə, məhkəmə qeyd edir ki, həmin ölçü yalnız binanın yerləşdiyi tikintialtı sahəsinin göstəricisi olmuş, bu da xx.xx.2013-cü il tarixli texniki pasporta uyğun olmuşdur. Belə ki, həmin texniki pasportdan görünür ki, qeyri-yaşayış binasının yerləşdiyi ərazinin ümumi torpaq sahəsi 1083 kv.metrdir, bunun 55,7 kv.m hissəsində qeyri-yaşayış binası, 10.8 kv.metr hissəsində daş hasar, 468.8 kv.metr hissəsində yaşıllıq sahəsi yerləşir, 547.7 kv.metr hissəsini isə açıq torpaq sahəsi təşkil edir. Beləliklə, göstərilənlərə əsasən aydın olur ki, mübahisəli qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi özəlləşdirilərkən torpaq sahəsinin ölçüsü ilə bağlı hər hansı normanın pozulmasına yol verilməmişdir. İddiaçının hazırkı tələbinin digər bir faktiki əsasını Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamına əsasən, Azon zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120.0 kv.m. ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı Fərrux oğlu tərəfindən tikilməsi, Xidmət tərəfindən yuxarıda qeyd edilən torpaq sahəsinə dair Sərəncamlar verilərkən həmin torpaq sahəsində iddiaçının inşa etdiyi tikililərin yerləşməsinin nəzərə alınmaması olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamından görünür ki, 3-cü Yasamal küçəsi, 179 saylı evdə yaşayan vət. İddiaçı Fərrux oğluna Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120.0 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktı təsdiq edilmiş, qeyriyaşayış sahəsinin yerləşdiyi yerin icarə xərclərinin ödənilməsi üçün vət. İddiaçıla rayonun müvafiq qurumları arasında müqavilə bağlanılması qərara alınmışdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2941/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi, iddia ərizəsinə əlavə və yekun olaraq iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə ilə cavabdehlər X4 və X6 qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamı ilə İddiaçı verilmiş 120 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin, cavabdeh E.Mustafayevin adına rəsmiləşdirilmiş 51.2 kv.m hissəsi istisna olmaqla, naturada ayrılması və qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus hissəsindən cavabdehlərin çıxarılması, qeyri-yaşayış sahəsinin iddiaçıya aid hissəsi boşaldılaraq, iddiaçının sahiblik və istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4313/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2941/2022 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4313/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “...İkincisi, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli Sərəncamı (işə kserosurəti əlavə edilməsinə baxmayaraq) iddiaçıya Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120 kv.m. ölçüdə qeyri-yaşayış sahəsi məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktının təsdiq edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, həmin sərəncamla iddiaçıya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi ayrılmamışdır. Bunun ayrılması da mümkün ola bilməzdi. Çünki mübahisəli qeyri-yaşayış sahəsi və yerləşdiyi torpaq sahəsi həmin vaxt dövlət mülkiyyətində olmuşdur. “Azon” zavodu tərəfindən Dövlət Torpaq Komitəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubunda iddianın əsaslılığına heç biri təsiri ola bilməz. Çünki, qeyd olunan məktubun nə dərəcədə qanuni olmasının yoxlanılması hazırki icraatın predmeti olmasa da “Azon” zavodunun rəhbərliyinin həmin vaxt zavodun ərazisindəki dövlət mülkiyyətində olan torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etməmək kimi bir səlahiyyəti ola bilməzdi. Qeyd olunan sərəncamın və məktubun nə dərəcədə qanuni olub-olmaması nəzərə alınmasa belə iddiaçı bu dövr ərzində həmin qeyri-yaşayış və torpaq sahəsini hansısa hüquqla öz adına qeydə alınmasına nail ola bilməmişdir.” Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4371/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2941/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamına qiymət verilmişdir. Məhkəmə həmçinin əlavə olaraq qeyd edir ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamında Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120.0 kv.metr ölçüdə qeyri-yaşayış sahəsinin İddiaçı Fərrux oğluna məxsus olması faktı təsdiq edilsə də, bu sərəncam özlüyündə hər hansı bir hüquqi nəticə doğurmur. Belə ki, həmin sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan “Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” təsdiq edilmiş, həmin Əsasnamədə yerli icra hakimiyyətinin əmlakın hər hansı şəxsə məxsus olması barədə faktı təsdiq etmək kimi bir səlahiyyəti nəzərdə tutulmamışdır. Bundan əlavə, həmin Əsasnamənin: - 17.1-ci bəndinə əsasən yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında — Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayrılan vəsaitlər və məqsədli fondların vəsaiti, dövlət yaşayış fondu, dövlət yaşayış fondunun evlərində qeyri-yaşayış binaları, mühəndis-kommunikasiya, infrastruktur obyektləri (su kəmərləri, kanalizasiya təsərrüfatları, istilik təchizatı, elektrik təchizatı, qaz təchizatı, şəhər elektrik nəqliyyatı qurğuları və şəbəkələri, digər abadlıq obyektləri), istehlakçılara bilavasitə kommunal xidmətlər göstərən və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və qanunvericiliklə müəyyən edilmiş qaydada onların sərəncamına verilmiş digər əmlak daxildir. - 17.2-ci bəndinə əsasən yerli icra hakimiyyətlərinin sərəncamında torpaq sahələri, təbii obyektlər, maliyyə aktivləri, qeyri-yaşayış binaları, müəssisələr, digər əmlak kompleksləri, təhsil, mədəniyyət, səhiyyə, idman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün digər əmlak ola bilər. -18.1-ci bəndinə görə müvafiq yerli icra hakimiyyətlərinin sərəncamında olan obyektlər üzərində sərəncam verilməsi və onların idarə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 18.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının: 1) məqsədli fondların vəsaitləri üzərində sərəncam vermək; 2) yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlak barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə hüquqi hərəkətlər etmək hüququ vardır. - 18.3-cü bəndinə görə dövlət əmlakı yerli icra hakimiyyətlərinin operativ idarəçiliyində və ya tam təsərrüfat səlahiyyətində ola bilər. - 19.1-ci bəndinə görə yerli icra hakimiyyətlərinin qeyri-dövlət müəssisə, idarə və təşkilatlarla münasibətləri müqavilə əsasında qurulur. İstinad olunan normalardan görünür ki, yerli icra hakimiyyətinin yalnız onun sərəncamında olan əmlaka münasibətdə hüquqi hərəkətlər etmək səlahiyyəti mövcud olmuş, bu zaman digər şəxslərlə münasibətlərini müqavilə əsasında həyata keçirməsi təsbit edilmişdir. İşin yuxarıda qeyd olunan hallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi Yasamal rayon İcra Hakimiyyətinin deyil, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzinin balansında olmuş, bununla da İcra Hakimiyyəti həmin əmlaka münasibətdə hər hansı bir səlahiyyətə malik olmamışdır. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə gəldikdə, həmin Əsasnamənin 28.1-ci bəndinə əsasən icra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək; "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri (maddə 19. Azərbaycan Respublikasında torpaq sahələri üzərində mülkiyyət hüququ mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb satıla bilər) bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Eyni zamanda Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Mübahisəli sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 6 mart 2000-ci il tarixli 291 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Göründüyü kimi, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005ci il tarixli, 125 nömrəli Sərəncamının qəbul edildiyi dövrdə yerli icra hakimiyyətinin torpaq ayırma səlahiyyəti də olmamışdır. Belə olan halda aydındır ki, həmin sərəncam mübahisəli əmlaka münasibətdə hər hansı bir hüquq yaratmadığından iddiaçının cavabdehin qəbul etdiyi sərəncamların onun hüququna toxunması barədə dəlili əsaslı sayıla və iddia təmin edilə bilməz. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar