Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7400/2024 29.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı şəhid ailəsi üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına əsasən ödənilməli olan 11.000 (on bir min) manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum oğlu X2 07 sentyabr 2005-ci il tarixdə döyüş növbətçiliyi zamanı baş nahiyəsindən düşmən tərəfindən aldığı güllə yarası almışdır və şəhid olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra - birdəfəlik ödəmə) verilməsi müəyyən edilmişdir, lakin rəsmi olaraq şəhid ailəsi hesab olunsalar da 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə onlara ödənilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın aidiyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İddiaçılar məhkəməyə verdikləri izahatlarında Şirvan İnzibati Məhkəməsinə iddia verdiklərini, sonradan iddianı geri götürdüklərini bildirərək işin aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Cavabdehin nümayəndəsi işin aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinin tələbinə uyğun olaraq mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Normanın mənasına görə mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara baxılmasının ərazi aidiyyəti ilk növbədə cavabdeh inzibati orqanın yerləşdiyi yerlə, inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi halda isə iddiaçının yaşayış yeri və ya olduğu yer ilə müəyyənləşdirilir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçılar şəhid ailəsinin üzvü kimi onlara 11000 manat birfədəlik ödənişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir ki, bu öhdəliyin icrası haqqında iddiadır. Hər iki cavabdehin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Buna görə də, hazırkı iddia tələbinə baxılması İPM-in 8.1.2-ci maddəsində göstərilən (inzibati orqanın yerləşdiyi yer üzrə) aidiyyətin təsir dairəsinə düşmür. Beləliklə, hazırkı iddiaya İPM-in 8.1.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçıların yaşadığı yerin məhkəməsi tərəfindən baxılmalıdır. İş materiallarında olan, iddiaçıların şəxsiyyət vəsiqələri məlumatlarından müəyyən olunur ki, iddiaçılar Ağcabədi rayonu, Hindarx qəsəbəsi ünvanında qeydiyyatdadırlar. Bundan əlavə, iddiaçılar da iddia ərizəsində özlərinin yaşayış yeri kimi həmin ünvanı qeyd etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Beləliklə, sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin eyni vaxtda bir neçə yaşayış yerinə sahib olmasını mümkün hesab etsə də, onun başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı bir yaşayış yeri üzrə qeydiyyata alınmasını zəruri sayır. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı isə onun şəxsiyyət vəsiqəsində öz əksini tapır. Ona görə də, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə Şirvan İnzibati Məhkəməsidir. Belə ki, “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Ağcabədi rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (18.1-ci bənd). Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı şəhid ailəsi üçün nəzərdə tutulmuş birdəfəlik ödənişin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7400/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7400/2024
29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver