Məhkəmə qərarları › İş №2-1(112)-7402/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7402/2025

29.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7402/2025 29.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, X5 kаtibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluğa dair arayışın verilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 12 saylı bağ sahəsinə dair məxsusluq arayışının verilməsi barədə öhdəliyin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum atası X10 Azərbaycan Pedoqoji Universitetində uzun illər dərs demiş müxtəlif vəzifələrdə çalışmışdır. Universitetdə işlədiyi dövrdə Həmkarlar İttifaqı Komitəsi tərəfindən Bakı şəhəri Xəzər rayonu Şuvəlan qəsəbəsi ərazisində universitetin işçiləri üçün ayrılmış 3.6 ha torpaq sahəsindən 0.06 ha (altı sot) 12 saylı torpaq sahəsi müvafiq tikinti və əkin işləri aparmaq məqsədilə torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini atası elə o zaman anası X6 adına rəsmiləşdirmişdir. Anası 2021 -ci ildə vəfat etmişdir. Ondan qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün 5 Saylı Notariat ofisinə müraciət etmiş və burada vərəsəlik işi açılmışdır. Notarius məxsusluq arayışının alınması üçün cavabdeh quruma müraciət göndərsə də, cavadbeh tərəfindən qanunsuz imtina verilmişdir. Belə ki, ikinci dəfə cavabdeh qurumdan bizə cavab verildi ki, guya anasına məxsus sahə başqa şəxsin adında rəsmiləşdirilmiş və daha sonra özgəninkiləşdirilmişdir. Halbuki qeyd etdiyi kimi göstərilən bağ sahəsi onların ailəsinə məxsusdur və digər şəxsin adına özəlləşdirmə qanunsuzdur. Cavabdeh quruma sorğu ilə müraciət edərək bağ sahəsinin kimin adına rəsmiləşdiriləsi barədə məlumat almaq istəsələr də, imtina verilmişdir. Onun öz hüquqlarının həyata keçirilməsi ilə bağlı cavabdehin vermiş olduğu imtinalar əsassızdır. Belə ki, lazımi olan hüquqmüəyyənedici sənədlər inzibati orqana təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə aktıın qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilərək bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı İdarəyə müraciət etmiş və xx.xx.2024-ci il tarixli, **********44 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin arxivində mövcud olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında X6 adı aşkar edilməmişdir. Həmçinin idarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq siyahısında 12 nömrəli bağ digər şəxsin adına qeyd edilmiş, daha sonra sahə həmin şəxsin adına qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Elektron kadastr məlumatlarına əsasən şərti göstərilən sahə digər şəxsin-X2 (AZE 09173085, FİN: 273Q3TH) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-7402/2025 nömrəli qərardadı ilə X7 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 5 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli 699 nömrəli məktubunda göstərilmişdir ki, X4 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 5 saylı notariat ofisinə İddiaçı tərəfindən müraciət olunmuşdur. xx.xx.1953-cü ildə doğulmuş X6 xx.xx.2021-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsələr İddiaçı ərizəsi əsasında tərəfimizdən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri,Xəzər rayonu,Şüvəlan qəsəbəsi ünvanında yerləşən 12 saylı torpaq sahəsinə dair arayış (çıxarış) verilməsi xahiş olunur. İş materiallarına əlavə edilmiş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universiteti X1 görünür ki, V.İ.Lenin adına ADPU və həmkarlar ittifaqı komitəsinin xx.xx.1987-ci il tarixli 1 nömrəli protokoluna əsasən, X11 V.İ.Lenin adına ADPU bağçılıqyoldaşlığın üzvüdür. Bakı ŞXDS-nin xx.xx.1990-cı il tarixli, 4-145 nömrəli qərarı, torpağın 60 nəfər şəxs üçün bölünmə sxemi Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1987-ci il tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş 003165 nömrəli torpaqdan istifadə hüququna aid dövlət aktı əsasında ADPU və həmkarlar təşkilatının 19 noyabr 1987-ci il tarixli birgə qərarına əsasən Bakı şəhəri Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsi ərazisində V.İ.Lenin adına ADPU-nun işçiləri üçün ayrılmış 3.6 ha torpaq sahəsinin altı sotu 12 nömrəli torpaq sahəsi müvafiq tikinti və əkin işləri aparmaq məqsədi ilə X8 təhkim edilmiş və onun istifadəsinə verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-13440/25 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin Məclisinin xx.xx.1999-cu il tarixli 28 saylı Protokolundan Çıxarışından görünür ki, iclasda 9 nəfər iştirak etmişdir. Gündəlikdə duran məsələ ADPU-nun HİK-nin xx.xx.1987-ci il tarixli 1 nömrəli protokoluna əsasən V.İ.Lenin adına ADPU yanında bağçılıq yoldaşlığın üzvlərinin siyahısına yenidən baxılması haqqında olmuşdur. İclasın sonunda Sədr V.Əliyevin məlumatını və Məclis üzvlərinin çıxışlarını nəzərə alaraq Həmkarlar İttifaqı Komitəsi qərara alır. Torpağın 33 nəfər şəxs üçün bölünmə sxemi Azərbaycan Respublikası Nazirlər Sovetinin 04.08. 1987-ci il tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş 003165 nömrəli torpaqdan istifadə hüququna aid Dövlət aktı əsasında Bakı şəhəri Əzizbəyov rayonunun Şüvalan qəsəbəsi ərazisində ayrılmış torpaq sahəsi 1999-cı il 16 yanvar HİK-nin 28 saylı iclasının qərarına əsasən aşağıda adları qeyd olunan şəxslərə verisin. Həmin protokoldan çıxarışa əlavə edilmiş siyahıda X6 adı qeyd edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-14170/2025 nömrəli məktubu ilə təqdim edimiş Daşınmaz Əmlakın texniki vəziyyətini əsk etdirən xx.xx.2024-cü il tarixli müayinə aktında göstərilmişdir ki, götərilən sahə digər fiziki şəxsin adına qeydiyyatdan keçib-**********72 reyestr nömrəli torpaq sahəsidir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli **********44 nömrəli məktubda bildirilmişdir ki, idarənin arxivində mövcud olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında X6 adı aşkar edilməmişdir. Həmçinin idarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq siyahısında 12 nömrəli bağ digər şəxsin adına qeyd edilmiş, daha sonra sahə həmin şəxsin adına qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Elektron kadastr məlumatlarına əsasən tərəfinizdən şərti göstərilən sahə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 12 saylı bağ sahəsinin V.İ.Lenin adına ADPU və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1987-ci il tarixli 1 nömrəli protokoluna əsasən mərhum anası X6 istifadə verilməsini əsas gətirərək, sözügedən bağ sahəsinə dair məxsusluq arayışının verilməsini mübahisələndirir. Cavabdeh inzibati orqan da iddiaçıya ünvanladığı imtina məktubunda bağçılıq-yoldaşlığ təsərrüfatı üzvlərinin siyahısında X6 adının aşkar edilmədiyini, həmçinin iddia olunan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 12 saylı bağ sahəsinin digər şəxsin adına qeyd edildiyini və özgəninkiləşdirildiyini və hazırda digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını əsas gətirərək müraciəti təmin etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin hallarından müəyyən olunur ki, iddiaçının mərhum anası X6 adı cavabdehin arxivində saxlanılan V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universiteti Bağçılıq- Yoldaşlıq Üzvlərinin siyahısında və bağların üzvlər arasnda olan bölgü sxemində yoxdur. Cavbadeh tərəfindən xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubu ilə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki, bağçılığa aid bğlgü sxemdə mövcud olan 12 nömrəli bağ sahəsi (12/4381) digər şəxsin adına **********94-11301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçı tərəfindən naturada göstərdiyi 12 nömrəli bağ sahəsi olaraq iddiaçının istifadəsində deyil və iddia olunan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən bağ torpaq sahəsi digər şəxsin adına 23/3940 nömrəli bağ sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində **********72 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-16968/2025 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi mərhum X8 aid 12 nömrəli bağ torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyata alınmış **********72 reyestr nömrəsi ilə qeydiyyata alınmış 23/3940 nömrəli sahə ilə eynidir. Hazırda iddia olunan bağ sahəsinə dair üçüncü şəxsin adına reyestrdə olan həmin qeydlər qüvvədədir. Beləliklə, nə qədər ki, sözügedən istər 12 nömrəli bağ, istərsə də naturada faktiki göstərdiyi bağ sahəsi üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırkı halda həmin qeydlər qüvvədədir, belə olan halda, qeydlər ləğv edilmədən eyni torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. Bununla əlaqədar qeyd edilməlidir ki, hazırki halda iddiaçının hüquqi marağı sözügedən bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qüvvədə olan qeydlərin ləğvi ilə bağlıdır. İş üzrə isə iddiaçının cavabdeh inzibati orqana Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 12 saylı bağ sahəsinə dair qüvvədə olan qeydlərin ləğvi ilə bağlı ilkin müraciətin olduğu müəyyən edilmir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda cavabdehin imtinası, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş qeyd edilən iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar