Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7403/2023 26.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsi, ev 3/5 ünvanında yerləşən 22 saylı mənzilinə dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsində yerləşən 3/5 nömrəli 5 mərtəbəli binada 2 otaqlı 22 №-li mənzilə texniki pasportun (44,5 kv.m ümum sahə ayrı, bitişik əlavə sahə isə faktiki istifadəsində olan əlavə sahə kimi göstərilməklə) tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil iddiaçının mülkiyyətindədir. İddiaçının mənzilə dair çıxarışı olsada, həmin mənzilə dair ona texniki pasport verilməmişdir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, mənzilə bitişik əlavə sahə inşa edilmişdir. Əlavə tikiliyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən mövcud vəziyyətə uyğun texniki pasportun tərtib edilməsi tərəfimizdən mümkün olmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya **********36 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan mənzilin əlavə tikilisinin sahəsi 24.9 kv.m təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsində yerləşən 3/5 nömrəli 5 mərtəbəli binada 2 otaqlı 22 №-li mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, mənzilə bitişik 24,9 m2 dövlət tərəfindən bağlı eyvan inşa edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 saylı Qərarı ilə təsdiq edimiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»nın: 3.7. Ərazi idarəsinin daşınmaz əmlaka dair qeydiyyat və hüquq şöbələrində ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla sənədlərin ekspertizası həyata keçirilir. 3.8. Qeydiyyat və hüquq şöbələrində sənədlərin ekspertizası zamanı hüquqların dövlət qeydiyyatından imtinaya və hüquqların dövlət qeydiyyatının dayandırılmasına əsas olmadıqda, sənədlərə əlavə edilmiş dövriyyə vərəqi imzalanmaqla, reyestr kitabı və qovluğu, habelə elektron formada müvafiq qeydiyyat aparıldıqdan sonra qeydiyyat icraçısı tərəfindən müvafiq elektron imza ilə imzalanmış hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən elektron çıxarış (bundan sonra - dövlət reyestrindən elektron çıxarış) ərizənin icra müddəti nəzərə alınaraq ən geci 3 (üç) gün müddətinə təsdiq edilməsi üçün ərazi idarəsinin rəhbərliyinə təqdim olunur. 3.9. Qeydiyyat şöbəsi tərəfindən maliyyə və təsərrüfat fəaliyyətini həyata keçirən şöbə ilə birgə ərizəçinin müraciətinə əsasən dövlət rüsumu və xidmət haqları üzrə ödəniş sənədləri yoxlanıldıqdan sonra ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş dövlət reyestrindən elektron çıxarış “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuş texniki sənədlər (texniki pasport, plan və ölçü) bu Qaydaların 2.5-ci bəndinə uyğun qaydada kağız formada ərizəçiyə təqdim olunması məqsədilə 1 (bir) gün müddətində sənədlərin qəbulu və verilməsi şöbəsinə göndərilir. 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin: 2.0.2. Daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək DƏDKR-in fəaliyyət istiqamətlərinə aiddir. 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifəsidir. 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək DƏDKR-in vəzifəsidir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə əhatə olunur. Nəzərə alınmalıdır ki, qanunvericilik mülkiyyət hüquqlarının qeydə alınması üçün sənədlərin əhatə dairəsini texniki sənədlərdən fərqləndirmişdir. Doğrudur ki, daşınmaz əmlaka dair texniki sənədlər daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən edən və bunu əks etdirən texniki sənəddir. Qanunvericiliyin tələblərinə görə isə texniki pasport texniki sənədlərdən biridir. Qeyd olunmalıdır ki, texniki sənədlərin (hazırki halda texniki pasportun) verilməsi vətəndaşın iddia olunan daşınmaz əmlaka münasibətdə mülkiyyət hüquqlarının yaranması mənasını vermir. Çünki həmin sənəd daşınmaz əmlakın texniki göstəricilərini, yəni hüquqmüəyyənedici sənəd üzrə ölçüsünün, faktiki ölçüsünün və digər göstəricilərinin nə qədər olmasını əks etdirir. Hazırki iş üzrə iddiaçı mülkiyyət hüquqları qeydə alınmış mənzilə dair texniki pasportun cavabdeh tərəfindən tərtib olunmasını arzulayır. Cavabdeh isə texniki pasportun tərtib olunmasından imtina edir və bu halı onunla əsaslandırır ki, mənzilə əlavə bitişik sahə inşa edilmiş və həmin əlavə tikiliyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi texniki pasport – texniki sənəd hesab olunur. İstənilən halda, yəni vətəndaşın əlavə sahəyə münasibətdə hüquqmüəyyənedici sənədlərin olub-olmamasından asılı olmayaraq həmin əmlaka münasibətdə texniki pasportun tərtibi həyata keçirilməlidir. Çünki daşınmaz əmlaka dair texniki pasportun olmasından asılı olmayaraq şəxsin həmin əmlaka münasibətdə mülkiyyət hüquqları qeydiyyata alındığı zaman texniki pasportun mövcudluğuna deyil, onun qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərə malik olubolmaması yoxlanılır. Məhkəmə hesab edir ki, hazırki halda hətta iddiaçının əlavə bitişik sahəyə hüquqmüəyyənedici sənədlərin olmaması belə texniki pasportun verilməməsi üçün əsas deyil. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, məhkəmə təcrübəsində tez-tez rastlanan “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” barədə inzibati işlər üzrə təqdim olunan texniki pasportlardan görünür ki, cavabdeh öz iradə ifadəsi əsasında vətəndaşlara daşınmaz əmlakın həm hüquqmüəyyənedici sənəd üzrə, həm də faktiki ölçülərini əks etdirən texniki pasportlar verir. Həmin hal, eyni zamanda hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahənin ayrıca göstərildiyi plan və ölçü sənədləri üçün də xarakterikdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçı məhz mülkiyyətində olan mənzilə dair texniki pasportun tərtib olunmasını arzuladığından və bu səlahiyyət Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinə əsasən cavabdehə aid olduğundan, eyni zamanda iddiaçının özü də mənzilə bitişik olan əlavə sahəni faktiki sahə kimi göstərilməsini xahiş etdiyindən, hazırki halda cavabdehin texniki pasportun verilməsindən imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Göründüyü kimi hazırkı iddia faktiki göstərilən sahəyə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı olmayıb, texniki sənəddə hüquqmüəyyənedici sənəd üzrə olan sahədən əlavə sahənin faktiki sahə kimi göstərilməsi ilə bağlıdır ki, həmin sahənin göstərilməsi nəinki hər hansı hüquq və mənafelərin pozulmasına səbəb olur, eyni zamanda vergi və s barədə iddiaçının yaşayış sahəsinə dair ödəməli olduğu vergi məbləğinin və digər kommunal ödənişlərin ödənilməsinə münasibətdə dövlət maraqlarının realizəsinə xidmət edir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsində yerləşən 3/5 nömrəli 5 mərtəbəli binada 2 otaqlı 22 №-li mənzilə texniki pasportun (44,5 kv.m ümum sahə ayrı, bitişik əlavə sahə isə faktiki istifadəsində olan əlavə sahə kimi göstərilməklə) tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-7403/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7403/2023
26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver