Məhkəmə qərarları › İş №2-1(112)-7403/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7403/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7403/2024 21.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********80 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, yaranmış zərurətlə əlaqədar olaraq təqdim olunmuş Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində torpaq sahəsinin X3 adına sənədləşdirilməsi və yaşayış evi tikintisinə icazə verilməsi ilə bağlı Bakı şəhəri Xətai rayon İHB-nın 281 saylı, xx.xx.2000-ci il tarixli sərəncamının qüvvədə olub-olmaması barədə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq göndərilmiş 3-48-2F/2/09393/2023 №-li, xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Xətai rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 281 saylı sərəncamında vətəndaşın ad və ata adı X7 deyil, X1 göstərilmişdir. Bundan başqa, təqdim olunmuş texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Bundan sonra İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı 132,7 kv.metr həcmindəki mənzilin adına rəsmiləşdirilərək çıxarış verilməsinin İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekunda Xətai Rayon İcra Hakimiyyətinin cavabdeh qismində prosessual iştirakına xitam verilməsini və ünvan 1 ünvanında yerləşən 132,7 kv.metr sahəsi olan fərdi yaşayış evinə və onun yerləşdiyi 300 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin olunmuş, Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş və iddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 1 ünvaınndakı mənzil BŞİH texniki inventarlaşdırma və mülkiyyət hüquqları qeydiyyat idarəsinin 24 yanvar 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən 027329 saylı olmaqla iddiaçıya məxsusdur. Lakin həmin mülkiyyətinə qanunvericiliyin tələbləri gözlənilməklə artırmış olduğu 47 kv.metr sahəyə çıxarış əldə edə bilmir. Halbuki həmin sahəyə münasibətdə hər hansı 3-cü şəxslərin iddia və etirazları mövcud deyildir. Uzun illərdir ki, artırmış olduğu sahəyə münasibətdə fasiləsiz və etirazsız mülkiyyət hüquqlarını realizə edir. Lakin həmin artırılmış 47 kv.metr hissənin rəsmiləşdirilməsinə dair cavabdehə müraciət etdikdə, Xətai rayon İcra hakimiyyətinin vaxtilə vermiş olduğu sərəncamın dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Hazırki mülkiyyəti vaxtilə X4 məxsus olmuşdur. Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 281 saylı sərəncamında texniki səhv olması ucbatından rəsmişləşdirməni həyata keçirə bilmir. Belə ki, həmin sərəncamda səhvən “X7” yerinə “X8” qeyd edilmişdir. Halbuki bu sərəncamın qəbul edilməsinə əsas olmuş ərizəyə nəzər saldıqda da müraciət edən şəxsin “X7” olduğu açıq aşkar görünür. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - X3 Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2000-ci il tarixli ərizəsindən görünür ki, o Ermənistandan qaşqın düşəndən indiyə kimi 5 nəfər ailə üzvü ilə birlikdə qayınatasının evində yaşayır. Əhmədli qəsəbəsi, R.Quliyev küçəsndə yaşayan qohumuna məxsus 300 kv.metr ahəsi olan boş torpaq sahəsində ağac əkərək bağ salmışdır. Özünün və ailəsinin evsiz olmağını nəzərə alaraq həmin bağ sahəsində ev tikməsinə sərəncam verilməsini xahiş etmişdir. - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının 281 saylı, xx.xx.2000-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, Sülh küçəsi, ev 4, mənzil 49 ünvanında yaşayan X5 R.Quliyev küçəsində uzun illər öncə yaşıllaşdıraraq hasara alıb qulluq etdiyi 300 kv.m ölçülü torpaq sahəsi onun adına sənədləşdirilərək, yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır (sərəncamda vətəndaşın adı və ata adı X7 deyil, X11 kimi göstərilmişdir). - Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının M-732 saylı, xx.xx.2002-ci il tarixli sərəncamından çıxarışdan görünür ki, Xətai rayon İcra Hakimiyyətinin 281 nömrəli xx.xx.2000-cı il tarixli sərəncamı ilə vət. X4 fərdi yaşayış tikinti üçün 300 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. Vət.Ə.Q.Məmmədov ərizə ilə Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək bildirir ki, ona ayrılmış torpaq sahəsində fərdi evin tikintisini başa çatdırmış, odur ki, o, xahiş edir, göstərilən tikinti sahəsi istismara qəbul edilib hüquqi qeydiyyatdan keçirilsin. Bakı şəhər Memarlıq və Şəhərsalma idarəsinin 18/03-8/98 xx.xx.2002-ci il tarixli məktubu ilə yuxarıda göstərilən ünvan Əhmədli qəsəbəsi, R.Quliyev küçəsi 14a kimi qeyd olunsun. Qeyd olunanlara və həmçinin Yerli İcra Hakimiyyətləri haqqında əsasnaməni rəhbər tutaraq, İcra hakimiyyəti qərara almışdır ki, Əhmədli qəsəbəsindəki R.Quliyev küçəsindəki 14a nömrəli evin vət. X4 məxsus ümumi torpaq sahəsi 300 kv.m yaşayış sahəsi 44,9 kv.m, köməkçi sahəsi 39,5 kv.m-dən ibarət olan fərdi yaşayış evi istismara qəbul edilsin və hüquqi qeydiyyatdan keçirilsin. Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqları qeydiyyatı idarəsindən xahiş edilsin ki, göstərilən yaşayış sahəsi üçün vət.Ə.Q.Məmmədova qeydiyyat vərəqəsi verilsin. - işdə olan X6 verilmiş xx.xx.2003-cü il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, X4 məxsus fərdi yaşayış evinin ümumi sahəsi 81,6 kv.metr, onun yerləşdiyi torpaq sahəsi isə 300 kv.metr təşkil edir. - xx.xx.2003-cü il tarixli, 216708 saylı müqavilənin surətindən görünür ki, X9 ona məxsus olan ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 81.60 kv.m, yaşayış sahəsi 42.40 kv.m, köməkçi sahəsi 39.20 kv.m olan 3 otaqdan ibarət yaşayış evini 50.000.000 (əlii milyon) manat müqabilində vətəndaş İddiaçı satmışdır. - BŞİH texniki inventarlaşdırma və mülkiyyət hüquqları qeydiyyat idarəsinin FM seriyalı, 027329 saylı, 24 yanvar 2004-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanındakı 42,2 kv.metr yaşayış sahəsi, 81,6 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinə mənzil İddiaçı mülkiyyət hüququ xx.xx.2004-cü il tarixdə 30/635 nömrə ilə qeydə alınmışdır. - İddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq, “Məlumatlandırma icraatı” qaydasında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən sahəsi 132,7 kv.metr, hündürlüyü 3,1 metr, mərtəbəliliyi 1 olan fərdi yaşayış evi inşa etmişdir. - xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktının surətindən görünür ki, İddiaçı sahibliyində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin layihədə ümumi sahəsi 132.7 kv.m, faktiki olaraq yaşayış sahəsi 94.2 kv.m, ümumi sahəsi 132.7 kv.m müəyyən edilmişdir. Torpaq sahəsi sərəncam üzrə 300.0 kv.m, faktiki olaraq 401.0 kv.metrdir. Torpaq sahəsinin iki tərəfi yol, iki tərəfi qonşu fərdi yaşayış evidir. Əlavə torpaq sahəsində 12.5 kv.metr yardımçı tikili inşa olunmuşdur. Qeydiyyata alınmış fərdi yaşayış evində rekonstruksiya və yenidənplanlaşdırılma işləri aparılaraq genişləndirilmişdir. Təqdim olunmuş layihə aparılmış dəyişikliklərə uyğundur. İddiaçı hazırda artırma etdiyi fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. - maddə 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. -maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununa əsasən: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar: -8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - maddə 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, yerli icra hakimiyyəti orqanlarının aktlarını bu əsaslardan birinə aid etmişdir, hansı ki, iddiaçı bu əsası – ev tikintisi məqsədilə torpaq sahəsinin ayrılması haqqında Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-cı il tarixli 281 nömrəli Sərəncamını, tikili ilə bağlı tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə məlumat verilməsini təsdiq edən sənədi cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı vahid əmlak kimi mübahisəli daşınmaz əmlak ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən: 1.Dövlət Arxivinin Bakı filialında saxlanılan Xətai rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 281 saylı sərəncamında vətəndaşın ad və ata adı X7 deyil, X1 göstərilməsinə:

2. təqdim olunmuş texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü fərqinin olmasına istinad etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlilləri əsaslı olmamaqla iddiaçının hüquqlarının qeydə alınmasından imtina üçün əsas hesab oluna bilməz. Belə ki, doğrudur, Dövlət Arxivinin Bakı filialında saxlanılan Xətai rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 281 saylı sərəncamında vətəndaşın ad və ata adı X7 deyil, X1 göstərilsə də, istər həmin sərəcamın qəbul edilməsinə əsas olan fiziki şəxsin ərizəsi, istərsə də, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının M-732 saylı, xx.xx.2002-ci il tarixli sərəncamından Xətai rayon İcra Hakimiyyətinin 281 nömrəli xx.xx.2000-cı il tarixli sərəncamı ilə X4 fərdi yaşayış tikinti üçün 300 kv.m ölçüdə torpaq sahəsi ayrılması müəyyən olunur. Bundan əlavə, iş materiallarına əlavə edilmiş xx.xx.2000-ci il tarixli, 281 saylı sərəncamın cavabdeh qurumda saxlanılan arxiv nüsxəsindən görünür ki, həmin sərəncamda fiziki şəxsin adı düzgün olaraq, X2 qeyd edilmişdir. Perimetrik ölçü fərqinə gəldikdə, işdən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 401 kv.metr olsa da, o hüquqmüəyyənedici sənəd üzrə ayrılmış 300 kv.metr torpaq sahəsi və onun üzərində yerləşən 132,7 kv.metr sahəsi olan tikiliyə çıxarış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 300 kv.metr sahəsi olan torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 132,7 kv.metr sahəsi olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar