Məhkəmə qərarları › İş №2-1(112)-7404/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7404/2022

16.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7404/2022 16.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Mənzil Tikinti Koorperativinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergilərin qaytarılması barədə rəy tərtib edilərək maliyyə orqanlarına göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I.İşin halları İddiaçı Mənzil Tikinti Koorperativi (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək 560000 manat artıq ödənilmiş verginin qaytarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı müraciətə cavab məktubunda bildirmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Məktubda Vergi Məcəlləsinin 38.3.4, 85.4, 38.3.6-cı maddələrinə istinad edilmiş və göstərilmişdir ki, iddiaçının iqtisadi göstəriciləri Baş İdarə tərəfindən araşdırılır və nəticəsi barədə məlumat veriləcəkdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, artıq ödənilmiş 560 000,0 manat vergilərin qaytarılması barədə rəy tərtib edilərək maliyyə orqanlarına göndərilməsinə dair öhdəliyin vergi orqanının üzərinə qoyulması, həmçinin qaytarıldığı günə kimi 0,1 faiz məbləğində pul vəsaitinə dair rəyin tərtib edilərək maliyyə orqanlarına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərələrin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olmaq üçün Bakı Ağ şəhər layihəsi çərçivəsində "xxxx" Azərbaycan İnkişaf Şirkətinə ayrılmış “KAT PARK" MTK (indiki adı İddiaçı MTK) yaşayış binasının tikintisi ilə bağlı bütün sənədləşmə işlərini aparmış, lakin sonradan bəzi problemlərlə bağlı (maliyyə, ərazi) bu tikinti həyata keçirilməmiş, bundan sonra həmin layihənin ləğvi ilə əlaqədar Ərazi Tikinti Planlaşdırma Mərkəzinə müraciət edilmiş, xx.xx.2021-ci il tarixdə Mərkəz tərəfindən layihənin ləğv edilməsi barədə cavab ünvanlanmış, yaşayış binasının tikintisi həyata keçirilməmişdir. Yuxarıda qeyd edilənlərlə bağlı iddiaçı vergi öhdəliklərini yerinə yetirmiş, Vergi Məcəlləsinin tələbinə əsasən (həmin dövrdə qüvvədə olan müddəalara əsasən) sadələşdirilmiş (bina tikintisi ilə bağlı) hesabatlar təqdim etmiş, həmin hesabatlara əsasən ödənilməli vergiləri tam məbləğdə ödəmişdir. Lakin sonradan fəaliyyətin ləğvi ilə bağlı hesabatlarda dəqiqləşmələr aparılmış və ödənilmiş vergilər MTK-nın şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. İddiaçı bir müddət sonra yenidən fəaliyyətə başlayacağını düşünərək müəyyən müddət ərzində artıq ödədiyi vergiləri geri istəməmiş, lakin sonradan fəaliyyətin bərpa edilməyəcəyini müəyyənləşdirdikdən sonra artıq ödənilən vergilərin geri qaytarılması ilə bağlı xx.xx.2022-ci il tarixində vergi orqanına müraciət etmişdir. Ərizəyə xx.xx.2022-ci il tarixli məktubla cavab verilmiş və bildirilmişdir ki, şirkətin iqtisadi göstəriciləri araşdırılacaq və buna uyğun hərəkət ediləcəkdir. Lakin bu günə kimi hələ də hər hansı hərəkət edilməmişdir. Nəticədə vergi orqanları onların üzərinə düşən vəzifələri icra etməmişdir. Qanunvericiliyə uyğun olaraq, Vergi orqanı 45 gün ərzində ya rəy tərtib edərək maliyyə orqanına göndərməli, ya da növbədənkənar səyyar vergi yoxlaması keçirməklə nəticəsinə uyğun hərəkət etməlidir. Lakin vergi orqanı qanunvericilikdə nəzərdə tutulmayan məktub göndərməklə ərizənin icrasını bağlamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu ilin 4-cü rübü üzrə BTFSV bəyannaməsi üzrə hesablama verilərək ödəniş həyata keçirilmiş, lakin xx.xx.2021-ci il tarixdə qeyd olunan dövrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək hesablanmış vergi azaldılmışdır. İddiaçı artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi orqanına xx.xx.2022-ci il tarixində müraciət etmiş, həmin müraciət xx.xx.2022-ci il tarixli məktubla cavablandırılaraq artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə ərizənin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılması barədə məlumat verilmişdir, iddiaçıya artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair rəyin verilməsindən imtina barədə hər hansı cavab verilməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı Mənzil Tikinti Koorperativi xx.xx.2019cu il tarixdə ********** qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi qismində dövlət qeydiyyatına alınmış, qurumun əvvəlki adı "xxxx" Mənzil Tikinti Koorperativi olmuşdur. İş materiallarından müəyyən olunur ki, İddiaçı Mənzil Tikinti Koorperativi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə artıq ödənilmiş məbləğin geri qaytarılması barədə müraciət etmiş, ərizəyə artıq ödəmənin məbləği və yaranma səbəbi barədə cədvəli əlavə etmişdir. Həmin cədvəldən görünür ki, artıq ödəmənin yarandığı tarix xx.xx.2021-ci il, artıq ödəmənin məbləği 560,000 manat göstərilmişdir. xx.xx.2022-ci il tarixə olan iddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı tərəfindən bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi üzrə xx.xx.2020-ci il tarixə 24000.00 manat, xx.xx.2020-ci il tarixə 23000.00 manat, xx.xx.2020-ci il tarixə 60000.00 manat, xx.xx.2020-ci il tarixə 250000.00 manat, xx.xx.2020-ci il tarixə 30000.00 manat, xx.xx.2020-ci il tarixə 100199.80 manat, xx.xx.2020-ci il tarixə 70032.01 manat ödəniş edilmişdir. Həmçinin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə 2019-cu ilin 4-cü rübü üzrə dəqiqləşmiş bəyannaməyə əsasən 2.854.776,00 manat azalma aparılmış, bununla da vərəqənin çap tarixinə müsbət saldo 560452,42 manat təşkil etmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. Hazırda şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği yaranmışdır. İddiaçı qeyd edilən məbləğin geri qaytarılması ilə bağlı cavabdeh orqana xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmiş, lakin tələb etdiyi artıq ödənilmiş məbləğin geri qaytarılması təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı artıq ödənilmiş 560 000,0 manat vergilərin və qaytarıldığı günə kimi 0,1 faiz məbləğində pul vəsaitinin qaytarılması barədə rəy tərtib edilərək maliyyə orqanlarına göndərilməsinə dair öhdəliyin vergi orqanının üzərinə qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -15.1-ci maddəsinə görə vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. -24.0-cı maddəsinə görə vergi orqanları: 24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə. -59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. -85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. -87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: -3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. -4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.5-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. -6.1-ci bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. -6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. -15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -52.1-ci maddəsinə görə səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. -52.5-ci maddəsinə görə inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Göstərilən normaların məzmunundan aydın olur ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Cavabdehin hazırkı iddiaya etirazının əsas dəlillərindən biri iddianın mümkünlüyü ilə bağlı olmuşdur. Belə ki, cavabdehin mövqeyinə görə iddiaçı vergi orqanına artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, həmin müraciət xx.xx.2022-ci il tarixli məktubla cavablandırılaraq artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə ərizənin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmasının aparılması barədə məlumat verilmişdir, iddiaçıya artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair rəyin verilməsindən imtina barədə hər hansı cavab verilməmişdir. Məhkəmə cavabdehin iddianın mümkün sayılmaması barədə bu vəsatəti ilə razılaşmır. Belə ki, qeyd edildiyi kimi iddiaçı artıq ödəmənin geri qaytarılması ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdə yuxarıda adıçəkilən Qaydaların tələblərinə uyğun olaraq artıq ödənilmiş verginin büdcədən qaytarılması üçün elektron formada ərizə göndərməklə müraciət etmişdir. Cavabdeh nə Qaydalarda göstərilən müddət, nə də “İnzibati icraat haqqında” Qanunla icraat üçün nəzərdə tutulmuş müddət çərçivəsində iddiaçının müraciətini təmin etməmişdir. Belə olan halda hesab olunur ki, cavabdehin iddiaçının müraciətlərinə verdiyi cavab məktubları müraciətin təmin edilməsindən bilavasitə imtina hesab olunur. Hazırkı iş üzrə iddiaçının şəxsi hesab vərəqəsinə əsasən artıq ödənilmiş məbləğ xx.xx.2020-xx.xx.2020-ci il tarixədək olan dövr üzrə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 5 illik tələb etmə müddəti keçməmiş artıq ödəmələrdir. Cavabdeh qeyd edilən artıq ödəmənin geri qaytarılmasından imtinaya əsas kimi iddiaçının müraciətinin araşdırılmasını göstərsə də, hansı halların araşdırılması və araşdırma materialları ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, Qaydalarda müəyyən edilmiş 45 günlük müddətin uzadılmasının mümkünlüyü ilə bağlı hər hansı bir norma müəyyən edilməmişdir. Cavabdeh, həmçinin ididaçının müraciət edərkən qanunvericiliyin tələblərinə əməl etməməsinə istinad etmiş, bu pozuntunun nədən ibarət olmasını göstərməmiş, iddiaçının müraciətinə cavab olaraq təqdim etdiyi məktubunda da bu hala deyil, müraciətin araşdırılmasına istinad etmişdir. Beləliklə, hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasından yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Nəzərə alınmalıdır ki, qanunvericilik artıq ödənilmiş və ya düzgün tutulmayan verginin geri qaytarılmasının gecikdirilməsinə görə vergi orqanına 0,1 faiz məbləğində faiz tətbiq edilməsini nəzərdə tutumuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının müraciət etdiyi tarixdən gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) 560 000 manat vəsaitin 0,1 faizi əlavə olaraq ödənilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Mənzil Tikinti Koorperativi tərəfindən artıq ödənilmiş 560 000 manat məbləğin və xx.xx.2022-ci il tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0.1 faizi məbləğində faizin ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar