Məhkəmə qərarları › İş №2-1(112)-7404/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7404/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7404/2024 27.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğvi və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə inzibati işə 27 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Agentliyin xx.xx.2023-cü il tarixli qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ilin mart ayında xəstəliyilə əlaqədar qeydiyyatda olduğu yer üzrə Tibbi Sosial Ekspert Komissiyasının (bundan sonra TSEK) Gəncə şəhər şöbəsinə müraciət etmişdir. Eyni zamanda həm gözündə və həm də qulaqlarında ciddi qüsurlar aşkarlanmışdır. Xəstəxanadakı müalicələrdən və audiometriya ölçmələrindən sonra ona 3-cü dərəcəli müddətsiz əlillik qrupu təyin edilmişdir. Ona 3-cü dərəcəli müddətsiz əllilik qrupu müəyyən olunmasına baxmayaraq 2019-cu ilin noyabr ayında o, TSEK-ə növbədənkənar təkrar tibbi müayinəyə çağırılmış, ətraflı müayinələrdən sonra o, yenidən saf səs audiometriya ölçmələrinə göndərilmiş, audiometriya aktının bir nüsxəsi ona təqdim edilmişdir. 10 gün sonra DSMF-də aidiyyəti üzrə işçi onu TSEK-in qərarı ilə tanış etmiş və qərarın bir nüsxəsini ona təqdim etmişdir. Qərarda yazılıb: “Gözdən xəstədir, dördüncü dərəcəli ağır eşitmə olduğu üçün səbəb dəyişdirilməklə 3- cü dərəcəli əlillik qrupu saxlanılsın. Müddətsiz”. Beləliklə, Qərarla qulağının xəstəliyi daha ağır olduğu üçün qulaq xəstəliyi əsas, göz xəstəliyi isə yanaşı xəstəlik kimi müddətsiz qiymətləndirilmişdir. 2023-cü ilin dekabr ayında Agentlik tərəfindən gözlənilmədən ona qanunsuz bildiriş göndərilərək təkrar qanunsuz müayinəyə çağırılmışdır. Çağırışın qanunsuz olduğunu bilsə də, dekabr ayının 21-də bildirişdə göstərilən ünvana getmişdir. Komissiyada o, sorğu-sual edilmiş və onda olan bildiriş və 2019-cu ildə keçdiyi audiometriya sənədi ondan götürülmüşdür. Onu bir nəfər işçi ilə ikinci mərtəbəyə göz həkiminə sonra isə qulaq audiometriya otağına göndərmişlər. O, göz həkiminə şikayəti olmadığını və gözün əsas xəstəliyi olmadığını bildirmişdir. Cavabında yanaşı xəstəlik kimi baxıldığı bildirilmişdir. Nəticədə həkim ona sağ gözünün zəif gördüyünü, sol gözünün isə çox pis gördüyünü bildirmişdir. Audioretriya kabinetində həkim tərəfindən onun qulaq protezləri çıxardılaraq müasir avadanlıqlarla çoxsaylı ölçmələr aparılmışdır. Nəticəni soruşanda ona rəsmi bildirmişlər ki, qulaqları çox pis eşidir. Hər iki qulağı eşitmə qabiliyyətini 65%-dən artıq itirib. Ölçmə qrafıkinin nüsxəsini vermələrini xahiş edəndə bildirdilər ki, bu onların səlahiyyətində deyil, birinci mərtəbədən, komissiyadan götürə bilər. Komissiyada cavabları soruşanda ona bildirilmişdir ki, iş gününün sonuna kimi ümumiləşdirib qısa müddətdə telefonuna, ya da ki, məktubla evinə göndəriləcəkdir. Qanunvericiliyə əsasən müayinələrin nəticələri həmin gün real vaxt rejimində alt sistemə yerləşdirilməlidir. Əks təqdirdə bu pozuntu Agentlik üçün cinayət, inzibati və s. məsuliyyətlər yaradır. 2024-cü il fevral ayını 1-də (41 gün sonra) “e-sosial elektron hökumət” portalı üzərindən şəxsi kabinet açıb TSEK-in ona aid olan hissəsinə nəzər salmışdır. 41 gün keçməsinə baxmayaraq hələ də nəticələr alt sistemə yüklənməmişdir. Nəhayət, iki aydan sonra fevral ayının 18-də müayinələrin nəticələri alt sistemdə görünmüş və əlillik dərəcəsi ləğv edildiyinə görə pensiyası dayandırılmışdır. İş materiallarından göründüyü kimi, xx.xx.2014-cü il tarixdə müddətsiz olaraq cavabdeh inzibati orqan tərəfindən əlillik təyin edilmişdir. Həmin əlillik təyin olunan zaman cavabdeh inzibati oran tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş bütün prosedurlara riayət olunmuşdur. Buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən hər hansı bir mötəbər və əsaslı sübut göstərilmədən qanunvericiliklə ona verilmiş səlahiyyyətlərindən sui-istifadə etməklə onun əlillik qiymətləndirilməsinin ləğvinə yönələn hərəkətlər etməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının 21 dekabr 2023-cü il tarixli Qərarında aşağıdakılar qeyd edilmişdir: Bakı şəhər sakini xx.xx.1958-ci İl təvəllüdlü İddiaçı əlillik vəziyyəti Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2014-cü il tarixində “ilkin" olaraq qiymətləndirilmiş və ona “Sağ gözdə keçirilmiş hepetik keratitdən sonrakı vəziyyət. Buynuz qişanın buludvari bulanması.” diaqnozu ilə ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlillik təyin edilmiş, gözdən əlil olması qeyd edilməmişdir (“əlillik" altsistemindən əldə edilmiş məlumatlara əsasən). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3- 17-4/2-R-28698/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani komissiyaya dəvət edilmiş lakin vətəndaşın yaxınları tərəfindən teleqram vurularaq üzürlü səbəblərdən komissiyada iştirak edə bilməyəcəyi barədə məlumat verilmiş, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-ya yaxınlaşaraq əyani komissiyada iştirak etmişdir. Müayinəyə gələrkən görmə zəifliyində və ağıreşitmədən şikayət etmiş, görməsinə görə heç bir müayinə sənədi təqdim etməsə də, “FONUS" Qulaq, burun, boğaz və eşitmə mərkəzinin 07 11.2019-cu il tarixli Audometriya müayinə sənədi təqdim etmişdir ki, orada nəticə “hər iki qulağında ağır dərəcələrlə (İV dərəcəli) sensonevral tip eşitmə azlığı qeyd edilir” şəklində göstərilmişdir. DTSERA-da xx.xx.20223-cu il tarixli oftalmoloq müayinə nəticəsi “VİS OD=0,1 (onda bir) korreksiya ilə 0,3 (onda üç). VİS OS=0,08 (yüzdə səkkiz) korreksiya ilə 0,1 (onda bır) olmuş, diaqnoz: OU-Başlanğıc katarakta. Makulyar.” şəklində göstərilmişdir ki, bu əlillik təyinatına əsas verməmiş, eyni tarixli Audometriya müayinə nəticəsi “Hər iki qulaqda İİİ (üçüncü) dərəcəli (60db) ağıreşitmə.” kimi qeyd edilmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən hazırda əsas xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşması aşkar edilmədiyindən, və xəstədə mövcud olan ağıreşitmə əlillik təyinatına əsas vermədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci ıl 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yanmbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Tərəflərin iştirakı və izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda məhkəmə iclasında verdikləri izahatlarında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh Agentliyin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini tələb edir. İş materiallarından müəyyən olunur ki, cavabdeh Agentlik tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-4/2-M-3972/2024 saylı bildiriş (məktubla) İddiaçı bildirişmişdir ki, sonuncu xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinədə iştirak etmiş və ona ümumi xəstəlik səbəbindən xx.xx.2014-cü il tarixində təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin ləğvi barədə qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “mübahisələndirmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən xx.xx.2024-cü il tarixli, № ********** saylı “Əlillik haqqında arayış”ından müəyyən olunur ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdə “sağ gözdə keçirilmiş hepetik keratitdən sonrakı vəziyyət Buynuz qişanın buludvari bulanması” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz əlillik təyin edilmişdir. Agentlik tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2-27-4/2-R- 28698/2023 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat bərədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2023-cü il tarixində saat 12:20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunmuşdur. Əyani müayinəyə gələrkən özü ilə mövcud xəstəliyinə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (məs: qərar, şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə - “İZ” formalı akt, həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməsi xahiş olunmuşdur. Agentliyin Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki; - Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişlı-xəbərnaməli məktub göndərilmiş, lakin teleqram vurularaq, vətəndaşın ölkədə olmaması səbəbindən komissiyada iştirak edə bilməyəcəyi barədə məlumat verilmişdir. - Agentliyin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşın əyani müayinəsini xx.xx.2023-cü il tarixində həyata keçirmiş, tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatlarını araşdırmış və aşağıdakıları müəyyən etmişdir: - Bakı şəhər sakini xx.xx.1958-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2014- cü il tarixində “ilkin” olaraq qiymətləndirilmiş və ona “Sağ gözdə keçirilmiş hepetik keratitdən sonrakı vəziyyət. Buynuz qişanın buludvari bulanması” diaqnozu ilə ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlillik təyin edilmiş, gözdən əlil olması qeyd edilməmişdir (“əlillik” altsistemindən əldə edilmiş məlumatlara əsasən). - Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-R-28698/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani komissiyaya dəvət edilmiş lakin vətəndaşın yaxınları tərəfindən teleqram vurularaq üzürlü səbəblərdən komissiyada iştirak edə bilməyəcəyi barədə məlumat verilmiş, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-ya yaxınlaşaraq əyani komissiyada iştirak etmişdir. - Müayinəyə gələrkən görmə zəifliyində və ağıreşitmədən şikayət etmiş, görməsinə görə heç bir müayinə sənədi təqdim etməsə də, “TONUS” Qulaq, burun, boğaz və eşitmə mərkəzinin 07 11.2019-cu il tarixli Audometriya müayinə sənədi təqdim etmişdir ki, orada nəticə “hər iki qulağında ağir dərəcələ (İV dərəcəli) sensonevral tip eşitmə azlığı qeyd edilir ” şəklində göstərilmişdir. - DTSERA-da xx.xx.20223-cu il tarixli oftalmoloq müayinə nəticəsi “VİS OD=0,1 (onda bir) korreksiya ilə 0,3 (onda üç). VİS OS=0,08 (yüzdə səkkiz) korreksiya ilə 0,1 (onda bır) olmuş, diaqnoz: OU-Başlanğıc katarakta. Makulyar.” şəklində göstərilmişdir ki, bu əlillik təyinatına əsas verməmiş, eyni tarixli Audometriya müayinə nəticəsi “Hər iki qulaqda İİİ (üçüncü) dərəcəli (60db) ağıreşitmə.” kimi qeyd edilmişdir. - Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən hazırda əsas xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşması aşkar edilmədiyindən, və xəstədə mövcud olan ağıreşitmə əlillik təyinatına əsas vermədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixindən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilsin. Yuxarıda qeyd olunanlara əsasən Komissiya qərara alır:

1. Əlilliyin qiymətləndirilməsi nəticəsinə dair vətəndaş barədə aşağıdakı qərar qəbul edilsin: 1.1. İddiaçı – xx.xx.2023-cü il tarixindən etibarən “Tam reabilitasiya olunmasına dair qərar qəbul edilsin.

2. Bu qərar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin X4 Alt Sisteminə daxil edilərək komissiyasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalansın.

3. Bu qərar əsasında Əlillik altsistemində müvafiq dəyişiklik edilsin və komissiya sədri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalansın.

4. Verilmiş qərarlar barədə vətəndaşlar məlumatlandırılsın.

Agentlik tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-4/2-M- 3972/2024 saylı bildirişində (məktub) göstərilmişdir ki; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. - Bununla əlaqədar olaraq o, 21,12.2023-cü il tarixində Agentlikdə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinədə iştirak etmişdir. - Yuxarıda qeyd olunanlara əsasən, ona ümumi xəstəlik səbəbindən xx.xx.2014-cü il tarixində təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyinin ləğvi barədə qərar qəbul edilmişdir. Nəzərinə çatdırılmışdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barəsində qəbul edilən qərardan 30 gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya məhkəməyə şikayət vermək hüququna malikdir.

Tətbiq edilən hüquq.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun:

Maddə 3. Əlilliyin müəyyən edilməsi ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. ... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. ... Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin qiymətləndirilməsi qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmişdir):

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.4 TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ... 3.4 Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5 Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

... Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər 67.3/ Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

İPM: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi.

Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Bununla yanaşı, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğvinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə iddiaçının əyani müayinəyə cəlb edilmədən əlilliyinin ləğv edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2014-cü il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş və ona “sağ gözdə keçirilmiş hepetik keratitdən sonrakı vəziyyət Buynuz qişanın buludvari bulanması” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz əlillik təyin edilmişdir. Daha sonra, Dövlət Sosial Müdafiə Fonduna daxil olan daxili audit yoxlaması ilə bağlı olaraq təyin edilmiş əlillik dərəcəsinin əsaslılığının yoxlanılması üçün iddiaçı Agentlikdə yaradılmış Komissiya tərəfindən əyani müayinəyə cəlb edilmişdir. Bununla əlaqədar olaraq, məhkəmə ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçıya təyin olunmuş müddətsiz üçüncü dərəcə əlilliyin sonradan cavabdeh qurum tərəfindən ləğv edilməsi ilə bağlı Agentliyin səlahiyyətinin olub-olmadığını, əgər varsa, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının mövcudluğunun aydınlaşdırılmasını zəruri hesab edir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğvi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İstinad olunan normaya əsasən məhkəmə qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapır. Belə ki, xx.xx.2023-cü il tarixdə iddiaçının əlilliyi ləğv edərkən Agentlik onun əyani müayinəsini həyata keçirdikdən sonra qərar qəbul etmişdir. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bu əsasla bağlı məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş cavabdeh Agentlik tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2-27-4/2-R-28698/2023 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bundan əlavə iddiaçının əlilliyinin ləğv olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Belə ki, nə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat başlaması barədə iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 2-27-4/2-R-28698/2023 saylı məktubu (bildirişində) nə də Agentliyin Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar barədə heç bir məlumat mövcud deyildir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın dəyişdirilməsinə yönəlmiş mübahisələndirilən qərarın qəbul edilməsi ilə nəticələnən yeni icraatın başlanılmasına əsasların mövcud olmasına dair hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəmənin bu məsələyə dair qərarlarında “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” müddəasının mahiyyəti açıqlanaraq vurğulanmışdır ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir

NƏTİCƏVİ HİSSƏ

İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin Sosial Ekspert Komissiyasının İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli Qərarı ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar