Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7408/2021 14.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə qarşı “məcburi icra haqqında qərardadın qəbul edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.05.2015-ci il tarixli, 2-1(81)-60/2015 saylı qərarına əsasən 11.07.2017ci il tarixdə verilmiş icra vərəqəsinin və Bakı Apelyasiya Məhkəməsinin 8(103)-8/2011 saylı 26.01.2011-ci il tarixdə, 29 fevral 2016-cı il tarixli icra vərəqəsi ilə müəyyən edilmiş tələb əsasında daimi qeydiyyatda olduğu Bakı şəhəri, M.Hüseyn küçəsindəki 80 saylı evin yaşayış sahəsi 18,6 kv.m olan otağına aid olan mənzilinin 8 sıra sayı, kötüyü qanuni 8 olan sıra sayının dəyişdirilmədən saxlanılması şərti ilə icra olunması üçün təkrar-təkrar Səbail İcra Şöbəsinə göndərilən icra vərəqələrinin icrasının yerinə yetirilməsi istiqamətində icra sənədi ilə müəyyən edilmiş tələbin tam təmin edilməsi ilə əlaqədar məcburi icra haqqında qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Məhkəməsinin Rəyasət Heyətinin 09.04.1999-cu il tarixli 4-Q-175/99 saylı qərarının icrasının tələb etmək üçün ötürülmüş müddətin bərpa edilməsi və icra vərəqəsinin verilməsi barədə ərizə Bakı Apelyasiya Məhkəməsi tərəfindən təmin edilmişdir. 1998-ci ildə iddiaçının qaynı yaşadıqları evin bölünməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmin işə bütün məhkəmə instansiyalarında baxılmış və məhkəmə qərarı əsasında icra sənədi verilmişdir. Lakin icraçılar tərəfindən bölgü aparılan zaman süni maneələrə görə akt tərtib olunmamış və tərəflər arasında icarə müqaviləsi bağlanmamışdır. Bu iş üzə Bakı Apelyasiya Məhkəməsi instansiyasında işə yenidən baxılmış və 26.01.2011-ci il tarixli qərardadı əsasında icra vərəqəsi verilmişdir. Lakin qanuni qüvvəsini almış bu qərardad əsasında verilmiş icra vərəqəsi müxtəlif bəhanələrlə bu günədək icra olunmamışdır. Çünki 58 saylı Mənzin Kommunal İstismar Sahəsinin iddiaçıya verdiyi şifahi məlumata görə icra sənədinin icra olunmamasına səbəb guya iddiaçının ona aid olan otağın "xxxx" Firmasına satmasıdır. Halbuki, iddiaçı bununla bağlı nə yazılı, nə şifahi qaydada razılıq verməmiş, bu barədə yazılı sənəd mövcud deyildir. İcra sənədinin icrasına süni şəkildə mane olanlar, çıxış yolunu iddiaçıya hər hansı bildiriş vermədən, iddiaçının razılığını almadan, evi sökməkdə və iddiaçını evdən məcburi çıxartmaqda görmüşlər. Bütün bunlar isə iddiaçının mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar 14 iyul 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçı hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Bakı Apelyasiya Məhkəməsinin 8(103)-8/2011 saylı, 26.01.2011-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı şikayəti qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 03.12.2010-cu il tarixli qərardadının ləğv edilməsi, ərizəçilər İddiaçı, X7, X4 məhkəmə qərarının icrasını tələb etmək üçün ötürülmüş müddətin bərpa edilməsi və icra vərəqəsinin verilməsi tələbi barəsində ərizəsinin təmin edilməsi, Səbail Rayon Məhkəməsi tərəfindən 11.05.2010-cu il tarixdə verilmiş 09.04.1999-cu il tarixli 2-446/1999 saylı icra vərəqəsinin geri qaytarılması, Bakı Şəhər Məhkəməsinin Rəyasət Heyətinin 09.04.1999-cu il tarixli 4-Q-175/99 saylı qərarının: “Bakı şəhəri, M.Hüseyn küçəsindəki 80 saylı evin 8 saylı mənzilinin şəxsi hesabı bölünsün. Sahəsi 10 kv.m.olan otaq X5, X1 və onların azyaşları uşaqlarına, sahəsi 18,6 kv.m. olan otaq İddiaçı, X8, X7 və X6 verilsin. Ayrı icarə müqavilələrinin bağlanması üzrə öhdəlik Bakı şəhəri Səbail rayonu Mənzil Kommunal Təsərrüfatı İdarəsinin üzərinə qoyulsun” hissəsinə dair yeni icra vərəqəsinin verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 29 fevral 2016-cı il tarixdə verilmiş 26.01.2011-ci il tarixli 8(103)-8/2011 saylı icra vərəqəsindən görünür ki, həmin icra sənədinə əsasən Bakı şəhəri, M.Hüseyn küçəsindəki 80 saylı evin 8 saylı mənzilinin şəxsi hesabı bölünməli, sahəsi 10 kv.m olan otaq X5, X2 və onların azyaşlı uşaqlarına, sahəsi 18,6 kv.m olan otaq İddiaçı, X8, X7 və X6 verilməli, ayrı icarə müqavilələrinin bağlanması üzrə öhdəlik Bakı şəhəri Səbail rayonu Mənzil Kommunal Təsərrüfatı İdarəsinin üzərinə qoyulmalıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-60/2015 saylı, 13 may 2015-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 8(103)-8/2011 saylı, 26 yanvar 2011-ci il tarixli qərardadına əsasən verilmiş icra sənədinin Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasına dair Səbail rayon icra məmurunun 18 fevral 2014-cü il tarixli qərarı ləğv edilmiş, yaşayış sahəsi 18.6 kv.m onun otağına aid olan mənzilinin 8 sıra saylı, kötüyü qanuni 8 olan sıra sayının dəyişdirilmədən saxlanması və icra sənədinə uyğun icra olunması Səbail rayon İcra Şöbəsinə həvalə edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 11.07.2017-ci il tarixdə verilmiş 2-1(81)-60/2015 saylı 13.05.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, həmin icra sənədinə əsasən yaşayış sahəsi 18,6 kv.m onun otağına aid mənzilinin 8 sıra sayı, kötüyü qanuni 8 olan sıra sayı dəyişdirilmədən saxlanılması və icra sənədinə uyğun icra olunması Səbail Rayon İcra Şöbəsinə həvalə edilməlidir. Səbail Rayon İcra və X11 Rayon İcra Hakimiyyəti və Səbail Rayonu Mənzil Kommunal Təsərrüfatı İdarəsinə ünvanladığı 16.06.2020-ci il tarixli 1658/16-16-20-3871 saylı məktubundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 26.01.2011-ci il tarixli 8(103)-8/2011 saylı icra sənədinə əsasən Bakı şəhəri, M.Hüseyn küçəsindəki 80 saylı evin 8 saylı mənzilinin şəxsi hesabı bölünməli, sahəsi 10 kv.m olan otaq X5, X2 və onların azyaşlı uşaqlarına, sahəsi 18,6 kv.m olan otaq İddiaçı, X8, X7 və X6 verilməli, ayrı icarə müqavilələrinin bağlanması üzrə öhdəlik Bakı şəhəri Səbail rayonu Mənzil Kommunal Təsərrüfatı İdarəsinin üzərinə qoyulmuşdur. İcra sənədi icraata 04.04.2016-cı il tarixdə daxil olmuş və həmin tarixdə iş üzrə icraata başlanılaraq, borcluya və tələbkara icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. Bununla yanaşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.05.2015-ci il tarixli 2inz(81)-60/2015 saylı icra sənədinə əsasən Bakı Apelyasiya Məhkəməsinin 26.01.2011ci il tarixli 8(103)-8/2011 saylı icra sənədi ilə müəyyən edilmiş tələb Bakı şəhəri, M.Hüseyn küçəsindəki 80 saylı evin 8 saylı mənzilinə aid yaşayış sahəsi 18,6 kv.m onun otağına aid mənzilinin 8 sıra sayının dəyişdirilmədən saxlanılması şərti ilə icra edilməlidir. İcra sənədinin icrası ilə əlaqədar Səbail rayonu Mənzil Kommunal Təsərrüfatı tərəfindən şöbəyə ünvanlanmış məktubda icra sənədində göstərilən tələb təmin edildiyindən iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Belə ki, iş üzrə borclu təşkilatlardan daxil olmuş məktublardan və əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, M.Hüseyn küçəsindəki 80 saylı evin 8 saylı mənzilinin şəxsi hesabı bölünərək, sahəsi 10 kv.m olan otaq X3, X2 və onların azyaşlı uşaqlarına, sahəsi 18,6 kv.m olan otaq İddiaçı, X8, X7 və X6 verilmiş, həmçinin Bakı şəhəri, M.Hüseyn küçəsindəki 80 saylı evin 8 saylı mənzilinin sahəsi 18,6 kv.m. dair Bakı şəhəri Səbail rayonu Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən Əİddiaçı adına ayrı icarə müqaviləsi bağlanmışdır. Qeyd olunanları nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsini rəhbər tutaraq icra məmuru tərəfindən 09.01.2017-ci il tarixdən məhkəməyə icraata xitam verilməsi ilə bağlı təqdimat verilmişdir. Səbail Rayon Məhkəməsinin 24.04.2017-ci il tarixli 2(008)-104/17 saylı məhkəmənin qərardadı ilə təqdimat təmin edilməmiş və icra sənədi müvafiq icra hərəkətlərinin davam etdirilməsi üçün icra şöbəsinə qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, mənzillə (mənzil 8 yox 8a) bağlı şəxsi hesabın bölgüsü aparılsa da və müvafiq icarə müqaviləsi (mənzil 8 yox 8a-ya dair) bağlanılsa da, 18,6 kv.m olan otaq tələbkarlara verilməmişdir. Əlavə olaraq qeyd edirik ki, məktublarınızda sözügedən mənzilin 16 ildir söküldüyünü və onun kiməsə verilməsinin mümkünsüz olduğunu qeyd edirsiniz. Xatırladırıq ki, qeyd olunan mənzil 2014-cü il tarixdə sökülmüş, məqzillə (mənzil 8 yox 8a) bağlı şəxsi hesabın bölgüsü və müvafiq icarə müqaviləsi (mənzil 8 yox 8a-ya dair) isə 2011-ci ildə bağlanmışdır. İcra sənədi icra rolunması üçün 17.02.2020-ci il tarixdə sizin ünvana göndərilmiş, lakin tələb bu günədək icra olunmamışdır. Qeyd olunanları nəzərə alaraq yuxarıda göstərilən icra sənədinin tam icra edilməsi tələb olunur. Beləliklə, iddiaçının hazırkı halda tələbi Bakı Apelyasiya Məhkəməsinin 29 fevral 2016-cı il tarixdə verilmiş 26.01.2011-ci il tarixli 8(103)-8/2011 saylı icra vərəqəsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 11.07.2017-ci il tarixdə verilmiş 2-1(81)- 60/2015 saylı 13.05.2015-ci il tarixli icra vərəqəsinin məcburi icrası haqqında qərarın qəbul edilməsindən ibarətdir. İddiaçı bu tələblə çıxış edərkən onun xeyrinə çıxarılmış məhkəmə qərarları əsasında verilmiş icra vərəqələrinin Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilməsinə və ötən müddət ərzində icra sənədlərinin icrasının təmin olunmadığını bildirmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqdakı məqsədi də məhkəmənin icra sənədlərinin icrasına nail olmaqdır. Bunun üçün iddiaçı cavabdeh İcra və Probasiya Şöbəsinə qarşı müstəqil inzibati iddia qaydasında məcburi icra haqqında qərardad qəbul edilməsi ilə bağlı iddia qaldırmışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Qeyd olunan normaların tələblərinə əsasən məhkəmə hesab edir ki, ilk növbədə qanuni qüvvəsini almış məhkəmə aktlarının məcburi icra edilməsi ilə bağlı mübahisə inzibati mübahisə deyildir və bunun üçün ayrıca inzibati iddianın qaldırılmasına ehtiyac yoxdur. Belə ki, “İcra haqqında” Qanunun 6.1.1-ci maddəsinə görə Azərbaycan Respublikası məhkəmələrinin qərarları əsasında verilən icra vərəqələri icra sənədi sayılır. Həmin Qanunun: -8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir.İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. -8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir -43.1-ci maddəsinə görə məcburi icra tədbirləri aşağıdakılardır: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. -44.1-ci maddəsinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, icra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. Göründüyü kimi icra sənədinin icra olunması inzibati iddia kimi inzibati məhkəmə icraatı qaydasında deyil, icra sənədini vermiş və icraya nəzarət edən məhkəmədə qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq mübahisələndirilə bilər. Belə ki, məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Hazırkı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.01.2011-ci il tarixli qərardadı əsasında həmin məhkəmə tərəfindən 26.01.2011-ci il tarixli 8(103)- 8/2011 saylı icra sənədi verilmiş, icra edilməsi üçün Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra sənədi üzrə icra icraatına başlanılmışdır. Eyni zamanda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.05.2015-ci il tarixli 2-1(81)-60/2015 saylı icra sənədi isə Bakı Apelyasiya Məhkəməsinin 26.01.2011-ci il tarixli 8(103)-8/2011 saylı icra sənədi ilə müəyyən edilmiş tələbin həmin icra sənədinə uyğun icra edilməsinə yönəlmişdir. Başqa sözlə, iddiaçının hüquqi marağı hazırki halda Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.01.2011-ci il tarixli qərardadı əsasında həmin məhkəmə tərəfindən verilmiş 26.01.2011-ci il tarixli 8(103)-8/2011 saylı icra vərəqəsinin icrası ilə bağlıdır. Həmin icra sənədi üzrə icra icraatı gedişində icra sənədinin könüllü icrasının tələb edilməsi və məcburi icra tədbirlərinin görülməsi icra məmurunun səlahiyyətinə aid edilmişdir. İddiaçı tələbkar olaraq icraya nəzarət edən məhkəməyə müraciət etməklə icra məmurunun konkret qərar və ya hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirə bilər, eləcə də məhkəmədən icra məmurunun üzərinə “İcra haqqında” Qanunda təsbit edilmiş məcburi icra tədbirlərinin həyata keçirilməsi vəzifəsinin qoyulmasını tələb edə bilər. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin XİV fəslində inzibati məhkəmə tərəfindən qəbul edilmiş məhkəmə qərarlarının icra olunması qaydası nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, inzibati məhkəmə tərəfindən inzibati iddia ilə bağlı qəbul edilmiş məhkəmə qərarının icrası ilə bağlı sözügedən məhkəməyə müraciət edərək məhkəmədən qərarın icrasının təmin edilməsi üçün İPM-in 120-ci maddəsində təsbit edilmiş tədbirlərin tətbiq edilməsini tələb etmək hüququna malikdir. Bu halda isə ayrıca inzibati iddianın qaldırılmasına ehtiyac yoxdur, məhkəməyə konkret tədbirin tətbiqinə dair tələblə müraciət olunmalı, eləcə də məhkəmə tərəfindən həmin məsələ qərardad çıxarılmaqla həll olunmalıdır. Lakin hazırki iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.05.2015-ci il tarixli 2-1(81)-60/2015 saylı qərarı üzrə İnzibati Prosessual Məcəllənin qeyd edilən normalarına uyğun olaraq məcburi icra haqqında qərar qəbul edilməsi əsasları da yoxdur. Çünki yuxarıda da qeyd edildiyi kimi Bakı Apelyasiya Məhkəməsinin 26.01.2011-ci il tarixli 8(103)-8/2011 saylı icra sənədində konkret olaraq icra edilməli olan hərəkətlər göstərilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.05.2015-ci il tarixli 2-1(81)-60/2015 saylı icra sənədi isə məhz Bakı Apelyasiya Məhkəməsinin 26.01.2011-ci il tarixli 8(103)-8/2011 saylı icra sənədi ilə müəyyən edilmiş tələbin həmin icra sənədinə uyğun icra edilməsinə yönəlmiş, əvvəlki icra sənədi ilə müəyəyn edilmiş hərəkətlərdən kənara çıxan hər hansı yeni hərəkətin edilməsi nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, yalnız Bakı Apelyasiya Məhkəməsinin 26.01.2011-ci il tarixli 8(103)-8/2011 saylı icra sənədi ilə nəzərdə tutulmuş hərəkətlərin icrası həyata keçirilməklə tələbkarın tələblərinin təmini mümkündür. İddiaçı isə həmin icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, ayrıca inzibati iddia qaldırmışdır. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. Beləliklə, inzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Bakı Şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə qarşı “məcburi icra haqqında qərardadın qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7408/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7408/2021
14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver