Məhkəmə qərarları › İş №2-1(112)-7409/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7409/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7409/2023 20.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı tərəflər arasında hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin KA-1603 nömrəli xx.xx.2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixli vəsatətini təmin edərək ona və onun ailəsinə qaçqın statusu verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Suriya vətəndaşıdır. Ərizə-anketdə göstərilmiş anket məlumatlarını təsdiqləyir. O, 45 yaşlı kişi cinsinə aid Suriya vətəndaşıdır. Ərizəçi evlidir. Onun üç qızı və iki oğlu var. 3 övladı Azərbaycanda anadan olub və bütün ailə üzvləri Azərbaycan dilini yaxşı bilir, özlərini Azərbaycanlı kimi hiss edirlər. Bu da, onun və ailəsinin nə dərəcədə Azərbaycana qanı ilə bağlı olduğunu göstərir. Qeyd etməlidir ki, o, əslində 2000-ci ilin əvvəllərindən Azərbaycanda yaşayır. 2010-cu ildə öz ölkəsinə qayıtmışdır. Hamıya bəlli olan faktdır ki, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlanmış və 2 əks qütb olmuşdur. X7 qüvvələri və ona müxalif olanlar. Aydındır ki, Bəşər Əsəd qüvvələri güclü olduğuna görə əks qütb olan müxalifçiləri öldürməyə çalışır. Vətəndaş müharibəsi başlanandan sonra o, müxalif olduğuna görə 2013-cü ildə nikahından sonra Bəşər Əsəd qüvvələri tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsini tərk etdiyini iddia edir. Onun sözlərinə görə o, 2011-ci ildən vətəndaş müharibəsi başlanıldığına görə Əsəd qüvvələri tərəfindən dəfələrlə hədələnib və həmin vaxtdan müəyyən edilib öldürüləcəyindən qorxub ona görə 2013-cü ildən Suriyanı tərk etmişdir. Qeyd etməlidir ki, 2 ay öncə onun Suriyada yaşadığı evə çağırış arayışı gəlmişdir. (İş materiallarına arayışın tərcümə və notarial təsdiqinin sürəti əlavə olunmuşdur və məhkəmə prosesi zamanı arayışın əsli təqdim olunacaqdır). X5 Respublikası Daxili İşlər Nazirliyi Baş Kəşfiyyat İdarəsi tərəfindən göndərilib. Həmin arayışa əsasən guya o, istintaqa cəlb olunmalıdır. Lakin, reallıqda o, Suriyaya qayıdacağı halda digər soydaşları kimi taleyi naməlum olacaq və Əsəd qüvvələri tərəfindən öldürüləcəkdir. O, 2013-cu ildən Azərbaycana gəlib. 5 iyul 2022-ci il ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti ("DMX") onun vəsatətini qeydiyyata alıb və onunla müsahibə aparıb. O, bildirib ki, təqib ediləcəyindən qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. 02 avqust 2020-ci ildə DMX K/A-1603 saylı qərarı ilə onun sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, onun iddiaları əsaslı deyil və yeni hal aşkar edilməyib, halbuki, çağırışı arayışı yeni hal kimi nəzərə alınması zəruridir. Bildirməlidir ki, iş materiallarına əlavə olunan poçt qəbzindən də, göründüyü kimi o, DMX-nin qərarını 8 sentyabr 2022-ci il tarixində qəbul etmişdir ona görə müddəti ötürməmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12738/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Mirasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı müraciətinə baxılmış və 08 oktyabr 2019-cu il tarixdə qaçqın statusu verilməsindən imtina edilmişdir. Həmin qərardadn inzibati qaydada şikayət vermiş və 14 dekabr 2019-cu il tarixli qərarla şikayət təmin edilməmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-604/2021 nömrəli, 30 mart 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Daha sonra iddiaçı 05 iyul 2022-ci il tarixli ərizə ilə cavabdehə yenidən müraciət etsə də, qaçqın statusunun verilməsi ilə bağlı yeni hallar aşkar edilmədəyindən icraat başlanılmamışdır. Göründüyü kimi, hazırkı iddianın predmetini təşkil edən iddiaçıya və onun ailəsinə qaçqın statusu verilməsi barədə iddiaçının daha əvvəl iddiası olmuş və həmin tələbə mahiyyəti üzrə baxılaraq qiymət verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının hazırkı qaçqın statusu verilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan və təmin edilmədiyindən, qaçqın statusu verilməsi tələbinə baxılması prosessual cəhətdən mümkün deyil. İddiaçı sonuncu xx.xx.2022-ci il tarixli müraciətində və hazırkı iddia ərizəsində tələbinin faktiki əsası kimi ölkəsində baş vermiş vətəndaş müharibəsində iştirak etmək istəməməsi və hərbi mükəlləfiyyətdən boyun qaçırmasına görə axtarışda olmasını qeyd etmişdir. İddiaçının 2019-cu ildəki vəsatətində də eynilə, ölkəsində məcburi qaydada xidmət etmək istəmədiyini, müharibəyə cəlb olunmamaq üçün ölkəsini tərk etdiyini, fərarilik səbəbindən həbs ediləcəyini bildirmişdir. Hansı ki həmin müraciəti təmin edilməmiş, həmin tələblə məhkəməyə veridiyi iddia ərizəsinə mahiyyəti üzrə baxılmış və rədd edilmişdir. İddiaçı üç ildən sonra yenidən eyni əsaslarla, qaçqın statusunun verilməsi ilə bağlı yeni hallara istinad etmədən müraciət etmiş və hazırkı iddianı irəli sürmüşdür. İddiaçının istinad etdiyi 2017-ci il tarixli çağırış arayışı yeni hal və ya yeni sübut kimi qiymətləndirilə bilməz. Belə ki, üç il əvvəlki müraciətində də hərbi xidmətdən yayındığı üçün axtarışda olduğunu və həbs ediləcəyini bildirmişdir. Hansı ki, həmin hallara da qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1184/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12738/2022 saylı 16 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş çağırış arayışının yeni hal olmamasına istinad edərək, icraatı başlamamış, birinci instansiya məhkəməsi də sözügedən arayışın iddiaçının hərbi xidmətdən yayındığı üçün axtarışda olması ilə bağlı olduğunu qeyd etmiş və yeni hal hesab etməmişdir. Hansı ki, inzibati icraat zamanı qeyd edilən arayışın məzmunu və arayışın məhz iddiaçının hərbi xidmətdən yayındığı ilə bağlı olduğu araşdırılmamışdır. Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı da cavabdehin səlahiyyətli nümayəndəsi iddiaçı tərəfindən ilkin icraat zamanı qeyd edilən çağırış arayışı barədə məlumatın təqdim edilmədiyini bildirmişdir. Həmçinin, iş materiallarında olan ilkin müraciət üzrə inzibati icraat materiallarından görünür ki, müsahibə zamanı iddiaçı sözügedən çağırış arayışının mövcudluğu, həmçinin, onun məzmunu, istintaqa cəlb edilməsi barədə məlumat verməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 34 və 35-ci maddələrinin normalarından da aydın olduğu kimi, yeni hallar aşkar edildikdə inzibati orqan icraatı təzələməli, ərizəni yoxlamalıdır. Məhkəmə kollegiyası araşdırmanın nəticəsi olaraq qeyd edir ki, inzibati icraat materiallarında iddiaçının istintaqa cəlb edilməsi ilə bağlı məlumata rast gəlinməmiş, cavabdeh tərəfindən də bununla bağlı hər hansı sübut əlavə edilməmişdir. Odur ki, sözügedən çağırış arayışı yeni hal kimi nəzərə alınmalıdır.

5. Məhkəmənin 2-1(112)-7409/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1184/2023 saylı xx.xx.2023cü il tarixli qərardadında göstərilən hüquqi mövqe nəzərə alınmaqla sənədləri ərizəsinə əlavə olunmaqla Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim edilməsi üçün iddiaçı Samer Ammouriye 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə və İnzibati Prossessual Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 30 (otuz) gün müddət təyin edilmişdir.

6. Məhkəmənin sözügedən qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli 3-37/2-205xxxx/2023 nömrəli məktubla Suriya Ərəb Respublikasının vətəndaşı 28 may 1977-ci il təvəllüdlü İddiaçı Jonid braəsində inzibati araşdırma aparılaraq 28 iyul 2023-cü il tarixli İQ-49/6 nömrəli qərar qəbul edilmişdir. Məktuba qoşma şəklində qərarın surəti əlavə edilmişdir.

7. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmənin hüquqi yardımı nəzərə alınmaqla iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli İQ-49/6 saylı “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və cavabdehin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixli vəsatətini təmin edərək ona və onun ailəsinə qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

8. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı 01 iyul 2019-cu il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Müsahibə zamanı o, Suriya Ərəb Respublikasının Al- Raqqa şəhərində doğulduğunu, milliyyətcə ərəb, dini etiqadına görə müsəlman (sünni) olduğunu, 1983-1988-ci illərdə Hələb şəhərində “Tofi əl-Ələbi” adlı məktəbdə ibtidai təhsil aldığını, ailəsinin maddi vəziyyəti ağır olduğu üçün erkən yaşlarından işləməyə məcbur qaldığını, bu səbəbdən də təhsili yarımçıq saxladığını söyləmişdir. O, əvvəl ölkəsində “Ramusi” şirkətində (kolbasa istehsalı ilə məşğul olan), sonra Türkiyənin Adana şəhərində kolbasa istehsal edən şirkətdə çalışdığını, 2000-ci ildə Azərbaycana gələrək 2008-ci ilə qədər kolbasa sexində işlədiyini, sonra ailə qurmaq məqsədilə yenidən ölkəsinə qayıtdığını bildirmişdir. Ərizəçi daha sonra 2012-ci ildə yenidən işləmək məqsədilə Azərbaycana gələrək bir müddət (təxminən 4 ay) Gəncə şəhərində kolbasa sexində çalışdığını, lakin Suriyada ümumi vəziyyət pisləşdiyi üçün Suriyaya qayıtmalı olduğunu qeyd etmişdir. İddiaçı Suriyaya qayıtdıqdan sonra hərbi mükəlləfiyyətli olduğu üçün hökumət tərəfindən məcburi şəkildə müharibəyə cəlb edildiyini, 2 ay döyüşdükdən sonra ailəsi ilə görüşmək məqsədilə 4 günlük icazə aldığını, həmin müddətdə ailəsi ilə birlikdə qeyri-qanuni yolla Türkiyənin Qaziantep şəhərinə qaçdıqlarını, təxminən 2-3 ay orada qaldıqdan sonra münasib iş tapa bilmədiyinə görə Misirə getdiyini, 4 ay orada işləyib pul topladıqdan sonra ailə üzvlərini də Misirə gətirdiyini, 27 avqust 2013-cü il tarixdə isə ailə üzvləri ilə birlikdə qanuni yolla Azərbaycana gəldiklərini bildirmişdir (həmçinin ərizəçinin arvadı Sana Aljanid ilə keçirilən müsahibə zamanı o, da ərinin dediklərini təkrar edərək Suriyada ümumi vəziyyətin qeyri-stabil olduğunu, müharibə getdiyini, həmçinin ərinin hökumət tərəfindən döyüşlərə cəlb edildiyini, bu səbəbdən də Suriyanı tərk etdiklərini qeyd etmişdir). İcraat zamanı inandırıcılığın qiymətləndirilməsi üzrə ərizəçinin söylədiyi faktlarda bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, ərizəçinin 2013-cü ildə qaçqın statusu verilməsi ilə bağlı vəsatəti qeydiyyata alınarkən ölkəsini tərk etməsinin səbəbləri ilə bağlı dedikləri ilə 2019-cu il tarixdəki müraciəti zamanı dedikləri arasında bəzi ziddiyyətli məqamlar və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, İddiaçı ilkin müraciəti zamanı ölkəsini qeyristabil vəziyyətə görə tərk etdiklərini bildirmiş, axırıncı dəfə (2012-ci ildə) Suriyaya qayıdarkən müharibədə iştirak etməsi və ya hökumət tərəfindən döyüşlərə cəlb olunması barədə hər hansı məlumat verməmişdir. Sonuncu müraciət zamanı müsahibəsində isə döyüşlərə cəlb olunduğu barədə məlumat verməsi onun dediklərini inandırıcılıq baxımından şübhə altına almışdır. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçi vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra onun şəxsi işi “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası Qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 12 saylı protokolu). Beləliklə, şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından DMX tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Həmin qərar şəxsə xx.xx.2019-cu il tarixdə şəxsə təqdim edilmişdir. Şəxs həmin qərarı məhkəmə qaydasında mübahisələndirmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-604/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Şəxsin xx.xx.2022-ci il tarixli vəsatətinə gəldikdə isə bildirilir ki, ərizədə qaçqın statusunun verilməsi ilə bağlı yeni hallar aşkar edilmədiyindən (həmçinin, şəxs hal-hazırda BMT QAK-ın himayə sənədi əsasında yaşaması nəzərə alınaraq) onun müraciəti təmin edilməmişdir.

9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

10. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

11. Suriya Ərəb Respublikasının vətəndaşları olan İddiaçı və onun ailə üzvləri Alijonid Amouri, Suad Amouri, Mira Amuri, Anaam Amouri, Yazan Amouri və Sana Aljanid-ə BMT QAK tərəfindən xx.xx.2025-ci il tarixədək qüvvədə olan himayə sənədi verilmişdir.

12. xx.xx.1977-ci il təvəllüdlü Suriya Ərəb Respublikasının vətəndaşı X6 ilə xx.xx.2023-cü il tarixdə müsahibə keçirilmişdir.

13. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatəti üzrə yeni açılmış hallarla bağlı (ərizə-anketinin) qeydiyyatı və təkrar müsahibəsi zamanı sonuncu dəfə 2012-ci ildə Suriyaya qayıtdıqdan sonra hökumət nümayəndələri tərəfindən saxlanıldığını, qardaşı Amar Amourinin “İşid” qurplaşmasında döyüşdüyü üçün pasportuna baxış keçirildikdən sonra həbs ounduğunu, 3 ay həbsdə qaldığını, sonra oradan qaçmağa müvəffəq olduğunu, ailə üzvləri ilə birlikdə qeyri-qanuni yolla Türkiyə Respulikası ərazisinə keçdiklərini söyləmişdir. İddiaçı Türkiyədə 3 ay qaldıqdan sonra ailə üzvləri ilə birlikdə X3 getdiklərini, 4 ay orada yaşadıqdan sonra 27 avqust 2013-cü il tarixdə qanuni yolla Azərbaycan Respublikasına gəldiklərini bildirmişdir. Müharibədə iştirak etmədiyini, qardaşının “İŞİD” dəstələrində döyüşdüyünə görə hökumət nümayəndələri tərəfindən həbs edildiyini, həbsdən qaçdıqdan sonra Türkiyəyə getdiyini bildirmişdir. Əlavə olaraq qardaşı Amar Amourinin “İŞİD” terror qruplaşmasının tərkibində 2015-ci ilə qədər hökümətə qarşı döyüşməsi səbəbindən onun və anasının İstintaq İdarəsinə çağırıldığını ehtimal etdiyini bildirmişdir. Özünün və ailə üzvlərinin ölkədə yaşamaq üçün icazələrinin olmasına baxmayaraq, Dövlət Miqrasiya Xidmətinə müraciət etməkdə əsl məqsədinin dövlət qaçqınlarına təqdim edilən yol sənədini əldə edərək ölkə hüdudlarından kənara getmək olduğunu bildirmişdir.

14. Cavabdehin xx.xx.2023-cü il tarixli İQ-49/6 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” Qərarına əsasən, Suriya Ərəb Respublikasının vətəndaşı 28 may 1977-ci il təvəllüdlü İddiaçı Jonid (Pasport: 0********) ailə üzvləri ilə birlikdə (həyat yoldaşı, 10 yanvar 1985-ci il təvəllüdlü Sana Aljanid, qızı, 16 avqust 2009cu il təvəllüdlü Anaam Amouri, oğlu, 15 avqust 2010-cu il təvəllüdlü Yazan Amouri, qızı, 15 sentyabr 2014-cü il təvəllüdlü Suad Amouri, oğlu, 11 yanvar 2016-cı il təvəllüdlü Alijonid Amouri) 1 iyul 2019-cu il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. İddiaçı Jonidin Dövlət Miqrasiya Xidmətinə daxil olmuş müraciəti ilə əlaqədar icraat aparılmış və şəxsin qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü bəndinə əsasən ona və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsinə dair 8 oktyabr 2019-cu il tarixli İQ-231/6 nömrəli qərar qəbul edilmişdir. İddiaçı Jonid yuxarıda qeyd olunan qərarın ləğv edilməsi və ona qaçqın statusunun verilməsi vəzifəsinin Dövlət Miqrasiya Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli e-2-1(112)-7409/2023 nömrəli qərardadı ilə İddiaçı Jonidin qaçqın statusunun verilməsinə dair vəsatəti üzrə zəruri araşdırmanın aparılması və müraciətinə yenidən baxılması üçün Dövlət Miqrasiya Xidmətinə 1 (bir) ay müddət təyin edilmişdir. Məhkəmənin yuxarıda qeyd olunan qərardadı üzrə yaranmış yeni halların araşdırılması məqsədilə İddiaçı Jonid Dövlət Miqrasiya Xidmətinə dəvət edilmiş, onunla yenidən müsahibə keçirilmişdir. Ərizəçi ilə 21 iyul 2023-cü il tarixdə keçirilən təkrar müsahibə zamanı o, sonuncu dəfə 2012-ci ildə Suriyaya qayıtdıqdan sonra hökumət nümayəndələri tərəfindən saxlanıldığını, qardaşı Amar Amourinin “İŞİD" qruplaşmasında döyüşdüyü üçün pasportuna baxış keçirildikdən sonra həbs olunduğunu, 3 ay həbsdə qaldığını, sonra oradan qaçmağa müvəffəq olduğunu, ailə üzvləri ilə birlikdə qeyri-qanuni yolla Türkiyə Respublikası ərazisinə keçdiklərini söyləmişdir. İddiaçı Türkiyədə 3 ay qaldıqdan sonra ailə üzvləri ilə birlikdə Misir Ərəb Respublikasına getdiklərini, 4 ay orada yaşadıqdan sonra 27 avqust 2013-cü il tarixdə qanuni yolla Azerbaycan Respublikasına gəldiklərini bildirmişdir. Ərizəçinin qaçqın statusunun verilməsi ilə bağlı dediklərinin təhlili aparılmış, dediklərində müəyyən uyğunsuzluqlar aşkara çıxarılmışdır. Belə ki, o, 1-ci müsahibəsi zamanı Suriyaya qayıtdıqdan sonra Rakka şəhərində gedən müharibəyə cəlb olunduğunu, 2 ay orada döyüşdüyünü, ona 4 günlük istirahət verildikdə həmin müddətdə Türkiyəyə qeyri-qanuni yola keçdiyini qeyd etmişdir. Ərizəçi ilə aparılan xx.xx.2023-cü il tarixli ' sonuncu müsahibə zamanı isə o, müharibədə iştirak etmədiyini, qardaşının "İŞİD” dəstələrində döyüşdüyünə görə hökumət nümayəndələri tərəfindən həbs edildiyini, həbsdən qaçdıqdan sonra Türkiyəyə getdiyini bildirmişdir. Qeyd edilən uyğunsuzluq ərizəçinin diqqətinə çatdırılsa da o, bu uyğunsuzluğun səbəbini izah etməkdə çətinlik çəkmiş və bu uyğunsuzluq onun dediklərini inandırıcılıq baxımından şübhə altına almışdır. Bundan əlavə İddiaçı sübut olaraq işində yeni halların yaranması ilə bağlı təqdim etdiyi sənədə baxış keçirilmiş, bu sənədin 10 iyul 2017-ci il tarixli sənəd olduğu, ərizəçinin 2021-ci il tarixdə bu sənədi əldə etdiyi, sənəddə Suriya Ərəb Respublikasının Daxili İşlər Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin İddiaçı Jonidin və anası Enaamın İstintaq idarəsinə yaxınlaşması ilə bağlı çağırış vərəqəsi olması aydın olmuşdur. O, qardaşı Amar Amourinin “İŞİD’’ terror qruplaşmasının tərkibində 2015-ci ilə qədər hökumətə qarşı döyüşməsi səbəbindən onun və anasının İstintaq idarəsinə çağrıldığını ehtimal etdiyini bildirmişdir. İddiaçı təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, o, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş, özü və ailə üzvləri qaçqının himayə vəsiqəsi ilə təmin edilmişlər. Ərizəçi özünün və ailə üzvlərinin ölkədə yaşamaq üçün icazələrinin olmasına baxmayaraq, Dövlət Miqrasiya Xidmətinə müraciət etməkdə əsl məqsədinin dövlət qaçqınlarına təqdim edilən yol sənədini əldə edərək ölkə hüdudlarından kənara getmək olduğunu etiraf etmişdir. İddiaçı Jonidin müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə, siyasi baxışlarına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra Bakı inzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1 (112)-7409/2023 nömrəli qərardadında qeyd olunan məsələlər "Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, İddiaçı Jonidin qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi yeni dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ""Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasf’nın 3cü bəndinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə və ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir ("Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 27 iyul 2023-cü il tarixli, 15 saylı protokolu). "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifini, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini nəzərə alaraq, həmin Qanunun 9-cu və 13-cü maddələrini, habelə "Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası"nın 13-cü bəndini rəhbər tutaraq, Suriya Ərəb Respublikasının vətəndaşı İddiaçı Jonidə və onun ailə üzvlərinə (həyat yoldaşı, xx.xx.1985-ci il təvəllüdlü Sana Aljanid, qızı xx.xx.2009-cu il təvəllüdlü Anaam Amouri, oğlu xx.xx.2010-cu il təvəllüdlü Yazan Amouri, qızı xx.xx.2014-cü il təvəllüdlü Suad Amouri, oğlu xx.xx.2016-cı il təvəllüdlü Alijonid Amouri) qaçqın statusu verilməsindən imtina edilmişdir.

15. Cavabdeh tərəfindən inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

16. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hazırki mübahisədə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyini nəzərə alaraq, cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunub-olunmamasını, diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilib-keçirilməməsini yoxlayaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

17. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

21. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər

22. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

23. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırki iş üzrə iddianın mümkünlk şərtləri ödənildiyindən məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

25. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

26. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

28. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X1 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

29. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).

31. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

33. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. “Qaçqın” – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyətinə, dini etiqadına, müəyyən sosial qrup mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək isəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə 10. 2-ci hissə. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.

34. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. 7-9-cu bəndlərinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir.

35. Məhkəmə iş üzrə cavabdehin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi İddiaçı Suriya Ərəb Respublikasının vətəndaşıdır. O və ailə üzvləri BMT QAK Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülərək himayə vəsiqəsi ilə təmin edilmişdir. Onun və ailə üzvlərinin müvəqqəti yaşamaq icazələri mövcuddur. İddiaçı məhkəmənin qərardadına əsasən yeni açılmış hallarla bağlı qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 02 iyul 2019-cu il tarixli ***-**** nömrəli şəxsi işə 1 nömrəli əlavə açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, özü ilə müsahibə keçirilmişdir.

36. Yəni, iddiaçının özü ilə cavabdeh tərəfindən müsahibə keçirilmişdir, başqa sözlə onların dinlənilmə hüququ təmin edilmişdir.

37. Həmçinin iş materiallarından göründüyü kimi, İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı sonuncu dəfə 2012-ci ildə Suriyaya qayıtdıqdan sonra hökumət nümayəndələri tərəfindən saxlanıldığını, qardaşı Amar Amourinin “İşid” qurplaşmasında döyüşdüyü üçün pasportuna baxış keçirildikdən sonra həbs ounduğunu, 3 ay həbsdə qaldığını, sonra oradan qaçmağa müvəffəq olduğunu, ailə üzvləri ilə birlikdə qeyri-qanuni yolla Türkiyə Respulikası ərazisinə keçdiklərini söyləmişdir. İddiaçı Türkiyədə 3 ay qaldıqdan sonra ailə üzvləri ilə birlikdə X3 getdiklərini, 4 ay orada yaşadıqdan sonra 27 avqust 2013-cü il tarixdə qanuni yolla Azərbaycan Respublikasına gəldiklərini bildirmişdir. Müharibədə iştirak etmədiyini, qardaşının “İŞİD” dəstələrində döyüşdüyünə görə hökumət nümayəndələri tərəfindən həbs edildiyini, həbsdən qaçdıqdan sonra Türkiyəyə getdiyini bildirmişdir. Əlavə olaraq qardaşı Amar Amourinin “İŞİD” terror qruplaşmasının tərkibində 2015-ci ilə qədər hökümətə qarşı döyüşməsi səbəbindən onun və anasının İstintaq İdarəsinə çağırıldığını ehtimal etdiyini bildirmişdir. Özünün və ailə üzvlərinin ölkədə yaşamaq üçün icazələrinin olmasına baxmayaraq, Dövlət Miqrasiya Xidmətinə müraciət etməkdə əsl məqsədinin dövlət qaçqınlarına təqdim edilən yol sənədini əldə edərək ölkə hüdudlarından kənara getmək olduğunu bildirmişdir.

38. Bununla yanaşı iş materiallarından görünür ki, ərizəçinin qaçqın statusunun verilməsi ilə bağlı dediklərinin təhlili aparılmış, dediklərində müəyyən uyğunsuzluqlar aşkara çıxarılmışdır. Belə ki, o, 1-ci müsahibəsi zamanı Suriyaya qayıtdıqdan sonra Rakka şəhərində gedən müharibəyə cəlb olunduğunu, 2 ay orada döyüşdüyünü, ona 4 günlük istirahət verildikdə həmin müddətdə Türkiyəyə qeyri-qanuni yola keçdiyini qeyd etmişdir. Ərizəçi ilə aparılan xx.xx.2023-cü il tarixli ' sonuncu müsahibə zamanı isə o, müharibədə iştirak etmədiyini, qardaşının "İŞİD” dəstələrində döyüşdüyünə görə hökumət nümayəndələri tərəfindən həbs edildiyini, həbsdən qaçdıqdan sonra Türkiyəyə getdiyini bildirmişdir. Qeyd edilən uyğunsuzluq ərizəçinin diqqətinə çatdırılsa da o, bu uyğunsuzluğun səbəbini izah etməkdə çətinlik çəkmiş və bu uyğunsuzluq onun dediklərini inandırıcılıq baxımından şübhə altına almışdır. Bundan əlavə İddiaçı sübut olaraq işində yeni halların yaranması ilə bağlı təqdim etdiyi sənədə baxış keçirilmiş, bu sənədin 10 iyul 2017-ci il tarixli sənəd olduğu, ərizəçinin 2021-ci il tarixdə bu sənədi əldə etdiyi, sənəddə Suriya Ərəb Respublikasının Daxili İşlər Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin İddiaçı Jonidin və anası Enaamın İstintaq idarəsinə yaxınlaşması ilə bağlı çağırış vərəqəsi olması aydın olmuşdur. O, qardaşı Amar Amourinin “İŞİD’’ terror qruplaşmasının tərkibində 2015-ci ilə qədər hökumətə qarşı döyüşməsi səbəbindən onun və anasının İstintaq idarəsinə çağrıldığını ehtimal etdiyini bildirmişdir. İddiaçı təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, o, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş, özü və ailə üzvləri qaçqının himayə vəsiqəsi ilə təmin edilmişlər. Ərizəçi özünün və ailə üzvlərinin ölkədə yaşamaq üçün icazələrinin olmasına baxmayaraq, Dövlət Miqrasiya Xidmətinə müraciət etməkdə əsl məqsədinin dövlət qaçqınlarına təqdim edilən yol sənədini əldə edərək ölkə hüdudlarından kənara getmək olduğunu etiraf etmişdir. İddiaçı Jonidin müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətlərinə, milliyyətinə, siyasi baxışlarına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar.

39. Cavabdeh tərəfindən məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-7409/2023 nömrəli qərardadında qoyulmuş məsələlər “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, İddiaçı Jonidin qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir.

40. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

41. Hazırki qərarın yuxarı hissəsində göstərilmiş qanunvericilik normalarının müddəalarının tələbləri baxımından qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir.

42. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. İddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə isə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə özü və ailə üzvləri dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmuş, diskresion hüquq həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilərək qanunçuluq prinsipinə əməl olunmuşdur.

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

44. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

45. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

46. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar