Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7414/2021 17.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə dair müqavilənin bağlanmış hesab edilməsi və icra olunması» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinə dair müqavilənin bağlanmış hesab edilməsi və icra olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,17 ha ölçüdə 794 nömrəli bağ sahəsi iddiaçının babası X5 tərəfindən 8886 nömrəli müqaviləyə əsasən Bakı Bağlar Təsərrüfatı İdarəsindən icarəyə götürülmüşdür. Kərim Salmanov 18 fevral 1987-ci il tarixdə vəfat etmişdir. 14 avqust 1998-ci il tarixdə 8886 nömrəli müqavilə ilə həmin bağ sahəsi iddiaçının əmisi X7 adına qeydiyyata alınmışdır. Sözügedən bağ evi Piri Salmanovun adına rəsmiləşdirilsə də, iddiaçının atası X8 həmin bağ evinin bir otağında yaşamışdır. Bağın 0,06 ha hissəsi Ələkbər Salmanovun istifadəsində olmuşdur. Ələkbər Salmanov həmin sahə ilə bağlı onunla ayrıca icarə müqaviləsinin bağlanması tələbini irəli sürərək məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2-92/2007 saylı iş üzrə 22 fevral 2007-ci il tarixli qətnaməsi ilə həmin bağın 0,06 ha hissəsinə icarə müqaviləsinin Ələkbər Salmanovla bağlanmasının və onun istifadəsinə ayrılmasının Bakı ŞİH X2 və İstismarı Birliyinə həvalə edilməsi, Ələkbər Salmanovla icarə müqaviləsinin bağlanmasının təmin edilməsi qət edilmişdir. Həmin qətnamə 14 yanvar 2011-ci il tarixdə icraya yönəldilmiş, lakin bu günədək icra olunmamışdır. X6 16 yanvar 2011-c il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra iddiaçı qanun üzrə vərəsə kimi notariat ofisinə müraciət etmişdir. Qurumdan bildirilmişdir ki, bağ sahəsi haqqında hər hansı sənəd təqdim edilməlidir. İddiaçı hazırkı cavabdehə həmin bağ sahəsi barədə məlumat və sənədlərin surətinin verilməsi xahişi ilə müraciət etmişdir. Lakin cavabdeh 19 fevral 2021-ci il tarixli cavab məktubunda həmin bağ sahəsinin 0,06 ha hissəsinə dair X3 adına müqavilənin bağlanıb-bağlanmaması barədə məlumatın arxiv qovluğunda olmamasını bildirmişdir. Göstərilənlərə və AR Mülki Prosessuaıl Məcəlləsinin 4.1-ci maddəsinə, İPM-in 2.2, 34, 67, 68-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 794 saylı bağ sahəsinin 0,06 ha hissəsinə dair iddiaçının atası X3 adına müqavilənin bağlanmış hesab edilməsi və onun icra edilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.4) qanuni qüvvəyə minmiş məhkəmə qərarları; - (8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə DƏDRX-in vəzifələrinə aşağıdakılar aiddir: - (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək; - (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq; - (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək; - (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək; - (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2196 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsinin təmin olunması və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Məhkəmə qeyd edir ki, hazırkı İddiaçı tələbi mahiyyətcə məhrum atası X3 iddiaçı kimi çıxış etdiyi mübahisə üzrə məhkəmə qərarının icra olunması öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasıdır. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin 2-92/2007 saylı müvafiq mübahisə üzrə 22 fevral 2007-ci il tarixli qətnaməsi ilə qət edilmişdir ki, X8 ilə Mərdəkan qəsəbəsindəki 794 saylı bağın 0,06 ha hissəsinə dair müqavilə bağlansın, həmin bağın onun istifadəsinə ayrılsın və Bakı şəhəri X2 və İstismarı Birliyinə adıçəkilən şəxslə ayrıca icarə müaviləsinin bağlanmasının təmin olunması həvalə edilsin. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə Bakı ŞİH nəzdində olan bağ təsərrüfatı idarəsi ləğv olunsa da, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həmin qurumun hüquqi varisi kimi çıxış etmir, onun arxiv materiallarının saxlandığı təşkilatdır. Hətta DƏDRX ləğv olunmuş həmin qurumun varisi olsaydı belə, hər hansı məhkəmə qətnaməsi ilə qoyulmuş öhdəliyin icrası sonradan başqa mübahisə üzrə predmet ola bilməz. İddiaçı X1 hazırkı cavabdehə həmçinin cavabdehin səlahiyyəti çərçivəsində müvafiq (əmlakın atasına məxsus olması barədə arayışın verilməsi barədə) məsələ ilə bağlı müraciəti olmadığından, məhkəmə iddianın dəyişdirilməsinin ona tövsiyə olunmasını da məqsədəuyğun saymır. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Ərazi İdarəsi tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqlənmir. Odur ki, məhkəmə iddianı mümkün saymır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7414/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7414/2021
17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver