Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7416/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 65 yaş 6 ayının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 65 yaşının tamam olduğu 15 sentyabr 2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə başladığı müddətdən hal-hazırkı vaxtadək olan iş yerləri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. xx.xx.1975-ci ildən xx.xx.1976cı ilədək təhsil almışdır və xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmətdə olmuşdur. İddiaçı 65 yaş 6 ayı tamam olduqdan sonra ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh təqdim edilən sənədlərin surətlərinə əsasən sığorta stajının 22 il 01 ay 17 gün təşkil etdiyini, həmçinin, xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığını bildirərək imtina etmişdir. Cavabdehin imtinasını əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən, qanunvericiliklə müəyyən edilmiş sosial sığorta stajı və ya əmək pensiyasının təyin olunmasına imkan verən minimum pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illər və xx.xx.1976-cı il tarixdən xx.xx.1978- ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 22 il 01 ay 17 gün təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən 25 ildən azdır. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1989-cu il tarixdən xx.xx.2001-ci il tarixədək dövr araşdırılmış və Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının müvafiq məktubuna əsasən "xxxx" ASC-nin iş qovluğunda 1989-1991-ci və 2000-ci illərə dair hesabat məlumatlarının aşkar edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. İddiaçını işlədiyi "xxxx" ASC Azərbaycan Respublikası Ticarət Nazirliyinin Təmir Quraşdırma Kombinatının nəzdində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2001-ci il tarixli Fərmanı ilə Dövlət Əmlakı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ticarət Nazirliyi, X2 və Sahibkarlığa Kömək Komitəsi və X1 ləğv edilmiş, onların bazasında İqtisadi İnkişaf Nazirliyi (hazırki İqtisadiyyat Nazirliyi) yaradılmışdır. İşin hərtərəfli araşdırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə sorğu yazılmış və İddiaçının sözügedən müəssisədə işlədiyi dövr üzrə işə daxilolma və işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma əmrləri, qeyd edilən illər, aylar üzrə əməkhaqqı cədvəlləri, habelə təqdim edilmiş hesabat məlumatlarının təqdim edilməsi xahiş edilmişdir. Bildiririk ki, X3 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının əmək kitabçasına əsasən o, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Azərbaycan SSR Bakı şəhər 12 saylı texniki-peşə məktəbində təhsil almışdır. xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək Bakı Soyuducular zavodunda çilingər işləmiş, xx.xx.1979-cu il tarixdən xx.xx.1989-cu il tarixədək Bakı Soyuducular zavodunda müxtəlif vəzifələrdə işləmiş, xx.xx.1984-cü il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Təmir Quraşdırma İcarə müəssisəsində (hazırkı "xxxx" ASC) müxtəlif vəzifələrdə işləmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 153 nömrəli Attestatına əsasən İddiaçı 01 sentyabr 1975-ci il tarixdən 15 iyul 1976-cı il tarixədək Azərbaycan SSR Bakı şəhər 12 saylı texniki-peşə məktəbində təhsil almışdır. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı 17 noyabr 1976-cı il tarixdən 07 dekabr 1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçının müraciətinə əsasən cavabdehin 09 fevral 2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 09 avqust 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Ticarət Nazirliyinin "xxxx" Təmir Quraşdırma İcarə müəssisəsinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 821 nömrəli sərəncamı ilə 'Azərticarəttexnika” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2001-ci il tarixində tam özəlləşdirilmişdir. Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında İddiaçı 1989-cu ildən elektrik-mexanik vəzifəsində işlədiyi qeyd edilmişdir. Kadr və digər kargüzarlıq sənədlərin müəssisənin arxivində saxlanıldığını və yuxarıda qeyd olunanları nəzərə alaraq, müraciətinizdəki məsələ ilə bağlı əlavə məlumat almaq üçün aidiyyəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etməyiniz məqsədəuyğun hesab edilir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir (21.1.). İddiaçı ona 65 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş və cavabdeh tərəfindən ona imtina verilmişdir. İmtinanın əsasları ondan ibarətdir ki, "xxxx" ASC-nin iş qovluğunda 1989-1991-ci və 2000-ci illərə dair hesabat məlumatlarının aşkar edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Həmçinin xx.xx.2006-cı ildən sonra iddiaçının fərdi hesabında sığorta kapitalı mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”n 4.1.1-ci bəndində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Həmin “Qaydalar”ın 4.1.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən müəyyən edilir. Cavabdeh tərəfindən iddiaçının xx.xx.2006-cı ilə qədər nəzərə alınmayan stajı onun 1989-1991-ci və 2000-ci illərdə "xxxx" ASC-də işlədiyi dövrdür. Həmin staj çıxılmaqla iddiaçının əmək stajı 22 il 01 ay 17 gün təşkil etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubunda keçmiş Ticarət Nazirliyinin "xxxx" Təmir Quraşdırma İcarə müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı və səhmlərinin xx.xx.2001-ci il tarixində tam özəlləşdirildiyi, özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında iddiaçının 1989-cu ildən elektrik-mexanik vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının "xxxx" ASC-də 1989-cu ildən işləməsi və hətta 2001-ci ildə özəlləşdirmə protolunda adının olması müəyyən edilir. Belə olan halda cavabdeh tərəfindən həmin dövrə aid əmək haqqı cədvəllərinin olmaması səbəbindən əmək stajının nəzərə alınmaması qanuni və əsaslı hesab edilə bilməz. Göründüyü kimi iddiaçının cavabdeh tərəfindən nəzərə alınmış 22 il 01 ay 17 gün əmək stajının üzərinə nəzərə alınmayan 1989-1991-ci və 2000-ci illər üzrə stajı da əlavə etsək, onun xx.xx.2006-cı ilədək 25 ildən artıq əmək stajı mövcud olur ki, bu da ona əmək pensiyası təyin etmək üçün kifayət edir. Bu səbəbdən iddiaçının xx.xx.2006-cı ildən sonrakı dövr üçün stajının nəzərə alınıb-alınmaması iş üzrə əhəmiyyət kəsb etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu 15 sentyabr 2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-7416/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7416/2024
30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver